Bu günlər Milli Mətbuat Gününü qeyd etdik. Mediamızın mövcud durumu, reallıqları bizim üçün də maraqlıdır. Bu dəfə mediaya kənardan baxmağa çalışdıq.

 

Versus.az xəbər verir ki, sosioloq-kulturoloq Aydınxan Əbilov müsahibəsində maraqlı nüanslara diqqət çəkib.

 

- Aydınxan müəlllim, dünyada cərəyan edən proseslərə diqqət çəksək yeni müstəvidə dəyişən sosial- ictimai baxışı necə izah edə bilərsiz?

 

- Qeyd etməliyəm ki, bu yeni düzəndə Azərbaycan dövləti, Prezidenti özünün siyasi mövqeyini ciddi və yüksək şəkildə qoruyub saxlaya bilir. Azərbaycanda sabitlik var. Bilirik ki, bizim ərazilərimizdə işğalçıya qarşı müharibə baş verdi və biz torpaqlarımızı geri qaytardıq. Cəmiyyətimiz toparlandı. Ona görə ki, dövlət başçısının uzaqgörən siyasəti nəticəsində  bir çox problemlər əvvəlcədən nəzərə alınmışdı və bu da müəyyən gərginliyin qarşısını ala bildi. Bu gün dünyada ərzaq təhlükəsizliyindən danışılır, amma ölkə prezidenti 15 il qabaq Azərbaycanın ərzaq təhlükəsizliyi, kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı istiqamətində ciddi addımlar atdı. Hətta bölgələrdə iri soyuducu anbarların tikintisi ilə bağlı çox böyük proqramlar həyata keçirtdi. Siz bilirsiz ki, pambıqçılıq ipəkçilik, çayçılıq və digər sahələrin inkişafı ilə bağlı həm dövlət böyük kapital qoydu, həm də dövlətin qayğısını gördük. Azərbaycan digər ölkələrdən həm fərqlənir, həm də digər ölkələrdə baş verən hadisələrin təsirindən kənarada qala bilməz.

Amma bu gün Avropa Birliyi rəhbərlərinin, Amerikanın yüksək çinli şəxslərinin Azərbaycana gəlişi və ölkəmizin beynəlxalq düzəndə tutduğu mövqe əslində Azərbaycanın bu yeni düzəndə xüsusi bir mərkəzçi mövqeyini nümayiş etdirir. Üstəlik enerji, ərzaq təhlükəsizliyi və dəhlizlərin yaradılmasındakı üstün mövqeyimiz görünür. Biz 15-20 il qabaq Avropadan rica edirdik ki, gəlin sizə qaz, neft kəməri çəkək. Banklar buna görə bizə kredit də vermək istəmirdi. Amma hadisələr göstərdi ki, ölkə prezidentinin stabil, aydın, uzaqgörən bir analitik təfəkkürün məhsulu olan siyasəti var. Burda daxili siyasət və xarici siyasət, beynəlxalq münasibətlər əlaqələr, vəhdət halındadır.

 

- Bu siyasətə Azərbaycan cəmiyyəti -siyasi partiyaları, ictimai təşkilatları, eləcə də mediamız nə qədər cavab verə bilir?

 

- Məncə biz cəmiyyət olaraq dövlət siyasətindən çox geri qalırıq. Əslində əksinə olmalı idi, biz, dövlətə beyin məhsulu verməliydik. Bu var, amma istədiyimiz qədər deyil. İllər boyu fondlar QHT-lərimizə müəyyən pullar verirlər, amma onlar dövlətə beyin məhsulu verə bilirlərmi. Beyin mərkəzləri nə qədər səmərəli fəaliyyət göstərə blirlər, təkliflər verə bilirlərmi.  Görürük ki, bəzi təşkilatlar yalnız cənab Prezidentin hər çıxışından sonra əl-ayağa düşməyə başlayırlar.

Mediamıza gəldikdə isə, yeni media klassik medianı qabaqlayır. Biz mətbuatda analiz yazılarını görmürük. Oxucuların buna marağı o qədər azdır ki, heç bir qəzetə də sərf eləmir ki, bu işləri qabartsın, manşetə çıxartsın. Bu baxımdan yeni düzən, yeni ictimai-siyasi vəziyyət, yeni təfəkkür bunu bizdən tələb edir.  Bu gün təfəkkür məhsulu ictimai polemikalarda, debatlarda, sosial şəbəkələrdə və mediada üzə çıxır.

 

- Mətbuatın hansı yenilənməyə ehtiyacı var?

 

- Mən Azərbaycan mediasının poetikasında işləyən bir araşdırmaçıyam. Vaxtilə aspiranturada oxuyanda elmi işim məhz media ilə bağlı idi.

Baxın, bizdə media hər zaman olub.  Sadəcə Avropa tipli Azərbaycan mətbuatı 22 iyulda Həsən bəy Zərdabinin məhşur qəzeti ilə yaranıb. Amma bu heç də o demək deyil ki, Azərbaycanda ondan əvvəl mətbuat olmayıb. Ondan əvvəl də Azərbaycanda ingilisdilli, fransızdilli milli mətbuat səhifələri olub. Yaxud, bilirsiz ki, aşıqlar bu kənddən o kəndə xəbər aparan insanlar olub. Müəyyən meydanlarda şahın, xanın fərmanlarını oxuyan şəxslər olub. Onlar da media təsisatı sayılır. 

22 iyul isə peşəkar mətbuatın tarixidir. Və biz nə qədər dəyərləndirsək də, nəinki Azərbaycanda, eləcə də dünyanın hər yerində klassik mətbat öz yerini yeni mediaya verib. Bunu xalq mediası, virtual media da adlandıra bilərik. Və fərqinə varmadan artıq yeni media üzdədir.  Azərbaycan  mətbuatıı, klassik jurnalistlərimiz bu mərhələdə çox geridə qalır. Çevikliyə öyrəşmək lazımdır. İnsanlar bu gün “tik-tok”-da, “yooutub”da, “teleqram”da 1 dəqiqəlik videolara daha çox baxırlar. Tutaq ki, bir yerdə yanğın baş veribsə, 1 dəqiqədə yayırlar ki, harda yanğın baş verdi, adam öldü, söndürdülər. Biri də var ki, 40-50 dəqiqəlik verilişə baxasan. Buna bizim vaxtımız yoxdur axı.  Ancaq daha çox informasiya qəbul etmək, daha çox analiz etmək üçün geniş imkanlar var.

 

- Artıq müasir dövrün tələbinə görə, deyə bilərik ki, biz informasiyanı yox, informasiya bizi təqib edir?

 

- Bu, bizdən asılı deyil. Kim informasiyanı tez qəbul etsə, analiz edib ondan yeni məhsullar ortaya qoysa o da qalib gələcək.

 

- Bir qədər əvvəl qeyd etdiz ki, dövlət siyasətindən geridə qalırıq, bu mediamızla bağlı necə izah edərdiz?

 

- Birincisi, yazılı mətbuat, qəzetçilik tarixə qovuşub. Qəzetin tirajı azalıb. İkincisi, biz daha çox virtual və səsli informasiyanı qəbul edirik, nəinki böyük mətinləri oxumaq... Fikir verin, facebookda iri yazı olanda  heç kəs oxumur, layk vermir. Bir şəkil, bir yazı, bir səs olanda minlərlə münasibət görürük. Qısa mətnlərin təsir etmə imkanı çox olur. Bu baxımdan dövlətin, xüsusən də dövlət başçısının atdığı addımlar da əhəmiyyətlidir. Məsələn, müharibədə cənab prezident niyə qəzetlərdə yox, Tvitterdə çıxış edirdi. Çünki onun sürəti və əhatəsi daha genişdir. Media gərək yeni mediaya transfer edəydi. Bu gün qəzetdə çıxan yazını saytda da yerləşdirirlər. Deyək ki, qəzeti, saytı oxuyanlar ayrı-ayrı nəsllərin nümayəndləridir. Cavan, orta nəsl saytlara baxır. Amma görək, saytların özü nə qədər çevikdir, nə qədər Azərbaycan, dünya oxucusunu maraqlandıran məlumatlar verir.

Ələnmə prosesi gedir. Təsəvvür edin ki, Rusiyada milyon tirajla çıxan “Literaturnaya qazeta”-nın trajı indi heç 10 minə çatmır. Türkiyədə bir neçə il əvvəl hamı qəzet oxuyurdu, indi əllərdə  qəzet görmək olmur. Bu dəyişikliyə  öyrənmək lazımdır. Yeni mütaliə, yeni oxu mədəniyyəti, vərdişlər gəlib. İnternet, sosal şəbəkələr bu vərdişləri sürətləndirir. Bizim yazarlar da yeni yazı mədəniyyəti, yeni media mədəniyyətini formalaşdırmalıdırlar.  Biz nəyə görə gözləməliyik ki, Prezidentin müəyyən sərəncanları, fərmanları olsun, ondan sonra başlayaq bu ətrafda nəsə yazmağa.

Bu gün də mətbauat günüdür. Unutmayaq ki, mətbuat yalnız bizim deyil, həm də xalqındır. Biz xalqın səsi, görən gözü və yazan əliyik. Xalqımızı da təbrik edirik.

 

T.Qafarlı
Versus.az