“Bu, müxalifəti iqtidardan eybəcər göstərir” - MÜSAHİBƏ/ VİDEO

16:43 17-01-2019 | icon 325 | Siyasət
“Bu, müxalifəti iqtidardan eybəcər göstərir” - MÜSAHİBƏ/ VİDEO

 

İqbal Ağazadə: “Bu ölkənin ziyalıları - Anar, Çingiz Abdullayev, Ramiz Rövşən və digərləri hara baxırlar?”

 

 

 

Ümid Partiyasının sədri İqbal Ağazadənin Versus.Az-a müsahibəsi

 

 

“Hakimiyyəti qəbul etməməyin yolu söyüş deyil”

 

- İqbal bəy, yeni ildə xoş gördük sizi. Bu müsahibəyə ötən ilin problemlərindən doğan suallarla gəldik. Bu cəmiyyətin bir nümayəndəsi, siyasətçisi olaraq hansı sosial, ictimai, siyasi sifarişlərlə yeni ilə daxil oldunuz?

 

- Çətin dövrdə yaşayırıq. Azərbaycanın münasibətlər sistemini zədələyiblər. Bu gün ən pis ağrılı yerimiz məhz bu münasibətlər sistemidir. Bilirsizmi, münasibətlər sistemi  zədələnməyəndə çətinlikləri aradan qaldırmaq asan olur. Vay o gündən ki, münasibətlər sistemi zədələnsin.

Bu gün iqtidarla müxalifətin, cəmiyyətin ayrı-ayrı kəsimləri arasında münasibətlər sistemi o qədər zədələnib ki, artıq hər hansı problemin masa arxasında əyləşərək, yaxud da birgə fəaliyyət göstərərək çözülməsini  gözləmək çətindir. Məncə 2019-cu ilə ən ağır məsələ olaraq bunları daşıyırıq və bu il həyatımızın ən ağır illərindən biridir.

 

Əgər iqtidar siyasətini dəstəkləyənlərin böyük bir hissəsi hesab edirsə ki, iqtidarın opponenti olan adamları  söyməklə, yamanlamaqla, şərləyib həbsdə saxlamaqla, iqtidar siyasətini bəyənməyənləri sosial şəbəkələrdəki yazılarda ən ağır söyüşlərlə təhqir etməklə iqtidara daha çox xidmət etmiş olurlar, bu, artıq faciənin sonudur. Faciə bitib və yeni bir mərhələ başlayıb ki, hələ onun adını bilmirəm. Yaxud, söyüş ritorikasındakı kəskinlik müxalifətçiliyin zirvəsi, müxalifətçiliyin pasportu hesab olunursa və kim daha çox söyəcəksə, kimin ünvanına daha ağır təhqirlər işlədəcəksə bununla müxalifətçilik qiymətini alacağını düşünürlərsə, bu dəhşətdir. Hesab edirəm ki, 2018-ci ildən 2019-a daşıdığımız ən ağır problem bu münasibətlər sistemidir və bunu düzəltməsək heç bir problemin həllindən danışa bilmərik. Çünki bizim Qarabağ problemi, sosial vəziyyət, iqtisadi münasibətlər, insan haqları və sair məsələlərimiz var ki, bu təkcə iqtidarın, müxalifətin görə biləcəyi işlər deyil. Bu, hamının birgə görə biləcəyi işlərdir. Vətəndaş cəmiyyətinin, barış cəmiyyətinin yaradılması, anlayışlı, demokratik cəmiyyətin formalaşması üçün bu komponentlər bir-biri ilə normal münasibətlər saxlamağa borcludur. Əgər normal münasibətlər yoxdursa, 2019-cu ildə problemlərimizin böyük əksəriyyəti daha da dərinləşəcək, ziddiyyət getdikcə daha kəskinləşəcək və təəssüf ki, Azərbaycan itirəcək.

 

“O sifarişi indi almamışam”

 

- Siz özünüz hansı sifarişləri aldınız?

 

- Mən o sifarişi indi almamışam. Artıq 10 illərdir siyasətdəyəm və cəmiyyətin bəlli kəsimindən barış və münasibətlər sistemində dialoqun tərəfində olmaqla bağlı mesajlar almışam. Bütün müsahibələrimdə, yanaşmalarımda, ritorikalarımda da ana xətt kimi məhz bunu irəli sürürəm və arxasında da dayanıram. Bu gün də hesab edirəm ki, hələ körpülərin hamısını yandırmamışıq, gec deyil. Baxmayaraq ki, münasibətlər sistemi ictimai-siyasi münasibətlər sistemindən şəxsi müstəviyə çıxıb, yəni insanlar şəxsi müstəvidə bir-birilərini dəhşətli dərəcədə təhqir edir və onu sədaqət, yaxud müxalifətçilik nümunəsi kimi cəmiyyətə sırımağa çalışırlar, bununla belə ortaq xətlər tapmaq mümkündür. Çünki hamımızın bir vətənimiz var - Azərbaycan! Məsələyə o pəncərədən baxdıqda bunu nizamlamaq olar.

 

- Müəyyən neqativ məqamların cəmiyyətə düşünülmüş şəkildə “sırınmağa” çalışıldığını qeyd etdiniz. “Sırınanları” bir kənara qoysaq, əslində olanlar nədir?

 

- Əslində iqtidar müxalifəti də öz müstəvisinə çəkməklə xalqı proseslərdən kənarda saxlamağa çalışır. Çalışır ki, xalq proseslərdən uzaqda dursun, qruplarla mübarizə aparsın. Müxalifətin gücü, inzibati resurssaları olduqca azdır. İqtidar isə gücünü iki cəbhədə nümayiş etdirə bilir. Həm ritorikanın sərtliyində və ritorikanın söyüş, təhqir qismində olmasında, həm də həbs, həbsi uzatmaq, təzyiq, işgəncə, qeyri-qanuni məhkəmə, cərimələrlə. Müxalifətin isə gücü nə tutmağa yetir, nə də cərimə etməyə, təkcə söyməyə gücü çatır. Demək ki, bu qəzəbin hamısının fonunda o, bir az da çox söyəcək və bu zaman da daha çox tərbiyəsiz görünəcək. Beləcə resursu olmayan və daha çox söyüş ritorikasını seçən müxalifət iqtidardan eybəcər görünür. Beləliklə də xalq həm müxalifətin, həm iqtidarın bəlli bir kəsiminin yanında dayanmaq istəməyəcək. Buna görə də maraqlı dairələr istəyirlər ki, müxalif camiyə daha çox bu prosesin içində olsun. Əks halda, iqtidarın uçərisində olan adamlar, ən azı iqtidarın öz “uşağı” deyə bilməz ki, ədəbin olsun, bu nə danışıqdır, cəmiyyətə verdiyiniz bu nə mesajdır?! Siz onun cavabının nə olacağını bilmirsiz?

Mən təəssüf edirəm ki, bu xətti hazırlayıb ortaya qoyanların özləri bununla prezidentə sədaqətlərini nümayiş etdirməyə çalışırlar. Deyirlər ki, baxın, bizi söyürlər, amma biz yenə də sizi dəstəkləyirik, yanınızdayıq, bütün məsuliyyəti öz üzərimizə götürmüşük. Amma o söyüşə imkan yaradan adamlar həm də onların özləridir. Çox təəssüf ki, belədir.

 

- İqbal bəy, bir çox sosioloq və psixoloqlar Azərbaycan insanının hadisələrə yanaşmasını təhlil edib belə bir qənaətə gəlirlər ki, təəssüf doğuran mövcud şəraitin yetişməsi məhz insanlarımızın xarakterinə, hadisələrə biganə yanaşmalarına adekvat olaraq yaranıb.

 

- Yanlışdır. Xalqın ədəbsizlik, sərt ritorika, sərt hərəkətlərlə bağlı mövqeyi birmənalı olub. Heç uzağa getməyək, siz bu müsahibədən çıxandan sonra küçədə kütləvi bir dava görsəniz, ən yaxşı vətəndaş kimi ən azı 102-yə zəng edərsiniz ki, dava var. Demək ki, siz davanı sevmirsiniz, sevsəydiniz, siz də yüyürüb kiminsə tərəfində çıxış edərdiniz. Amma siz bunu etmirsiniz, deməli davanı sevmirsiniz.

 

- Ən azı ayırarıq.

 

- Heç ayırmağa da cəhd etmiyəcəksiz, çünki dava çox böyükdür. Və yaxud da kimsə söyüş söyür, ədəbsiz hərəkət edir, özünüzü görməzliyə, eşitməzliyə vurub yanından keçəcəksiniz. Çünki əgər xalqın tələbi bu olsa, gedib baxar görsün nə söyür, sonra özü də istifadə etsin.

Ona görə də, xalqı bu cür xarakterizə etmək yanlışdır.  Bəyəm biz evimizdə, ailəmizdə yaxınlarımız, doğmalarımız içərisində ədəbsiz sözlər deyirik ki, bu da bizim bu günə sifarişimiz olsun, yox. Bu, bir qrup adamın idealogiyalaşdırdığı və cəmiyyəti bu yerə qədər gətirdiyi haldır. Bunun xalqa, xalqın mənəviyyatına psixologiyasına, sosialoji sorğuların nə göstərməyindən asılı olmayaraq mentalitetinə heç bir aidiyyatı yoxdur. Bizim xalq mahiyyət etibarilə həlim, yumşaq, davanı sevməyən, yaxşı yaşamağı sevən bir toplumdur.

 

“Heç biri deməsin ki, “mən ziyalıyam””

 

- Bizim müsbət tərəfimiz kimi həmişə bu amil göstərilir.

 

- Yox, bizim xalqın yaxşı tərəfləri çoxdur. Bilirsiz, toplum mədəniyyəti elə bir sistemdir ki, o, formalaşdırılır. Onu daha çox iqtidarlar, ziyalılar formalaşdırır. Toplum mədəniyyətini cəmiyyətin önündə gedənlər formalaşdırır. Əgər bu gün Azərbaycan iqtidarı, Azərbaycan ziyalısı - mən müxalifəti də bura daxil edirəm, çünki müxalifətəkilər cəmiyyətin siyasi institutlarının rəhbəridirlərsə, onlar da ziyalıların bir hissəsidir - bu gün bu polemikada bu ritorikanı seçirlərsə, bu ritorika ilə cəmiyyətə çıxmağa çalışırlarsa, çox çətin situasiya yaranır.

 

İndi dəhşətli bir situasiya yaranıb. Əvvəllər çox rahatca ictimai-siyasi cəhətdən fəal olan istənilən şəxsin videosunun üzərinə tıklayb, ona ailə daxilində rahat şəkildə qulaq asa bilirdiksə, artıq bu gün, “birdən söyüş olar” qorxusu ilə mümkünsüz hala gəlib. Hər bir videonun üzərinə “+ 18” yazılmır ki, qeyri-etik məsələlərin olduğunu əvvəlcədən anlayasan. Dəhşətli bir tendensiyadır. Bu faciədir.

 

Mən başa düşə bilmirəm, tutaq ki, iqtidar bunu edə bilmədi, müxalifət də edə bilmədi, bəs bu ölkənin şeyxi hara baxır, bu ölkənin ziyalısı – Anar, Çingiz Abdullayev, Ramiz Rövşən və digərləri hara baxırlar? Siz cənab ziyalılar, qalxın, müraciət edin! İqtidarın, müxalifətin qapısına gedin! Deyin yığışdırın bunu, biz Azərbaycanın gələcəyini bu ritorika ilə yaza bilmərik. Bu ritorika ilə yazılan Azərbaycanın gələcəyi qarşıdurmadır, faciədir. Bu ritorika ilə yazılan Azərbaycanın gələcəyi qandır, qadadır! Bir-birini bağışlamamaqdır, əzməkdir. Bunu iqtidar edə bilmirsə, müxalifət edə bilmirsə heç olmasa Ramiz Rövşən etsin, Anar, Çingiz Abdullayev, yaxud bir başqaları etsinlər. Yox, edə bilmirlərsə, heç biri deməsin ki, “mən ziyalıyam”. Ziyalılığın nümunəsi budur. Siz görürsünüz ki, ya zəlzələdən, ya da vəlvələdən cəmiyyətdə dəhşətli dərəcədə qütbləşmə gedir.

 Hər şey də ritorikadan başlayır. Əgər hərb düşərgəsində, müharibədə bəyanatlar səsləşirsə, hökmən növbəti mərhələdə silahlar işə düşür. Əgər siyasi cəbhədə bəyanatlar, ritorikalar kəskinləşirsə, hökmən cəmiyyət qarşıdurmaya, xaosa, kataklizmə gedir. Buna iqtidar içərisində də maraqlı olan tərəflər var, müxalifət kəsiminin içərisində də tərəfdar olanlar var. Bunun içərisində “5-ci kolon”un nümayəndələri varmı, bunları ideologiyalaşdıran onlardımı, yoxsa kimdir, bilmirəm. Amma bu şəkildə olmaz. Dostlar, söyməklə müxalifət hakimiyyətə gəlməz. Söyməklə iqtidarı saxlamaq mümkün deyil. Bunu hər kəs qəbul etməlidir.

 

- Maraqlı məqama toxundunuz. Adlarını çəkdiyiniz - Anar, Ramiz Rövşən və digərləri sizin prizmanızda kimlərdir?

 

- Mənim üçün Anar, Ramiz Rövşən, Çingiz Abdullayev, Fikrət Qoca və başqalarının statusları yetərlidir. Onlar mənim içimdə var. Bu sırada adlarını çəkmədiklərim də var, amma hələlik ekspront olaraq ilk 4-5 nəfərin adını çəkdim. Bu adamların ən azı şeyxin, hər bir adamın qapısına getməyə imkanı var və bu adamlar hər kəsin eşidə biləcəyi adamlardır. Yaşı da, başı da, cəmiyyətdəki yeri də, qələmi də, ədəbi də, etikası da ona imkan verir…

 

“Cəmiyyət o qədər mürəkkəb və o qədər ədəbsiz forma alıb ki…”

 

- Bəs nəyə görə inandığınız bu insanlar görünmürlər?

 

- Onu da onlardan soruşun.

 

- Mən sizdən soruşuram, siz daha yaxşı bilərsiz.

 

- Məndən niyə soruşursunuz, mən onların köməkçisi deyiləm ki…

 

- Niyə görsənmirlər, cəmiyyətdən gələn bu sifarişlərə niyə cavab vermirlər?

 

- Cəmiyyət o qədər mürəkkəb və o qədər ədəbsiz forma alıb ki, bəlkə bu ədədbsiz formanin içərisində ədəblərini itirmək istəmirlər. Düşünürlər ki, mən də qarışaram, mənə də söz deyərlər. Amma millət, dövlət üçün, millətin gələcəyi üçün mənə nə deyəcəklərsə, qoy desinlər. Məni söyəcəklərsə, qoy söysünlər. Məni əzəcəklərsə qoy əzsinlər, təki gələcəyə baxanda dövlətimin, cəmiyyətimin maraqları heç olmasa normal şəkillənsin.

 

- Bəlkə əsəbdəndir, qəzəbdəndir, çox sevməkdəndir, yaxud ictimai tələbdən irəli gələn bir yanaşmadır – deyə bilmərəm, əksəriyyət bu fikirdədir ki, bizdə ziyalı yoxdur. Deyirlər ki, əgər ziyalı olsaydı, siz deyən kimi çıxardılar ortaya və öz sözlərini deyərdilər, insanları düz yola dəvət edərdilər, insanlar ən azı onları eşidərdilər.

 

- Hər birimiz səhər evdən çıxırıq. İstərdiniz ki, hər gün olmasa da, günaşrı yeni bir palto geyinəsiniz. Amma biri varımızdır, onu geyinirik. Üç paltomuz olsaydı hərəsini bir yerə geyinərdik. Yoxdur. Olanımız budur, qəbul etsək də, etməsək də…

 

“İqtidarın, müxalifətin az qala gözünü çıxarırlar ki, bu problem niyə var”

 

- İqbal bəy, həm onları qınayırsız, deyirsiniz gedin soruşun, həm də haqq qazandırırsınız ki, olanımız budur.

 

- Yox, “niyə bunu etmirlər” sözümün üzərində dayanıram. Deyirsiniz ki, ziyalıları qəbul etmirlər, deyirəm olanımız budur. Paltomuz çırılıb, almağa da pulumuz yoxdur, qışın oğlan çağında onu atmayacağıq ki, məcburuq yamayıb geyinək. İndi olan ziyalımız budur da, böyrünü-başını yamayıb ortaya çıxarmalıyıq. Ola bilər ki, sabah daha yaxşısı çıxsın, amma bu gün olan budur.

 

- Tutaq ki, nazirə zəng edirsən, cavab vermir, anladıq nazirdir, bizə ayırmağa vaxtı yoxdur. Amma ziyalısı da ya telefonu açmır, ya da suala cavab vermək istəmir. Bunun kökündə nə ola bilər?

 

- Problemin məsuliyyətini üzərilərinə götürmək istəmirlər. Onları məcbur etmək lazımdır danışsınlar. Xüsusən jurnalistlər onlarla görüşməyə çalışmalıdır. Zəngə cavab vermirsə, ən azı üç mətbu nəşrin jurnalisti gedib qapısında gözləməlidir. Deyilməlidir ki, sən buna cavab verməlisən, sənin adının qarşısına BU yazılıb. Ya çıx birdəfəlik bəyan elə ki, mən ziyalı deyiləm, səhv eləmişəm şeir yazmışam, səhv eləmişəm indiyə qədər özümü ziyalı kimi təqdim eləmişəm, xalq şairiyəm, xalq yazıçısıyam, səhv eləmişəm buyam. BUyamsa, bu missiyanı yerinə yetirməliyəm. Hər kəs partiya sədrlərinin, siyasətçilərin, iqtidarın, müxalifətin az qala gözünü çıxarırlar ki, bu problem niyə var. Ziyalının da vəzifəsi budur: bu gün qütbləşən cəmiyyəti bu dərəcədə ağır qütbləşməyə qoymamaq, dağılan cəmiyyəti dağılmağa qoymamaq, bir-birindən uzaqlaşan tərəfləri masa arxasına gətirmək…

 

- Sizcə sabah bu ziyalılar müraciət eləsə insanlar onları dinləyər?

 

- Bilirsinizmi, həkim mənə başımın ağrısını kəsmək üçün bir “spazmaqon” verirsə və o dərman ağrımı kəsmirsə, həkimin vəzifəsi başımın ağrısını kəsəcək yeni dərmanı tapmaqdır. Ziyalı da çıxış yolunu tapmalıdır. Müraciət edirsə və eşitmirlərsə, qapısına getməlidir. Müraciət edirsə və eşitmirlərsə, getməlidir Avropaya, o insanlarla görüşməlidir ki, a bala, niyə söyürsüz? Getməlidir iqtidarın qapısına, deməlidir ki, ay iqtidar, ay hörmətli vəzifə sahibləri, bu Mehman Hüseynovun həbsini niyə uzadırsınız? Məmməd İbrahimin həbsini niyə 5 ay 2 gün uzadırsan. Məmməd İbrahim çıxıb çöldə sənə nə edəcəkdi ki, sən onun həbsini uzadırsan, Əli İnsanovun həbsini uzadırsan, bir başqasının həbsini uzadırsan. Bu, 5 ildir, 3 ildir, 11 ildir həbsdə qalıb da. Sanki həbsi uzatmaqla nə dəyişir ki? Niyə bunu həll etmirsən. Niyə sənin deputatın çıxıb bir ölmüş ana haqqında bu cür söz işlədir? Bu hansı normaya sığır? Bir deputat ölmüş ana haqqında belə deyəndə, bir başqası da ordan ağzına gələni onun böyüyünə, onu ora seçənə, təyin edənə deyir. Qarşıdurmalar belə yaranır da, bunu gedib soruşmalıdırlar ki, niyə belə edirsiniz, kimdir bunu edən?

 

- Mehman Hüseynov məsələsinin bu şəkildə önə çıxarılması, antimilli qüvvələrin, dövlətin müstəqilliyini istəməyənlərin qıcıqlanması kimi də təqdim olundu. Bu məsələ yüksək ranqlarda müzakirə olundu, hətta beynəlxalq aləm də məsələyə müdaxilə etdi. Sizcə məsələnin bu dərəcədə şişirdilməsi nəyə yönəlikdir?

 

“Məni o milliliyə yazmayıın, yazın antimilli”

 

- Kimdir antimilli qüvvə?! Mən də bu məsələni qabardıram, demək mən antimilliyəm?! Soruşmaq lazımdırki, ay hökumət nümayəndələri, sən niyə milli olub onları həbsdən buraxmırsan! Tutan sən, həbsi artıran sən, mən deyəndə ki, onu azad et, niyə onu qeyri-qanuni həbs etdirirsən, oluram antimilli, sən olursan milli? Belə olmur. Heç kim milli iradənin, milli düşüncənin, milli şüurun, milli hissin arxasında gizlənməyə çalışmasın. Bu sadəcə olaraq milli hisslə spekulyasiyadır, alverdir. Mən də sual verirəm: o, sənin millətinin nümayəndəsidir, cavan bir oğlandır, sən də bilirsən ki, onu qeyri-qanuni tutmusan, polis rəisi deyib ki, məni təhqir edib, sən də səhv edib bunu tutdun. Sən tutub içəridə şərliyirsən. Bağışlayın məni, millilik budursa, məni o milliliyə yazmayıın, yazın antimilli. Mən milliliyi, millətinə vətəndaşına, insanına sahib çıxmağı hesab edirəm, yalandan bağırmağı yox.

Axı biz bu dövləti insanına görə sevirik, coğrafiyasına, yerinə, daşına, suxuruna, yerinin altının, üstünün sərvətinə görə yox. Orda mənim insanım yaşayır, ona görə onu sevirik. Yox, yerin yaxşılığına görə sevsəydik, onda gərək Azərbaycanın əksər rayonlarını sevməyəydik, yayda istisinə, qışda palçığına durmaq olmur. Elədirsə gedək Avropanı sevək də. Sən mənim insanıma niyə zülm edirsən?

 

- Amma bu gün Avropaya sevgi artıb, çoxları ora üz tutur…

 

- Avropaya sevgi artmayıb, o, Avropa sevgisi deyil. O, ən azı özünü qoruma və yaşama sevgisidir. Yaşaya bilmir, sosial, siyasi, düşüncə və fikir baxımından ona çətin olduğu üçün bunu edir. Bu məcburiyyətdir. İnsanları o məcburiyyətə salmaq olmaz. Hər kəs istəyər ki, evində olsun. Tarixdən folklorumuzda o qədər onun nümunələri var ki, insan bir tikə çörək tapıb ki, öz evində, ailəsinin içində yaşasın. Bu gün qaçqınlar var, burda bəlkə də orta dərəcədə yaşayırlar. Amma inanırsınızmı onlar gecə soğan çörək yeyib, Qarabağda, öz torpağında yaşamaq istəyirlər. Ona görə də insanlarımız Avropanı seçmir.

 

- İqbal bəy, mənim üçün də maraqlı oldu, düzdür bu barədə dövlət rəsmiləri, millət vəkilləri fikirlər səsləndirdilər. Siz bayaq dediniz, deputatlardan biri hətta ölən anaya qarşı təhqirlə danışıb. Bir gəncin, Mehman Hüseynovun məsələsinə bu dərəcədə təpkinin verilməsini, xaricin prosesə bu dərəcədə müdaxilə etməsini anlaya bilmirəm.

 

- Təkcə Mehman məsələsi deyil… Bilirsiniz, Frans Ferdinantın öldürülməsi də birinci dünya müharibəsinin başlaması üçün bir bəhanə olmuşdu. Mehman da əslində hikkəsi, hirsi yığılmış bir cəmiyyət, siyasi institutlar üçün həm də bir bəhanə idi. Diqqət edin, görün nə qədər hökumət nümayəndələrinə yaxın adamlar cinayət törədib, maşınla, mübahisə zəmnində adam öldürüb, harınlıq edib cəza almışdılar. İndi gedin baxın görün biri içəridə oturubmu, hamısını azadlığa buraxıblar. Heç nədən, təhqirə görə adam 2 il həbs oturur, amma adam öldürənlər 2 il belə içəridə qalmırlar. Sizcə cəmiyyətin reaksiyası buna necə olmalıdır? Hakimiyyət düşünmür ki, bunun reaksiyası əks effekt verir. Burda məsələ hüququn prinsip olaraq qəbul olunmasında yox, fərdiləşdirilməsindədir. Bu prinsip var: sən məni sevirsənsə sənin hüquqlarını qoruyacam, adam öldürsən də səni buraxacam. Sən müxalifətsənsə, həbsdə ananı da itirəcəksən, özünü də.

Bu şəkildə yanaşmalar olanda nəticə gəlib bu yerə çıxır.  Bu siyasəti kimlər aparır, kimlər bu siyasəti bu yerə çatdırır, biz zaman-zaman deyirik, amma səsimiz eşidilmir. İndi deyirik, buyur ay hörmətli adlarını çəkdiyim və çəkmədiyim ziyalılarımız, düşün ortalığa, deyin ay qardaş, bu cür olmaz. Deyin ki, sənin iqtidarında olan ən yüksək adamlarının bu uşaqları adam öldürdü, dava salıb bıçaqla adam yaraladı, biri vəzifəsini yerinə yetirən sürücünün dalınca gedib kollektiv şəkildə onu döydü, amma bunların hamısını içəridən çıxarıblar, nədən ötrü?!

 

- Xarici ölkələrin bu qədər təpki verməsinin arxasında ölkəmizə qarşı təsirlər dayana bilərmi?

 

- Xaric bizə demir gedin harasa birləşin. Deyir ki, ölkənizin vətəndaşıyla qanunlar çərçivəsində davranın. Biz dünyadan əlahiddə qaydada təcrid olunmuş vəziyyətdə yaşamırıq. Bizim Avropa Şurası qarşısında insan haqları, vətəndaş cəmiyyətləri, siyasi institutlar, demokratik seçkilərlə bağlı götürdüyümüz öhdəliklər var.  ATƏT qarşısında, Avropa Birliyi ilə yaxın qonşuluq çərçivəsində götürdüyümüz öhdəliklər var. Biz bu gün “onlar bizə niyə deyir” anlayışını ona görə şərtləndiririk ki, o adamlar bu qurumun təsisçiləridirlər. Biz də həmin qurumlara qəbul olunmaq üçün ərizə ilə müraciət edib ona imza atmışıq. İndi də bizdən soruşurlar ki, imza atmısan niyə yerinə yetirmirsən. İndi nəyə görə deyirlər ki, bizim müstəqilliyimizi istəmirlər, bizə müdaxilə edirlər. Axı sən o təşkilatların könüllü üzvü olanda bu öhdəlikləri üzərinə götürmüsən. İstəmirdin, gedib Ərəb liqasına qoşulaydın, gedəydin qoşulaydın Afrika liqasına. Yəni hamısı öhdəliklə bağlıdır, heç kəs heç kəsin işinə qarışmır. Hə bunu niyə Fransa deyir, niyə Amerika, yaxud niyə filankəs deyir. Çünki Amerika da, Fransa da bilir ki, dünyada düzənin, demokratiyanın pozulması daha çox avtoritar, daha çox insan haqlarını pozan cəmiyyətlərin olması gec-tez bunların da cəmiyyətlərini təhdid edə bilər. Bu, miqrasiya, demoqrafik problemdən tutmuş, yaxın qonşuluq siyasətinə qədər bunların maraqlarına ziddir.  Onlar istəyirlər ki, demokratiyanın sərhədləri genişlənsin. Bir yerdə uğurlu alınır, bir yerdə yox. Şərqi Avropa ölkələrində demokratiya uğurlu şəkildə genişləındi və bəlli bir yerlərə gəlib çatdı. Amma demokratiya kastym deyil ki, alıb geyinəsən, iş bitə. Demoktratiya düşüncədir, təfəkkürdür. Hələlik bəzi cəmiyyətlər ona hazır deyillər, o keçidi yaşayırlar. Orda qan da olacaq, qada da. Siz bilirsinizmi ki, Avropa bugünkü günə nasizmidən, mussolinidən, Hitlerdən gəlib çıxıb. Amerika rassizmidən gəlib çıxıb ora. 60-cı illərdə ağla qara dərililər yanaşı gedə bilmirdilər. Avropa bunlardan gəlib çıxıb ona. Ərəb ölkələrində proses yeni qızışır. Dünən adamları seçə bilmirdilər, bu gün seçkiyə gedirlər.

 

“Bəzən fürsətdən istifadə edib Azərbaycanı vurmaq istəyirlər”

 

- İqbal bəy, xaric Mehman Hüseynovu ortaya qoyub ətrafında gərginlk yaratmaqla Azərbaycana hansı təsirləri göstərməyə çalışır?

 

- Azərbaycandan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini istəyirlər. Bəzən barıtını artıq edirlər, bəzən fürsətdən istifadə edib Azərbaycanı vurmaq istəyirlər. Bu hallar var və kifayət qədər də ciddidir. Dünyada ikilistandartlar var və Azərbaycanın mövqeləri zəif olanda, insan haqları, demokratiya, seçki indeksində, iqtisadi indekslərində göstərici, əmsal aşağı olan kimi fürsətdən istifadə edib Azərbaycanı bir az da əzmək istəyirlər. Demək nə etməliyik, biz o fürsətləri onlara verməməliyik. Çünki bizim dostumuz olmayan ölkələr də var. Bu gün bizim torpaqlarınmızı işğal edən, bizimlə düşmən olan Ermənistanın dostu olan dövlətlər var. Yaxşı, əzizlərim, biz nəyə görə bundan istifadə etmək istəyən adamların əlinə fürsət veririk.  Bunu düşünməyi bacarmalıyıq, bunun doğru-dürüst yollarını arayıb tapmalıyıq. Heç kəs deyə bilməz ki, dünyada ikilistandart yoxdur. Bizim də ağlımız, gücümüz onda olacaq ki, bütün bunların hamısını təhlil edib, Azərbaycanın mənafeyinin harda qoruna biləcəyini doğru-dürüst tapa bilək.

 

- Bu, Qarabağ məsələsində hansı əks təsirlərini göstərə bilər?

 

- Bizim Qarabağda vəziyyətimiz çox çətindir. Gürcüstan demokratikləşib, Ermənistan demokratikləşib və bu gün Böyük Britaniyanın nəşrlərindən biri demokratiya indeksini yayıb. Orada Azərbaycan post-sovet ölkələri içərisində sondan 4-cü yerdədir və avtoritar rejim hesab olunur. Rusiyadan, Qazaxıstandan sonra Azərbaycan, sonra Tacikistan, Türkmənistan gəlir. Ermənistan, Gürcüstan, Ukrayna, hətta Qırğızıstan demokratiya indeksində bizdən çox-çox irəlidədir.

 

- İşğalçı bir dövlətin demokratik adlandırılmasının işğala məruz qoyulan dövlətdən yüksəkdə tutulması heç də normal görünmür. Bu, torpaqların işğalda qalma faktına nə dərəcədə təsir edə bilər?

 

- Hər halda bizim torpaqlarınmızın geri alınması üçün ən böyük maneələrdən biridir. Deməyək ki, bu həlledici məqamdır, bu bizə mane törədən ən böyük şərtlərdən biridir və bu kartı onların əlinə biz veririk. Biz daha artıq demokratikləşə bilərik, daha rahat demokratik cəmiyyət qura bilərik, bunun üçün hər cür imkanlarımız var.

 

- İqbal bəy, bu yaxınlarda ATƏT-in yeni sədri Miroslav Layçak Vyanadakı brifinqdə çıxışında belə deyib: “Biz Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində yaranmış imkanlardan istifadə edəcəyik”. Burda mənim diqqətimi bir məqam çəkir: Hansı yaranmış imkanlardan söz gedə bilər?

 

- Mən sizin vasitənizlə demişəm, bir daha da deyirəm ki, 2019-cu 2020-ci ildə Ermənistan-Azərbaycan cəbhəsində hər hansı bir dəyişiklik olmayacaq. Layçakın, yaxud ATƏT-in Minsk qrupunun çıxışlarını, Ermənistanın, Rusiyanın hansı bəyanatlar verməsini boş verin. Proses hələlik bu mərhələdə dayanıb və dayanacaq. Çünki Rusiya hələlik regiona fərqli bir yerdən yanaşmaq istəyir. Rusiyanın hələlik ən böyük problemlərindən biri Suriya məsələsidir. Hələ orda ABŞ-ın Suriyadan çıxması ilə yeni bir dönəm başlayacaq. Yaxınlaşan Rusiya-Türkiyə münasibətləri kəskinləşəcək. Çünki Suriyada Rusiya ilə Türkiyənin maraqları toqquşacaq. Bu maraqların toqquşması və Türkiyənin Rusiyadan uzaqlaşması üçün Amerika ordan çıxdığını bəyan etdi. Çünki regionda yeni konfederasiya yaranır. Ona görə də hələlik Qarabağ məsələsi ilə bağlı heç bir dəyişiklik gözlənilmir. Bu üzdən kimin nə deməsinin əhəmiyyəti yoxdur.

 

“Biz müxalifətin zirvəsinə qalxmamışıq…”

 

- “Müxalifətin Zirvəsi”-nə bayraq sancdınızmı?

 

- Yox. Biz müxalifətin zirvəsinə qalxmamışıq, toplantının zirvəsi idi və burda da qəbul etdiyimiz qərarlar oldu və o qərarlar istiqamətində də gedirik. Hər halda nəticələr və yaşam tam şəkildə mənafeləri ifadə etməsə də qənaətbəxş hesab etmək olar. Nə dərəcdə alınacaq, demək çətindir. Bayaq da qeyd etdim, münasibətlər sistemi o qədər gərilib ki, bu, müxalifətdaxili proseslərə də öz təsirini buraxıb. Münasibətlər sistemi müxalifət daxilində də gərgindir. Ona görə də, hesab edirəm ki, bacardığımızı edirik və hələlik qənaətbəxş hesab etmək olar.

 

- Müxalifətin “zirvəsi”ndə yaranan işçi qrupu heyətində olan partiyalar ortaq məxrəcə gələ bilirmi?

 

- Çalışırıq. Hələlik qənaətbəxş hesb edirəm. Hər bir məsələdə hamımız bir-birimizi bəyənmiş olsaydıq, bir-birimizin dediyinə “ləbbey” desəydik, yəqin ki, bir partiyada olardıq, ayrı olmazdıq. Olmamışıqsa, ayrı-ayrı partiyalardayıqsa, deməli bizi kifayət qədər ayıran səbəblər var. Hamımız bir-birimizə ayırıcı tərəfdən yanaşsaq, heç nəyə nail olmayacağıq. Biz bizi birləşdirən tərəflərdən yanaşmağa çalışırıq. Mən də çalışıram ki, bizi birləşdirən məqamları tapıb onunla yola çıxaq. Bizi ayıran olduqca çox məqamlar var. Amma birləşdirən bircə məqam var - Azərbaycan! Azərbaycan üçün də bir yerdə fəaliyyət göstərmək olar.

 

- Sanki bu gün cəmiyyətin bütün problemlərinin kökündə məhz müxalifət partiyalarının bir-birilərinə qarşı aqressiv yanaşmaları dayanır. Bir çox hallarda təhlilçilər belə fikirlərlə çıxış edirlər ki, müxalifət bir araya gələrsə, bəlkə də siz deyən o münasibətlər sisteminə bir aydınlıq gələ bilər.

 

- Biz çalışırıq. Bu partiyaların toplantılarında da mənim çağırışlarım olub. Mən bir daha səslənəcəm. Bizim münasibətlər bu şəkildə davam etsə, ölkəni nə müxalifət, nə də iqtidar xilas edə bilməyəcək. Hər şey münasibətlərdən başlayır.

Biz həmişə deyirik ki, ailə kiçik bir dövlətdir. Diqqət edin bir ailədə münasibətlər sistemi korlananda, o ailəni xilas etmək olmur. Bu gün Azərbaycanda cəmiyyət daxilində, siyasilər, iqtidar-müxalifət arasında münasibətlər sistemi dağıdılır. Özü də günü gündən, bilərəkdən! Hesab edirəm ki, bu, xüsusi xidmət orqanlarının ciddi-cəhdlə bizə sırımaq istədiyi, hətta nail olduğu məsələdir. Çox təəssüf ki, iqtidar da, müxalifət də buna gedir. Biz çalışırıq ki, o partiyalar arasında münasibətlər sistemini bərpa edək. Uğurlu bərpa edə bilsək, cəmiyyətə pozitiv impulslar ötürə biləcəyik. İnanın, bu gün mənim imkanım olsa, bəlkə də gedib Avropada söyüş kampaniyasında iştirak edənlərin hamısı ilə bir dəyirmi masa keçirərəm və izah edərəm ki, “biz niyə söyməliyik” nədən ötrü söyməliyik”. Başa düşdüm, hakimiyyətin siyasətini qəbul etmirsən, amma bunun çıxış yolu söyüş deyil…

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

QHT LAYİHƏYƏ START VERDİ

Müalicəsiz buraxılmış bu xəstəlik çox ağır fəsadlar verə bilər

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

Qan testi ilə ölüm tarixini öyrənmək mümkün olacaq

15 yaşında Şəhadətə yüksəlmiş Tiqanamız

"Mərhum anidən dirildi, yoxsa diri-diri dəfn edəcəkdik" - MÜSAHİBƏ

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı

"Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm

Jurnalistin qardaşının evi yenə qarət edildi

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

"Bu gün sizlərin yarıtmaz siyasəti xalqı hər gün yeni qəzalar keçirməyə vadar edir"

Millət vəkilinin tanınmış qadın siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri ilə görüşü davam edir

Ulu öndər Heydər Əliyevin yaxın dostu Osman Gezekerin ailəsi Azərbaycana təşəkkür etdi

23 avqust - Cəbrayıl və Füzuli rayonlarının işğal olunduğu gündür

DƏRD AĞACINDAN ASILI QALAN ŞƏHİD ARZULARI