Şuşadan Zəfər Günü ismarıcları

15:00 12-11-2022 | icon 99 | Siyasət
Şuşadan Zəfər Günü ismarıcları

Təkcə ərazi bütövlüyümüzü yox, milli qürurumuzu bərpa etdik

 

 

 

QƏNİRƏ PAŞAYEVA
/MM Mədəniyyət komitəsinin sədri/

 

Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Vətən Müharibəsindəki tarixi Zəfərin ikinci ildönümü günü Şuşadaydı. Bundan bir gün öncə Füzuli rayonu ərazisində Müdafiə Nazirliyinin yeni istifadəyə verilmiş “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olan Prezident, hərbi şəhərciyin ərazisində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstəsi qoydu, burada ağac əkdi. Hərbi şəhərciyin qərargah binası ilə tanış olan Prezident, həmçinin hərbi şəhərcikdə əsgər yataqxanası, əsgər yeməkxanası və idman zalı ilə tanış oldu; hərbi qulluqçular və onların ailələri üçün yeni istifadəyə verilmiş iki və üçmərtəbəli yaşayış binalarındakı mənzillərdə yaradılmış şəraitlə də tanış oldu. Müzəffər Ali Baş Komandan hərbçiləri 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik etdi, onlarla birgə foto çəkdirdi.

 

Göründüyü kimi, dövlət başçısı ölkəmizin əziz günü ərəfəsində və Zəfər Günü məhz hərbçilərlə görüşdü, işğaldan azad olunmuş Füzuli və Şuşada oldu. Yaxşı xatırlayırıq ki, 44 günlük müharibədən öncəki əlamətdar günlərdə, məsələn öz yubileylərində də, Prezident İlham Əliyev özünəxas qərarlar qəbul edir, şəhid ailələri, qaçqın və məcburi köçkünlərlə görüşürdü. Belə yanaşma və görüşlər artıq bir ənənə halını alıb.

 

Bəli, Müzəffər Ali Baş Komandan Zəfər Günü Şuşadaydı. Şuşanın qurtuluş günü Şuşada, bütün Azərbaycanda bayram edilirdi. Bu əziz gündə Dünya Azərbaycanlıları, Türk dünyası, Xeyrin Şər üzərində, ədalətin vandalizm üzərində qələbəsinə sevinən bütün tərəqqipərvər insanlar fərəhliydi, qürurluydu.

 

Bundan 30 il öncələr bədnam “Dağlarda toy” adlı “qələbə”lərinə sevinən Ermənistan silahlı qüvvələri, dünya erməniliyi elə düşünürdü, hara alınsa da, Şuşa alınmaz qala olacaq və Azərbaycan Silahlı Qüvvələri Şuşaya girə bilməyəcək. Azərbaycanın şanlı Silahlı Qüvvələri ermənilərin və havadarlarının “Dağlarda toy”unu vaya çevirməyi bacardı. Azərbaycan hərbçiləri şəhərin tarixi görkəminin daha artıq zərər görməsinə qıymayaraq, ağır texnikadan istifadə etmədən, yalnız yüngül silahlarla azad etdi Şuşanı.

– Ali Baş Komandanın tapşırığı beləydi. Tapşırıq qüsursuz yerinə yetirildi. Şanlı Ordumuz elə bir səviyyə nümayiş etdirdi ki, Şuşa əməliyyatı artıq dünya hərb tarixinə, dərsliklərə düşüb. – “Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər”!

 

Dövlət başçısı Şuşadakı tarixi çıxışında 44 günlük müharibənin son məqsədinin Şuşanı işğaldan azad etmək olduğunu dedi: “Təkcə ona görə yox ki, Şuşa Qarabağın tacıdır. Ona görə yox ki, Şuşanın strateji yerləşməsi faktiki olaraq onun azad olunmasından sonra müharibənin taleyini həll edirdi. O cümlədən ona görə ki, Şuşa Azərbaycan xalqının ürəyidir, canıdır, hər bir azərbaycanlı üçün müqəddəs yerdir”. Şuşaya “Əziz Şuşa!” deyə müraciət edən Müzəffər Ali Baş Komandan, dağlar incisi Şuşanı bu dəfə xalqımızın Ürəyi, Canı və hər bir azərbaycanlı üçün Müqəddəs yer adlandırdı. Yəni, günlər, aylar, illər keçsə də, Şuşa cazibəsi, Şuşa sehri nəinki azalır, tam tərsinə, çiçəkləyir, yeni rənglər, yeni üfüq və dərinlik qazanır. Dövlət başçısı Zəfər Günü “Zəfər yolu”ndan, onun, necə deyərlər, mahiyyətindən də söz açdı: “Zəfər yolu”cəmi iki ilə yaxındır ki çəkilib. Qəhrəman övladlarımız dağlardan, meşələrdən, dərələrdən, cığırlardan bu uzun məsafəni qət edərək, qanlı döyüşlərdə düşməni məğlub edərək Şuşaya yaxınlaşıb. Ondan sonra sıldırım qayalara dırmaşaraq, yüngül silahlarla küçə döyüşlərində, şəhər döyüşlərində, əlbəyaxa döyüşlərdə düşməni məğlub edib, torpağımızdan qovub, üçrəngli bayrağımızı Şuşada qaldırıb”. Prezidentin bu sözləri, Müzəffər Ali Baş Komandanı olduğu Silahlı Qüvvələrə tam güvəninin, hərbçilərimizin Vətənə sədaqətinə tam əminliyin verdiyi qürur hissinin ifadəsidir. Cəmi 44 gün içində 30 illik işğala son verən müharibənin ilk günündən son gününədək ancaq və ancaq irəli gedən, tək bir gün belə geri addım atmayan Orduya sahib olan ölkənin rəhbəri belə danışar, təbii.

 

31 oktyabr Soçi görüşünü şərh edən rus jurnalisti – nüfuzlu “Kommersant” nəşrinin müxbiri Andrey Kolesnikov, dövlət başçımızın qətiyyətli mövqeyini vurğulayaraq, öz fikirlərini “Bəli, qaliblər belə danışır” sözləri ilə yekunlaşdırmışdı. – Biz də o ritorikanı bu Zəfər Günü yazımızda bir daha vurğulamış olduq. 44 gün içində hər gün irəli gedən, bir əsgəri belə fərarilik etməyən Ordu, əlbəttə, ən yüksək övgüyə layiqdir; üstəlik, belə bir Ordunun qarşısındakı ordunun – keçmiş işğalçının ovqatı, durumu da önəmliydi, təbii. Yalnız onu deyək ki, 44 gün içində Ermənistan ordusu fərari “istehsal edirdi”: hər gün təqribən 228 erməni hərbçisi fərarilik edirdi! Toplam, 10 mindən çox fərarisi olan bir ordu, onun haqqında illərlə tirajlanmış “yenilməz ordu”, “qalib ordu” mifini öz özlüyündə sıfırlamış oldu. Bir daha təsdiq olundu ki, işğalın 30 il sürməsi Ermənistan silahlı qüvvələrinin gücünün yox, dünya erməniliyinin, Ermənistanın beynəlxalq havadarlarının, o cümlədən ATƏT-in Minsk qrupunun “aktiv”inə yazılmalıdır. Üstəlik, bizim məhz sülh, danışıqlar yoluna üstünlük verməyimiz də unudulmamalıdır. Yoxsa, bu, bizim zəifliyimiz, Ermənistan ordusunun güclü olması ilə qətiyyən əlaqədar deyildi. Faktdan başqa fakt yoxdur: Azərbaycan Ordusu düşmənin təxribatlarına cavab verdiyi hər dəfədə meydandan qalib ayrılıb – istər 2016-cı ilin Aprel Döyüşləri, istər 2018-ci ilin Günnüt Əməliyyatı, istərsə də, 2020-ci il 12-16 iyul Tovuz Döyüşləri olsun – Ermənistan ordusnun burnu ovulub. Prezident bu xüsusda ürək sözlərini, təsbitlərini Şuşadakı Zəfər Günü çıxışında da bölüşdü: “Azərbaycan Ordusunda bir nəfər də olsun fərari olmamışdır. Bu, xalqımızın yüksək mənəvi keyfiyyətlərindən xəbər verir. Hərbçilərimiz ölümə gedirdilər, “öldü var, döndü yoxdur” şüarı ilə döyüşlərə gedirdilər, bir nəfər də olsun fərari olmamışdır”. Prezident İlham Əliyevin çıxışlarında həmişə bir məqam qabarıq hiss olunur – dövlət başçısı, xalqın birliyini, Silahlı Qüvvələrimizin xidmətlərini xüsusi vurğulayır, bu mövzuda qədirşünaslıqla danışır.

 

Çox şadıq ki, Ordu mənsublarımız, yaralı qazilərimiz, şəhid ailələrimiz, aydınlarımız, dəyərli vətəndaşlarımız, Dünya azərbaycanlıları da öz müstəqil dövlətlərinin başçısı haqqında eyni şövqlə, məhəbbətlə söz açır. Bax, bu səmimi, xəlqi duyğu-düşüncələr xalqımızın bir yumruq kimi birləşməsinin təntənəsidir. Bu birlik olmasaydı, tarixi Zəfər də çətin olardı. Dillərdə dastan “Dəmir Yumruq” deyimi yalnız gücü, qüdrəti deyil, birliyimizi və ədalətin təntənəsini də ifadə edir. Məhz “Dəmir Yumruq” hesabına tarixi missiyasımızı uğurla yerinə yetirdiyimiz bilinən həqiqətdir. Müharibə iki il öncə başa çatıb. Ancaq müharibənin ağır fəsadlarının aradan qaldırılmasına daha neçə illər lazım olacaq. 30 illik işğalın ağır fəsadları, müharibənin özü və bütün bunlara baxmayaraq, yüksək sürətlə, keyfiyyətlə, sırf daxili imkanlar hesabına genişmiqyaslı tikinti-quruculuq işləri aparmaq!

 

Bax, bu, hər dövlətin, hər ölkənin bacaracağı iş deyil. Biz bunu da bacarırıq. Biz bunu nəyin, hansı resursların hesabına bacarırıq? – güclü iqtisadiyyatın, vətəncanlılığın, dövlət-xalq birliyinin, ali dövlət rəhbərliyinə sarsılmaz inamın hesabına! 44 günlük müharibə və tarixi Zəfər bir çox gerçəklikləri, həqiqəti gün üzünə çıxardı. Zəfərə aparan Yol ölkəmizdə milli həmrəyliyi daha da gücləndirdi, gücümüzə güc qatdı. – “Azərbaycanda yaşayan bütün xalqlar bir böyük ailənin üzvləridir. Yaxşı günlərdə, ağır günlərdə bir yerdəyik və bu birlik dünya miqyasında nadir dəyərdir. Azərbaycanda yaşayan bütün xalqlar Qarabağ uğrunda ölümə gedirdilər. Bu, bizim böyük dəyərimizdir”. Əlbəttə, bu vurğulanan gözəlliklər öz-özünə baş vermir, birdən-birə hasil olmur. Bu, ölkədaxili sabitliyin, xalq-iqtidar birliyinin, başqa sözlə, ölkəmizdə aparılan dövlət siyasətinin nəticəsidir. Dövlət başçısı bunu böyük nəticə olaraq dəyərləndirdi. Bəli, müharibə iki il öncə başa çatıb, ancaq büdcədən hərbi xərclər üçün nəzərdə tutulan vəsait azalmayıb, hətta sabit qalmayıb və daha da artırılıb. Bunun nə üçün belə olduğunu dövlət başçımız özü Şuşadakı Zəfər Günü çıxışında çox parlaq şəkildə izah etdi: “Gələn il üçün Azərbaycanın dövlət büdcəsi rekord həddə çatıb, o cümlədən hərbi xərclərə ayrılacaq vəsait də rekord həddə çatıb. Ermənistanda revanşist qüvvələr baş qaldırır. Ermənistanda müharibənin nəticələri ilə barışmaq istəməyən qüvvələr, dairələr baş qaldırır.

 

Ermənistan 2020-ci ilin 10 noyabr Bəyanatına tam əməl etmir, öz silahlı qüvvələrini Qarabağdan tam çıxarmayıb, Zəngəzur dəhlizini bizə təqdim etməyib, bizə qarşı vaxtaşırı hərbi təxribatlar törədir. Ona görə biz hər zaman hazır olmalıyıq”. Prezidentin Şuşadakı çıxışında toxunduğu digər önəmli məqamları yığcam şəkildə ifadə etməyə çalışaq: - Ermənistan 44 günlük müharibənin dərslərini unutmamalıdır; - Zəngəzur dəhlizi Ermənistanın öhdəliyidir və hər kəs də bilməlidir ki, öhdəliklər yerinə yetirilməlidir; -“Ermənistan bilməlidir ki, bizi indiki çərçivələrdə saxlayan Ermənistanın hansısa havadarının bəyanatı deyil, bizim öz siyasətimizdir. Biz heç kimdən qorxmuruq, heç kimdən çəkinmirik”; - Erməni xalqı obyektiv həqiqəti anlamalıdır; - Azərbaycan 44 günlük müharibədən öncə də, postmüharibə dövründə də, ədalətli sülh istəyib. – “İrəli sürdüyümüz şərtlər ədalətlidir, beynəlxalq hüquqa əsaslanır və sülh müqaviləsi bu şərtlər əsasında imzalanmalıdır. Əgər Ermənistan xoş niyyət göstərsə, bu, imzalanacaq, göstərməsə, imzalanmayacaq. Ondan sonra nə olacaq, onu həyat göstərər”.

Nəhayət, “Vətən müharibəsindəki Qələbəmiz imkan verir ki, biz bu sözləri hamının üzünə, bizə xor baxanların gözünə deyək. Bu Qələbə, bu Zəfər bizə bu imkanı verdi, bütün xalqımıza inam verdi, ruh verdi. Biz təkcə ərazi bütövlüyümüzü yox, milli qürurumuzu bərpa etdik”.

 

DÖVLƏTİMİZ VAR OLSUN!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Hüquqi mənada cəsusluq deyil, amma..." - VİDEO

"5-10 üzvü, tək papkası olan partiya sədrləri ələnib gedəcək" - VİDEO

Vahid Hacıyev QDF-in donorları ilə görüşüb

Ağız yaralarından qurtulmaq MÜMKÜNDÜR

Fuad Əliyevdən QƏTİ ETİRAZ

"Amma ermənilər Şuşaya, Kəlbəcərə atəş açanda ruslar susurlar"

"Şükür ki, Azərbaycan tərəfindən sülhməramlıların mandatı imzalanmayıb"

"Müddət 5 ildən artıq uzadılsa, onların daha ağır düşmən hərəkətlərini görə bilərik"

“Azadlıq fədaisi”nin növbəti mükafatçısı - SORĞUYA START

“Azərbaycan düşmənin layiqli cavabını vermək gücünü özündə saxlayır”

Prezidentdən mühüm mesajlar – TƏHLİL

"Rusiyanın da, Ermənistanın da müdaxilələrini sıfırlamalıdır"

"Bu gün Ermənistan narahat olmalıdır"

Gələn il yeni təqaüd təsis ediləcək

İrandan “Bakıya Xəzərdən hücum” MESAJI