"Vətəndən ötrü ölməyin ayrı dadı var"


“Mən bu gün də özümü vətənimin patriot əsgəri bilirəm və bu gün də bir ayağımda, qolumda, başımda olan qəlpə yaralarına baxmayaraq Ali Baş Komandan əmr versə ki, dur get vuruşmağa, can-başla gedərəm.
Versus.az bildirir ki, bunu açıqlamasında I Qarabağ qazisi, II qrup müharibə əlili Saleh Babayev bildirib.
Qazi əlilliyə görə müavinət və Prezident Təqaüdü alır. Deyir ki, Prezidentin sərəncamına əsasən 2021-ci ildə ona mənzil də verilib.
Bu günə qədər hər hansı bir məsələ ilə bağlı heç bir dövlət orqanına müraciət etmədiyini deyən qazimiz, bunun üçün elə bir istəyinin, şəraitin yetişmədiyini qeyd edib. Şükr edir ki, vətən uğrunda savaşıb, şükr edir ki, bu gün onu dəstəkləyən insanlar olub, var.
S.Babayev bildirib ki, o, birdəfəlik ödəmələrlə bağlı bu günlərdə Yasamal ərazisində Dövlət Sosial Fonduna müraciət edib. DOST Mərkəzindən ona deyilib ki, birdəfəlik ödəmə ilə bağlı adı sistemdədir. Ayrılan vəsaiti almaq üçün ABB banka gedib, oradan hələ ki, vəsaitin banka daxil olmadığı bildirilib.
1992-ci ildən 1994-cü il yanvarın 6-na qədər Laçın-Füzuli istiqamətlərində döyüşlərdə iştirak edən S.Babayev Füzuli rayonun Haramı düzündə başından, kürəyindən güllə yarası alıb. Deyir ki, 721-ci hərbi batalyonda tank komandiri olub. O, tank komandri Ayvat Vəliyevin adını çəkib. Eyni zamanda onunla birgə döyüşlərdə iştirak edən, şəhadətə qovuşan Şəhidlər Cavid Həsənovu, Kamandar Quliyevi, Kəmaləddin Ağayevi xatırlamağı özünə borc bilib.
“Laçının Dilican, Yuxarı Fərəcan, Aşağı Fərəcan istiqamətlərində bir çox döyüşlərdə iştirak etmişəm. Füzulidə bütün döyüşlərində olmuşam. 94-cü il yanvarın 8-də yaralanmışam. Allah elimizdən razı olsun”.
44 günlük zəfər savaşından qürurla danışan S.Babayev deyir ki, I Qarabağ savaşında aldığı yaralara baxmayaraq II Qarabağ döyüşlərinə də qatılmaq istəyib. Amma Yasamal rayon kamissarlığı onun döyüşə getməsini lazım bilməyib.
“Lazım bilsəydilər döyüşə gedərdim. Vətəndən ötrü canını verməkdən gözəl xoşbəxtlik varmı? Vətəndən ötrü ölməyin ayrı dadı var. Kimsə yaralanıb qan itirdikcə, onun ürəyi su istədikcə, onun əhvalı ölümə doğru getdikcə, kaş biləydiz Allah yanında onun necə izzəti var. Şəhid olmaq tamam başqadır”.
T.Qafarlı
Versus.az

Xəbər lenti

“Biz xoşbəxt laçınlılarıq, bugünkü günləri görürük”
Mahir Abbaszadə: "Prezidentin laçınlılar üçün belə bir anonsu bizim üçün böyük qayıdışın sevincidir”