Türkün məğrur qalası – Türkməneli

00:14 27-01-2019 | icon 424 | Cəmiyyət
Türkün məğrur qalası – Türkməneli

 

Yorğun və qürürlu şəhərim Kərkük...

 

 

AĞANİSƏ SULTANOVA

Bakı – Kərkük – Bağdad – Kərbəla – Nəcəf - Erbil

 

II yazı

 

Bu gün Kərkükdə insanlar axşamlar öz ailələri, övladları, dostları ilə rahat dolaşa, mağazalara, ticarət mərkəzlərinə gedib istirahət edə bilirlər. Bir-iki il əvvəl isə bunu yalnız xəyal etmək olardı. Həm İŞİD hücumları, həm peşmərgə, həm də ayda bir neçə dəfə hansı qruplar tərəfindən törədildiyi belə məlum olmayan terror hadisələri. Bütün bunların da nəticəsində hərbçilərlə birlikdə sivil insanlar da həlak olurdular. Yerli əhalinin hər gün istifadə etdiyi yollara minalar basdırılırdı. Axşam saat 16:00-17:00-dan sonra insanlar evlərindən çölə çıxa bilmirdilər. Küçədən türkmənləri oğurlayırdılar, bəzilərinin sonrakı taleləri indiyə qədər məlum deyil.

 

Kənardan, yəni, başqa ölkələrin insanları tərəfindən tez-tez bir fikir səslənir: “Guya Səddam hakimiyyətindən sonra iraqlılar azadlıq əldə etdi, vəziyyətləri düzəldi, əksinə daha ağır şəraitlə üz-üzə qaldılar...” və s. Amma araşdıranda belə olmadığının fərqinə varırsan. Təbii ki, sözügedən məsələyə türkmən acısından yanaşıram. Hər şeyin gözəl və ürəkaçan olduğunu demək də sadəlövlükdən başqa bir şey olmazdı. Ən azından Səddam dövründə həbslərdə çürüyən, edam olunan, hüquqları ilə birlikdə malları, mülkləri  də əllərindən alınan türkmənlər 2003-cü ildən sonra da on minlərlə şəhid verdilər. İŞİD-in peyda olması türkmənlərə faciənin belə demək mümkünsə, başqa bir formasını yaşatdı.

 

İŞİD-in Mosulda başlayan “qələbəsini” Əmirlilər məglubiyyətə ugratmağı bacardılar

 

Yuxarıda qeyd etdiyim kimi, İŞİD Səddam Hüseyn hakimiyyətinin başqa bir forması idi. Səddam dövründə Türkmən bölgələri necə ərəbləşdirilib, kürdləşdirilib, adları dəyişdirilirdisə, yerli əhali pərən-pərən salınıb, edam edilirdisə, İŞİD də bu terrorun ayrı bir formasını həyata keçirirdi.

 

Yeri gəlmişkən, bir neçə il öncə dünya mətbuatında insanları hiddətləndirən rəsmlər gündəm olmuşdu. Qadınların ayaqlarının zəncirləndiyi həmin rəsmlərin alt yazısında qeyd olunurdu ki, İŞİD ələ keçirdiyi bölgələrdə qadın bazarı açıb, onları satır. Bu faktın nə qədər dogru olduğunu soruşuram. Təəssüf ki, faktı təsdiqləyirlər. Hələ də həmin qadınların çoxunun yaşayıb, yaşamadıgı belə məlum deyil.

 

Demək Bağdad – Kərkük yolunun üstündə yerləşən Məftiül, Əmirli, Süleymanbəyli və digər kəndlərə 2015-ci ilə qədər İŞİD nəzarət edib. Bağdaddan gələrkən o yolların üzərində çəkdiyim qısa videonu da təqdim edirəm. Qeyd edim ki, bölgələrin əhalisi tamamilə türkmənlərdən ibarətdir. Aylarla yeməksiz, susuz qalan insanların çoxu əsir götürülüb, edam edilib. Əmirli kəndinin əhalisinin qəhrəmanlığı isə bütün insanlığa örnəkdir. Son nəfərinə qədər İŞİD-in qarşısında dayanıblar, aylarla mühasirədə qalan kəndin sakinləri bir addım belə geri atmayıblar. Minlərlə şəhid versələr də, İŞİD-i kənarlaşdırmağı, mühasirəni yarmağı bacarıblar. İŞİD-in ilk böyük məğlubiyyəti də məhz Əmirlidə olub.

 

İŞİD-in İraqa girməsindən sonra...

 

Nə yazıq ki, İŞİD terror qruplaşmasının İraqa girməsindən sonra 100 mindən artıq insan öz tarixi torpaqlarından didəgin salındı, bu gün də onların çoxu qaçqın həyatı yaşayır. 10 mindən çox şəhid verən türkmənlər hər gün İŞİD terrorunun qurbanı olurdular. Bir saatdan sonra nə baş verəcəyi heç kimə məlum deyildi. Elektrik tamamilə kəsilmiş, insanlar su üzünə həsrət qalmışdı. Zatən, Kərkükdə Səddam dövründə də su ən böyük problem idi. Səddam Hüseynin xüsusi göstərişi ilə Kərkükdəki çayın yatağı dəyişdirilmiş, kürdlər və ərəblər yaşayan bölgələrə istiqamətləndirilmişdi.

Türkməneli torpaqlarının nə qədər bərəkətli olduğu hər kəsə məlumdur. Yeraltı zənginliklərinə gəlincə, İraqın üçüncü ən böyük petrol bölgəsi olsa da, yerli əhali heç vaxt onun zərrəcə xeyrini görməyib, əksinə, faciə gətirib. Təbii ki, Səddam türkmənlərə qarşı bütün bunları şüurlu şəkildə həyata keçirirdi. Hətta bir vaxtlar bölgə pambığı məşhur idi, fabriklər qurulmuşdu, tekstil inkişaf etsə də, türkmənlər yenə də bundan yararlanmamışdı.

İŞİD bölgəyə girəndə yerli əhalinin təmizləmə işləri apardığı, bərpa etməyə çalışdıgı çayda yenidən işlər durduruldu. Və hər şey əvvəlkindən daha çox, barbarcasına məhv edilməyə başladı.

 

İŞİD-in Təzə Hurmatlıya atdıgı kimyasal və mənşəyi bilinməyən xəstəliklər

 

İraq səfərim zamanı dəhşətə gəldiyim durumlardan biri Təzə Hurmatlıda yaşanırdı. İraqın bütün yollarında post patrul xidmətləri qurulub, pasport yoxlamaları çox ciddidir. Bu da təbiidir, çünki ölkədə təhlükə hələ də movcuddur. Ona görə də bir neçə kilometrdən bir ciddi yoxlamalar var. Sözügedən yola qəhrəman kommutan Zəki Muradlının rəhbərliyində igid Türkman əsgərləri nəzarət edirlər. Hansı ki, İŞİD-lə mücadilədə, onların məğlubiyyətə uğradılmasında Zəki Muradlı və onun əsgərlərinin xidmətləri misilsizdir. Yolboyu Yilmaz qardaşım deyir ki, 1-2 il əvvələ qədər bu yollar keçilməz idi. İŞİD bütün yolları minalamışdı, bölgəni xarabalığa çevirmişdi, belə demək mümkünsə, bütün yaşayış evlərinin, məktəblərin, obyektlərin külünü göyə sovurmuşdu, Hər yeri bombardman etmişdi.

Qarşımıza çıxan dağıdılmış evlərin yarımçıq divarları, hasarlar güllələrdən deşik-deşik olub. Bölgəyə girdikləri anda yerli əhalini güllələrdən keçiriblər, bəzilərini isə diri-diri edam edib, həftələrlə ayaqlarından asıblar. Bütün bu ağılasığmaz vəhşilikləri dinləmək çox ağırdır. Əsir götürdükləri insanlar arasında qadınlar da olub. Çoxunun taleyi bu gün də məlum deyil. Ən dəhşətlisi isə İŞİD Təzə Hurmatlı da kimyasaldan istifadə edib. Bunun nəticəsində bölgənin bütün əhalisi mənşəyi bilinməyən xəstəliklərə tutulub. İraq hökumətinin maddi imkanları məhdud olduğundan xəstə insanların bəziləri İrana, bəziləri də Türkiyəyə müalicəyə göndərilib. Amma dünyasını dəyişənlər də var. Bölgənin digər sakinləri də xəstəliyə yoluxur. Bİrləşmiş Millətlər Təşkilatından analizlər, təhlillər aparmaq üçün bölgəyə gəlmələri xahiş edilsə də, nəticə yoxdur. Təzə Hurmatlıdakı bu faciə əslində bütün insanlığın faciəsidir. Təəssüf ki, dünya burada yaşayan türkmənlərin faciəsini görməzdən gəlir.

 

Yolumuz qədim türkmən kəndi, İŞİD-in ən böyük zəbələri ilə qarşı-qarşıya qalan Beşiredir. Bu barədə üçüncü yazımda.

 

(Ardı var)

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

15 yaşında Şəhadətə yüksəlmiş Tiqanamız

QHT LAYİHƏYƏ START VERDİ

Müalicəsiz buraxılmış bu xəstəlik çox ağır fəsadlar verə bilər

DƏRD AĞACINDAN ASILI QALAN ŞƏHİD ARZULARI

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

Qan testi ilə ölüm tarixini öyrənmək mümkün olacaq

Jurnalistin qardaşının evi yenə qarət edildi

"Mərhum anidən dirildi, yoxsa diri-diri dəfn edəcəkdik" - MÜSAHİBƏ

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

"Bu gün sizlərin yarıtmaz siyasəti xalqı hər gün yeni qəzalar keçirməyə vadar edir"

23 avqust - Cəbrayıl və Füzuli rayonlarının işğal olunduğu gündür

"Bəzən buna görə jurnalistləri ittiham edirlər"

Yuxusuzluğun ölümcül təhlükəsi aşkarlanıb

Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb