Siyasi partiyalar İctimai Şuralarda təmsil olunmalıdır?

07:16 16-06-2022 | icon 424 | Siyasət
Siyasi partiyalar İctimai Şuralarda təmsil olunmalıdır?

 "İctimai şuralar belə vəziyyətdə olduğu halda siyasi partiyaları da ora calamaqla nə düzələcək?"

 

Cəmiyyətin demokratik inkişaf yolu bütün fəaliyyət istiqamətlərindəki boşluqların aradan qaldırılması ilə tənzimlənə bilər. Bu, müasir dövrümüzün əsas tələblərindən biri kimi önə çıxır. Yeni müstəvi, yeni reallıq mövcud problemlərin köklü şəkildə həllini tək bir idarəçinin, səlahiyyətli şəxsin, idarəedici orqanların məsuliyyəti missiyasına daxil etmir. Problemlər bütövlükdə cəmiyyətin, sosial ictimaiyyətin nəzarəti, vətəndaşın özünün nəzarət mexanizminin formallaşması ilə həllini ehtiva edir. Bu mənada ölkə başçısının  yüksək kürsüdən vətəndaş cəmiyyətinin, ictimai nəzarətin formalaşması istiqamətində atılması vacib olan məsələlərin qarşıya qoyması, məhz vətəndaşın özünün problemlərinə laqeyd yanaşmamasının bir tələb kimi ortaya qoyulması təsadüfi deyil. Bu mənada ictimai nəzarət, ictimai fikrin düzgün formalaşması, ayrı-ayrı idarə və komitələrdə yaradılan ictimai şuraların fəaliyyəti, eləcə də ictimai-siyasi təşkilatların ictimai şuralarda təmsilçiliyi məsələsi gündəmin əsas mövzusu kimi bu gün də birmənalı qarşılanmır. 

 

Maraqlıdır, ictimai şuralarda siyasi partiya nümayəndələri olarsa bu cəmiyyətə nə verə bilər? Siyasi partiyalar ictimai şuralarda olarsa bu idarəedici orqanlarla, iqtidar partiyaları arasında hansı dialoq mühitinin güclənməsinə  təkan verə bilər?

 

 

“Siyasi partiyaların ictimai şuralarda təmsil olunması nəzərdən keçirilə bilər”

 

Versus.az xəbər verir ki, Milli Məclisin deputatı Ceyhun Məmmədov açıqlamasında bildirib ki, birinci növbədə Azərbaycanda siyasi partiyaların fəaliyyəti, gördüyü işlər nəzərdən keçirilməlidir. 

 

“Hər bir ölkədə sağlam müxalifət, siyasi partiyalar dövlətin inkişafına öz töhfələrini verir. Dünya təcrübəsində belə yanaşma və ənənələr var. bu mənada Azərbaycanda sağlam siyasi partiyaların fəaliyyətini gücləndirmək məqsədəuyğundur. Sağlam partiyalar dövlətin qurucuıuğunda iştirak edə bilərlər”.

 

C.Məmmədov hesab edir ki, siyasi partiyaların ictimai şuralarda təmsil olunması nəzərdən keçirilə bilər:

 

“Hesab edirəm ki, söhbət siyasi partiyaların dövlət qurumlarında idarəçiliyin inkişafının güclənməsinə dəstəkdən gedirsə, siyasi partiyaların seçimi də düzgün olmalıdır. Birinci, siyasi partiyalar düzgün fəaliyyət göstərməli və onların seçimi düzgün həyata keçirilməlidir. Siyasi partiyalar şəxsi maraqlarının həyata keçirilməsini yox,  dövlət idarəçiliyinin  daha da təkmilləşdirilməsi və gücləndirilməsini hədəfə almalıdır. Hesab edirəm ki, məsələyə bu formada yanaşsaq, hansısa nəticələr əldə edə bilərik”.

 

 

 

“Siyasi təşkilatların həmin Şuralarda olmasında pis bir şey görmürəm”

 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə  bildirib ki, siyasi partiyalar cəmiyyətdə müəyyən bir fikrin formalaşmasına təsir etmək imkanına malikdir.

 

Onun fikrincə, siyasilər əsasən mətbuat, keçirdiyi aksiyalar, bəyanatlarla cəmiyyətə təsir edə bilir. Lakin bu imkanlar fikrin düzgün formalaşmasına xidmət edəndə daha dəyərli olur:

 

“Bəzən siyasi partiyalar ağı-ağ, qaranı -qara görməkdən imtina edir, hər şeyi qara görürlər. Təbii ki, belə hallar ictimai fikrə mənfi təsir edir. Lakin hesab edirəm ki, Azərbaycanda düzgün fikrin formalaşmasında iştirak edən siyasi partiyalar çoxdur. Müəyyən siyasi təşkilatlar, partiyalar var ki, özlərinin düşündükləri kimi cəmiyyətə təsir edirlər. Azərbaycanda düzgün ictimai fikrin formalaşmasında iştirak edən siyasi partiyalar çoxdur. Hətta müxalifət partiyaları olsalar da, yaxşını görür, pisi isə qanunun imkan verdiyi şəkildə tənqid edib fikirlərini bildirir, radikallıqdan uzaq olurlar”.

 

Ç.Qənizadə bildirib ki, son dövrlərdə Prezident Admnistrasiyasında yaradılmış müvafiq şöbə ilə siyasi partiyaların təşkil olunan görüşləri və bu istiqamətdə Ədalət Vəliyevin gördüyü işlərin dəyəri əvəzedilməzdir.  Onun fikrincə, məhz düzgün ictimai fikrin formalaşması, 44 günlük müharibədə partiyaların dövlətin və Ali Baş Komandanın yanında olmasını reaallaşdırdı.

 

Ç.Qənizadə hesab edir ki, siyasi partiyaların ictimai şuralarda təmsil olunması məsələsinə diqqətlə baxmaq lazımdır:

 

“İctimai Şuraların fəaliyyəti o qədər də ürəkaçan deyil. İctimai şuralar öz funksiyalarını yerinə yetirə bilmirlər. Bu baxımdan siyasi təşkilatların da həmin şuralarda olmasında pis bir şey görmürəm. Hətta mən təklif edərdim ki, siyasi partiya nümayəndələrinin təkcə ictimai şuralarda yox, dövlət işlərində iştirakının tətbiqinə  keçək. Qoy hər bir nazirlikdə bir partiyanın nümayəndəsi yüksək vəzifəyə qoyulsun, orada gedən proseslərin içində olsun. Əgər rüşvət, korrupsiya halları varsa bununla bağlı öz mövqeyini ortaya qoysun. Qurumun fəaliyyətinin düzgün qurulmasında öz töhfəsini versin. Bu da məqbul məsələlərdən biridr”.

 

Ç.Qənizadə bildirib ki, ictimai-siyasi təşkilatlar Azərbaycanda gedən proseslərin önündədir:

 

“Cəmiyyətdə ictimai-siyasi sabitliyin əldə olunmasında siyasi partiyaların rolu böyükdür. Eyni zamanda qeyd etmək istəyirəm ki, isət iqtidar, istər müxalifət, istər digər partiyalar olsun cəmiyyətə yalnız doğru olanı çatdırmalıdırlar.  Cəmiyyətin, dövlətin sütunlarını zədələyə biləcək yalanlarla, həqiqətə uyğun olmayan informasiyalarla, xarici dövlətlərlə əlaqə quraraq ölkənin milli, dövlət maraqlarına zərər verə biləcək fəaliyyətdən çəkinməlidirlər”.

 

 

 

“Siyasi partiyaları İctimai Şuralara çıxarmaqla nə düzələcək?”

 

Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, tənqidci-analitik -kulturoloq  Aydın Xan Əbilov bildirib ki, Azərbaycanda siyasi mühit və ictimai-siyasi təsisatların fəlsəfəsi, işlək mexanizmi tamam fərqlidir. Onun fikrincə, burda dünyanın ən inkişaf etmiş siyasi mexanizmlərini tətbiq etsək də, istənilən nəticə alınmır.

 

Tənqidçi təəssüflə bildirib ki, Azərbaycanda siyasi partiyalar get-gedə zəifləyib və onların ictimai fikrə, ölkədə baş verən ictimai-siyasi proseslərə təsiri etmək imkanı minimuma enib. Siyasi partiyaları 3 yerə bölməklə məsələyə tənqidi yanaşan A.Əbilov hesab edir ki, bütün hallarda dünyada olduğu kimi ictimai tənqidin əsas subyekti olan siyasi partiyalara böyük ehtiyac var.

 

Onun fikrincə, nə qədər ki, biz bu mexanizmləri yaratmamışıq, siyasi partiyalara nə ictimai şurada, nə də digər yerlərdə vəzifələr verməklə hansısa dövlət strukturunun işini təkmilləşdirib irəli aparmaq mümkün deyil. Yəni siyasi partiyalara nə vəzifə versən, nə ictimai şuralarda olsalar nəticə 0 olacaq:

 

“Gəlin baxaq görək, son axtlar AXCP, Müsavat, Real Partiyasının radikal qanaddan qopardılaraq müxtəlif vəzifələrə, deputatlığa verilmiş şəxslərin səsi çıxır? O deputatlar nə qədər təsir imkanlarına malikdirlər, nə qədər xalqın sözünü deyə bilirlər? Biz onları eşitmirik. Ona görə də hesab edirəm ki, siyasi müxalifətin komitələrdə, nazirliklərdə təmsil olunması elə də ciddi məsələ deyil. İqtidar, dövlət başçısı o qədər güclüdür, nüfuzludur ki, klassik siyasi mexanizmlərin Azərbaycanda işləməsinə ümid etmək olnaz. Çünki real olaraq İlham Əliyevın sədri olduğu YAP-a qarşı kadr potensialına, intellektinə, strukturlaşmasına görə, respublikaları əhatə edəcək şöbələr və onu əhatə edəcək elə bir partiya tanımıram. Az-çox nüfuzu olan partiyalar gənclərin hesabına, sosial media, internet resurslarının hesabına üzdədirlər. Əslində o partiyalarda da heç bir işlək mexanizm yoxdur. Hər bir partiyanın ayaqda durması həm də onun stabil maliyyə inkanlarından qaynaqlanır. Maliyyə yoxdursa demək partiya fəaliyyət göstərə bilməz. Əgər partiya üzvləri işsizdirsə o partiyadan hansısa müsbət fəaliyyət gözləmək lazım deyil”.

 

“Adını yaza bilməyən, QHT sərdləri Mədəniyyət Nazirliyinin ictimai şuralarında təmsil olunur”

 

 

A.Əbilov bildirib ki, QHT sədrlərinin iştirakı ilə formalaşdırılan ictimai şuralar çox amorf bir quruma çevrilib:

 

“1-2 ictimai şuraları çıxmaq şərti ilə demək olar ki,  hamısı sıfır vəziyyətdədir. Onların işi nazirin, komitə sərdinin iradəsinə tabedir.  QHT-lərin ora seçilməsində böyük biabırçılıqlar baş verib. Təsəvvür edin ki, adını yaza bilməyən, QHT sərdləri Mədəniyyət Nazirliyinin ictimai şuralarında təmsil olunur. Əslində seçki keçirildi, amma o qədər mafiyalaşmış, şəbəkələşmiş qruplar var ki, əlillər təşkilatı və Qarabağ bölgəsindən olan təşkilatlar birləşdilər və öz nümayəndəsinu ora seçdirdilər. İctimai Şuralar ictimai tənqid, analitik tənqid təfəkkürə sahib olan şəxslər tərəfindən formalaşdırılmalıdır.

 

Bunlar qorxmadan, çəkinmədən gördükləri ictimai problemləri həm dövlət qarşısında qaldırmalı, həm də cəmiyyəti düşündürən məsələlərlə bağlı obyektiv, real mexanizmlərə malik təkliflərlə çıxış etməlidirlər. İctimai şuralar belə vəziyyətdə olduğu halda siyasi partiyaları da gətirib ora calamaqla nə düzələcək? Ona görə də İctimai Şura mexanizmi tamam dəyişməlidir. Bu, Ramiz Mehtiyevin, Əli Həsənovun  formalaşdırmaq istədikləri, əslində ölü doğulan bir uşaq imidir. İctimai Şuralar əvəzinə, ictimai palata, ya da ekspertlər şurası yaratmaq lazımdır. Və bunları da havayı işlətmək lazm deyil. Çünki bir insan, düşüncə adamı heç vaxt havayı işləyə bilməz. Dünyanın heç bir yerində belə təcrübə yoxdur.  Təhsil Nazirliyinin ictimai şuralarına baxın. Orda ictimai şuranın üzvü özü -özünə, orda işləyən həyat yoldaşına yüksək məbləğdə qrantlar ayırırsa həmin şuradan hansı işi gözləmək mümkündür. İctimai Şura, ictimai nəzarətlə bağlı ictimai dinləmələr təşkil olunur. Baxaq görək, bizim kimi ictimai tənqidlə məşğul olan, ən azı gündə 5-6 sayta müxtəlif problemləlri qabardan şəxlər ora dəvət olunubmu?  Yaxud,  İctimai nəzarətdə iqtidar-müxalift partiyasından istifadə etmək istəyirsizsə, onu müftə işlətmək yox, qonararla maddi təminatla təmin etməlisiz”.

 

A.Əbilov bildirib i, maarifçilik, problemlərin həlli, ictimai nəzarət, ictimai tənqid baxımından ictimai-siyasi qurumlar dövlətin bir hissəsidir:

 

“Qazilər çıxıb etiraz etdi. Halbu ki, onları birinci partiyalar dinləməli və onların dərdini dövlət strukturlarına çatdırmalı idi. Bu baş verdimi, yox. Eləcə də, ekologiya, səhiyyə, kənd təsərrüfatı, təhsillə bağlı siyasi partiyaların ictimai tənqidlərinə çox böyük ehtiyac var.  Biz siyasi partiyaların sosial şəbəkələrdə ictimailəşdirdiyi təkliflərin sonadan dövlət tərəfindən qəbul olunduğunun şahidi oluruq.

İstənilən halda cəmiyyətin geniş kəsiminin sosial, siyasi maraqları ilə bağlı siyasi partiyalara əməkdaşlığına böyük ehtiyac var. Təəssüf ki, Azərbaycanda bitərəflidir, politologiya çox az inkişaf edib.  Hələ də biz  keçmiş SSRİ-nin təfəkküründən qurtara bilmirik. Biz partiyalara siyasi mexanizm vasitəsi kimi baxmamalıyıq. Partiyalar beyin mərkəzləri, düşüncəli insanların toplaşdığı ictimai parlament, ictimai reaksiyalara cavab verən bir təsisat kimi görünməlidir.  Bizdə isə partiyalara sosial-mədəni baxış birtərəflidir. Biz partiyaları yalnız seçkilər zamanı görmək istəyirik. Bir partiyaya yalnız kəskin reaksiya göstərməklə məşğuluq: -bizimkisən, bizimki deyilsən, iqtidarsan, ya xalq düşmənisən, müxalifətsən. Bu düşüncə tərzini kənara qoymaq lazımdır.  Cəmiyyətin siyasi müxalifətə, partiyalara müxtəlif sifarişlərini normal qarşılamaq lazımdır. Əgər dövlətin icra strukturları öz fəaliyyətini nizamlamırsa o zaman Qarabağda həyata keçirilən yenilik digər bölgələrə də şamil edəcək.  Yaxın zamanlarada siyasi mədəni düşüncə tərzi qurulmalıdır. Buna görə ən azı düşüncə adamlarının təklifləri dinlənilməlidir”. /hafta.az/

 

Tahirə Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əsgərimizin gücü, ordumuzun döyüş ruhu öz yerində..."

104 yaşın mübarək, Şanlı Ordu!

"Ordu dövlətimizin onurğa sütunudur"

Azərbaycan-Rusiya sərhədində buraxılış gücü artırılacaq

"Onlar gülərək şəhid olurdular" - FOTO

Ümummili liderin arzusu, ali baş komandanın qüruru, xalqımızın inamı

"Bütün dünyada Azərbaycan Ordusunun gücünü və qələbə əzmini göstərdi"

“Mənin atam qəhrəmandır” - KONSERT

Ağrıkəsici təsirli çay RESEPTİ

Türkiyə Müdafiə Nazirliyindən Azərbaycana təbrik mesajı

Ermənistanın xarabaya çevirdiyi torpaqlarımızda Azərbaycan cənnət yaradır - REPORTAJ

Azərbaycan Silahlı Qüvvələri - 104

Damarları təmizləyən möcüzə qarışım

Meymunçiçəyi cinsi yolla keçir?

Şüşə oğlanın NADİR XƏSTƏLİYİ