Görkəmli alim-numizmat, professor Əli Rəcəbli vəfat edib

15:00 13-11-2022 | icon 192 | Cəmiyyət
Görkəmli alim-numizmat, professor Əli Rəcəbli vəfat edib

Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika və Epiqrafika elmi-fond şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor Əli Rəcəbli 95 yaşında vəfat edib.

 
 
Əli Rəcəbli 1927-ci il avqustun 2-də Zaqatala rayonunda anadan olub. 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirmiş, Azərbaycan Dövlət Muzeyinin (hazırda Milli Azərbaycan Tarixi Muzeyi) direktoru olmuşdur. Həmin illərdə muzeyin Numizmatika fondunun mühafizi vəzifəsini (ictimai əsaslarla) icra edən Əli Rəcəbli numizmatik materiallarla yaxından təmasda olmaq şansı qazanaraq, həm tədqiqat mövzusunu araşdırmağa, həm də numizmatik təcrübə əldə etməyə nail olub. O, elmi rəhbəri Yevgeni Paxomovun məsləhətlərini nəzərə alaraq, daim biliyini artırmaq üçün səy göstərib.
 
 
1953-cü ildən muzeydə kiçik elmi işçi olaraq fəaliyyət göstərən Əli Rəcəbli, 1963-cü ildə Arxeologiya ixtisası üzrə “Səfəvilər dövlətində məskukat işi – XVI-XVIII əsrlər” (rus dilində) mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. Azərbaycan Tarixi Muzeyinin elmi ekspozisiyasının yaradıcılarından olan, muzeyin mövzu-ekspozisiya planlarının tərtibində, muzey ekspozisiyasının təşkili və reekspozisiya işlərində, həmçinin, respublikanın bir sıra diyarşünaslıq muzeylərinin (Naxçıvan, Zaqatala, Xişkədərə-Masallı, Şamaxı, Gəncə) mövzu-ekspozisiya planlarının tərtibi, ekspozisiyalarının montajı, eksponatların təyin və tədqiqi işində bilavasitə iştirak edən Əli Rəcəbli 1970-ci ildə “Fədakar əməyinə görə” medalı ilə təltif edilmiş, 1972-ci ildə “əməkdar mədəniyyət işçisi” adına layiq görülmüşdür.
 
 
1968-ci ildən muzeyin Numizmatika və Epiqrafika elmi-fond şöbəsinin müdiri vəzifəsində çalışan Əli Rəcəbli, həm də pedaqoji fəaliyyət göstərərək, respublikamızın bir sıra ali təhsil ocaqlarında (BDU, LDU, ADMİU) “Tarixə yardımçı fənnlər”, “Azərbaycan numizmatikası” və d. fənlər üzrə mühazirələr edib, bir sıra metodik tövsiyyələrin, dərs proqramlarının müəllifi olub. Müəllifi olduğu 1997-ci ildə çap edilmiş “Azərbaycan numizmatikası” (rus dilində) dərsliyi dəyərli və təcrübi əhəmiyyətli əsərlərdəndir. 2000-ci ildə “Arxeologiya”, “Vətən tarixi” ixtisasları üzrə “Azərbaycan numizmatikası” (rus dilində) mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş Əli Rəcəbli Azərbaycanın numizmatik abidələrinə həsr edilmiş 100-dən artıq yerli və xarici elmi məqalələrin müəllifi olub. Bir sıra aspirant və dissertanların işlərinə rəhbərlik edən, doktorluq və namizədlik dissertasiyalarına opponentlik edən, Milli Azərbaycan Tarixi Muzeyinin Elmi Şurasının, Arxeologiya və Etnoqrafiya İnstitutunun Müdafiə Şurasının üzvü olan Əli Rəcəbli, həm də Azərbaycan Respublikası Prezidenti yanında AAK-nın eksperti olub. 2006-cı ildə AAK-ın qərarı ilə professor elmi adına layiq görülmüş Əli Rəcəblinin uzun illər apardığı elmi axtarışları və Numizmatika fondunda toplanmış faktik materiallar əsasında yazdığı “Azərbaycan qədim və ortacağ sikkələri”, “Azərbaycan sikkələri”, “Azərbaycan Səfəvilər dövlətinin məskukat (sikkə) işi”, “Şirvanşahlar dövlətində sikkə zərbi”, “Qafqaz pulları”, “Sikkə dəfinələrinin izi ilə”, “Qaraqoyunlu və Ağqoyunlu sikkələri” kitablarında Azərbaycan numizmatikası layiqli şəkildə təmsil edilmişdir. Numizmat-alimin “Azərbaycan” xoronimi, dövlət başçılarının onomastikası, ortaçağ şəhərlərinin topoqrafiya və toponomiyası, adları və izləri tarixdən silinmiş orta əsr Azərbaycan şəhərləri-zərbxanaları (Balıq, Biğord, Qarqar, Qaraağac, Qarabağ, Pol-Araz, Hunan və s.) barədə tədqiqatlarında, ilk dəfə olaraq adları nadir sikkələr əsasında müəyyənləşən, “sikkə” və “xütbə” hüququna malik bir sıra müstəqil Azərbaycan feodal hakimləri (şirvanşah I Yəzid, Əhməd, Xalid, Əsəd, Məhəmməd, Bəhram Mirzə, Soltan Mahmud, II Fərrux Yəssar, Burhanəli, səlcuq atabəyləri Qarasunqur, Alp Qutluq, Çavli, Xassbey, Körpə Arslan, İldoqquz, atabəylərin vassalları Bişkin, Mahmud, Manqli, İlqıpçaq, Dərbənd məlikləri Müzəffər, Bəybars, Əbdülməlik) haqqında məlumatlar verilmiş, Azərbaycanda monetar pul dövriyyəsi ərzində baş vermiş ciddi iqtisadi-siyasi dəyişikliklər, Azərbaycanda əmtəə-pul münasibətlərində XI - XIII yüzillərdə baş vermiş “gümüş böhranı”nın səbəb və nəticələri öyrənilmiş, çeşidli sikkə islahatlarının mahiyyəti və s. haqqında ilkin və təkzibedilməz bilgilər əksini tapmışdır. Respublika daxilində və xaricdə keçirilən elmi yığıncaqlarda müntəzəm olaraq aktual mövzulara həsr edilmiş elmi məruzələrlə iştirak edən, mətbuat, radio və TV-də Azərbaycan tarixi və numizmatikası problemləri üzrə çıxışlar edən Əli Rəcəbli müntəzəm olaraq, xarici numizmatlarla fikir mübadiləsi aparmış, gənclərə bilik və təcrübəsini öyrətmişdir. Alimin şəxsi səyləri nəticəsində rəhbərlik etdiyi və 150 mindən çox sikkə və digər maddi-mədəniyyət abidələrindən ibarət kolleksiyalara (sfragistika, medal sənəti, faleristika, filateliya, bonistika) malik olan Milli Azərbaycan Tarixi Muzeyinin Numizmatika və Köməkçi tarixi fənn materialları fondları Respublikanın vahid numizmatik tədqiqatlar mərkəzi və MDB məkanında ən zəngin numizmatik fondlardan biri sayılırlar. Görkəmli mütəхəssisin respublikamızın ərazisində təsadüfən aşkara çıxarılan sikkə tapıntılarının, ayrı-ayrı arxeoloji qazıntılarda əldə olunan numizmatik materialların qeydiyyata alınması, toplanılıb mühafizə olunması, nəşri və nümayişi sahəsində elmi və əməli fəaliyyəti xüsusi təqdirəlayiq olub. Öz iхtisasını sеvən, daim еlmi aхtarışlarda оlmuş, müasir mеtоdikaya əsaslanaraq, numizmatika еlminin inkişaf tapmasına çalışmış alim, bacarıqlı, işgüzar muzеy işçisi оlan professor Əli Rəcəbli muzey kollektivinin və həmkarlarının hər zaman dərin hörmətini qazanmışdır. Tanınmış alimin rəhbərliyi ilə 3 nəfər namizədlik dissertasıyasını müdafiə etmiş, çoxsaylı tədqiqatçılara əməli və elmi yardım edilmişdir.
 
 
Alimin mütəxəssis-numizmatlar, tələbələr və Azərbaycan numizmatikası ilə maraqlanan şəxslər üçün nəzərdə tutulmuş əsərləri daim aktuallığını qorumaqdadır. Professor Əli Rəcəbli əldə etdiyi nailiyyətlərə görə 2010-cu ildə “Tərəqqi” medalı ilə təltif edilmiş, 2017-ci ildə A.A.Bakıxanov adına mükafata layiq görülmüşdür.
Milli Azərbaycan Tarixi Muzeyi adından Azərbaycanın görkəmli numizmat-alimi Əli Rəcəbliyə Allahdan rəhmət diləyir, ailə üzvlərinə dərin hüznlə baş sağlığ bildiririk.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Vahid Hacıyev QDF-in donorları ilə görüşüb

Ağız yaralarından qurtulmaq MÜMKÜNDÜR

Fuad Əliyevdən QƏTİ ETİRAZ

“Azadlıq fədaisi”nin növbəti mükafatçısı - SORĞUYA START

“Azərbaycan düşmənin layiqli cavabını vermək gücünü özündə saxlayır”

"Bu gün Ermənistan narahat olmalıdır"

Gələn il yeni təqaüd təsis ediləcək

İrandan “Bakıya Xəzərdən hücum” MESAJI

"Laçında bərpa işləri sürətlə davam edir"

Erməni silahlılar Qarabağdakı mövqelərimizi atəşə tutdular

“Madrigal” Bakıya gəlir

 

Brüssel görüşündən imtina... -siyasilərdən birmənalı mövqe

Kəlbəcər, Laçın və Ağdamdakı mövqelərimiz ATƏŞƏ TUTULUB

DTX Naxçıvanda daha bir qurumda əməliyyata başladı

Şuşa könüllüləri Şuşa üçün hazırlaşırlar