"Gülünc vəziyyətə düşən bir dövlət verdiyi sözə əməl etmir"

11:47 03-06-2022 | icon 407 | Siyasət
"Gülünc vəziyyətə düşən bir dövlət verdiyi sözə əməl etmir"

 Fəzail İbrahimli: “Türkiyə hərbi bazalarının yaradılması regionun təhlükəsziliyi üçün labüddür”

 

Ermənistanın revanşist qüvvələri regiondakı vəziyyəti yenidən gərginləşdirmək niyyətlərindən əl çəkməyiblər. Ölkə daxilində Paşinyana qarşı səngiməyən etiraz aksiyaları, radikal rəsmi açıqlamalar, sərhəddə atəşkəsin pozulması, Azərbaycana qarşı baş verən təxribatlar, danışıqların pozulmasına yönəlik addımların fonunda özünü göstərən erməni məkirinin nə vaxta qədər davam edəcəyi sualını gündəmdə saxlayır. Üstəlik “Brüsseldən” sonra Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı yaradılan komissiyaların gələn həftələrdə Moskvada baş tutacaq II  görüşünün də hər hansı nəticə verəcəyi birmənalı qarşılanmır.

 

Versus.az xəbər verir ki, bu və ya digər məsələlərlə bağlı  müsahibə verən Milli Məclisin sədr müavini Fəzail İbrahimli maraqlı nüanslara diqqət çəkib.

 

- Fəzail müəlllim, Ermənistanda keçirilən etiraz aksiyalarının hədəfi nədir. Aksiyalar Azərbaycan-Ermənistan arasında aparılan danışıqlar prosesinə nə dərəcədə təsir edə bilər?

 

- Əvvəla bir daha bəyan edirik ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edib və onun ərazilərində Qarabağ problemi həll olunub. Azərbaycan bu gün qalib bir ölkə kimi beynəlxalq  hüquq normaları daxilində Ermənistanla dövlət sərhədlərini müəyyənləşdirmək və digər əksiklikləri qaydasına salmaq istəyir.  Bu gün Azərbaycan heç kimin torpağına göz dikmir, əlavə torpaq payı istəmir. O, noyabrın 10-da imzalanan  müqaviləyə əsasən irəli sürülən şərtlərin yerinə yetirilməsini tələb edir. Azərbaycan öz haqqını, tələblərini işğalçı məğlub dövlət olan Ermənistan qarşısında irəli sürür. Bu gün gülünc vəziyyətə düşmüş bu dövlət özünün verdiyi sözə əməl etmir, atdığı addımlara qarşı cavabdehlik daşımır və nə edəcəyini bilmir. Çünki dövlətin ixtiyarı öz əlində deyil. Əgər öz əlində olarsa öz istəyini ifadə edə bilir, cavabdehliyi dərk edir, verdiyi sözə də əməl edir.

 

Bu gün Ermənistanda vəziyyət acınacaqlıdır. Belə olmasaydı, vaxtilə Qarabağ klanından hakimiyətə gələnləri süpürüb atan xalq təzədən ayağa qalxıb Paşinanı devirmək istəyinə düşməzdi. O aksiyaçılar xalqın o hissəsidir ki, onların liderləri ayrı-ayrı dövlətlərin maraqlarını ifadə edir, yaxud küçələrə çıxıb qışqırmaq üçün pul alırlar. Eləcə də aksiyanın başında dayanan Köçəryan və Sərkisyan tör-töküntülərinin arxalarında az qala “jek” müdirləri də var. Bu tör-töküntüləri Paşinyan tam sıradan çıxara bilmədi. Dövlətçilik təcrübəsi olmayan Paşinyan Qarabağ iddiası ilə çıxışlar edərək, “nöqtə”, “vergülü” ilə özünü itirdi. Hay-küylə hakimiyyətə gəlmiş adam, elə hay-küylə də idarəçiliyə başladı. Paşinyan elə bildi ki, bunu hakimiyyətə gətirdilərsə, bu xalqın sevgisi ilə ortaya çıxıb. O başa düşmədi ki, o vaxt Paşinyanın libasını geyinib küçələrə çıxan adamlar, bunu ona görə edirdi ki, ac-yalavac, Rusiya tərəfindən özəlləşdirilmiş dövlətin vətəndaşı olmaqdan bezmişdilər. Amma Paşinyan bunu özünün şəxsi maraqlarına yönəltdi. Nəticədə də Qarabağ müharibəsində çox rəzil duruma düşdü. Müharibədə məğlub olmüş bir liderin yenidən seçkilərdə qalib olması Ermənistandakı mövcud siyasi situasiyanı müəyyən edən əsas faktordur. Əslində məğlub lider xalq tərəfindən süpürülüb atılmalı idi. İngiltərədə Çörçil kimi bir nəhəngi xalq II dünya müharibəsindən sonrakı seçkilərdə xalq onu seçmədi. Amma kapitulyasiya aktına imza atan lideri bu xalq seçdi. Çünki xalq hətta məğlub olmuş lideri öz yerində oturtmağa hazır idi, təki Sərkisyan, Köçəryan kimi quldurlar təzədən hakimiyyətə gəlməsin. Bax bu gün “küçələrdəki” o quldurlar Paşinyanın addım atmasına icazə vermir. 

 

- Vasitəçilərin səylərinə güvənsək, Ermənistan bundan sonra öhtəliklərə necə riayət edəcək? Sərhədərin müəyyənləşməsi ilə bağlı yaradılan komissiyaların Moskva görüşü nə vəd edir?

 

- Qafqaz regionunda özünün mövqeyini saxlamaq, məsələni özünün vasitəçiliyi ilə həll etmək üçün Moskva əlindən gələni edir. Aydın məsələdir ki, 10 noyabr sazişi 2 prezident, 1 baş nazir arasında imzalanıb və bu problem tamamlanmalıdır. Amma bu iş, “dovşana qaç, tazıya tut” prinsipi ilə baş verə bilməz. Rusiya bir tərəfdən problemi həll etmək istəyir, digər tərəfdən də elə etmək istəyir ki, qoşunları burda qalsın, regionda mövqeyi möhkəmlənsin və sair. Yəni problemi həll etmək istəyində görünür, amma etmir.

Eləcə də Avropa İttifaqı, ABŞ Qafqaz regionunda sükanı öz əlinə almaq istəyir. Ona görə də regionda istəklər toqquşur. Region dövlətlərinin Azərbaycan və Ermənistan rəsmilərini gah Brüsselə çağrıb orda görüş keçirməsi, gah da Moskvaya, Krıma çağrılaraq ikitərəfli, üçtərəfli görüşlərin təşkil olunması da bu mənada təsadüfi deyil.

Brüsseldən sonra yaradılan komissiyaların II iclası Moskvada keçiriləcək. Heç şübhəsiz ki, Azərbaycanın mövqeyi, tələbləri aydındır. Azərbaycan Ermənistana 5 təklif irəli sürüb və bunun üzərində də dayanıb. Amma erməni tərəfinin ağır duruma düşməsi, hakimiyyətlə xalq arasında yaranmış çatlar və regiondakı maraqlar bu məsələnin köklü həllinə rəvac vermir. Amma, “çox bilmiş quş dimdiyindən tora düşər”. Rusiyanın Ukraynadakı müharibəsi regiondakı mövqelərinə təsir etməyə bilməz.  Ona görə də bu məsələlərin həlli sürətlənməli və həll olunmalıdır. Çünki bu prosesdə digər region dövlətlərinin də marağı var. Onlar da Zəngəzur dəhlizinin açılmasını, sərhədlərin müəyyənləşməsini, regionda sülhün bərərar olunmasını istəyirlər. Amma problemin həlli Amerikanın, Avropanın burdakı maraqlarından, Azərbaycan qədər böyük istəyi olan bir dövlətdən, Türkiyədən də çox Ermənistan üçün çox vacibdir. Amma bu problemdən çıxmaq üçün ona kim əlini uzadacaq və yaxud, Ermənistanın kimin əlindən tutacağını zaman göstərəcək. Komissiyaların qarşıda gözlənilən Moskva görüşündən hər hansı nəticənin olacağı ilə bağlı konkret fikir bildirmək çətindir. Çünki Ermənistana heç bir inam və etibar yoxdur.

 

- Necə hesab edirsiz, regionda və dünyada müşahidə olunan indiki gərgin şəraitdə Türkiyənin Azərbaycanda hərbi baza yaratması ilə bağlı irəli sürülən təkliflərin həyata keçməsi nə dərəcədə realdır?

 

- “Hərbi baza” dedikdə, bunun ilk baxışda hərbi təhdid, zor, güc üzərində qurulduğu anlamı ortaya çıxır. II dünya müharibəsindən sonra Yaponiyada, Almaniyada hərbi bazalar quruldu. Təbii ki, bu sevgi üzərində qurulmayıb. Ermənistan Rusiyanın forpostudur və orda da hərbi baza var. Lakin bizim Türkiyə ilə münasibətlərimizdə bir mənəvi, qardaşlıq bazası var. Burda hərbi bazanın qurulması elə də təəccüb doğurmamalıdır. O, baza mənəvi bazaya söykənən baza olmalıdır və bu, regionun təhlükəsizliyi üçün kifayət qədər ciddi rol oynaya bilər. Eyni zamanda “Şuşa Bəyannaməsi” o hərbi bazanın fövqündə durur.  Eləcə də iki dövlət liderlərin şəxsi münasibətləri yüz bazadan da yüksək əhəmiyyətə malikdir. Ümumən Türkiyə hərbi bazalarının yaradılması regionun təhlükəsziliyi üçün labüddür. /hafta.az/

 

Tahirə Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əsgərimizin gücü, ordumuzun döyüş ruhu öz yerində..."

104 yaşın mübarək, Şanlı Ordu!

"Ordu dövlətimizin onurğa sütunudur"

Azərbaycan-Rusiya sərhədində buraxılış gücü artırılacaq

"Onlar gülərək şəhid olurdular" - FOTO

Ümummili liderin arzusu, ali baş komandanın qüruru, xalqımızın inamı

"Bütün dünyada Azərbaycan Ordusunun gücünü və qələbə əzmini göstərdi"

“Mənin atam qəhrəmandır” - KONSERT

Ağrıkəsici təsirli çay RESEPTİ

Türkiyə Müdafiə Nazirliyindən Azərbaycana təbrik mesajı

Azərbaycan Silahlı Qüvvələri - 104

Ermənistanın xarabaya çevirdiyi torpaqlarımızda Azərbaycan cənnət yaradır - REPORTAJ

Damarları təmizləyən möcüzə qarışım

Meymunçiçəyi cinsi yolla keçir?

Şüşə oğlanın NADİR XƏSTƏLİYİ