Versus.az xəbər verir ki, AMEA-nın əməkdaşı, tarixçi-alim Qasım Hacıyev açıqlamasında bildirib ki, illərdir Elmlər Akademiyasının bağlanma ehtimalı ilə bağlı fikirlər tez-tez aktuallaşıb. Lakin bu gün dövlət belə islahatlar aparmaqla Akademiyanın bağlanmasını yox, onun yeni yol, yeni istiqamətdə inkişafını təmin etdi. 

 

“Təhsil və elm həmişə bir-biri ilə bağlı olub. Ona görə də elmdə olan nailiyyətləri təhsilə tətbiq etmədən inkişaf etmək mümkün deyil. Bütün dünya ölkələrinin bu sahədə təcrübəsi var. Bu çox yaxşı haldır.  Bu gün aparılan islahatlar dünyanın inkişaf tempi ilə əlaqələndirilməlidir. Elmin təhsillə birlikdə daha yaxından inteqrasiya etməsi hər ikisinin inkişafına təkan verə bilər”.

 

Q.Hacıyev hesab edir ki, AMEA-da aparılan islahatlarla bağlı əsas məsələlərdən biri odur ki, dünya ölkələrində son dövrlər iqtisadiyyatın yaxşılaşması, sosial inkişaf, böhrandan çıxmaqla bağlı müxtəlif layihələr həyata keçirilir.

“Təbii ki, islahat olmayan ölkədə inkişafdan danışmaq olmaz. Çünki dünya dəyişir, yenilənir. Cəmiyyət yenilənməlidir. Ona görə də xalqın maddi rifahını yaxşılaşdırmaq üçün ən azı belə addımları müsbət hal hesab edirəm.  Ümid edirəm ki, hamı bu prosesə həvəslə qoşulacaq. Dövlətimizin yaratdığı bu imkandan istifadə edərək, həm elm və təhsilin inkişafını təmin edəcəyik, həm də bu sahədə işləyən adamların da əməyinin yüksək qiymətləndirilməsinə nail olacağıq.  Biz buna daha çox  inanırıq. Ona görə də dövlət başçımızın həyata keçirdiyi bu addımı alqışlayıram. Xeyirli-uğurlu olsun”.

 

Versus.az

Ləman