Siyasilərdən Fransa Senatına ETİRAZ

17:18 17-11-2022 | icon 223 | Siyasət
Siyasilərdən Fransa Senatına ETİRAZ

"Fransa Azərbaycana qarşı tutduğu bu mövqeyə görə dərsini almalıdır"

 

Məlum olduğu kimi, noyabrın 15-də Fransa Senatı “Azərbaycana qarşı sanksiyaların tətbiqi və onun Ermənistan ərazisindən dərhal geri çəkilməsi, 9 noyabr 2020-ci il tarixli atəşkəs razılaşmasına riayət etməsi tələbi və iki ölkə arasında dayanıqlı sülhün bərqərar olmasına yönəlmiş bütün təşəbbüslərin təşviq edilməsi” ilə bağlı qətnaməni yekdilliklə qəbul edib.

 

“Qanun” layihəsinin lehinə 295, əleyhinə 1 səs verilib.

Fransa senatının işğalçı Ermənistanın 30 il müddətində Azərbaycana qarşı törətdiyi cinayətlərə, vandallığa göz yumaraq Azərbaycana  qarşı çıxardığı bu qərar bu ölkənin erməni sifətini göstərsə də, beynəlxalq hüquq və qanunla nə dərəcədə uzlaşdığı birmənalı qəbul edilməyib və ölkənin ictimai-siyasi camiyəsində etirazla qarşılanıb.

 

Versus.az xəbər verir ki, politoloq və siyasətçilər məsələ ilə bağlı etirazlarını və fikirlərini bildiriblər.

 

"Onların yumşaq gücündən Fransa hökumətinə təsir etmək üçün istifadə etməlidir"

 

Real Partiyasının sədr müavini, politoloq Natiq Cəfərli bildirib ki, Fransa senatının qəbul etdiyi qərar tövsiyə xarakterli olsa da, ümumən Azərbaycan əleyhinə yönəlib və  tarixi hadisələrin məntiqinə, həqiqətə regionla bağlı cərəyan edən proseslərə zidddir.

 

“Qətnamədə iddia olunan müddüəların əsası yoxdur. Bu Fransa ilə Azərbaycan arasında münasibətllərin daha da kəskinləşməsinə səbəbə ola bilər”. 

 

Bu yaxınlarda Azərbaycan prezidenti ilə Fransa prezidenti arasında telefon danışığının olduğunu xatırladan N.Cəfərli böyük ehtimalla Azərbaycan prezidentinin belə bir qəqrarın fəsadları ilə bağlı Makronu xəbərdarlıq etdiyini qeyd edib:

 

“Hüququ əsası olmasa da, qətnamənin bir qanuna çevrilməsi üçün prezidentin imzası lazımdır. Burada Fransa prezidenti veto huququndan istifadə edə bilər. Çünki əgər bu qətnaməni imzalasa bu sənəd Azərbaycan-Fransa münasibətlərinin tarixdə görünmədiyi qədər pisləşməsinə səbəb ola bilər”.

 

Politoloq qeyd edib ki, Fransanın Azərbaycanda 300-dən çox şirkəti fəaliyyət göstərir, onların gələcəkdə Azərbaycanda qalıb fəaliyyət göstərməsi də ciddi sual altına düşə bilər. Ona görə də Azərbaycan hökuməti Fransa şirkətləri ilə görüş keçirməli və onların yumşaq gücündən Fransa hökumətinə təsir etmək üçün istifadə etməlidir:

 

“Müxtəlif platformalarda Fransanın Qafqazda sülhün yaranmasına böyük maneçilik törətdiyini hətta atdığı addımlarla Rusiya siyasətinə cavab verdiyini açıq səslə bəyan etmək lazımdır”.

 

"Fransa beynəlxalq hüququ və ədaləti tapdalayır"

 

YAP İdarə hüyətinin üzvü, politoloq Asif Əsgərli bildirib ki, Fransa senatının qəbul etdiyi bu qətnamə bizim üçün təəccüblü deyil.

 

Fransadan Ermənistanı dəstəkləyən belə qərarların II Qarabağ savaşından dərhal sonra da verildiyini söyləyən A.Əsgərli, bu ölkənin erməni soyqırımını tanıması, onu inkar edənlərlə bağlı cəzaların tətbiq etməsi ilə bağlı qərarlara da diqqət çəkib:

 

“Fransa ATƏT-in Minsk Qrupunda həmsədrliyə başladığı müddətdə heç vaxt nə sülh danışıqlarında səmimi, tərəfsiz olub, nə də hər hansı bir beynəlxalq səviyyəli danışıqlarda, prosblemin sülh yolu ilə həllində beynəlxalq hüquqa söykənən mövqe nümayiş etdirməyib. Hətta 44 günlük savaş zamanı Fransa prezidenti belə bir açıqlama vermişdi ki, “biz Ermənistana daha çox dəstək verə bilərik, amma təəssüflər olsun ki, Qarabağ ərazisi beynəlxalq hüquqla Azərbaycan ərazisi kimi tanınıb”.  Bunlar onu göstərir ki, Fransa beynəlxalq hüququ və ədaləti tapdalayır. Heç bir hüquq normalarına sığmayan hərəkətləri ilə sözdə ədalətli, barışdırıcı tərəf kimi görünmək istəsə də, əslində ermənipərəst mövqeyini ortaya qoymuş oldu. Biz Makronun Praqa görüşündən dəhral sonra verdiyi bədnam açıqlamaları, Azərbaycanı, Türkiyəni hədələyən çıxışlarını da gördük. Bu da göstərir ki, Fransa əvvəldən özünün mövqeyini, Ermənistanı dəstəkləyən ampluasını ortaya qoyub.  Bu dövlət Ermənistanın cinayətlərinə, qanunsuzluqlarına həmrəy olduğunu nümayiş etdirir. Onun Azərbaycanın neft-qaz məhsullarını almamaq çağırışı da əhəmiyyətizidr. Çünki Avropa ölkələri, Avropa İttifaqına üzv olan ölkələr Azərbaycan qazını almaqda maraqlıdır. Azərbaycan qəti mövqe bildirib ədalətsizlik, beynəlxalq hüquqa hörmətsiz yanaşan Fransa ilə heç bir prosesdə iştirak etməməlidir. Cənubi Qafqazda süh sabitliyinin təmin olunmasına Fransanın heç bir yeri yoxdur”.

 

"Bu qətnamə nə siyasi, nə mənəvi, nə hüququ meyyarlara uyğun gəlmir”

 

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, politoloq Mətin Məmmədli bildirib ki, Fransa senatının qəbul etdiyi bu qətnamə qərəzli, qeyri-obyektiv, iftira və yalanlardan ibarət bir qətnamədir. 

 

Onun sözlərinə görə, Fransa senatı II Qarabağ savaşından sonra özü üçün belə ədalətsiz qətnamələr qəbul etmək ənənəsi formalaşdırıb:

 

“Belə qətnamələrin heç bir hüququ qüvvəsi olmasa da, tövsiyə xarakterli olsa da, istənilən halda bu qətnamələrin qəbul olunması bir sıra məqamları üzə çıxarır.

Birincisi, bu o deməkdir ki, belə bir qətnamənin qəbul olunması Fransa ilə Azərbaycan arasında münasibətlərə ciddi zərbə vurur. Eyni zamanda belə bir qətnaməni qəbul edən ölkənin danışıqlarda vasitəçiliyi ilə bağlı ciddi suallar ortaya çıxır. Tərəfkeş dövlət hansı haqla vasitəçilik missiyasını həyata keçirdə bilər?!

Digər məqam ondan ibarətdir ki, Fransa senatının belə bir qətnamə qəbul etməsi bölgədə sülhə deyil, əksinə müharibəyə, münasibətlərin gərginləşməsinə xidət edir. Bu, bir növ Ermənistandakı o radikal, refvanşist qüvvələrə pas ötürməkdir ki, daha da fəallaşsınlar. Bu, Ermənistan hökumətini qeyri-konstruktiv addımlar atmağa təşviq edir. Bi sözlə, bu qətnamə nə siyasi, nə mənəvi, nə hüququ meyyarlara uyğun gəlmir”.

 

 

"Fransanın qəbul etdiyi qətnamənin heç bir təsiri olmayacaq”

 

Siyasi şərhçi Əli Mustafa bildirib ki, bu qətnamə məyyusluq doğursa da, bu, Fransanın dünyada dostları yox, maraqlarının olduğunu ifadə edir.

 

Onun sözlərinə görə,  Fransanın belə bir qəqar qəbul etməsi o deməkdir ki, bizim uzun illər Fransa ilə qurduğumuz münasibətlər, diplomatik səylər, xeyriyəçilik işlərimiz, qarşılıqlı faydalı əlaqələrimiz onlara yaramır:

 

“Biz çox vaxt erməni diasporunun belə məsələlərdə Senatı təşviq etməsini önə çəksək də, bu, əslndə Fransanın Güney Qafqazdan, Azəraycanda umduqlarını almaq üçün göstərdiyi bir çabadır”.

 

Ə.Mustafa hesab edir ki, adekvat addımlar barədə düşünməliyik:

 

“Milli Məcis Fransa senatının bu qətnaməsinə qarşı müəyyən qərarlar qəbul edə bilər. Biz xüsusilə daxili faktora diqqət yetirməliyik. Dövlət daha çox əhalinin sosial-iqtisadi vəziyyətinin yüksəlməsini gücləndirmək, əhalinin işlə təmin olunması, insan haqlarının müdafiəsi istiqamətində addımlar atılmalıdır. Yəni bu gün Fransaya qarşı ən yaxşı addımımız cəmiyyəti gücləndirmək, dövlət-xalq birliyini möhkəmləndirməkdir. Avropa Siyasətini elə qurmaq lazımdır ki, Fransa özü orda təklənsin. Bizim Avropadakı səfirlərimiz, xarici siyasətimizi həyata keçirən heyət milli maraqara xidmətə xidmət edən insanlardan formalaşmalıdır. Diaspor fəaliyyəti inkişaf etdirilməli, milli maraqlara söykənməlidir. Burda kimlərinsə qohumunu, biznesini inkişaf etdirmək yox, Azərbaycanın milli maraqlarına xidmət edən fəaliyyət başlanmalıdır.  Belə halda Fransanın qəbul etdiyi qətnamənin heç bir təsiri olmayacaq”.

 

"Fransa bütövlükdə Türk dünyasına münasibətdə ikiüzlü siyasət yürüdür"

 

Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli bildirib ki, Fransa Senatında Azərbaycan əleyhinə növbəti qətnamənin qəbul olunması Fransanın Azərbaycan və bütövlükdə Türk dünyasına qarşı yönəlik ənənəvi düşmənçilik siyasətinin çoxsaylı təzahürlərindən biridir.

 

“Belə qətnamələr Fransada və bir neçə Avropa ölkələrində dəfələrlə qəbul olunub. Bu tipli qətnamələrin qəbulu müəyyən qədər diskomfort yaratsa da Azərbaycan dövləti üçün əhəmiyyətsiz bir kağız parçası olaraq qalacaq”.

 

Q.Əlibəyli hesab edir ki, bu qətnamə həm də Fransanın bir dövlət kimi rəsmi elan etdiyi dəyərlərə sadiq olmadığını Azərbaycana və bütövlükdə Türk dünyasına münasibətdə ikiüzlü və riyakar siyasət yeritdiyini Azərbaycanla Ermənistan arasındakı sülh nizamlanması prosesində tərəfsiz vasitəçi olmaq istəyinin qeyri-səmimiliyini bir daha təsdiq edir, Cənubi Qafqazda sülhün təmin olunması üçün ciddi problemlər və maneələr yaradır:

 

“Hesab edirəm ki, Azərbaycan hakimiyyətinin Fransa ilə münasibətlərə yenidən baxılması barədə müzakirələrə başlamalsı, Fransadakı səfirimizin  məsləhətləşmələr üçün çağrılması, Fransanın Azərbaycandakı səfirinə rəsmi etiraz notasının təqdim olunması, Fransanın Əlcəzairdə və digər Afrika ölkələrində törətdiyi soyqırımların Milli Məclis tərəfindən genosid aktı kimi tanınmasi, Fransaya münasibətdə mümkün sanksiyaların tətbiqi imkanının araşdırılması məqsədəuyğundur”.

 

"Fransaya Azərbaycana düşmən mövqedə dayanan ölkə kimi münasibət sərgilənməlidir”

 

AMİP sədri Arzuxan Əlizadə bildirib ki, Fransanın qəbul etdiyi məlum qətnamə birmənalı olaraq erməni mövqeyindən çıxış edib, Azərbaycana qarşı çıxmaqdır.

 

Partiya sədri 44 günlük müharibədən sonra Fransa senatının Azərbaycan əleyhinə qəbul etdiyi qətnamədə separatçı rejimin tanınması ilə bağlı müddəaya da diqqət çəkib:

 

“O zaman Fransa prezidenti, Senatın qəbul etdiyi qətnaməni imzalamadı və o, tövsiyə xarakterli bir sənəd olaraq qaldı. Əslində bu qətnamə də beynəlxalq hüququn norma və prinsiplərinə ziddir. Qarabağla bağlı BMT-nin 4 qətnaməsi, Avropa Şurasının, Avropa Parlamentinin qərar-qətnamələri və Azərbaycanın beynəlxalq hüquqla tanınmış əraziləri var. Ona görə də Fransa senatının qəbul etdiyi qətnaməsinin heç bir hüquqi əsası yoxdur. Bu, sadəcə olaraq növbəti dəfə Fransa-Azərbaycan münasibətlərinə kölgə salmaqdır. Bu, həmçinin Fransanın Qafqazda sülhə sabitliyə deyil, gərginliyin yaranamasına, Ermənistanı revanşist addımlar atmağa həfəsləndirən qərardır”.

 

A.Əlizadə bildirib ki, bu gün Fransanın Azərbaycanda “Total” daxil olmaqla 50-dən çox şirkətləri fəaliyyət göstərir. Azərbaycan-Fransa arasında iqtisadi ticarət dövriyyəsi 2 milyarddan artıqdır. Bütün bunların fonunda belə bir qətnamənin qəbul edilməsi şiddətlə qınanmalıdır:

 

“Azərbaycan ciddi addımlar atmalı, Milli Məclis qətnaməni pisləyən qərar qəbul etməlidir. Eyni zamanda Fransanın Əlcəzair də daxil olmaqla Çadda, Şimali Afrika ölkələrində törətdiyi qətliamlar yenidən gündəmə gətirilməli, ictimailəşməlidir. Qətnamənin Fransa-Azərbaycan münasibətlərinə ciddi xələl gətirməsi ilə bağlı məsələ müzakirə obyekti olmalıdır. Fransanın yeni təyin olunmuş səfrinin etimadnaməsinin qəbul olunub -olunmaması, Azərbaycanın səfirinin geri çağırılması gündəmə gəlməldiir. Və Fransaya bu məsələdə ciddi təpki göstərilməlidir. Fransanın bundan sonra vasitəçilik təşəbbüslərinin qarşısı alınmalıdır. Və Fransaya Azərbaycana düşmən mövqedə dayanan ölkə kimi münasibət sərgilənməlidir”. /hafta.az/

 

 

Pakizə Babazadə
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Vahid Hacıyev QDF-in donorları ilə görüşüb

Ağız yaralarından qurtulmaq MÜMKÜNDÜR

Fuad Əliyevdən QƏTİ ETİRAZ

“Azadlıq fədaisi”nin növbəti mükafatçısı - SORĞUYA START

“Azərbaycan düşmənin layiqli cavabını vermək gücünü özündə saxlayır”

"Bu gün Ermənistan narahat olmalıdır"

Gələn il yeni təqaüd təsis ediləcək

İrandan “Bakıya Xəzərdən hücum” MESAJI

"Laçında bərpa işləri sürətlə davam edir"

Erməni silahlılar Qarabağdakı mövqelərimizi atəşə tutdular

“Madrigal” Bakıya gəlir

 

Brüssel görüşündən imtina... -siyasilərdən birmənalı mövqe

Kəlbəcər, Laçın və Ağdamdakı mövqelərimiz ATƏŞƏ TUTULUB

DTX Naxçıvanda daha bir qurumda əməliyyata başladı

Şuşa könüllüləri Şuşa üçün hazırlaşırlar