2022-ci ildə tibb sahəsində insanlığa verilən yeni ümidlər

09:00 05-01-2023 | icon 268 | Sağlamlıq
2022-ci ildə tibb sahəsində insanlığa verilən yeni ümidlər

Geridə qoyduğumuz 2022-ci il elm və texnologiya sahəsində məhsuldar bir il oldu. Tibb sahəsində qazanılan uğurları isə xüsusilə ümidverici oldu. Onlardan bəzilərini sizə təqdim edirik.

 

İnsan onurğa beyni implantı - yenidən yerimək şansı

 

 

İsrailin Təl-Əviv Universitetinin tədqiqatçıları iflicin müalicəsi üçün dünyada ilk dəfə insan onurğa beyni implantları yaradıblar. Alimlər orqanizmi “aldadaraq”, implantın onurğa beyninin bir hissəsi olduğuna “inandırmağa” nail olublar.

 

Bildirilir ki, “Sagol” Regenerativ Biotexnologiya Mərkəzinin tədqiqatçıları materiallardan və insan hüceyrələrindən funksional insan onurğa beyni toxumalarını düzəldiblər. Sonra onu xroniki iflicin laboratoriya modellərinə implantasiya ediblər. Sınaqların 80%-də yerimə qabiliyyətini uğurla bərpa etmək mümkün olub.

 

DNT-dən yaradılan dünyanın ən kiçik antenası - daxili orqanların monitorinqi üçün 

 

 

Kanadalı alimlər DNT-dən dünyanın ən kiçik antenasını yaradıblar. Monreal Universitetinin məlumatına görə, qurğu siqnalları qəbul edib, ötürə bilir. Nanoantena zülallarda struktur dəyişikliklərinin monitorinqi və onların funksiyalarının müəyyən edilməsi üçün yeni üsula çevriləcək.

 

Alimlərin sözlərinə görə, nanotexnologiyanın yaradılması üçün material kimi DNT seçilməsinin səbəbi onun kimyasının nisbətən sadə, proqramlaşdırılmasının isə asan olmasıdır.

 

“Nəticələr o qədər maraqlıdır ki, biz artıq bu nanoantenanı kommersiyalaşdırmaq, həmçinin tədqiqatçıların və əczaçılıq sənayesinin əksəriyyətinə çatdırmaq üçün startap qurmaq üzərində işləyirik”, - deyə universitetdən bildirilib.

 

İflic insanlar düşüncə gücü ilə qadcetlərdən istifadə edə biləcəklər

 

 

İlon Maska məxsus “Neuralink” şirkəti iflic insanlar üçün yeni ümid üzərində işləyib. Belə ki, hərəkət imkanları məhdud insanların kompüter və telefonlardan əlin köməyi olmadan, sadəcə düşüncə gücü ilə istifadə etmələri üçün çip hazırlanıb.

 

“Düşünürük ki, ola bilsin, təxminən altı aydan sonra biz insana ilk çipi yerləşdirə biləcəyik”, - deyə Mask mətbuat konfransı zamanı bildirib.

 

Qeyd edək ki, heyvanlar üzərində sınaqlar uğurla nəticələnib.

 

 

Bununla bağlı yayımlanan kadrda beyninə xüsusi çip yerləşdirilmiş meymun əks olunub. O, əvvəlcə coystik, sonra isə beynindəki çip vasitəsilə (telepatik şəkildə) kompüterdə oyun oynayır (Bu zaman meymun kompüteri heç bir əlaqələndirici vasitə olmadan, öz fikirlərilə idarə edir.  

 

Donuz ürəyi insana transplantasiya edildi

 

 

Tarixdə ilk dəfə olaraq həkimlər geni dəyişdirilmiş donuz ürəyini insana transplantasiya ediblər. Tibdə bu sıçrayış genomu redaktə etmək üçün yeni texnologiyalar sayəsində mümkün olub. CRISPR texnikası donuz orqanizmində insan immun sistemi tərəfindən yad kimi qəbul edilməyən orqanların yetişdirilməsinə imkan verdi.

 

Təcrübəyə razılıq verən 57 yaşlı Devid Bennetin vəziyyəti adi ürək transplantasiyası üçün çox ağır olub (bu, orqanın rədd edilməsinə səbəb ola bilərdi), buna görə də, o, son çarə kimi eksperimental müalicə yolunu seçdi.

 

Ancaq təəssüf ki, iki ay sonra pasiyent ağırlaşmalar səbəbindən dünyasını dəyişdi. Bununla belə, elm adamları, həmçinin Bennetin ailəsi yeni texnologiya ilə bağlı nikbinliklərini bildiriblər.

 

“Ümidvarıq ki, bu hekayə ümidin sonu deyil, başlanğıcı olar”, - deyə Devidin oğlu bildirib.

 

Donor çatışmazlığına son - İlk dəfə insana süni qan hüceyrələri köçürüldü

 

 

Kembricdə RESTORE tədqiqatının bir hissəsi olaraq ilk dəfə insanlara süni şəkildə yetişdirilmiş qan köçürülüb. Sınaqlar uğurlu olarsa, bu, nadir qan qrupları və spesifik xəstəlikləri olan insanların daha effektiv müalicəsinə imkan verəcək.

 

Bundan əlavə, əgər süni hüceyrələr bədəndə daha uzun yaşaya bilərsə, o zaman mütəmadi olaraq yeni qana ehtiyacı olan xəstələrə tez-tez qan köçürülməsinə ehtiyac olmaya bilər. Bu isə həm də tez-tez köçürmələrə görə orqanizmdə artan dəmir yükü (hansı ki, ciddi fəsadlara səbəb olur) azaldacaq.

 

Yüksək texnologiyalı süni ürək

 

 

Avstraliya istehsalı olan birinci versiya artıq mövcuddur və “BiVACOR TAH” adlanır. O, xəstənin öz ürəyini tamamilə əvəz edə biləcək uzunmüddətli cihaz kimi hazırlanıb.

 

“BiVACOR TAH”ın xidmət müddəti 10 ildir, sonra onu dəyişmək lazımdır. Kiçik ölçüsü onu həm uşaqlara, həm də qadınlara implantasiya etməyə imkan verir.

 

Eyni zamanda, cihazın gücü idman zalına gedən gənc güclü oğlan üçün kifayətdir. Bundan əlavə, cihaz kifayət qədər avtonomdur, enerji doldurmadan 10 saat işləyə bilir.

 

Hazırda texnologiyanın invazivliyi və naqillərdən imtina barədə işlər gedir (Hazırda o, portativ avadanlıq kimi işləyir).

 

Bu ixtira xəstələrə azadlıq verəcək, onların xəstəliklə məhdudlaşan həyatları normala dönəcək. Bu pasiyentlər həm də ilk həqiqi kiborqlar sayılacaqlar.

 

Donuz dərisindən buynuz qişası – tam korluqdan əziyyət çəkənlər artıq görə biləcəklər

 

 

Donuz dərisinin kollagen zülalından insanın buynuz qişasını əvəz edə bilən implant hazırlanıb. Pilot tədqiqat zamanı implant qoyulmazdan əvvəl əksəriyyəti tamamilə kor olan 20 nəfərdə görmə bərpa edilib.

 

Nəticələr qismən və tam korluqdan əziyyət çəkənlərə ümid verir. Biomühəndislik üsulu ilə hazırlanmış implant, transplantasiya ehtiyacının ən çox olduğu ölkələrdə donor çatışmazlığında insan buynuz qişasının transplantasiyasına alternativ ola bilər.

 

...Və bonus

 

Dünyada altıncı kütləvi məhv olmanın qarşısını atmaq üçün kövrək addımlar

 

Dünyada ilk klonlaşdırılmış vəhşi qütb canavarı doğulub. Məlumatda bildirilir ki, donor hüceyrələr Kanadadan gətirilən vəhşi dişi qütb canavarının dəri nümunəsindən əldə edilib. Klonlama təxminən iki il çəkib. Mütəxəssislər hesab edirlər ki, dünyada bu addım biomüxtəlifliyin, həmçinin nadir və nəsli kəsilməkdə olan heyvanların qorunması üçün böyük əhəmiyyət kəsb edən klonlaşdırma texnologiyasının tətbiqində mühüm mərhələdir. Qeyd edək ki, alimlər 2050-ci ilə qədər Yer kürəsində canlıların altıncı kütləvi yoxa çıxmasının baş verə biləcəyi, hətta bəzi növlərin, demək olar ki, 40%-nin məhv olacağı barədə xəbərdarlıq ediblər.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Dövlət-vərtəndaş münasibətləri ZƏDƏLƏNİR

Deputatın SAXTA SEÇKİ ETİRAFI

Partiyaların 5000 üzv həyacanı - VİDEO

Deputat qurumları tənqid etdi

UNEC-də imtahan sessiyaları ləğv oluna bilər

Əhaliyə qriplə bağlı ÇAĞIRIŞ

Aygünün beş obrazı

Qarabağ xanı Mehdiqulu xana məxsus bayrağın sapı bərpadan sonra

 Siyasilər aksiyaya qatılmalıdırlarmı?

“Azərbaycan rəsmi İrandan dəqiq, aydın, məntiqli izahat tələb edir”

Heydər Əliyevin 100 illiyi ilə bağlı əfv sərəncamı İMZALANACAQ

Qarabağ xanına məxsus bayraq bərpa olunub

Azərbaycana gələn əcnəbilərin viza alması üçün PORTAL

Daşaltı əməliyyatının 31-ci ili

Məhkəmədə etiraf