Öz istəyinin, arzusunun, amalının ardınca getdi

10:40 13-07-2022 | icon 369 | Şəhidlər və şahidlər
Öz istəyinin, arzusunun, amalının ardınca getdi

Vətən müharibəsi Qəhrəmanı Fəqan Zalovun anası ilə söhbət

 

Vətən müharibəsi tarixə qızıl hərflərlə elə yazıldı ki, dünyanın silinməz yaddaşında əbədi olaraq öz izini qoyaraq sona yetdi. Bu vətən savaşı tarixdən silinməyəcək qədər önəmli və unudulmazdırsa, demək, onun qəhrəmanları da eyni ilə əbədiyaşar dərəcədə, hətta ondan da çox unudulmazdır və belə də olmalıdır, olacaqdır. Çünki tarix yazan həmin qəhrəmanlar olmasaydı, bu gün böyük, qüdrətli xalqımız və dövlətimiz hələ də Qarabağ ağrısı ilə yanacaq, pörşələnəcək və düşmənlərin torpaqlarımızda at oynatmasını böyük kədər hissi ilə seyr edəcəkdi. Lakin o qəhrəmanlar düşmənlərə, onların atlarına və atları ilə at oynatmasına biganə qala bilmədilər və günün birində atlarını elə şahə qaldırdılar ki, sadəcə atlarının kişnərtisindən, şahə qalxarkən atların nallarından qopan qığılcımdan və özlərinin nərə səsindən düşmənlər də, oynatdıqları atlar da pərən-pərən düşdü. O qəhrəmanların qan töküb can verməsinin nəticəsi budur ki, biz indi şad, firavan şəkildə deyirik ki, Azərbaycan Qarabağ sarıdan bütövdür, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

 

Qəhrəmanlarımızın dastanlarını, onların qanları ilə yazdıqları tarix salnamələrini elə tarixin özünə həkk etmək, onlar qarşısında öz borcumuzu az da olsa yerinə yetirmək üçün verilən imkanlar vəsiləsi ilə saysız-hesabsız ərənlərimizdən birinin ― kiçik miçman, Vətən Müharibəsi Qəhrəmanı şəhid Fəqan Amil oğlu Zalovun anası əziz Səridə ana ilə müsahibə aparmaq mənə nəsib oldu. İcazənizlə həmin müsahibəni sizlərə təqdim edirəm. Əvvəlcə qeyd edim ki, qəhrəmanımız şəhadətindən sonra cənab Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Onu da deyim ki, şəhidimiz sağlığında müdafiə naziri cənab Zakir Həsənov tərəfindən “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilmişdi.

 

Gəlin qəhrəmanlıqları oba-oba, el-el dillərdə əzbərlənərək gəzən şəhidimizin dastanını onu 23 il əzab-əziyyətlə yetişdirib böyüdən, vətən üçün boya-başa çatdıran, sonra isə balasını vətənə qəhrəmantək qurban verən Səridə ananın öz dilindən eşidək.

 

- Salam. Xahiş edirəm, özünüzü təqdim edəsiniz.

 

- Salam. Mən, Səridə Zalova ― Vətən müharibəsi Qəhrəmanı Fəqan Zalovun anasıyam.

 

- Vətən müharibəsi Qəhrəmanı, şəhidimiz Fəqan Zalov haqqında ilk öncə bir ana olaraq nə deyə bilərsiniz? O, kiçik yaşlarında necə bir uşaq idi?

 

- Fəqan kiçik yaşlarından ağıllı, mehriban, səmimi, doğrunu sevən, zarafatcıl, sözəbaxan, yaraşıqlılığı və davranışı ilə ətrafı özünə cəlb edən, bu xüsusiyyətləri ilə həmyaşıdlarından fərqlənən uşaq idi.

 

- Şəhidimizin qaçqın düşərgələrindəki həyatı barədə nə deyə bilərsiniz? Fəqan ilk dəfə öz Qarabağı, əsasən də Füzulisi ilə necə tanış olmuşdu?

 

- Fəqan 1 aprel 1997-ci ildə Sabirabad rayonunun Qalaqayın qəsəbəsi ərazisində qurulmuş çadır düşərgəsində dünyaya gəlib. O, 6 aylığına qədər çadır düşərgəsində yaşayıb. Doğrudan da Sabirabadın iqlim şəraitinə görə çadır çox isti idi. İsti çadır, böcəklər, ağcaqanadlar... Ona görə də körpəliyində Fəqan tez-tez xəstələnirdi. Yaşıllıq, kölgəlik yox idi, içməli su gec-gec verilirdi. Qarabağ təbiətindən gəlib bu cür şəraitdə yaşamaq çox çətin idi. 6 aydan sonra Fəqanı da götürüb öz ata yurdum Füzuli rayonunun Babı kəndinə köçdük. Belə ki, 1994-cü ildə Babı kəndi işğaldan azad edilmişdi. Fəqan orada böyüdü, məktəb yaşına çatdı və orta məktəbin 1-ci sinfinə getdi. Çox mehriban olduğu üçün tez bir zamanda özünə dostlar tapdı, onların əhatəsində boy atdı. Məktəb illərində Füzuli işğalda olduğu üçün Fəqan dostları ilə birlikdə Horadiz şəhərinə gedər, orada Bayraq meydanından Füzulinin Güzdək kəndinə ― öz kəndimizə baxardı. Oradan işğal altında olan, mənfur düşmənlər tərəfindən uçurulmuş, yandırılmış, dağıdılıb xarabazara çevrilmiş kəndlərimizin qalıqları görünürdü. Fəqan dostlarına deyirmiş ki, biz o kəndləri işğaldan azad etməliyik, nə vaxta kimi yağı düşmənlər bizim doğma yurd-yuvamızda, torpaqlarımızda at oynatmalı, gəzməlidirlər? Hələ kiçik yaşlarından onda vətənpərvərlik və qisas hissi alovlanmışdı.

 

- Qəhrəmanımız onu digərlərindən daha çox fərqləndirən hansı xasiyyətlərə malik idi? Böyüklə, kiçiklə necə münasibəti var idi?

 

- Fəqanın çox yaxşı xasiyyəti var idi. O, sözəbaxan, söz eşidən, üzüyola idi. Fəqan, həqiqətən də hələ kiçik yaşlarından, ağlı kəsəndən böyüyün, kiçiyin yerini bilən idi. Siz Babı kəndinə gedib orada yaşayan sakinlərdən, yaşlılardan, böyüklərdən soruşsanız, özünüz də şahidi olarsınız ki, onlar Fəqan haqqında necə ağız dolusu danışacaqlar. O, böyüyün, kiçiyin, ağsaqqalın, ağbirçəyin, qadının, uşağın yerini bilən, böyüyə yol verən, kiçiyə su verən, anasına, atasına səmimiyyəti, mehriban davranışı ilə seçilən, gülüşü ilə, zarafatı ilə könülləri fəth edən bir gənc idi. Onu digərlərindən bu xüsusiyyətləri fərqləndirirdi.

 

- Zəhmət olmasa, qəhrəmanımızın əsgərlik həyatından və ilk hərbi xidmətə necə yollanması barədə danışasınız.

 

- Fəqan uşaq ikən əmisi onun və digər uşaqların yanında əsgərlik barədə söz açmışdı. O vaxt Fəqanın əmisi uşaqlara özünün hərbi xidməti dövründən danışmışdı. Fəqan isə əmisinə deyibmiş ki, əmi, sən müharibəyə gedəndə atəşkəs oldu (1994-cü ili nəzərdə tutub), amma mən böyüyüb əsgərliyə gedəndə müharibəni başladacağam və işğal altında olan bütün torpaqlarımızı düşməndən azad edib qaytaracağam. Fəqan əsgərlikdə olanda, yəni 1 aprel 2016-ci ildə onun ad günü idi. O, əsgərlikdə olsa da həmin günü Füzulinin Babı kəndində tort bişirdim və atası ilə birlikdə Fəqana ad günü keçirdik. Aprelin 1-dən 2-ə keçən gecə isə uşaq vaxtı arzuladıqlarını Allah ona qismət elədi və o, Aprel döyüşlərində qəhrəmanlıqla, mərdliklə iştirak etdi. Sonradan bildiyimə görə o, əmisinə zəng vurub deyib ki, görürsən, əmi, mən əsgərliyə getdim, müharibəni başlatdım. Aprel döyüşləri vaxtı Azərbaycan ordusu Lələtəpə yüksəkliyini düşməndən azad etdilər. Fəqan onda Tərtər rayonu ərazisində N saylı hərbi hissə bölməsinin artilleriyasında xidmət edirdi. O, arzusunun ilkin mərhələsinə çatmışdı, çünki Aprel zəfərində onun da payı var idi.

 

- Bilirəm ki, qəhrəmanımız Aprel döyüşlərində iştirak edib. Həmin vaxtları necə xatırlayırsınız?

 

- Fəqan əsgərliyə gedəndə mən ağladım. Axı mən anayam! Həm onunla fəxr edirdim, həm də ondan ayrı qalacağım üçün kədərlənirdim. Mənə dedi ki, ana, ağlama. Mən çox darıxırdım onun üçün. Aprel döyüşləri zamanı Fəqan artilleriya bölməsində xidmət edirdi. Valideyn kimi biz həmin vaxtlar ondan çox nigaran idik. Düz aprelin 7-ə kimi Fəqandan heç bir xəbər ala bilmədik. Aprelin 7-dən sonra zəng etdi, çox sevindik. Dedim, Fəqan, biz narahat idik, niyə zəng vurmurdun? Dedi, ana, zəng eləmək olmazdı. Qurban demişdik ki, o, sağ-salamat gəlsin, ona qurban kəsək. Fəqan əsgərlikdən sağ-salamat gəldi, qurban qəbul oldu, qurbanını da kəsdik.

 

 

- Fəqanın Hərbi Dəniz Qüvvələrində müddətdən artıq xidmətə başlaması xəbərini alanda bunu necə qarşıladınız?

 

- Fəqan əsgərlikdən gələndən sonra bir müddət evdə qaldı. Sonra qərar verdi ki, mən hərbi xidmətə getməliyəm, çünki hələ torpaqlarımız işğaldan azad edilməyib. Qardaşı da onun kimi fikirləşdiyi üçün hərbi xidmətdə idi. Ona görə də dedi ki, mən də mütləq hərbi xidmətə getməliyəm. O, döyüş, od-alov görmüşdü deyə yenidən hərbi xidmətdə qulluq etməyə can atırdı. Fəqan Hərbi Dəniz Qüvvələrində xidmətə gedəndə dedik, Fəqan, ora çox çətindir. Orada müəyyən sədlər var ki, onu keçməlisən. Fəqan çox bərk, mətin, dözümlü uşaq idi, bir söz deyirdisə, onu yerinə yetirir, ona əməl edirdi. Dedi, ana, mən həmin sədləri, inşəAllah, keçəcəyəm. Fəqan, həqiqətən də həmin sədləri keçdi. Məsəl üçün Hərbi Dəniz Qüvvələrində işləmək üçün 300 nəfərdən yalnız 10-15 nəfəri keçə bilirdi. Fəqan çox çətinliklərlə üzləşdi. Biz narahat idik ki, o, qəbul ola bilməyəcək, amma Fəqan bütün çətinlikləri, sədləri keçdi və Hərbi Dəniz Qüvvələrinə qəbul oldu.

 

- Qəhrəmanımız hərbi təlimlərdə tez-tez olurdu?

 

- Fəqan Hərbi Dəniz Qüvvələrinə qəbul olduqdan sonra tez-tez təlimlərə gedirdi. Paraşütlə atılırdı, üzgüçülük və dağçılıqla bağlı təlimlərdə olurdu. Tez-tez çətin təlimlərdən keçirdi.

 

- Müharibəyə qədərki son illərdə Fəqan düşmən tapdağında olan Qarabağımızla bağlı söhbət açırdımı?

 

- Biz rayonda olurduq. Fəqan da işinə görə şəhərdə yaşayırdı, işinə gedib-gəlirdi. Müharibədən əvvəl qardaşı ilə söhbət edirdi, deyirdi ki, biz torpaqlarımızı işğaldan azad edib qaytarandan sonra Füzulinin Güzdək kəndində, yəni öz dədə-baba kəndimizdə bir ev tikdirəcəyəm, orada yaşayacağam. Qardaşı da ona deyirdi ki, sən yox, mən kəndimizdə yaşayacağam. Bir-birləri ilə zarafatyana mübahisə aparırdılar. Fəqan işğal altında olan torpaqlarımızı gəzmək istəyirdi, Şuşanı görmək istəyirdi. O, qardaşı ilə Qarabağ haqqında, işğalda olan torpaqlarımız barədə söhbət edirmiş, oranın havasının, suyunun gözəlliyindən danışırmış. Fəqan qardaşı ilə söhbət edəndə deyirmiş ki, hökmən öz kəndimizə gedib orada özümüzə evlər tikək, oraların havası, suyu, hər şeyi gözəldir, ancaq əvvəlcə onu mənfur düşməndən azad etməliyik.

 

- Fəqan Vətən müharibəsinə yollananda bir ana kimi hansı hissləri keçirdiniz və onu hansı hisslərlə döyüş meydanına yola saldınız?

 

- Qeyd etdiyim kimi biz rayonda olurduq, Fəqan isə xidməti ilə əlaqədar olaraq Bakı şəhərində yaşayırdı. Artıq müharibə başlayandan 3-4 gün qabaq Fəqangilin bölməsi döyüş bölgəsinə gediblərmiş. Biz şəhərə gəldik ki, Fəqanı Vətən müharibəsinə yola salaq, lakin gəlib gördük ki, onlar artıq müharibə bölgəsinə gediblər. Biz onda daha dəqiq hiss edirdik ki, müharibə olacaq, amma Fəqangil bizə müharibə olacağını demirdi. Onlar artıq müharibəyə getmişdilər, müharibənin içərisində idilər. Mən də yurd-yuvasından didərgin salınmış bir ana kimi oğlanlarımın bu azadlıq savaşında iştirakından qürur duyurdum.