"Soçi görüşü çox təhlükəli görüş idi"-MÜSAHİBƏ

18:48 01-11-2022 | icon 28 | Geopolitika
"Soçi görüşü çox təhlükəli görüş idi"-MÜSAHİBƏ

 

 

Ermənistan Azərbaycana qarşı mənfur iddiaları ilə sülh prosesini ləngidir. Məlumdur ki, “Qarabağ münaqişəsi”, Qarabağda yaşamış azsaylı ermənilərə “status, özmüqəddəratını tanıma” kimi ortaya atılan iddialar Soçidə masaya gətirilmədi. Bu məqam Soçi görüşündə Azərbaycanın diplomatik uğuru kimi önə çəkilir. Soçidə əldə olunan nəticələrə əsasən Rusiya və Ermənistanın hansı uğurlu gediş etmələri birmənalı qarşılanmır.  

 

 

Versus.az xəbər verir ki, Bu istiqamətdə müsahibə verən AMİP Mərkəzi Şurasının rəhbəri, politoloq Rəşad Bayramov  Soçidə əldə olunan nəticələr barədə mühüm nüanslara toxunub.

 

-Rəşad müəllim, Qarabağda erməni aksiyaları, gərginliyi ilə diqqət çəkən digər hadisələr fonunda Soçi görüşünü necə təhlil etmək olar?

-Əslində Soçi görüşündən qeyri-adi heç nə gözləmirdik. Əslində gözlənilənlər baş verdi. Görüşdən bir neçə gün qabaq Rusiya prezidenti Vladimir Putinin Valday Diskussiya Klubunda verdiyi mesajlar onu deməyə əsas verirdi ki, Soçidə konkret olaraq ermənilərin mənafelərinə xidmət edən bir layihə ortaya qoyulacaq və onun ətrafında fikir mübadiləsi aparılacaq. Valdayda verilən bəyanatların ardınca, Paşinyan tərəfindən dərhal Rusiyaya xoş mesajların verilməsi, Xankəndində Vardanyanın və rus “sülhməramlılarının”  birgə təşkil etdiyi böyük aksiya, Paşinyanın Rusiya sülhməramlılarının bölgədə qalma müddətinin 20 il uzadılmasına razılıq verməsi,  Rusiyanın təklif elədiyi sülh sazişinin Ermənistan üçün daha məqbul olmasını ifadə etməsi və sair amillər onu deməyə əsas veriridi ki, bu görüş gərin keçəcək, amma nəticəsiz olacaq.  Çünki Azərbaycan tərəfinin qırmızı cizgiləri məlumdur. Azərbaycan tərəfi nələrdə güzəştə gedə bilərdisə, artıq indiyə qədər bunu edib.  Bundan o yana bu və digər məsələdə güzəşt limiti yoxdur. Bu baxımdan da aydın idi ki, Azərbaycan Soçidə öz mövqeyində qalacaq və nəticə etibarilə nə Rusiya, nə də Ermənistan istədiyini əldə edə bilməyəcək. Əslində belə də oldu. Bəyanatın yekun mətninə baxsaq görərik ki, Paşinyanla Putin arasında üçtərəfli görüşdən qabaq keçirilən ikitərəfli  görüşdə də Paşinyanın səsləndirdiyi fikirlərin heç biri öz əksini tapmadı. Paşinyan deyirdi ki, biz istəyirik ki, Azərbaycan qoşunları 2021-ci il mövqeyinə qayıtsın, Rusiya sülhməramlılarının nəzarət zonasındakı Azərbaycan silahlı qüvvələri ərazidən çıxarılsın, Ermənistanın Azərbaycanda  olan hərbçiləri təhvil verilsin və ən nəhayət Qarabağın “statusu” məsələsi müzakirə predmetinə çevrilsin. Yekun bəyanatda biz bunların heç birinin şahidi olmadıq. Təbii ki, bu məsələlər görüşdə qaldırılıb, amma Prezidentimiz də sona qədər mövqeyini qoruyub saxlayıb. Bu da birmənalı olaraq təqdirəlayiq hesab olunmalıdır.

 Əslinə baxanda Soçi görüşü çox təhlükəli görüş idi.  Çünki danışıqlar Ermənistanla deyil, Rusiya ilə aparılırdı. Çünki Paşinyanın səsləndirdiyi fikirlər, onun görüşdən qabaq və görüş günü Putinə səsləndirdiyi fikirlərin hamısı Rusiya tərəfindən əvəldən hazırlanıb Paşinyana ötürülmüş mətinlər idi. Və düşünürdü ki, bununla da Rusiya Paşinyanın mövqeyini müdafiə edəcək və Azərbaycanı  nələrdəsə güzəştə getməyə məcbur edəcək.  Amma təbii ki, buna nail ola bilmədilər və bu, olduqca müsbət məqamdır.  Amma yekun bəyanat faktiki olaraq son Praqa görüşündə elan olunmuş bəynatın demək olar ki, eynisidir. Yəni 1991-ci il Al-Mata bəyannaməsinin əsas götürülməsi, tərəflərin bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşması, münaqişənin zor gücünə həll edilməməsi və sair məsələlər indiyə qədərki danışıqların onsuz da  predmeti olmuşdu və bununla bağlı qərar qəbul olunmuşdu.

 

-Nəticə etibarilə Soçidə nələr əldə olundu?

- Ermənistan heç nə əldə etmədi. Azərbaycan  heç nə itirmədi, Rusiya isə Paşinyanı ABŞ və Qərbdən uzaqlaşdıra bildi.  Çünki Putin o qədər zəif, düşüncəsiz şəxs deyil ki, Azərbaycanın Putinin, yaxud Ermənistanın səsləndirdiyi fikirlərlə razılaşacağını güman etsin. Putin bilirdi ki, bunlar baş verməyəcək. Putinə lazım idi ki, Ermənistanla Qərb arasında müəyyən qədər uçurum yarada bilsin. Baxın; Paşinyana dedizdirilir ki, “sülhməramlıların mandatının 20 il uzadılmasına razılıq veirirəm”. Bu birbaşa Qərbin və ABŞ-ın maraqlarına ziddir. Çünki onların marağı odur ki, Rusiya regiondan çıxarılsın, Paşinyan isə deyir ki, 20 il müddətinə qalsın. Paşinyan deyir ki, biz sərhədlərin Rusiya sərhəd qoşunları tərəfindən qorunmasına hazırıq. Bu da Qərbin maraqları ilə ziddiyyət təşkil edir. Paşinyan deyir ki, biz Rusiyanın təşkil etdiyi sülh sazişini məqbul hesab edirik. Bu da  qərbin maraqlarına ziddir...

Bu gün Rusiyanın başı Ukraynada qarışıb. Ukrayna ordusu Xersonda, Luqanskda əməliyyatlar keçirdir, Rusiya tərəfi günü -gündən zəifləyir. Belə bir vaxtda Cəbubi Qafqazda öz mövcudluğunu qorumağın yeganə vasitəsi problemin davam eləməsidir.  Demək  problemin davamlı olması üçün sülh sazişinin imzalanmaması lazımdır. Brüssel görüşlərindən sonra ortaya çıxan sənəd, ondan sonra Praqada imzalanan sənəd, ABŞ-ın vasitəçiliyi ilə xarici işlər nazirlərinin görüşündə razılaşdırılan məsələ ondan ibarət olub ki, bu ilin sonuna qədər sülh sazişi imzalansın. Amma Rusiya tərəfi elə bir görüntü yaradır ki, sanki tərəflər bir-biri ilə uzlaşmaqdan çox uzaqdrırlar, sülh müqaviləsi buna görə ertələnməlidir. Və yaxud da o şəkildə imzalanmalıdır ki, Qarabağ məsələsi ayrıca bir məsələ kimi gələcəyə saxlanılsın, gələckdə də bu məsələdən istifadə edib regionda yeni münaqişə ocağı yaratmaq mümkün olsun. Bunlar Avropa İttifaqının maraqları ilə uzlaşmır. Avropa İttifaqı Azərbaycan sevgisinən yox, sırf iqtisadi maraqlar baxımından regionda sabitliyin olmasını istəyir. Regiondakı sabitlik Avropa İttifaqı üçün olduqca vacibdir. Çünki Şimal-Cənub, Şərq-Qərb dəhlizlərinin hamısı bu regiondan keçir. Çindən Avropaya gedəcək “bir kəmər, bir yol” layihəsinin bu  region üzərindən keçməsi planlaşdırıllır. Bütün bunlara baxanda təbii ki, Avropa İttifaqı üçün burda sülhün təmin olunması lazımdır.

 

-Rəşad müəllim, belə demək mümkündürsə, Soçi Rusiya üçün də uğursuz olmayıb.

-Rusiya üçün Soçi görüşünü qismən uğurlu hesab etmək olar. Ermənistanı Qərbdən, ABŞ-dan uzaqlaşdıra bilər. Amma gəlin görək, zamanında onun Azərbaycana hansı təzyiq imkanları var idi. Bu gün faktiki olaraq Azərbaycan dirəniş göstərdi və Putinin təkidlərinə baxmayaraq Rusiya variantı olan sənəd ortaya çıxmadı və yaxud da o bəyanatda bir dəfə də olsun “Dağlıq Qarabağ”, “status” ifadələri işlədilmədi. Bu məqamda Rusiya reytinq baxımından itirir. Bütün hallarda Rusiya üçün iki məqamı var;  müvəqqəti də olsa Paşinyanla-Qərb arasında müvəqqəti də olsa uçurum yaratmaq, yoxsa, artıq “Azərbaycana təzyiq göstərmək imkanım yoxdur” fikrinin ictimaiyyətə hopması. Görünür ki, Rusiya birincini seçdi. Əslində Rusiyanın Qərblə Ermənistanı nə qədər ayıra bilməsi də şübhəlidir. Çünki söhbət normal siyasətçidən, normal adamdan getmir, Paşinyandan gedir.  Paşinyan Rusiyada bir bəyanat verir, Brüsseldə bir, Praqada da başqa. Bu adam üçün sözün məsuliyyətinin kompleksi yoxdur. Putinin özü də çox sənədə imza atır, amma hansının üzərində dayanıb. Putin az qala hər gün deyirdi ki, biz Ukraynanın ərazi bütövlüyünü tanıyırıq ora müdaxilə etmək fikrimiz yoxdur. Yaxud, Azərbaycanla strateji müttəfiqlik sənədi imzalayan adam Valday Diskussiya Klubunda ağlına, ağzına gələni danışdı. Bunlar hamısı  onu göstərir ki, bunlar öz imzalarına hörmət etmirlər. Amma mən tamamilə əminəm ki, noyabr ayında Brüsseldə görüş planlaşdırılıb. Bundan da qabaq delimitasiya, delimitasiya komissiyasının birgə iclası planlaşdırılıb. Bütün bunlardan sonra Paşinyana Avropa və Qərb tərəfindən təzyiqlərin olacağına inanıram.

-Rusiyadan Azərbaycana qarşı hansı təzyiqlər ola bilər?

-Rusiya tərəfindən Azərbaycana bağlı çox böyük təzyiqlər olub. O təzyiqlər boş olsaydı, Azərtbaycan tərəfi özünün dövlət televiziyası ilə açıq demarşlara getməzdi, açıq şəkildə Rusiyanı işğalçı adlandırıb, Rusiyanın mövqeyini tənqid etməzdi. Demək təzyiqlər var və Soçi görüşündən sonra o təzyiqlərin həcmi və miqdarı da böyüyəcək. Ona görə də bu gün hətta 44 günlük vətən savaşında olduğundan daha çox birliyə ehtiyac var. Bütün Azərbaycan cəmiyyəti, ictimaiyyəti olaraq yumruq kimi birləşməyə, bu məsələdə Azərbaycan hakimiyyətinin mövqeyini  müdafiə etməyə ehtiyac var. Söhbət bir xarici dövlətin Azərbaycan üzərində oynamaq istədiyi oyunlardan gedir. Burda söhbət təkcə Rusiyadan getmir, Fransadan, İrandan, ABŞ-dan gedir. Azərbaycanın bu güclərə qarşı dayanması üçün xalqın və millətin birliyinə ehtiyac var.

 

Tahirə Qafarlı

Versus.az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

7 yaşında “Bu torpağın yolunda Torpağa dönmək gərək” şerini söylədi, 19 yaşında torpağa dönüb, Vətən oldu...

"Üzvlərin sayı partiyanın fəaliyyətinə təsir etməməlidir"

"İllər boyu İsraillə bağlı dediklərim bu gün gerçəkləşdi"

Məmur həbsləri GÖZLƏNİLİR

Bu xəstəlik bəzən əlamətsiz də başlaya bilər

Paşinyanın “Çərçivə sazişi”, yoxsa sülhü pozma cəhdi

Diaspor Komitəsindən dünya azərbaycanlılarına MÜRACİƏT

“Orion” Ay ətrafında dövr etdi

6 il sonra Bakıda konsert verdi

Avropada daha bir müharibə - TƏHLİL

Rusiya çökür... Naxçıvan blokadadan çıxır... - VİDEO

Bakıya 12 metrlik avtobuslar gətirildi

Siyasi partiyalardan qanunun yeni redaksiyasına VS münasibət

 

Sağlamlıq məhdudiyyətli şəxslərin əl işləri sərgiləndi

Müharibə yenidən başlayır?