Son günlər reket, şantajla məşğul olan, özünü jurnalist kimi təqdim edən şəxslərə qarşı mübarizənin zəruriliyi yenidən gündəmə gətirilib. Əsas məqam odur ki, şantaj olunan, təhqir və böhtana məruz qalan vətəndaş susmamalı, öz haqlarını qorumaq üçün məhkəmələrə üz tutmalıdır. Maraqlıdır, peşəkar jurnalistika bu cür “jurnalistlərin” ifşa olunmasında nə dərəcədə maraqlıdır və nə dərəcədə aktivdir.

 

 

Versus.az xəbər verir ki, “Cumhuriyət” qəzetinin baş redaktoru Rəfael Becanov açıqlamasında reketçiliyin tək jurnalistikaya aid olmadığını önə çəkib. Onun fikrincə, bu ümumi bir problemdir ki, bir çox sahələrdə yayılıb.

 

 

“İndi sosial şəbəkə istifadəçiləri də bu metoddan geniş istifadə edirlər. Kimisə şərləməklə, kiməsə böhtan atmaqla, şantaj etməklə və s. Təəssüf ki, bu kimi hallar jurnalistikada da yayılıb və yeni termin, yeni fəaliyyət növü deyil.  Azərbaycanda onlarla şəxs jurnalist adı altında reketçilik etmə səbəbiylə həbs olunub. Bu kimi halların qarşısını 100 faiz almaq mümkün deyil”.

R.Becanov bildirib ki, rəhbərlik etdiyi qəzetin redaksiyası “Azərbaycan” Nəşriyyatında yerləşən zaman qonşuluqda reketçiliklə məşğul olduğu deyilən bir redaksiya yerləşirdi ki, sonradan onun təsisçisi və baş redaktorunun həbs olunması barədə xəbərlər yayılıb.

“O redaksiyanın qapısı açıq olanda otaqdakı mebellerə, son model kompüterlərə baxanda bizim əməkdaşlar qəribə hisslər keçirirdilər. Vərdiş etdiyimiz qəzet redaksiyasına yox, oliqarxların ofisinə bənzəyirdi. Biz isə sınıq-salxaq mebel və kompüterlərlə, köhnə bir kondisionerlə təmin olunan otaqda fəaliyyət göstərirdik”.

 

R.Becanov hesab edir ki, hüquq-mühafizə orqanları jurnalist reketçiliyinə qarşı hüquqi müstəvidə ciddi qərarlar qəbul etməlidir.

“Baş prokurorun məlum açıqlamasını da bu qəbildən hesab edirəm. Düşünürəm ki, aidiyyatı dövlət qurumları bu problemə yönəlik ciddi addımlar atacaqlar. Jurnalistikanı çulğalayan mənfi tendensiyadan qurtarmaq lazımdır. Şantajla, hədə-qorxuyla məşğul olanlar jurnalistika ilə yox, gedib mafiya qanunları ilə nə istəyirlərsə, onu da etsinlər. Bu peşəyə zərbə vurmaq, adını ləkələmək olmaz. Bir zaman Mətbuat Şurasında reketçiliklə mübarizə komissiyası fəaliyyət göstərirdi. Həmin komissiyada bu kimi hallar araşdırılırdı, reketçiliklə məşğul olan media subyektlərinin adları o siyahıya salınırdı və bu “qara siyahı” adlanırdı. Amma o komissiyanın hər hansı hüquqi səlahiyyəti yox idi. Bu, sadəcə cəmiyyəti məlumatlandırmaq və ictimai qınaq üçün yetərli ola bilərdi. Eyni zamanda siyahı müxtəlif dövlət qurumlarına göndərilirdi ki, peşəkar media ilə reketçiliklə məşğul olan medianı tanısınlar.Bu, peşəkar jurnalistikanın adının qorunması məqsədini daşıyırdı”. 

 

Baş redaktor bildirib ki, “Media haqqında” yeni qanunun qəbulundan sonra bu sahədə ciddi irəliləyiş olacaq.

“Media subyektlərinin reyesrti yaradılır, jurnalistlərin qeydiyyatı və s. kimi müsbət məqamlar reketçiliyin qarşısını almaqda ciddi dönüş yaradacaq”.

R.Becanov bütün bunlarla yanaşı bildirib ki, peşəkar jurnalistikanın bu tip “ jurnalistlərlə” mübarizə aparması üçün hər hansı rıçaqları yoxdur.

“Biz ancaq yaza bilərik. Amma bunun üçün də əlimizdə təkzibolunmaz faktlar – video, audio materiallar olmalıdır. Verən və alan bunu məxfi edir. Peşəkar jurnalsitikanın mübarizə forması bu kimi hallarla bağlı cəmiyyətə informasiya ötürmək və ictimai qınağın formalaşmasına töhfə verməkdir. Bunu da edirik. Amma mübarizə hüquqi müstəvidə aparılmalıdır. Reket jurnalistikayla mübarizədə əsas yük hüquq-mühafizə orqanlarının üzərinə düşür”.(hafta.az)

 

T.Qafarlı

Versus.az