Nikol Paşinyan üçün ən ağrılı mövzu 

18:27 24-01-2019 | icon 171 | Qarabağ
Nikol Paşinyan üçün ən ağrılı mövzu 

 

 

Yanvarın 22-də Davos Ümumdünya İqtisadi Forumu çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan Baş naziri Nikol Paşinyanla qeyri-rəsmi görüşü baş tutub. Aydındır ki, bu görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin cari vəziyyəti barədə söhbət olub.

 

Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu görüşü bundan əvvəl Düşənbə və Sankt-Peterburqda keçirilmiş qeyri-rəsmi görüşlərin davamı kimi qiymətləndirib. Düşənbədəki görüş ötən il sentyabrın 28-i MDB sammiti çərçivəsində baş tutmuşdu və bu görüş zamanı tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlara, qoşunların təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminə əməl olunmasına sadiqliyini bildirib. Bu iki amil bir-biri ilə sıx əlaqəlidir və ona görə də dekabr ayında Sankt-Peterburqda keçirilmiş görüşdə də diqqət mərkəzində olub.

Göründüyü kimi, dünyanın nüfuzlu məkanlarında Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması mövzusu diqqətə çatdırılır.

Azərbaycan Prezidenti ardıcıl olaraq işğal olunmuş ərazilərin qaytarılması prosesinin başlaması üçün zəruri tədbirlər həyata keçirir. Bu siyasətin uğurunun rəhni kimi son illərdə Ermənistan üzərində hərbi və maliyyə üstünlüyünün əldə olunması, eləcə də işğalçı ölkənin enerji, nəqliyyat və iqtisadi təcridini göstərmək olar.

Azərbaycan və Ermənistan tərəflərinin Davos görüşü İlham Əliyev diplomatiyasının aşkar uğurudur. O, Minsk qrupunun həmsədrlərinin əksər hallarda danışıqlara maneəyə çevrilən vasitəçilik xidmətlərindən asılı olmayaraq danışıqları ikitərəfli formata keçirdi. Aydındır ki, ilk növbədə söhbət N.Paşinyanla etimad münasibətlərinin qurulmasından gedir, bu cür daha asan danışıq aparmaq olur və bunun üçün digər mühüm səbəblər var. Serj Sarkisyan “Qarabağ klanı”nın digər nümayəndələrindən fərqli olaraq N.Paşinyan ünsiyyətə girir və Qarabağ problemini üçüncü tərəflərin iştirakı olmadan həll etməkdə maraqlıdır.

Nikol Paşinyan üçün ən ağrılı mövzu erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması zərurətidir ki, bu da prinsipcə Qarabağ ermənilərinə Bakı tərəfindən özünüidarə hüququ və təhlükəsizlik təminatının, eləcə də digər geniş iqtisadi üstünlüklərin verilməsinə cavab olaraq reallaşdırıla bilər. Paşinyan hökumətinə öz hakimiyyətinin möhkəmləndirilməsi üçün Azərbaycan tərəfindən köməyə ehtiyacı var. Bu, hərbi əməliyyatların bərpa olunmaması, nəqliyyat yollarının açılması barədə Azərbaycanın verəcəyi zəmanət, gələcəkdə isə Qarabağın azərbaycanlı və erməni icmaları arasında danışıqlardır.

N.Paşinyanın rəhbərliy altında Yerevan komandası başa düşür ki, “Qarabağ klanı” öz xeyri və ambisiyaları uğrunda üçüncü qüvvələrin – xarici diasporaların yardımı ilə Ermənistanı "Qarabağ bataqlığı"na salıb və onu yalnız Azərbaycan xilas edə bilər. Müvafiq olaraq rəsmi Bakı və Yerevan münaqişənin mərhələli nizamlanmasına hansı formatda başlayacaqlarını müzakirə etməlidir. Əsas mövzu Azərbaycan tərəfinin iqtisadi güzəştlər yaratmasına cavab olaraq erməni qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılmasının mümkünlüyüdür.

Hesab olunur ki, N.Paşinyan ağıllı rəhbərdir və erməni xalqını Ermənistanın əsas nailiyyətinə - Azərbaycanla barışmağa hazır edə bilər. Qeyd etmək lazımdır ki, o, Qarabağ ideoloqu Zori Balayanın dostu, onun qədər xəstə təfəkkürə malik və ermənilərlə azərbaycanlıları genetik cəhətdən uyğun olmayan xalqlar adlandıran Robert Koçaryanı həbs etdirib. Bu siyasətçi istəmirdi, daha doğrusu qəbul edə bilmirdi ki, azərbaycanlılar və ermənilər tam uyğundur və təkcə Gürcüstan, Rusiya, Türkiyə, İran, ABŞ, Niderland və digər ölkələrdə deyil, həm də Azərbaycanda birgə yaşayır.

Prezident İlham Əliyevin Nikol Paşinyanla Davos görüşü biz fikirləşdiyimizdən daha vacibdir. Qarabağ problemi ilə yanaşı, Davosda Ermənistanın gələcəyi məsələsi də həll olunur. Erməni liderə barışıq lazımdır və görüşlərin Azərbaycanın hərbi-siyasi və iqtisadi üstünlüyü şəraitində keçməsini nəzərə alsaq, onun üçün İlham Əliyevlə üz-üzə danışmaq daha asandır. Azərbaycan xalqı öz Prezidentinə güvənir və Yerevanın qonşusunun ərazi bütövlüyünü tanıyacağı təqdirdə əhalini sülh prosesinə hazırlamaq Bakı üçün çətin məsələ olmayacaq. Bugünkü Ermənistan-Azərbaycan qarşıdurmasının N.Paşinyan üçün təhlükəsi ondan ibarətdir ki, müdafiə naziri Zakir Həsənov Ali Baş Komandanın istənilən əmrini yerinə yetirməyə hazırdır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

QHT LAYİHƏYƏ START VERDİ

Müalicəsiz buraxılmış bu xəstəlik çox ağır fəsadlar verə bilər

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

Qan testi ilə ölüm tarixini öyrənmək mümkün olacaq

"Mərhum anidən dirildi, yoxsa diri-diri dəfn edəcəkdik" - MÜSAHİBƏ

15 yaşında Şəhadətə yüksəlmiş Tiqanamız

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı

"Asma körpü"nün bərpasi ücün rayon rəhbərliyinə müraciət edirəm

Jurnalistin qardaşının evi yenə qarət edildi

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

"Bu gün sizlərin yarıtmaz siyasəti xalqı hər gün yeni qəzalar keçirməyə vadar edir"

DƏRD AĞACINDAN ASILI QALAN ŞƏHİD ARZULARI

Millət vəkilinin tanınmış qadın siyasətçiləri, QHT, KİV, təşkilat rəhbərləri ilə görüşü davam edir

Ulu öndər Heydər Əliyevin yaxın dostu Osman Gezekerin ailəsi Azərbaycana təşəkkür etdi

23 avqust - Cəbrayıl və Füzuli rayonlarının işğal olunduğu gündür