“İran hakimiyyəti çox xain və təhlükəli planlar qurur”-MÜSAHİBƏ

12:17 21-11-2022 | icon 109 | Geopolitika
“İran hakimiyyəti çox xain və təhlükəli planlar qurur”-MÜSAHİBƏ

 

Cənubi Qafqazın ən güclü dövləti olan Azərbaycana qarşı erməni işğalçılığının mövcud nəticələri üzərindən təhdid və təsirlər səngimir. 44 günlük savaşdan zəfərlə çıxan bir müsəlman, türk dövlətinə qarşı işğalçı Ermənistanla bərabər islam ölkəsi sayılan İrandan gələn təhdidlər təəsssüf doğurmaqla yanaşı bir çox nüansları üzə çıxarır. Öz daxilində böyük gərginlik yaşayan İran mollalarını Azərbaycana qarşı bu qədər aqressiya nümayiş etdirməyə sövq edən səbəb nədir?

 

 

Versus.az xəbər verir ki, bu istiqamətdə müsahibə verən politoloq Rauf Məmmədov bir çox nüanslara diqqət çəkib.

 

 

-Rauf müəllim, İranda 2 aydan çox davam edən etiraz aksiyaları nəyi ifadə edir və proseslər molla rejimini hara qədər aparacaq, bu prosesdə “Azərbaycan” adı çəkilirsə, demək hansı mövqedə dayanır?

 

-Azərbaycanın müstəqilik qazanmasından sonra İran teokratik rejiminin Azərbaycana neqativ münasibətləri, islam və türk düşmənçiliyi ilə seçilən Ermənistana açıq dəstək vermələri, Azərbaycanda dindarlar arasında İrandan ixrac olunan şiəlik ideologiyasına qarşı şübhələri artırdı. İranda dəfələrlə teokratik rejimə qarşı baş qaldıran xalqın etirazları bir daha göstərdi ki, İran xalqı dini dövlətdə yaşamaq istəmir. İranın “islam inqilabı” ixracı öz içindən iflasa uğradı. İran xalqı dindən tamamilə uzaq olan bir dünyəvi demokratik dövlət qurmaq arzusunda olduğunu nümayiş etdirdi. Əslində, bunlar, 1979-cu ildə liberal ABŞ və Fransanın, kommunist SSRİ-nin dəstəyi ilə hakimiyyətə gətirilən saxta teokratik rejimin apardıqları siyasətin nəticəsi idi. İmperialistlər bu rejimlə Yaxın Şərqi antoqonist sünnü və şiə geosiyasi cəhbələrinə bölməklə müsəlmanları İsrailin qarşısında zəiflətdilər, digər tərəfdən, monarxiyadan qurtulmaq istəyən azad iran türklərini “islam inqilabı” imitasiyası ilə aldatdılar. Artıq, gerçəklər ortadadır. Azərbaycan və Türkiyənin milli siyasətçiləri nə İran, nə də Şimali Qafqaz xalqlarının azadlıq mübarizəsində növbəti dəfə aldanmalarına imkan verməməlidirlər.

Bundan əlavə İranda və Qafqazda ənənəvi İslam cərəyanları arasında -təsəvvüfə əsaslanan sünnülük və şiəlik arasında teoloji baxımdan ziddiyyət olub. Təsəvvüf və şiəlik Əhli-Beyt, təvəssül, şəfaət məsələsində təqribən ortaq baxışlara malikdirlər. Lakin, qeyri-ənənəvi islam cərəyanları bu baxışların Qurana zidd olduğunu və bu səbəbdən, təsəvvüf və şiəlik nümayəndələrini kafirlikdə ittiham edirlər. Azərbaycanda yaşayan müsəlmanların 55-60%-nin, İranda yaşayan türklərin 95%-nin şiə olduğunu nəzərə alsaq -sünnü İran türkmənləri istisna olmaqla, bu durumun xoşagəlməz hal aldığını nəzərə ala bilərik. Lakin, onu da nəzərə almalıyıq ki, ənənəvi İslam cərəyanları -təsəvvüfə əsaslanan sünnülük və şiəlik bölgədə müsəlmanların rus və fars imperiyalarına və ya fars ideologiyasına itaətdə saxlanılmasına xidmət etmişdir. Buna görə də, həm fars teokratik rejimi, həm də rus imperiyası qeyri-ənənəvi islam cərəyanlarının (sələfilik) bölgəyə daxil olmasının qarşısını birlikdə almağa çalışırlar. Bu baxımdan, şiəlik, təsəvvüf və pravoslavlıq arasında bir geosiyasi əməkdaşlıq mövcuddur.  

 

 

-Azərbaycan, bir Qafqaz-Müsəlman ölkəsi kimi, Qafqazda yaşayan bütün müsəlmanlar və İranda yaşayan türklər üçün bir nümunə və mərkəz ola bilərmi. Mövcud gərgin situasiyada proseslərdən necə uğurla çıxmaq olar?

 

-Rusiyanın bir imperiya kimi zəifləməsi və qafqaz xalqlarının müstəqillik əldə etməsi, həmçinin, İranda baş verən azadlıq mübarizəsi şəraitində Azərbaycanın nümunə olması məsələsi daha da aktuallaşacaqdır. Bu proseslərin Azərbaycan üçün pozitiv tərəfləri ilə yanaşı, neqativ tərəfləri də mümkündür. Bunun üçün, Azərbaycan konkret olaraq pozitiv tərəfləri bu gündən başlayaraq müəyyənləşdirməli və onları perspektivdə reallaşmasına hesab götürməlidir. Həmçinin, özünü mümkün risklərdən sığorta etməyi bacarmalıdır. Bunun üçün, Qafqazın və İranın dərindən araşdırılması və bu məsələlərin müəyyənləşdirilməsi vacibdir. 

Göründüyü kimi, İran hakimiyyəti çox xain və təhlükəli planlar qurur. İran hakimiyyəti bununla, ABŞ-ın onun üzərindən sanksiyaları qaldıracağını və zəngin enerji ehtiyatlarını Avropa bazarına çıxaracağını düşünür. Lakin, o, bölgədə kifayət qədər güc sahibi olan Rusiya və Türkiyə amilini unudur. Mövcud durumu nəzərə alaraq, Azərbaycan cənub istiqamətində, xüsusilə, Naxçıvan-İran sərhədlərində hərbi nəzarət mexanizmlərini gücləndirməlidir. Kars müqaviləsinin və Şuşa bəyannaməsinin şərtlərindən çıxış edərək, türk silahlı qüvvələrinin hərbi bazalarının Naxçıvanda yerləşdirilməsi qərarı tezliklə verilməlidir. Azərbaycan və Naxçıvan sərhədləri boyu PKK terrorçularının (kamuflaj oluna bilər) fəaliyyətləri peyk kəşfiyyatı vasitəsilə nəzarətə götürülməli və hər hansı bir təxribat baş verərsə (sərhədə terrorçularının toplanması, Urmiya ətrafında yaşayan türklərə qarşı hərbi təcavüz), təhlükəsizlik məqsədilə ərazidə təhlükəsizlik zonası yaratmalıdır.

      Azərbaycan özünün və təhlükəsizlik zonasının müdafiəsini gücləndirmək üçün, havadan müdafiə sistemlərinin daha da təkmilləşdirməli, F-16 hərbi təyyarələrinin sayını artırmalı, kəşfiyyat imkanlarını artırmaq üçün, Türkiyə və İsrail kəşfiyyatları ilə ortaq əməkdaşlıq platformaları qurmalıdır. İran xalqının cani rejimdən qurtulmasına dəstək verilməli və İranın gələcəyini onun öz xalqının sərbəst iradəsinə buraxmaq lazımdır. İran bir dövlət olaraq ABŞ, Fransa və Rusiya tərəfindən deyil, qonşu müsəlman ölkələri ilə dostluq əlaqələri quran demokratik bir hakimiyyət tərəfindən idarə olunmalıdır. Azərbaycan və Türkiyə, İran xalqının demokratik bir sistemə keçidinə dəstək olmalıdır. Bunun üçün, Azərbaycan İran xalqına yaxşı bir nümunə olmalıdır. Bu isə, Azərbaycanda demokratik istiqamətdə islahatların aparılmasını zəruri edir. Azərbaycan və Türkiyənin demokratiyası qərb modelinə deyil, daha çox ənənələrə söykənən milli demokratik prinsiplərə söykənməlidir. Bunun üçün, türk siyasi mədəniyyəti və ilkin islam sosial ədələt prinsipləri aradırmalı və onun konseptual əsasları yaradılmalıdır.  

 

 

-Tarixi faktlara istinad etsək, İranda Azərbaycan-türk dilinə sərgilənən əks münasibətin arxasında hansı siyasət  dayanıb?

- XIX əsrə qədər və sonra Cənubi Qafqaz, İran və Orta Asiya xalqlarını ortaq ünsiyyət dili olan azərbaycan türkçəsindən ayırmaq istiqamətində aparılan “yumşaq güc” siyasətinin digər ismi farslaşdırma siyasətidir. Bu siyasətin tarixi, XX əsrin əvvəllərində İranda Qacarların hakimiyyətinin sonu və Pəhləvilərin hakimiyyətə gəlməsi ilə başlamır. Farslaşdırma siyasəti Cənubi Qafqaz, İran və Orta Asiya coğrafiyasında son min ildə onlarla türk-müsəlman dövlətləri quran türk xaqanlarının həyata keçirdikləri siyasətdən irəli gəlir. Türklərin qurduqları dövlətlərdə elm və təhsil, din və mədəniyyət sahələri əsasən farsların və ya farsbaşlı elitanın himayəsində olmuşdur. IX-X əsrlərdən başlayaraq Türküstandan tədricən Yaxın Şərqə miqrasiya edən türklər farsların dini-ideoloji Qum məktəbinin süzgəcindən keçərək türklüyünün bir qismini itirib qismən farslaşmış türkmən olmuşlar (türk manənd - türkə bənzər).

       Eyni proses, əsrlərlə əvvəl Sasanilər və Əhəmənilər dövründə də baş vermişdir. Qədim Babil məktəbinin varisi olan fars ideologiyası orta əsrlərdə şiə məktəbləri ilə Türküstan türklərini şiələşdirərək onlardan türkmənlər yaratdığı kimi, Əhəməni-Sasani dövründə də atəşpərəst Mazdayasna mərkəbləri ilə sak türklərindən ariləşmiş atəşpərəstlər yaratmışdılar. Buna görə də, şiə və ələvi türk xaqanları dinin, elmin və təhsilin dilini fars dili olaraq qəbul etmiş və bəziləri özlərinin mənşəyini Sasani hökmdarlarına bağlamışlar. Nəticədə, geniş bir coğrafiyada böyük imperiyalar quran türklər öz içindən dini-ideoloji istiqamətdə şiə-sünnü cəhbələrinə parçalanaraq bir-biriləri ilə savaşmışlar. Buna görə də, minillərlə cənubdan gələn bu təzyiq nəticəsində, türklər öz dillərində elm və təhsil yarada bilməmiş və dini öz dillərində anlaya bilməmişlər. Bu baxımdan, türklərin orta əsrlərdə Cənubi Qafqazda yerli qeyri-türk xalqlarını assimlyasiya etməsi ilə bağlı iddialar tam əsassızdır. Əksinə, Cənubi Qafqazda yerli türk xalqlarının əsrlərlə mədrəsələr vasitəsilə farslaşdırılması siyasəti mütəmadi şəkildə aparılmışdır. Bunun nəticəsi olaraq, Azərbaycanın əksər şair və mütəfəkkirləri orta əsrlərdən XIX əsrə qədər fars dilində və qismən türk dilində yazıb yaratmışlar. Çar Rusiyası Cənubi Qafqazı işğal etdikdən sonra fars dilinə və qismən farslaşmış türk dilində köklənən saray ədəbiyyatı və ənənəsi öz yerini tədricən rus dilinə verənədək böyük bir mədəni keçid dövrü yaşanmışdır.

Biz, əgər İranda və digər yerlərdə yaşayan azərbaycanlıları Qafqazdakılara əlavə etsək, dünyada 50 milyondan çox azərbaycanlının olduğunu, onun 10 milyonunun Azərbaycanda yaşadığını, onun 10 milyonunun mühacirətdə olduğunu və 30 milyondan çoxunun Azərbaycan və İran ərazisində yaşadığını deyə bilərik.

 

İranın sabiq xarici işlər naziri Əliəkbər Salihi Türkiyədə olanda jurnalistlərin sualına belə cavab vermişdir: “İranın  40%-i türk dilində danışır.”

      83 milyon əhalisi olan İranın 40%-i 35 milyon edir. 1979-cu il İslam inqilabından sonra mühacirət edən azərbaycanlıları və digər türk xalqlarını da bura əlavə etsək, say daha da çoxalacaqdır  -türkmənlər -2 milyon, Xorasan türkləri -2 milyon, qaşqaylar – 1.5 milyon, əfşarlar – 1 milyon şahsevənlər – 250 min, xələclər – 48 min və s. Əgər biz 10 milyon mühacirətdə olan azərbaycanlılardan yarısından çoxunun İran azərbaycanlıları olduğunu və digər mühacir İran türklərinin də sayını nəzərə alsaq, o zaman İranda yaşayan və mühacirətdə olan türklərin ümumi sayının 35 milyon deyil, 45 milyona yaxın olduğunu ehtimal edə bilərik.  Biz Qafqaz və İranda yaşayan türklərin mühacirətdə olanlarla birgə sayını ortaya qoysaq, onların sayı təxminən 60 milyon edər. İran türkləri 45 milyon, Azərbaycan türkləri 14 milyon, Şimali Qafqaz türkləri 1.2 milyon. Azərbaycanlı türklər bu 60 milyonun 50 milyonunu, yəni 83 %-ni təşkil edirlər. Qafqaz və İranda yaşayan türklər tarixi baxımdan azərbaycanlı türklərin ayrılmaz hissəsidirlər. Arazın şimal və cənubunda kompakt şəkildə məskunlaşan 50 və ya 60 milyonluq bir türkün Avrasiyada Türküstandan –“türk mənşəli əhalisinin ümumi sayı 120 milyondur) və Türkiyədən (türk mənşəli əhalisinin ümumi sayı 66 milyondur) sonra ən sıx təmərküzləşdiyi bir bölgədir.

 

Türklər İranın ən çoxsaylı əhalisidirlər. Çünki İranda yaşayan türklər, bəluclar, lurlar, kürdlər, ərəblər və digər xalqların sayını 83 milyondan çıxsaq, farslar İranda azsaylı xalqlardan biri olacaqdır. Buna görə də, İran türkləri tarixən və bün gün də İranı özlərinin dövləti hesab etmiş və onun parçalanmasına razı olmamışlar. Bu günlərdə İranda baş verən daxili iğtişaşlarda müşahidə olunan etnik separatizm meyilləri türklər arasında müşahidə olunmur. Onlar, İranda rejimin dəyişməsini, demokratiyanın gəlməsini və mədəni hüquqlarının verilməsini tələb edirlər. Lakin, dövlət ideoloji aparatını əlində saxlayan fars rejimi İran türklərinin Azərbaycan və Türkiyə ilə əlaqələrinin qırılması və onlar arasında bir səddin çəkilməsi üçün, bir tərəfdən Urmiya gölünü qurudaraq əhalinin bölgədən cənuba miqrasiya etməsini planlayır, digər tərəfdən, İranı Azərbaycan və Türkiyə ilə bağlayan ərazilərə (Urmiya ətrafı) PKK kürdlərinin məskunlaşması və orada qədimdən yaşayan azərbaycanlı türklərin qovulması siyasətini həyata keçirir. Yəni, indiki İran rejimi, ABŞ və Fransa ilə gizli əməkdaşlığa girərək, İranın Azərbaycan və Türkiyə ilə sərhədlərində azərbaycanlı türklərə qarşı soyqırımı həyata keçirməyə, onların öz yerlərindən didərgin salmağa, Azərbaycan və Türkiyə üçün cənubdan yeni savaş yaratmağa, dolayısı ilə ABŞ-na Cənubi Qafqaza daxil

olmaq üçün savaş koriduru açmağa səy göstərir. Bununla, İran rejimi, özünü Cənubi Qafqaz təhlükəsindən sığortaladığını, “Bir kəmər, bir yol” layihəsinin orta yol xəttinin ixtisara salacağını, şiə koridorunun (Çin, Orta Asiya, İran, İraq, Suriya, Livan, Aralıq Dənizi və Avropa) gerçəkləşəcəyini düşünür.  Həmçinin, Ermənistanda güclənən ABŞ-ın və onun PKK ordusunun himayəsi altında ikinci koridorun həyata keçəcəyini (Hindistan, İran, Ermənistan, Gürcüstan, Qara Dəniz və Şərqi Avropa) xəyal edir.   

 

 

-Rauf müəllim, regionda cərəyan edən proseslərin fonunda bu gün Azərbaycanın Qarabağ bölgəsində cərəyən edən prosesləri necə dəyərləndirmək olar?

 

-XX əsrin sonlarında ikiqütblü dünya nizamı Qarabağ münaqişəsi ilə sona çatdısa, bu gün yeni dünya düzəni də 30 ildən sonra azad olunmuş Qarabağ ərazisindən qurulur. Bu proseslərin Azərbaycan üçün böyük perspektivləri olduğu kimi, böyük riskləri də vardır. Bu baxımdan, Azərbaycan siyasətçiləri Azərbaycanın bölgədə və dünyada geosiyasi əhəmiyyətini dərk edərək dünyaya Böyük Azərbaycan idealından baxmağı bacarmalıdırlar. Azərbaycan, onu əsarətə çəkən Sovet Azərbaycanı məfkurəsindən tam şəkildə qurtularaq, özünün və bölgədəki xalqların qurtuluşuna aparan Böyük Azərbaycan məfkurəsinə qovuşmalıdır. Bunun üçün, Böyük Azərbaycanın dil, din, fəlsəfə, elm-təhsil, mədəniyyət, siyasət və iqtisadiyyat sahələrinin müvafiq və özünəməxsus fundamental konseptual əsasları müəyyənləşdirilməli və və bu nəzəri əsasların praktiki tətbiqi kimi islahatların aparılması zəruridir.

        Azərbaycan nəinki bölgədə, Avrasiyada mühüm iqtisadi mərkəzə çevrilməlidir. Təbii ki, “Bir kəmər, bir yol” layihəsinin reallaşması, enerji transit xətlərinin Azərbaycanda təmərküzləşməsi, azad olunmuş Qarabağ ərazisində müasir iqtisadi layihələrin həyata keçirilməsi və digər layihələr Azərbaycanın iqtisadi imkanlarını genişləndirəcək və yeni iş yerlərinin meydana çıxmasına şərait yaradacaqdır. İran Zəngəzur məsələsində Azərbaycan və Türkiyə ilə razılığa gəlsə, yəni zəngin qaz-neft resursları olan İranın xətləri Azərbaycandan keçsə (bura Rusiya və Türkmənistanı da əlavə etsək), Azərbaycan və Türkiyə bu tranzit marşrutlardan böyük gəlir əldə edəcəklər. Üstəlik, loqistika və ticarət sahəsində də geniş imkanlar açılacaqdır. Azərbaycan bu sahədə əldə etdiyi imkanlardan yararlanaraq Gürcüstan, Ermənistan, Şimali Qafqaz, Orta Asiya, Cənubi Azərbaycan, Əfqanıstan kimi ərazilərdə geniş sərmayə qoyuluşuna başlaya bilər. Azərbaycanın enerji texologiyaları sahəsində əldə etdiyi təcrübə və bilikləri nəzərə alsaq, bu ərazilərdə “Socar”ın  yeni filiallarını açmaq, həmçinin, yerli tikinti şirkətlərinin bu ərazilərdə yeni layihələr təqdim etmək imkanlarının olduğunu söyləyə bilərik.

 

Tahirə Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Vahid Hacıyev QDF-in donorları ilə görüşüb

Ağız yaralarından qurtulmaq MÜMKÜNDÜR

Fuad Əliyevdən QƏTİ ETİRAZ

"Amma ermənilər Şuşaya, Kəlbəcərə atəş açanda ruslar susurlar"

"Şükür ki, Azərbaycan tərəfindən sülhməramlıların mandatı imzalanmayıb"

"Müddət 5 ildən artıq uzadılsa, onların daha ağır düşmən hərəkətlərini görə bilərik"

“Azadlıq fədaisi”nin növbəti mükafatçısı - SORĞUYA START

“Azərbaycan düşmənin layiqli cavabını vermək gücünü özündə saxlayır”

"Rusiyanın da, Ermənistanın da müdaxilələrini sıfırlamalıdır"

"Bu gün Ermənistan narahat olmalıdır"

Gələn il yeni təqaüd təsis ediləcək

İrandan “Bakıya Xəzərdən hücum” MESAJI

"Laçında bərpa işləri sürətlə davam edir"

Erməni silahlılar Qarabağdakı mövqelərimizi atəşə tutdular

“Madrigal” Bakıya gəlir