Canım-gözüm TÜRKİYƏM, sən nə yaxşı ki VARSAN!

12:30 29-10-2022 | icon 198 | Cəmiyyət
Canım-gözüm TÜRKİYƏM, sən nə yaxşı ki VARSAN!

 

 

SEVİNDİK NƏSİBOĞLU
/9-cu sinif şagirdi, şair-publisist, AJB üzvü/

 

Bu gün Türk xalqının ümid yeri, nicat yeri, Türk dünyasının göz bəbəyi, yüz minlərlə igid oğulun, qızın qanı, canı bahasına müstəqilliyinə qovuşan Türkiyə Cümhuriyyətinin elan olunmasından 99 il ötür. Bu gün təkcə Türkiyədəki türklərin yox, bütün Türk dünyasının, dünya türklərinin böyük bayramıdır və bu bayramı qeyd etməyə türklərin çox haqqı çatır. Çünki...

 

99 il bundan əvvəl bələkdəki bir uşağın ömrü qədər ömrü olan körpə Türkiyə Respublikası qurulan zaman ondan 5 il böyük olan qardaşı — Azərbaycan Xalq Cümhuriyyəti əli tökdüyü nahaq qanlardan qırmızı qan rəngində olan Qırmızı Ordu tərəfindən işğal olunmuşdu, Bakı işğalçı kommunistlərin caynağında idi. İki yerə bölünmüş Azərbaycanın həm şimalı, həm cənubu qan gölündə çabalayır, qan ağlayırdı. Həmin vaxtlar təkcə Azərbaycan yox, SSRİ-nin unudulmaz, sağalmaz yaralar açan diktatoru, tiranı Stalin tərəfindən Mərkəzi Asiyaya çevrilmiş böyük Türküstan coğrafiyası da qan içərisində idi, o da qan ağlayırdı. Bu coğrafiya Çin şovinistlərinin və Sovet kommunistlərinin qurbanına çevrilmişdi. Qazax, türkmən, qırğız və özbək xalqları “müstəqilliklərini” qazansalar da, onlar müstəmləkəçi sovet imperiyasının caynağında dadlı və şirin bir yemək kimi sümürülürdülər, sürünürdülər. Belə baxanda onların dırnaqarası müstəqilliyi vardı, ancaq Çində yaşayan uyğur türkləri heç müstəqilliklərinə qovuşmamışdılar belə. Çinlilər onların milli mənliyini tanımır, tanımaq da istəmirdilər. Bax, Türkiyə Respublikası belə bir zamanda fani dünyaya göz açıb əbədilik qazandı. Şəhidlərin, qazilərin qanlarıyla, canlarıyla, əsirlərin zəncirləri qıran diş-dırnaqlarıyla... Qurulan ikinci Türk cümhuriyyətinin ən böyük qayəsi və vəzifəsi Türk dünyasını birləşdirmək, əzilən Türk xalqlarına istiqlalı qismət etmək, qaytarmaqdan ibarət idi. Bu yolda hər tərəfdən təklənmiş Türkiyə Respublikasına çox çətinliklər rast gəldi, sədlər qarşıladı onu. Yeriyib-yeriyib son nöqtələrinə gəldikləri bu yolda onlar Boraltan qətliamı nəticəsində ən başa dönməyə məcbur oldular. Böyük xətalardan, keçmiş qovğaların ağır nəticələrindən dərs alan Türk dövləti özünə yeni bir yol çəkdi. Zamanını gözlədi, zamanı gələndə nə etmək lazım olduğunu da bildi. Nəticədə 1991-ci ildə sovet imperiyası, nəhayət ki, 70 illik işğaldan sonra dağıldı, dayaqları çürümüş dam kimi çökdü. Nəhayət ki, hamının səbirsizliklə gözlədiyi azadlıq, müstəqillik anı, hamının səbirsizliklə gözlədiyi həmin an gəlib çatdı. O zaman Türk millətinin, Oğuz boyunun sarsılmaz, gücü tükənməz igidlər yetişdirən boyları müstəqillik qazandılar. Türkmənistan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan ilk dəfə müstəqillik qazandı, Azərbaycan isə 1918-ci ildə qazandığı müstəqilliyini 70 ildən sonra yenidən bərpa etdi. Yenicə müstəqillik əldə etmiş və müstəqilliyini bərpa etmiş bu gənc qardaşlar elə ilk anlardan nicat yolu kimi Türkiyəni gördülər və doğmasına sığınan kimi Türkiyəyə sığındılar. 70 ildən sonra ilk dəfə bir-birlərinə qardaş şəfqəti ilə yanaşdılar, qucaqlaşdılar, bu dəfə heç kimin tapşırığı olmadan öz ürəklərinin istəyi ilə yenidən qardaşlaşdılar. Artıq sovet imperiyası yox idi, sovet imperiyasının “xalqlar dostluğu” yalanı yox idi. Türküstanın yiyələri qırmızı orduya bildirmişdi ki, türklərdə xalqlar dostluğu yoxdur, ola bilməz. Çünki biz türkük, ayrı-ayrı xalqlar deyilik, bir millətin, bir bədənin ayrı-ayrı qollarıyıq. Ayrı-ayrı qollar olsaq da hər zaman birik və bir yerdəyik, bir məqsəd, bir amal uğrunda varıq.

 

1993-cü ildən sonra bu bayram qeyd olunan zaman bizim içimizdə yarı sevinc, yarı kədər olardı. Bir gözümüz gülər, bir gözümüz ağlardı. Çünki sırf həmin gün — 1993-cü ilin 29 oktyabr günü Türk millətinin toyunu yas etmək üçün əzəli düşmənlərimiz, mənfur erməni qəsbkarları Azərbaycanın dilbər guşəsi olan Qarabağdan və onun ətrafından almadıqları sonuncu rayonu da — Zəngilanı da işğal etdilər. Həmin vaxtlar düşmənlərimiz ürəyimizdə sağalmayan yaralar açdılar. Qaçqınlar erməni vəhşiləri tərəfindən yollar bağlandığı üçün Araz çayından adlayıb Cənubi Azərbaycan üzərindən Beyləqana, Biləsuvara keçməyə çalışdılar. Türk millətinin bayram etməli olduğu o gün iki yerə bölünmüş Azərbaycanın növbəti bir faciə gününə çevrildi. Neçə-neçə soydaşımız Araz çayında Səməd Behrəngi kimi ayrılığın hay-harayını edərək boğuldu, yarısı özünü son anda xilas edə bildi. Beyləqana, Biləsuvara qədər həsrət yolları çəkə-çəkə, o yollarda gedə-gedə, axır ki, Şimali Azərbaycana çatdılar. 1946-cı ildə İran şahının zülmündən Culfadan (Cənubi Azərbaycan) Naxçıvana mühacirət edən cənubdakı soydaşlarımızın ah-naləsinə bənzəyirdi bu ah-nalələr... İllərlə bu ağrını daxilimizə daşıya-daşıya yandıq, qovrulduq, cümhuriyyət bayramını evlərimizdə ailəmizlə təntənəli qeyd etmək nəsibimiz olmadı. Neyləyəydik, düşmən bizdən zəif olsa da havadarları güclü idi, biz də səbirlə məqamını gözləməli idik... Nəhayət, həmin an gəldi. 2020-ci ilin Vətən müharibəsi qurtarıcı bir mələk kimi gəlib özünü yetirdi və erməni qəsbkarlarına böyük dərsi verərək bir-birinə mənəvi dəstək olan Türkiyə-Azərbaycan qardaşlığını ucaltdıqca ucaltdı. 20 oktyabr 2020-ci ildə başda Vətən Müharibəsi Qəhrəmanı şəhid Anar Əliyevin komandanlığı altında olan Azərbaycan cəngavərləri olmaqla neçə-neçə Vətən oğulları tərəfindən Zəngilanın azadlığa qovuşması nəticəsində gələcək cümhuriyyət bayramlarının haqq-hesabı həll olundu. Bizə ancaq bundan sonra növbəti bayramı Zəfər çalmış Türk dünyasının övladları kimi qeyd etmək yaraşardı. Bu gözəl hadisədən 2 il sonra Türk dünyasının elə bu dünya qədər böyük liderləri — Türkiyə Respublikasının prezidenti cənab Rəcəb Tayyib Ərdoğan və cənab Prezidentimiz İlham Əliyev tərəfindən Zəngilan şəhərində Beynəlxalq Hava Limanının təntənəli açılış mərasimi keçirildi. Qabaqdan gələn cümhuriyyət bayramının ilk qaranquşlarıtək bu bayramın ilk hissəsi belə qeyd olundu. Rəcəb Tayyib Ərdoğanın Simurq quşu, şəxsi təyyarəsi açılışı olacaq Zəngilan Beynəlxalq hava limanına eniş etdi, qondu, orada qərar tutdu. Bir zamanlar bu torpaqlardan qaçırılan, qovulan soydaşlarımız eyni yerə illər sonra toyla, bayramla, Zəfər sədaları ilə qayıdırdı. 99 il əvvəl qurulan, bir fidan kimi yerə əkilən qoca çinar Türkiyənin əsas qayəsi, demək olar ki, yerinə yetmişdi! Bax, budur əsl Zəfər! Bax, budur qardaşlığın zirvəsi, təcəssümü, mücəssəməsi!

 

Bu gün Türk cümhuriyyətlərinin qoca çinarı, Türk dünyasının lider dövləti Qardaş Türkiyə Cümhuriyyətinin 99-cu ildönümüdür. Bir türk oğlu türk kimi bu gün hər birimizin böyük bayramıdır! Çünki həm Zəfərimizi çalmışıq, həm 29 il əvvəl bu gün işğal olunan Zəngilanımızı Şəhidlərimizin, qazilərimizin qanları, canları bahasına, qəhrəman Azərbaycan oğullarının və qızlarının, müzəffər Azərbaycan ordusunun gücü, rəşadəti hesabına azad etmişik, həm də alnımızdan qaçqın damğasını silmişik! Yenidən bir olmuşuq, yenidən birləşmişik! Hər gün dediyimiz kimi bu gün də sevinc nidaları ilə deyirik: “Canım-gözüm Türkiyəm, sən nə yaxşı ki varsan!” Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı! Yaşasın Türk Birliyi! Yaşasın dünya türkləri! Yaşasın Turan! Amin!

 

Bu gözəl gün münasibəti ilə ilhamlanaraq yenicə qələmə aldığım “Nə yaxşı ki, varsan” adlı şeirimi təqdim edir və təbrikimi bu şeirim ilə sizlərə çatdırıram.

 

 

NƏ YAXŞI Kİ VARSAN!

(Qardaş Türkiyə Respublikasının qurulmasının 99-cu illiyinə həsr edirəm)

 

Göy üzündə Ay təkdir, ulduzlar min-min dənə,

Onlardan biri mənəm, könül vermişəm sənə,

Gəl sən Ay ol, mən ulduz, dalğalanaq göylərdə,

Bu dəyişən dünyada sən hər fəsil baharsan,

Canım-gözüm Türkiyəm, sən nə yaxşı ki varsan!

 

Uğurlu olsun sənin yepyeni yüzilliyin,

Tərəqqidir amalın, yüksəlməkdir hədəfin,

Heç olmayacaq səhvin, var qüsursuz liderin,

Hər gecənin sonutək qaranlığı yararsan,

Canım-gözüm Türkiyəm, sən nə yaxşı ki varsan!

 

Zalımlar dünyasında məzlumlara hayansan,

Ən sərt, ağır günlərdə yenə dimdik duransan,

Sən gələcəyimizsən, Qızıl alma, Turansan,

Turanı hədəf bilib sən hey ucalacaqsan,

Canım-gözüm Türkiyəm, sən nə yaxşı ki varsan!

 

Fatehin varisitək şad etmisən ruhunu,

100 il əvvəl silmisən qəlbindəki qorxunu,

Hələ çin etməkdəsən çin olacaq yuxunu,

Uyğur türkləri üçün sən nicat olacaqsan,

Canım-gözüm Türkiyəm, sən nə yaxşı ki varsan!

 

Yüz illərin sağalmaz yarasıdır Boraltan,

O yaranı sağaltdı Əliyevlə Ərdoğan,

Səsləri-sədaları gəlibdir Türküstandan,

Sən onlarla türklərin birliyin quracaqsan,

Canım-gözüm Türkiyəm, sən nə yaxşı ki varsan!

 

Gözümüzü yaşardır qardaşlıq təntənəsi,

Ululardan mirasdır igidlik ənənəsi,

Sənin ürəyində var yatmış şirin nərəsi,

Vaxtında, zamanında onu oyadacaqsan,

Canım-gözüm Türkiyəm, sən nə yaxşı ki varsan!

 

Səni saxlamaq üçün qurduq sağlam sütunlar,

Səni yaşatmaq üçün qurban getdi oğullar,

Bir ölüb min dirilib yenə yaşayacaqlar,

Onlar ilə dünyada əbədi qalacaqsan,

Canım-gözüm Türkiyəm, sən nə yaxşı ki varsan!

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

7 yaşında “Bu torpağın yolunda Torpağa dönmək gərək” şerini söylədi, 19 yaşında torpağa dönüb, Vətən oldu...

"Üzvlərin sayı partiyanın fəaliyyətinə təsir etməməlidir"

"İllər boyu İsraillə bağlı dediklərim bu gün gerçəkləşdi"

Məmur həbsləri GÖZLƏNİLİR

Bu xəstəlik bəzən əlamətsiz də başlaya bilər

Paşinyanın “Çərçivə sazişi”, yoxsa sülhü pozma cəhdi

Diaspor Komitəsindən dünya azərbaycanlılarına MÜRACİƏT

“Orion” Ay ətrafında dövr etdi

6 il sonra Bakıda konsert verdi

Avropada daha bir müharibə - TƏHLİL

Rusiya çökür... Naxçıvan blokadadan çıxır... - VİDEO

Bakıya 12 metrlik avtobuslar gətirildi

Siyasi partiyalardan qanunun yeni redaksiyasına VS münasibət

 

Sağlamlıq məhdudiyyətli şəxslərin əl işləri sərgiləndi

Müharibə yenidən başlayır?