FƏRHAD BƏDƏLBƏYLİ - 75

13:56 26-12-2022 | icon 400 | Mədəniyyət
FƏRHAD BƏDƏLBƏYLİ - 75

Layiq görüldüyü mükafatlar çox söz deyir

 

Görkəmli nümayəndələri ilə xalq arasında məşhur olan soyadlardan biri də, Bədəlbəylilər şəcərəsinə məxsusdur. Yazılı tarixdə bu şəcərəni araşdırarkən, yaxın keçmişdən ötürülən ilk məlumat Bədəl bəy Bəşir bəy oğlu Bədəlbəyliylidən başlayır. O, 1875-ci ildə Şuşa şəhərində anadan olub. İbtidai təhsilini molla yanında alsa da, sonradan şəhər real məktəbində davam etdirib. Daha sonra Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasını bitirib.

 
 
Bədəlbəyli soyadının bu qocaman nümayəndəsi xalq maarifçisi idi. Seminariyanı başa vurduqdan sonra o, bir müddət Şuşada müəllimlik edib. Sonra paytaxta üz tutub və XX əsrin əvvəlindən pedaqoji fəaliyyəti Bakı şəhəri ilə bağlı olub. Ömrünün 35 ilini fasiləsiz olaraq rus-müsəlman məktəbində müdir vəzifəsində çalışıb.
Dahi bəstəkar Üzeyir bəy Hacıbəylinin xalası oğlu Bədəl bəy bütün bunlarla yanaşı, mədəni-maarif və xeyriyyə cəmiyyəti kimi fəaliyyət göstərən "Nicat" cəmiyyətinin də ən fəal üzvlərindən biri olub. O, özünü səhnədə dəfələrlə aktyor kimi də sınayıb. "Leyli və Məcnun" operasında Məcnun, İbn Salam obrazlarını böyük məharətlə yarada bilib. Özündən sonra yadigar qalan övladlarından biri- Əfrasiyab bəy Azərbaycan klassik bəstəkarı, drijoru, liberettoçusu və xalq artisti olub. Digər yadigarı Şəmsi bəy isə aktyor, rejissor, xalq artisti kimi Azərbaycanın mədəniyyət tarixində yer alıb...
 
 
Bu gün sizə mərhum Şəmsi Bədəlbəylinin oğlu, damarlarında zadəgan qanı daşıyan, bəy oğlu bəy, Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəylidən söhbət açamaq istəyirəm. Axı dekabrın 27-si onun 75 yaşı tamam olur...
 
 
“Uzun sürən ayrılıqdan sonra Şuşaya getmişdim. Sanki, möcüzə baş vermişdi, gözlərimə inanmırdım. O şəhərdə elə bil nə isə bir sirr var. Hətta utanıb çəkinmədən rəqs də etdim, özü də möhkəmdən beş-altı dəqiqə oynadım. Arada əlimlə qoluma toxunurdum, çimdikləyirdim ki, yaşadığım yuxudur, yoxsa, yox. Mən qələbədən əvvəl tez-tez yuxuda qarlı Şuşanı görürdüm. Qarlı Şuşa mənim üçün bir nağıl idi. Bəlkə də sonuncu dəfə Polad Bülbüloğlu ilə Şuşaya gedəndə Şuşanı qarlı gördüyümdən idi. Hardasa iyirmi santimetr qar yağmışdı. Çox gözəl görünürdü. Fikrim vardı, Şuşaya gedəndə ondan üzr istəyim. Çünki biz onu düşmənə vermişdik. Dizlərimi yerə atıb, üzr istədim, dedim ki, Şuşa, bağışla bizi, səni nə vaxtsa, yadlara verdik. Hönkür-hönkür ağlayırdım. “Gəncə qapısı”nda bir əsgər dayanmışdı, məni o halda görüb yanıma qaçdı. Dedi, ağsaqqal, nə olub, özünüzü pis hiss edirsiz? Dedim, yox, bala, bu, mənim nəzirimdir, etməliyəm...”- söyləyir.
 
 
Uşaq yaşlarında çox qaynar və dinamik olub. Futbola həm azarkeşlik edib, həm də idmanın bu növü ilə həvəskar kimi məşğul olub. Tay-tuşları arasında rəqib komandanın qapısına ən çox qol vuran oyunçu kimi də tanınıb. Bu oyunlarada cığallıq, dəcəllik olanda, həmişə çalışıb ki, ədalətli oyun keçirilsin, qaydalar pozulmasın. Bu oyunların çoxu da “Qala qapısı”ndan aşağıdakı meydanda baş verib. Futbola o qədər aludə olmuşdu ki, Maestro Niyazi deyirdi,- “Ay Fərhad, iki saat futbol oyna, sonra mənim xətrimə 4 saat royal arxasında otur…”
Bir dəfə Maestro Niyazi ilə konsertdə o qədər emosiya ilə ifa edib ki, birdə görüb eynəyi gözündən çıxıb yuxarı atıldı. Yaxşı futbolçu oduğuna görə cəld tərpənərək, eynəyini göydəcə tutub və arada imkan tapıb, onu gözünə taxıb...
 
 
Polad Bülbüloğlu ilə bağlı xatirələri çoxdur. Onunla 5 yaşından dostluq edirlər. Söylədiyinə görə, valideynləri onları dənizə buraxmırdı. Bir dəfə bağda olarkən xəlvətcə dənizə gediblər. Poladın da qolunda atasının bağışladığı çox bahalı bir saat olub. Dənizə girməmişdən öncə, onu qumun altında basdırıblar ki, çimib çıxandan sonra götürsünlər. Basdırdıqları yeri də işarələyiblər, amma dənizdən çıxıb, bütün günü sahildə nə qədər axtarsalar da saatı tapa bilməyiblər. Polad hönkür-hönkür ağlayırmış ki,- “Atam məni öldürəcək. Mən necə saatsız evə qayıda bilərəm?”
 
 
Nəhayət, saatı tapıb evə qayıdıblar. Və həmin günü bu iki dost möhkəm danlanıblar...
Deyir ki,- “Gəncliyim çox maraqlı keçib. Çünki böyük insanlarla ünsiyyətdə olmaq böyük xoşbəxtlikdir. Mən ikinci konservatoriyanı faktiki olaraq Maestro Niyazinin evində qurtardım. Dünyanın bütün musiqiçiləri Niyazinin evinə qonaq gəlirdi və gecə saat 3-ə kimi söhbət edirdilər. Biz də onlara mühazirə kimi qulaq asırdıq. Bəli, böyük insanların həyatı böyük bir dərsdir. Məsələn, Bethoven 3-cü simfoniyasını Napoleona həsr etmişdi. Napoleona azadlıq gətirən insan kimi baxırdı. Amma o, özünü imperator elan edəndə Bethoven bu rəyini dəyişdi. Halbuki, Napoleon onu öldürə və ya həbs etdirə bilərdi. Amma Bethoven qorxmadı. Prinsip məsələsində belə insanlar çox gözəl bir nümunədir. Əqidəsini hər gün dəyişən insanları sevmirəm. Mən 30 il bundan qabaq dediyimi indi də təkrar etməyə hazıram...”
 
 
Sadə, səbirli və təmkinlidir. Əsəbi olanda özünü ələ almağı bacarır. Kiminsə üstünə qışqırmaq və ya təhqir etmək ona yaddır. Otuz bir ildir ki, Bakı Musiqi Akademiyasına rəhbərlik edir, fəqət indiyədək heç kimin xətrinə dəyməyib. Ana babası, milyonçu Tağı bəy Səfərəliyevdən misal çəkib,- “Uşaqlar, birinci növbədə faytonçu, aşpaz, ev xadiməsidir ki, onlara xüsusi bir hörmət bəsləyin. Salam verəndə çox böyük hörmət ilə alın. Çünki onlar kasıbdırlar, eyni zamanda sizə qulluq edirlər və ürəklərində nisgil ola bilər”- söyləyir. Bu böyük məktəbin varisi olduğundan qürur duyur...
 
 
Evdə- ailədə çox mülayim və qayğıkeşdir, elə də kaprizli adam deyil. Necə deyərlər, nə verirlər yeyir və hesab edir ki,- kişi onu yemirəm, bunu yemirəm deyib, xırda şeylərə fikir verməməlidir. Amma etiraf edir ki, evə bazarlıq etməyi xoşlamır...
 
 
O ki qaldı onun rəsmi tərcümeyi hallna, eləcə də xalq və dövlətimiz qarşısında xidmətlərinə, bu haqda bilə-bilə danışmadım ki, söhbətimiz uzun çəkməsin. Çünki layiq görüldüyü mükafatlar bu barədə çox söz deyir:- “Xalq artisti” fəxri adı, “Şöhrət” ordeni, “İstiqlal” ordeni, Fransanın “İncəsənət və Ədəbiyyat” ordeni və s. ödüllər bəs eləmirmi?
 
 
Bəli, dekabrın 27-si bəy oğlu bəyin, Fərhad Bədəlbəylinin 75 yaşı tamam olur. Onu bu münasibətlə ürəkdən təbrik edir, möhkəm can sağlığı arzulayıram.
Çox yaşasın!
 
 
Elman Eldaroğlu

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ölkəmizdəki canlı MİNALAR

Putin Vardanyanı dəstəkləmir

Səfirliyimizə hücum edən terrorçu Azərbaycana gətiriləcək?

Döş qəfəsində ağrı nədən xəbər verir?

İranda molla rejimi əleyhinə aksiyalar genişlənib

Şəhid Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn olundu

Riyaz Sarıkahya İlham Əliyevə başsağlığı verib

Füzuli Mərkəzi Parkının layihəsi Füzuli icması ilə müzakirə olunub

Gözəlliyin gətirdiyi risklər

Ağdam rayonunun Kosalar kəndi

Məsciddə kamikadze özünü partlatdı

Şəhid Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn olundu

QDF-yə ianə edən Vəkillər Kollegiyasının üzvlərinə ianə sertifikatları təqdim edilib

Erməniəsilli şəxslər Xankəndiyə aparılıb

İranın Azərbaycana tarixi münasibəti-Açıqlama