"Heydər Əliyev idarə edən bir millət obrazını yaratdı"

13:00 15-06-2022 | icon 543 | Siyasət
"Heydər Əliyev idarə edən bir millət obrazını yaratdı"

Fəzail İbrahimli: “Ulu öndər erməni düşmənçiliyinin qarşısında çox böyük sipər oldu”

 

1993-cü il 15 iyun - Qurtuluş günü, 2021-ci il 15 iyun - Şuşa Bəyannaməsinin imzalandığı gün...

 

28 ildən sonra Azərbaycanın təqvimində növbəti dəfə qızıl hərflərlə yazılan növbəti 15 iyun tarixi regionun geostrateji əhəmiyyətini gücləndirən xronoloji faktlarla bir daha özünün əhəmiyyətini dünyaya təqdim etməkdədir. Ekspertlər 15 iyun hadisələrini dövlətimizin, xalqın işğala məruz qoyularaq parçalanmaya məruz qoyulmasından qurtuluşu və 28 il sonra Şuşada Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsinin imzalanmasının 2021-ci ilin 15 iyun Qurtuluş Günündə baş verməsini birmənalı olaraq tarixin təqdiri kimi dəyərləndirir, Şuşa Bəyannaməsini Qurtuluşumuzun məntiqi nəticəsi kimi önə çəkirlər.

Cənubi Qafqazda prosesləri diqtə edən Azərbaycan dövlətinin Şuşa Bəyannaməsinin imzalanmasına qədər hansı baryerləri aşdığı, tarixi əhəmiyyətinin nədən ibarət olduğu bu gün də tədqiq olunur.

15 iyun Qurtuluş Gününün tarixi səhifələrinə nəzər salan və illər sonra bu günün zəfərlə qeyd olunan 15 iyun təqvimi ilə yenilənməsi Azərbaycan tarixinin böyük uğuru kimi qeyd olunmaqdadır.

Versus.az xəbər verir ki, öz müsahibəsində 15 iyun hadisələrinin ölkəmiz üçün tarixi əhəmiyyətini faktlarla təhlil edən Millli Məclisin deputatı Fəzail İbrahimli Qurtuluş Günündən başlayan prosesin bu gün Şuşa Bəyannaməsi ilə bitməsinin məntiqi nəticəsini qeyd edib.

 

 

- Fəzail müəlllim, Azərbaycan xalqı 15 iyun təqvimi və həmin günün müxtəlif dönəmlərində yaşanan mühüm hadisələri bu gün də yaşayır. Bu hadisələrdən biri 15 iyun Qurtuluş Günüdür. 15 iyun Qurtuluş Günü Azərbaycanın tarixində əhəmiyyəti nədir və bu günümüz, gələcək üçün hansı bazanı yaradıb?

 

- XX əsr Azərbaycan tarixi xalqımızı 2 dəfə böyük sınağa çəkib. Əsrin əvvəllərində və sonunda... Əsrin əvvəllərində böyük rus imperiyasının dağılması qarşımızda çox kəskin şərtlər qoydu: ya ayağa durub öz müstəqilliyini elan etməli, müstəqil dövlət kimi dünya dövlətlərinin sırasına qoşulmalı, ya da susub, böyük dövlətlərin istəyinə uyğun olaraq yaşa, kölə olub, parçalanıb mayeyə dönüb istənilən əyri qabın tutumunu almalıydın. Təbii ki, məktəbi olmayan, hərbidən uzaqlaşmış bir millətin taleyini dəyişmək o dövrdə çətin idi. Avropanın qabaqcıl düşüncələrinə,  Rusiyanın demokratik düşüncələrinə yiyələnən bir qrup Azərbaycan ziyalılarının üzərinə çox böyük tarixi məsuliyyət düşürdü. Onlar Zaqafqaziya Seyiminin Müsəlman Fraksiyasının üzvləri idilər. Onlar tarixi dərk edib ayağa qalxdılar və may ayının 28-də Azərbaycanın müstəqil dövlət olduğunu bəyan etdilər...

Amma hər zaman Azərbaycanın harayına bir tanrı köməyi gəlir. Nəhayət, Nuru Paşanın rəhbərlik etdiyi türk ordu qrupu Qafqaz İslam Ordusu formasında Bakıya gəldi, millətimizi xilas etdi. Tarixdə Azərbaycan Xalq Cumhuriyyəti  adında respublika yarandı. İlk dəfə olaraq Şimali Azərbaycan bütöv bir formada mövcud oldu. Çünki  çar Rusiyasının tərkibinə xalqlar formasında daxil olmuş Azərbaycan birdən-birə  bu ziyalıların timsalında, düşüncələri müstəvisində ərazisi, sərhəddi, paytaxtı olan bir dövlət halında bütövləşdi. Düzdür, bu itkilərlə müşahidə olunurdu. İrəvan əldən getdi, böyük tarixi problemlər yarandı, ingilislər gəldi, türklər məğlubiyyətə uğradı və müstəqil Azərbaycan 23 ay yaşaya bildi. Bolşeviklər vətəndaş müharibəsindən qalibiyyətlə çıxdı və qara buludlar yenidən Azərbaycanın üzərinə çökdü. Apreldə Azərbaycan bolşevik Rusiyası  tərəfindən işğal edildi və bununla da müstəqilliyinə son qoyuldu, özünün qara günlərini yaşadı...

O vaxt verilən bəyanatlarda deyilirdi ki, Azərbaycan yenidən rus işğalının təsiri altına düşdü. O vaxt cahangirlik taxtının sahibi Nikolay idisə, sonra Lenin oldu. O vaxt zəncirlərin rəngi qara idisə, indi qırmızı oldu...

Azərbaycan 70 il o qırmızı zəncirdə yaşadı, ancaq bununla belə böyük uğurlar əldə edə bildi. Çünki dünya səviyyəsinə çıxa bilən alimlərimiz yetişdi və zaman yenidən Azərbaycanın üzərinə güldü. Sovet imperiyası dağılanda Azərbaycan yenidən, 1991-ci ildə müstəqillik əldə etdi. Yenə də çaxnaşmalar, daxili gərginlik, xarici təsirlər, ayrı-ayrı məqsəd və niyyət sahibləri ölkəmizin müqəddəratına çox böyük zərbə vurdu...

Torpaqarımız işğala məruz qaldı, ləyaqət beşiyimiz Şuşa şəhəri işğal olundu.  Hətta iş o yerə gəlib çatdı ki, Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı.  Yenə Azərbaycanın xilası sual altına düşdü. Belə bir zamanda tanrı tərəfindən Azərbaycan xalqına xilaskar kimi göndərilmiş ulu öndər Heydər Əliyev 1993-cü ildə iyun hadisələrindən sonra xalqın istəyi ilə hakimiyyətə gətirildi. Nəticədə Azərbaycan 1918-ci ildə böyük bir komandanın Azərbaycan xalqına bəxş etdiyi o azadlıq, o müstəqillik tarixi Heydər Əliyevin timsalında yenidən davam etdirildi. İlk növbədə diqqət daxili problemlərin həllinə yönəldi. Ölkədə nizam-intizam yaradıldı. Ölkədə nizamın pozulmasına yönələn bütün qəsdlərin qarşısı alındı, hakimiyyət gücləndi və nəhayət Azərbaycan 1994-cü ildə dünya ölkələri ilə birlikdə tarixdə “Əsrin müqaviləsi” deyilən bir layihəyə imza atdı. Bununla da bugünkü taleyimizi yazmış oldu. “Əsrin müqaviləsi” dövlətimizin əbədi olmasına iqtisadi zamin idi. Və xalqımız ulu öndərin rəhbərliyi altında yenidən müstəqillik taleyini yaşadı. Ulu öndər 2-ci gəlişi ilə  Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcını qoydu. Deyim ki, sovet hakimiyəti dövründə ölkə, xalq üçün çox qüdrətli addımlar atan ulu öndər imperiyanın ən yüksək eşalonunda təmsil olunanda da  xalqı dövləti imperiya içərisində inkişaf etmiş bir dövlətə çevrdi. Hər birimizin yaxşı yadındadır ki, onun hakimiyyətə gəlişinə qədər Azərbaycanda “Sosialist Əməyi Qəhrəmanları” adı ən böyük titul, verilən mükafat idi. “Sosialist Əməyi Qəhrəmanı” adı şairlərə, yazıçılara verilməyə başladı.  Azərbaycanın adı yavaş-yavaş dünya dövlətləri sırasında eşdilməyə başladı. Halbu ki, Azərbaycanın adını hətta Brejnev düzgün tələffüz edə bilmirdi.  Amma ulu öndər bütün dünyaya bəyan etdi ki, Sovet İttifaqı respublikalarının tərkibində belə bir respublika da var. Əslində o, müstəqilliyə qədər böyük sipərləri qırmışdı. İlk dəfə olaraq bu millətdən olan bir insana Dövlət Təhlükəsizlik Xidməti orqanına rəhbərlik etmək tapşırıldı. Çünki o vaxta qədər Nəriman Nərimanov zəhərlənib öldürüldü, Mircəfər Bağırov güllələndi. Bolşevik Rusiyasının siyasi xətt belə idi ki, müsəlman yaxşı kommunist ola bilər, amma ona etibar etmək olmaz. Çünki onun içərisində bir müsəlmançılıq var. Heydər Əliyevə də qarşı o çirkin siyasi xətti yönəltdilər, amma ulu öndər çox ustalıqla onu ləğv elədi.  Sübut etdi ki, millətin taleyini öz millətindən olan Heydər Əliyev kimi tarixi bir şəxsiyyətə etibar etmək olar. İosif Stalin öləndən sonra siyasi büroda qeyri-rəsmi danışıq var idi ki, Qafqazda türk məsələsini, türkləri siyasi büroya gətirmək olmaz. Heydər Əliyev bu sipəri də qıraraq siyas büroya gedib çatdı. SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini olmaqla, o bir çox problemləri həll etdi. İşğal olunan məmləkət formasında imperiyanın tərkibinə daxil olan, idarə edilən bir milləti özünün timsalında idarəçiliyə qoşdu və idarə edən bir millət obrazını yaratdı. O dövrdə ulu öndər erməni düşmənçiliyinin qarşısında çox böyük sipər oldu. Fikir verin; ulu öndər 1997-ci ilin oktyabr ayında hakimiyyətdən uzaqlaşdırılır və elə həmin ayda Aqanbekyan Parisdə qəzetə müsahibə verir ki, “Qarabağ Ermənistana daha yaxındır”. Bu Heydər Əliyev hakimyyətdən uzaqlaşdırılandan bir ay sonra baş verir. Bunlar hamısı onun Azərbaycan tarixinə xidməti idi. O müstəqilliyə doğru gedən yolun bünövrəsini qoydu, daxildəki o çaxnaşmanı, özfəaliyyət quldur dəstələrinin hamısını məhv etdi. O zaman Azərbaycan vətəndaş müharibəsi ərəfəsində idi. Ulu öndər bunun qarşısını aldı və bu gün Azərbaycan dünya dövlətləri sırasında möhtəşəmdir.

Ulu öndərin siyasətini davam etdirən, qalib sərkərdə, Ali Baş Komandan cənab İlham Əliyev ulu öndər dünyasını dəyişən zaman ürəyində apardığı bir niskili bu xalqa qaytardı. Onun ruhunu şad etdi. Bu da Qarabağ problemi idi. Şuşanın azad olunmasından sonra, “Ata, vəsiyyətini yerinə yetirdim” -deyimi ilə tam ifadə olundu. Heydər Əliyevin dediyi- “İlhama özüm qədər inanıram, o bundan sonrakı qalan problemləri həll edəcək”-sözləri öz yerini aldı...

Bu gün Azərbaycan dünyaya yeni simada təqdim olunub. Cənab Prezident Azərbaycanı məğlub dövlətdən qalib bir dövlətə, məğlub millətdən qalib millətə keçirməklə ulu öndərin ruhunu şad etdi, bu millətin qürurunu özünə qaytardı...

 

 

-15 iyun tarixində, lakin 28 il sonra eyni tarixdə bir Şuşa Bəyannaməsi də imzalandı.  1993-cü il 15 iyun -Qurtuluş günü ilə 2022-ci ilin 15 iyununda 1 illiyini qeyd etdiyimiz Şuşa Bəyannaməsini tarixin xronolgiyası ilə necə əlaqələndirmək olar? Bununla dünyaya hansı mesaj verildi?

 

- Əslində Qarabağ müharibəsi başlananda heç bir bəyannamə yox idi. Amma bizim Türkiyə kimi güman və güvənc yerimiz var idi. 1918-ci il sentyabr ayının 15-də  Qafqaz İslam Ordusu Nuru Paşanın rəhbərliyi altında  Azərbaycana gəlib Bakını xilas etdi. Mayın 28-də Azərbaycan Cumhuriyyəti elan etdi, iyunun 4-də Osmanlı dövləti Azərbaycanla hərbi müqavilə imzaladı. Bax o zaman imzalanan hərbi müqavilə Qafqaz İslam Ordusunun Bakıya gəlişinə hüquqi bir əsas verdi. Nəticədə də daşnaqlar Bakıdan qovuldu və Şaumyanın rəhbərlik etdiyi dəstə darmadağın edildi. Eynilə Şuşa Bəyannaməsi növbəti əsrin əvvəlində imzalandı. Burdan belə bir nəticəyə gəlmək olar ki, zaman, tarix dəyişib. Dəyişməyən iki məsələ var:  böyük dövlətlərin Qafqaz marağı və bu maraqlar altında gizlənən məkirli niyyətlər və bu niyyətlərin də qurbanı olan Azərbaycan xalqı...Bu dəyişməyib. Tarixin xronoloji səhifələrinə baxmaqda davam etsək, hələ 18 ci əsrdə Vilson Paris Sülh Konfransı çağırmışdı. Dünyanın “sükanına” keçib sonra Əlimərdan bəy Topçubaşovla görüşəndə demişdi ki, siz elə bilirsiz ki, Paris Sülh Konfransı ona görə çağrılıb ki, dünyanı cırtdan dövlətlərə bölsünlər. Düz mayın 29-da Vilson bizim nümayəndə heyətini qəbul edib. Azərbaycanı İtaliyanın mandatlıq statusuna verdi. Əgər Rusiya gəlməsəydi İtaliya bizə siyasi mandatlıq edəcəydi. Çünki 1-ci dünya müharibəsinin gedişində İtaliya Üçlər İttifaqından ayrılıb Antanta -ya qoşulmuşdu və ona da mükafat olaraq Azərbaycan “verilirdi”. Bu idi Qərb dövlətlərinin sifəti, mənfur düşüncələri, tarixin qara üzü...

Onun boz sifəti bu gün də dəyişmir. İkinci dəyişməyən isə Azərbaycan-Türkiyə münasibətləridir.  O zaman cümhuriyyət üzvləri və Osmanlı dövlətinin başında olanlar və bu gün də dəyişməyən Azərbaycan Türkiyə münasibətləri var. Dünyada elə bir dövlət yoxdur ki, bu qədər bir-birinə inam və etibar eləsin.

Ona görə də Rəcəb Tayyib Ərdoğanın Zəfər Paradında - Ay Laçın, can Lalçın, mən sənə qurban Laçın...- deməsi özü də bir tarixi yanaşma idi. Varmı elə bir lider ki, başqa bir dövlətin dərdinə bu qədər yaxın olub - “can Laçın” ifadəsini bu qədər ürəkdən işlədə bilsin. Bu o deməkdir ki, bu, dünyaya bir mesajdır. Bu o mesaj idi ki, - əl çəkin Azərbaycandan, susun, öz yerinizdə oturun, etdiyiniz zülmün tarixi var. Dəfn etdiyimiz böyük Ermənistan tabutuna sonuncu mıxı vurmuşuq. Siz də gedin bunu dəfn edin...

 

- Şuşa Bəyannaməsini təhlil edən ekspertlər bu qənaətdədir ki, Türkiyə artıq regionda söz sahibi kimi çıxış edir və onun burdakı varlığı regionun təhlükəsizliyə, bütövlükdə sülhun bərqərar edilməsinə zəmanətdir. Ümumiyyətlə, Şuşa Bəyannaməsi Türk Birliyinin qurulmasında hansı yol xəritəsini müəyyən edir?

 

- Türkiyənin regiondakı mövqeyi ilə Şuşa Bəyannaməsinin hüdudlarını məhdudlaşdırmaq olmaz. Təkcə 44 günlük Vətən Müharibəsində qələbəmizi təmin edən siyasi amillər içərisində əsas yerdə dayanan türk amili var. Ali Baş Komandan qətiyyəti, iradəsi möhkəm diplomatik gedişləri, xalq-hakimiyyət birliyi, ordunun gücü, iqtisadi qüdrəti... bunlar hamısı prosesi tamamladı. Türkiyə bəyan etdi ki, Azərbaycanın apardığı işə laqeyd qala bilməz. Dünyaya bir mesaj verdi ki, Qafqazdan gözünüzü çəkin və Qafqazın öz sahibi var. Rusiya dövlətinin də Qarabağın işğaldan azad edilməsi prosesinə uzun müddət laqeyd qalması elə-belə baş vermədi. Bunlar hamsı təbii proses idi. Bu gün dünya səviyyəsində gedən siyasətdə Türkiyənin dəsti-xətti, diqtəsi var. Türkiyə Rusiya-Ukrayna müharibəsi səviyyəsində vasitəçilik etmək hüdudlarında danışır. Boğazlara nəzrəti, taxıl problemlərini həll edir. Avropa bunu bacara bilmir. Rusiya isə özü düşdüyü mühitin qurbanı olub. Deyir: sirkə tünd olanda öz qabını yandırır, çox bilmiş quş da dimdiyindən tora düşür... Bu gün Türkiyənin nəinki Qafqaza, dünya siyasətinə təsir etmək imkanı var. Və Rəcəb Tayyib Ərdoğan kimi qətiyyətli, qüdrətli bir lideri var. Nə yaxşı ki, Atatürkdən sonra Türkiyənin tarixini, varlığını, qüdrətini öz simasında yaradan Rəcəb Tayyib Ərdoğan kimi bir insanla qardaşlıq, dostluq  münasibəti Azərbaycanın tarixi taleyinə yazılıb.

 

- Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyənin regiondakı təhlükəsizliyinə nə dərəcədə təminat verir və müttəfiq dövlətlərin gücünə nə dərəcədə güc qatır?

 

- Bu gün kənardan başını Şuşa Bəyannaməsindən yuxarı qaldıran hər kəsin aqibəti fəlakət olar. Güman edirəm ki, bu gün Azərbaycana qarşı hər hansı bir dövlətə barmaq uzatmağa cəsarəti, imkanı çatmaz. Səbəb bir qədər əvvəl saydığım o amilərdir: Qüdrətli dövlətimiz, Ali Baş Komandan-xalq birliyi var və istənilən təhlükənin qarşısını ala bilərik. Amma eyni zamanda bizim Türkiyə kimi inam, güvəncimiz, arxa- dayağımız, dost, qardaşımız var. Ona görə də Azərbaycana xüsusi təhlükə üçün əsas yoxdur. Azərbaycanın geosiyasi mövqeyi elədir ki, böyük dövlətlərin Qafqaz marağı və bu marağın altındakı məkirli niyyətlər həmişə olub, bu gün də var. Azərbaycanın əldə etdiyi böyük uğurlara qısqanclıq bu gün də var. Xristian ağuşundan ermənini çıxarıb başını əzmişik, o ağuş sahiblərinin zoqultusu hələ kəsilməyib. Hər yerdən-şimaldan, şərqdən, qərdbən, cənubdan üstümüzə gələn  iti caynaqlar var. Mənfur baxışlar var. Amma bunun qarşısında duran qətiyyətli dövlət başçımız, azadlığını dərk edən xalqımız və güclü dayağımız da var.

 

- Fəzail müəllim, 1993, 2021-ci il 15 iyun tarixlərini ümumən necə əlaqələndirmək olar?

 

- Üzərindən 30 il keçməklə eyni tarixdə- 15 iyunda baş verən böyük hadisələr bütövlükdə çox oxşardır. Bunlar bir hadisənin övladlarıdır. O vaxt 1993-cü il 4 iyununda Azərbaycanın parçalanma ehtimalı ortaya çıxdı və 15 iyun hadisəsi - Qurtuluş günü ilə məsələ tarixə qovuşdu, qurtuldu. 2021-ci il 15 iyunda imzalanan Şuşa Bəyannaməsi isə Azərbaycanın təhlükəsizliyinin tarixidir. Hər ikisi Azərbaycan xalqının bütövlüyünə, Azərbaycanın müstəqilliyinə, müstəqilliyin əbədi və əzəli olmasına doğru atılan addımlardır, biri 1993-cü ilin iyunun 15-də atılıb, 2021-ci ildə isə həmin ordan törənən qurtulan, yaranan qalib Azərbaycanın yenə də bütövlüyü, təcavüzdən qorunması naminə atılan addımdır.(Həftə içi)

 

Tahirə Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Onlar gülərək şəhid olurdular" - FOTO

Ermənistanın xarabaya çevirdiyi torpaqlarımızda Azərbaycan cənnət yaradır - REPORTAJ

İmişlinin ən böyük məktəbinin əsaslı təmirə ehtiyacı var

“Silahın mistik gözəlliyi” - SƏRGİ

Prezident bu medalın əsasnaməsini TƏSDİQLƏDİ

Qurban bayramında ətin QİYMƏTİ

Zəvvarlarımızın ilk qrupu Həcc ziyarətinə yola düşüb

Azərbaycanda yeni doğulan uşaqlara 300 AZN veriləcək

Sumqayıtda DƏHŞƏT

Ermənilərin ABŞ-dan "907-ci narazılığı"na önəm verilmədi

“Çelsi” yeni oyunçu almağa hazırlaşır

ÜST-ün yeni AÇIQLAMASI

XİN başçıları Tehranda üçtərəfli görüş keçirəcək

"İqtidar-müxalifət dialoqu olmasaydı, bu partiyaların adını, mövcudluğunu bilməyəcəkdim"

Kəlbəcər istiqamətində mövqelərimiz ATƏŞƏ TUTULUB