“Mehdinin xidmətçiləri” kimdir?

14:00 06-08-2022 | icon 270 | Siyasət
“Mehdinin xidmətçiləri” kimdir?

Niyə Azərbaycan səfirliyinə hücum etdilər?

 

4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin, daha dəqiq desək "The Mahdi Servants Union" (Mehdinin xidmətçiləri  birliyi) adlı radikal dini qruplaşmasının  hücumuna məruz qalıb. Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Londondakı radikal “dindarlar”ı nə qəzəbləndirib, yaxud niyə Azərbaycan səfirliyinə hücum ediblər?

 

Bu istiqamətdə Versus.az-a şərh verən politoloq Turan Rzayev bildirib ki, “Mehdinin xidmətçiləri” təşkilatının mətbuat sözçüsü Hişam əl-Əsgər hadisə sonrası açıqlama yayıb.  Açıqlamada qeyd olunur ki, Azərbaycanda guya şiə ayinlərə qarşı mübarizə var və “təşkilat” buna etiraz əlaməti olarq Azərbaycanın Londondakı səfirliyinə hücum edərək Mehdi bayrağını qaldırıb.

 

Politoloq bildirib ki, “Mehdinin xidmətçiləri” bu günə qədər Azərbaycan mövzusuna heç zaman müraciət etməyib. Ümumiyyətlə Azərbaycanda bu təşkilatın adını məlum hadisəyə qədər bilən çox az insan var:

 

“Aydın məsələdir ki, “Mehdinin xidmətçiləri” bir kukladır, bu kuklanın iplərini idarə edən güc var. Əslində bu sualın cavabı təşkilatın rəhbəri Yasir əl-Həbibin kimliyi və nələr etdiyində gizlənib.

Hazırda Londonda fəaliyyət göstərən 43 yaşlı radikal görüşlü din xadimi Yasir əl-Həbib 1979-cu ildə Küveytdə anadan olub. Əl-Həbib ali təhsilini Küveyt Universitetində siyasi elmlər üzrə alıb. Yəni o ilk növbədə siyasətçidir və bu elmə bələddir. Maraqlıdır ki, o məhz bu dövrdə siyasi fəaliyyətlə məşğul olub, eyni zamanda “Mehdinin Xidmətçiləri” təşkilatını yaradıb. Yəni o siyasi əməlləri üçün dindən istifadə edən şəxsdir. O, ifrat görüşlərinə görə, xüsusən də Peyğəmbər (s) səhabələrini təhqir etməsi ilə tanınır. Hətta buna görə Küveytdə həbs də olunub. Həbsdən çıxdıqdan sonra İrana yollanan Əl-Həbib Qum şəhərində radikal görüşlü şiə din xadimi Ayətullah Məhəmməd Rza Şirazinin tələbəsi olub. Şirazi ailəsi ilə qohum olan Əl-Həbib Əl-Şirazinin həm də kürəkənidir. Əl -Həbibin İranda yaşaması Qum şəhərində radikal görüşlü şiə din xadimi Ayətullah Məhəmməd Rza Şirazinin tələbəsi olması, onunla qohum olması İrana bağlı bir şəxs olduğu təəssüratı yaratsa da, əslində belə deyil. Məsələ ondadır ki, İranın molla rejimi bu radikal qruplaşmanı istehza ilə ''London şiələri'', qruplaşmanın liderini isə Britaniya kəşfiyyatına xidmət edən, “ingilis şiəsi” adlandırır.

Qeyd etmək lazımdır ki, Əl -Həbib İran hakimiyyətini “despotik rejim”, Ayətullah Seyid Əli Xameneyini isə dəfələrlə “nüvə başlıqlı ayətullah” adlandırıb. Yəni o, mövcud İran rejiminə qarşı olan şəxsdir. Bunu təsdiqləyən bir digər fakt isə 2018-ci ildə Əl-Həbib tərəfdarları Londondakı İran səfirliyinə hücum edərək səfirlik binasındakı İran bayrağını endirərək özləri ilə gətirdikləri bayraqları sancmalarıdır”.

 

Politoloq hesab edir ki, Əl-Həbib tərəfdarlarının 2018-ci ildə ildə İran səfirliyində, eyni zamanda 4 avqust 2022-ci il tarixində isə Azərbaycan səfirliyində təşkil etdiyi aksiya eyni mahiyyəti daşıyır. Onun sözlərinə görə, Əl-Həbib və tərəfdarlarının Azərbaycan səfirliyinə təşkil etdiyi hücum əslində düşünülmüş və yaxşı işlənmiş plana əsaslanır:

 

“Əl-Həbib yaxşı bilir ki, bu hadisəyə görə Azərbaycan ictimaiyyəti İranı ittiham edəcək. Əslində bunun olmasında rəsmi Tehranın da payı az deyil. 44 günlük müharibə və sonrasında İranın Ermənistana verdiyi açıq dəstək, bir müddət öncə Azərbaycan sərhədləri yaxınlığında İran silahlı qüvvələrinin genişmiqyaslı hərbi təlimlər keçirməsi, Azərbaycan daxilində şiə inanclı şəxslərin İran tərəfindən rahatlıqla manipulyasiya edilməsi kimi hallar, bu gün bu və bu kimi insidentlərdə İranı bir nömrəli müqəssir halına gətirir.

Yasir Əl-Həbibin rəsmi London tərəfindən himayə edildiyi açıqdır. Hadisə zamanı polislərin müdaxilə etməməsi, London kimi bir şəhərdə səfirliyin rahatlıqla ələ keçirilməsi və bu halın 2018-ci ildə bir dəfə də təkrar edilməsi belə bir qənaətə gəlməyə əsas verir”.

 

T.Rzayev qeyd edib ki, Yasir Əl-Həbibin rəhbəri olduğu "Mehdinin xidmətçiləri" birliyinin Azərbaycan səfirliyinə hücum edib vandalizm aktı törətməsinin bir neçə məqsədi var:

 

“Birincisi, Yasir əl-Həbib və onun rəhbəri olduğu "Mehdinin xidmətçiləri" birliyi bununla dünya ictimaiyyətinin diqqətini öz üzərlərinə çəkmək istəyirlər. Hesab edirəm, buna nail ola da bildilər.

İkincisi, bu addımı indiki həssas situasiyada Azərbaycanla İran arasında açıq müstəvidə ciddi konflikt yaratmaq cəhdi kimi qiymətləndirmək olar.

Üçüncüsü, İran rejiminin əsas ideoloji və sosioloji auditoriyası olan Azərbaycanın şiə inanclı şəxsləri ilə Tehranın bağını kəsmək. Təşkilat aksiyanı Azərbaycanda şiə ayinlərə qarşı mübarizə olduğu üçün etdiyini açıqlayıb. Görünür, bununla təşkilat Azərbaycandakı şiə inanclı şəxlərə İrandan daha güclü, daha effektiv olduqlarını göstərməyə, beləcə elektoratlarının sayını artırmağa çalışır. Qısası Azərbaycan şiələrinin dəstəyini qazanmağa çalışır”.

 

SEVDA
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Keçmiş deputatın şirkəti dələduzluq edir - VİDEO

"Qisas" əməliyyatından sonra ikinci DƏMİR YUMRUQ əməliyyatı - VİDEO

"Erməni cinayətlərinin məsuliyyəti sülhməramlıların üzərində qalacaq”

Bir tarixin
TƏƏSSÜRATLARI

Rus sülhməramlıları ilə Azərbaycan ordusunu qarşı-qarşıya qoyulur - VİDEO

“Biz xoşbəxt laçınlılarıq ki, bugünkü günləri gördük”

Aldadılan yazıçı-jurnalist evini geri istəyir - PREZİDENTƏ MÜRACİƏT

"Bu yüksəklikdən istənilən proseslərə müdaxilə etmək imkanımız olacaq"

Aydın Xan Əbilov elə tənqid etdi ki... - VİDEO

Etibar Məmmədovun partiyası keçmişlə gələcək arasında qalıb - VİDEO

Sahibkarlara yandırılan "yaşıl işığ"ı kimlər söndürür? - VİDEO

“Azərbaycanda dini qarşıdurma ehtimalı yoxdur, amma..”

Ağdam xəstəxanasında 12 nəfər ZƏHƏRLƏNİB

Kimlərin belində daha çox "qrıja" əmələ gəlir?

Səhər acqarına isti su içməyin FAYDASI