Türkiyə-Ermənistan danışıqları yenidən DALANDA

09:06 11-06-2022 | icon 237 | Geopolitika
Türkiyə-Ermənistan danışıqları yenidən DALANDA

Türkiyə bu şərti artıq rahatlıqla qəbul edir...

 

Türkiyə və Ermənistan xüsusi nümayəndələri arasında əlaqələrin normallaşması üzrə ikitərəfli birbaşa danışıqlar neçə vaxtdır aparılmır (Qardaş ölkəni danışıqlarda ABŞ-dakı sabiq səfiri Sərdar Kılıc, Ermənistanı isə parlament spikerinin müavini Ruben Rubinyan təmsil edir).

 

Bəs dialoq niyə tormozlanıb? Bəlkə, heç buna ehtiyac yoxdur? Ermənistan konstitusiyasında Türkiyəyə və Azərbaycana qarşı ərazi iddiası qaldıqca barışıq necə mümkün ola bilər görəsən?

 

Yada salaq ki, indiyədək xüsusi nümayəndələr arasında 3 görüş keçirilib - biri Moskvada, ikisi Vyanada.

 

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə Ermənistanda vəziyyət düzələndən sonra danışıqların davam etdiriləcəyini düşünür:

 

“II Qarabağ müharibəsini zəfərlə başa çatdırmağımız regional və qlobal təsirlər doğurmuş və bu, Türkiyə-Ermənistan münasibətlərinin bərpasına və iki ölkə arasındakı münasibətlərin normallaşma prosesinə də təkan verib. Bildiyimiz kimi, qardaş Türkiyə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və Xocalıda soyqırım törətməsi səbəbilə 1993-cü ildən bəri Ermənistanla sərhədlərini bağlamış və münasibətlərini kəsmişdi. Buna həm də Ermənistanın ”Müstəqillik haqqında Akt" (maddə 11) və Konstitusiya (maddə 13) kimi rəsmi sənədlərində Türkiyə ilə bağlı “soyqırım” və təzminat iddiasını, həmçinin Türkiyə torpaqlarına “Qərbi Ermənistan” şəklində müraciət edərək ərazi iddiası ortaya atması təsir göstərib. Türkiyə ilə Ermənistan münasibətlərinin bərpa olunması üçün əsas məqam bu iki dövlətin bir-birinə qarşı ön şərtlərindən imtina etməsidir. Belə ki, Türkiyə münasibətlərin bərpası üçün Ermənistanın işğal etdiyi torpaqları Azərbaycana geri qaytarmasını, Ermənistan isə Türkiyənin müvafiq iki iddianı qəbul etməsini tələb edirdi. Türkiyənin tələbini Azərbaycan hərbi və diplomatik üsullarla həll etdiyinə görə hazırda sadəcə Ermənistanın Türkiyəyə qarşı iddiaları ortada qalır. Lakin 44 günlük müharibədən sonra başlanan normallaşma prosesində tərəflərin qarşılıqlı şəkildə öz iddialarından imtina etməsi şərt olaraq ortaya atıldı.

 

Türkiyə Rusiyanın zəifləməsini istəmir - səbəb

 

Türkiyə bu şərti artıq rahatlıqla qəbul edir, çünki Qarabağ və Şərqi Zəngəzur azaddır. Lakin Ermənistan bu şəri heç də rahatlıqla qəbul edə bilmir. Cəmiyyətdə “erməni soyqırımı” iddiasından və “Böyük Ermənistan” xülyasından imtina etmək, öz kimliyindən və tarixindən imtina etmək kimi katastrofik qiymətləndirilir. Xüsusilə Paşinyanın parlamentdə 13 aprel tarixli çıxışından sonra Ermənistan cəmiyyətində baş verən və bu günədək davam edən etiraz hərəkatı erməni cəmiyyətinin revanşist və milli hisslərini daha da canlandırıb. Belə bir vəziyyətdə Ermənistan-Türkiyə normallaşma prosesi də təbii olaraq arxa plana keçib. Buna baxmayaraq proseslə bağlı müsbət mesajlar gəlməyə davam edir. 9 iyunda Türkiyədə səfərdə olan Rusiya XİN-i Lavrov da normallaşma prosesinə dəstəyini ifadə etmiş, bunu regional sülh və sabitlik üçün, həmçinin 3+3 regional əməkdaşlıq formatını faktiki işləkliyi üçün vacib hesab etmişdir. Ermənistan XİN başçısı Mirzəyan da müvafiq normallaşma prosesi ilə bağlı Türkiyədən gələn müsbət mesajlardan məmnun olduğunu ifadə edib. Başlanan prosesin davam etməsi regional sülh və sabitliyin təminatı və qlobal iqtisadi layihələrin icrası baxımından mütləqdir. Sadəcə Ermənistanda suların durulmasını gözləmək lazımdır".

 

Ağdamda görüşərik - Kənan Novruzov yazır

 

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov Ermənistan konstitusiyasında dəyişikliyin vacib məsələyə çevrildiyini söylədi:

 

“Türkiyə və Ermənistan xüsusi nümayəndələri arasında danışıqlar bir müddətdir dayansa da, bu, regionda ”daşların yerinə oturması" istiqamətində işlərin dalana dirəndiyi kimi başa düşülməməlidir. Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfəri, Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın ölkəmizə gəlişi, Rusiya xarici işlər Sergey Lavrovun əvvəlcə türkiyəli həmkarı Mövlud Çavuşoğlu, ardınca Ermənistan XİN başçısı Ararat Mirzoyanla görüşü və digər təmaslar özündə bir çox regional məsələlərlə yanaşı, həm də Ermənistanla Azərbaycan və Türkiyə arasında danışıqları ehtiva edir. Lavrov Mirzoyanla görüşündən sonra dedi ki, Ermənistanla Türkiyə arasında diplomatik münasibətlərin bərpasını dəstəkləyir. Onun Çavuşoğlu ilə görüşündən sonra belə açıqlama verməsi mühüm əhəmiyyət kəsb edir. Doğrudur, Rusiyanın səmimiliyi çox vaxt olduğu kimi, indi də sual altındadır.

İkinci tərəfdən isə nəzərə almaq lazımdır ki, Moskva ən azı iki məsələyə görə Ankaraya minnətdar olmalıdır. Birincisi ona görə ki, Türkiyə Rusiya və Ukrayna arasında davam edən müharibədə neytral davranan, Kremlə qarşı olmayan nadir dövlətlərdən biri və ən ciddi vasitəçidir. İkincisi isə Türkiyə İsveç və Finlandiyanın NATO-ya mümkün üzvlüyünə qarşıdır ki, bu da Rusiyanın maraqlarına uyğundur. Moskva mütləq sözügedən jestləri qiymətləndirməlidir. Və yəqin ki, biz bu proseslərin müsbət nəticəsini görəcəyik. Deməyim odur ki, vasitələr dəyişsə də, prioritet eynidir.

Ermənistanın Türkiyə və Azərbaycana qarşı ərazi iddialarına gəldikdə isə, əlbəttə, bu, mühüm məsələdir. Bir azdan Ermənistan konstitusiyasına dəyişiklik vacib məsələyə çevriləcək. Amma fikrimcə, hələ bunun üçün tezdir. Əvvəlcə Ermənistan iqtidarı regionla bağlı siyasətindəki “nal və mıxları” kənara atmalı, daha konkret davranmalıdır". /"Yeni müsavat"/

 

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Onlar gülərək şəhid olurdular" - FOTO

Ermənistanın xarabaya çevirdiyi torpaqlarımızda Azərbaycan cənnət yaradır - REPORTAJ

İmişlinin ən böyük məktəbinin əsaslı təmirə ehtiyacı var

“Silahın mistik gözəlliyi” - SƏRGİ

Prezident bu medalın əsasnaməsini TƏSDİQLƏDİ

Qurban bayramında ətin QİYMƏTİ

Zəvvarlarımızın ilk qrupu Həcc ziyarətinə yola düşüb

Azərbaycanda yeni doğulan uşaqlara 300 AZN veriləcək

Sumqayıtda DƏHŞƏT

Ermənilərin ABŞ-dan "907-ci narazılığı"na önəm verilmədi

“Çelsi” yeni oyunçu almağa hazırlaşır

ÜST-ün yeni AÇIQLAMASI

XİN başçıları Tehranda üçtərəfli görüş keçirəcək

"İqtidar-müxalifət dialoqu olmasaydı, bu partiyaların adını, mövcudluğunu bilməyəcəkdim"

Kəlbəcər istiqamətində mövqelərimiz ATƏŞƏ TUTULUB