“Biz döyüşlərə böyük ruhla, sevinclə qatılmışdıq. Döyüşə gedəndə bir-birimizlə zarafatlaşır, sevinir, gülürdük, sanki toy-bayrama gedirdik. Bu döyüş bizə bir yuxu kimi gəlirdi. Nəhayət, 30 ilin acısına, həsrətinə son qoyulacaqdı. Analarımız, bacılarımız, gəlinlərimizin köçkünlük həyatına son qoyulacaqdı. Bir əsgər olaraq düşmənin torpaqlarımızda törətdiyi vəhşiliyin qisasını almaq istəyirdik və aldıq da. Böyük qürurla döyüşə girdik və qalib olduq. Mən beş Vətən Müharibəsi medalı ilə təltif olunmuşam”.  

 

 

Versus.az xəbər verir ki, bu sözləri hazırda həqiqi xidmətdən artıq hərbi qulluqçu, çavuş, 44 günlük Vətən müharibəsinin əsgəri – qazi Eldar Quliyev  açıqlamasında bildirib.

 

Qazi döyüş zamanı qarşılaşdığı bir hadisəni unuda bilmədiyini, özünə bağışlamadığını deyib.

“Tankçı olmuşam. Füzuli, Cəbrayıl, Xocavənd istiqamətində  döyüşlərdə iştirak etmişəm. Tankımız vurulanda modernləşmiş BTR-də 9 nəfər heyətimiz var idi. Döyüşə girənlərdən 8 nəfəri yanıq xəsarəti aldı. Komandir Əli Həsənov şəhid oldu. Düşmənin atdığı mərmi 95 santimetr divardan içəri girib partlayır, dəmiri əridir. Həmin vaxt erməni mərmisi maşının ön hissəsindən girib arxa tərəfindən çıxdı.  Mən ağır xəsarət almamışdım. Tankdan çıxanda huşsuz vəziyyətdə qalan digər 3 nəfər hərbçimizi də oradan çıxardım.

Alovun içinə yenidən qayıdıb komandirimi çıxarmaq istədim. Bu günə qədər də özümə bağışlaya bilmirəm. Gözümün qabağında şəhid oldu. O vaxt üz-gözüm, ayaqlarım yandı, amma komandiri tankdan çıxara bilmədim.

Həmin döyüşdə yaralanandan sonra, 3 saat erməni səngərində qalıb, təxliyə olunduq. Bizi Füzuli rayonuna xəstəxanaya apardılar. Şəhid olmağımla bağlı xəbər rayona yayıldı”.

 E.Quliyev hazırda hərbi xidmətinə davam etsə də, sağlığında olan problemlərə görə çox əziyyət çəkdiyini bildirib. Qazi sağlamlığını itirməsi ilə əlaqədar əlillik təqaüdünə çıxmaq istəsə də, hələlik bu müraciətinə müsbət cavab verilməyib.

E.Quliyev deyir ki, döyüşdən sonra bir nəfər sahibkar ona torpaq hədiyyə edib. Bu günə qədər də həmin torpaq sahəsini öz adına rəsmiləşdirə bilmir.

“12 min 800 yaralı əsgərimizin hamısı qazidir.  Mən 5 medalın sahibi olsam da, heç bir quruma müraciət etmək istəmirəm. Deyəcəklər ki, döyüşdüyünə görə bundan istifadə edib  özünə güzəştlər istəyir”.

Qazi deyir ki, müharibə gedən vaxt bir neçə dəfə yaralanıb və dövlətdən ilk yardımı alaraq sağalıb.

“O vaxtlar bütün sənədlərim səhv yazılmışdı. Xəstəxanalarda döyüşdə aldığım xəsarətlərin heç biri qeyd olunmamışdı. Birində ata adı səhv, birində doğum taixi səhv... Bütün bunları yenidən düzəltdim. Bədənimdə 11 qəlpə var. Əvvəl üçünü çıxarmışdılar, üçü isə bədənimdə qalır, çıxarmaq mümkün deyildir. Həmin qəlpələr çox ağrı verir. Əslində, mənə əlillik təyin olunmalıdır. Hospitalın mənə verdiyi sənədə əsasən qapalı beyin travması, baş-beyin silkələnməsi almışam. Məndə hüşsuzluq, halsızlıq, əsəbilik var. Sağ qulağım eşitmir, eynək  taxıram. Protez almaq üçün müraciət etdim. Dedilər ki, əlilliyim təyin olunmayanadək biz sizə protez verə bilmərik”.

Hazırda 10 nəfər ailə üzvü ilə kirayədə qalan qazi bu  problemlərin həlli üçün hara müraciət edəcəyini bilmir.

“Döyüşdən həftələrsonra gəldilər ki, sizə nə kömək etmək lazımdır? Mən də dərdimi dedim. Kirayədə qaldığıma görə, mal-heyvan saxlamağa şəraitim yoxdur.  Ona görə də müraciət etdik ki, yoldaşımın evdə şirniyyat bişirib-satması üçün müəyyən ləvazimatların ayrılmasına  kömək edilsin. Bu günə qədər xəbər yoxdur. Bir dəfə də gəlib soruşdular ki,  əlillik dərəcəsi ayrılıbmı? Dedim yox. Mənə “Xidmətə yararlı sıradan biri” kağızı verilib. Dəfələrlə işdən akt bağlayıb məni Mərkəzi Hərbi Hospitala  psixiatr yanına da göndəriblər”.

 

 

Versus.az

T.Qafarlı