“Balam morqda, soyuducuda idi, üzünü açıb göstərdilər, güllə ürəyini deşmişdi....”

15:56 06-01-2023 | icon 551 | Şəhidlər və şahidlər
“Balam morqda, soyuducuda idi, üzünü açıb göstərdilər, güllə ürəyini deşmişdi....”

Doğum və ölüm arasındakı ömür adlı 23 illik bir məsafə və Yusifin qəhrəmanlıq hekayəsi....

 

Həyatda ən böyük haqsızlıqlarla, çətinliklərlə qarşılaşan, bu dünyada tək ümidi, yaşam səbəbi, xoşbəxtliyi oğlu olan ana.... Ona görə nələrə sinə gərməmişdi  ki... Kiçik, dar bir otaqda kirayələrdə yaşayıb, övladının varlığı  üçün  yalnız şükür etmişdi.... Yaraşıqlı, boylu-buxunlu, ağıllı, tərbiyəli oğlu böyüdükcə xəstə atasına, anasına qol-qanad gəlmişdi.... Amma....

 

Yeni ilin ilk günü daha bir şəhid ailəsinə üz tutdum. Tənha yaşayan, yeganə oğlunu torpaqlarımızın azadlığı uğruna qurban verən dərdli, həm də güclü, ayaqda duran Lətafət xanımın yaşadığı evin qapısını döydüm....

 

Bu evdə saçlarından, gözlərindən kədər  yağan bir ana, bir də divarlardan, otağın hər  yerindən boylanan fotalar  var.... Vəssalam.... 23 yaşlı qəhrəman şəhidimiz Yusif Budaqovun fotoları....

 

Vaxtilə İçərişəhərdə öz evləri olan, kiçik bir ailə yaşayırdı. Zəngin deyildilər, amma üçü birlikdə çox xoşbəxt  idilər. Yusifin dünyaya gəlişi isə onların xoşbəxtliyinin ən böyük səbəbi idi. Övladlarının ilk gülümsəməsi, diş çıxarması, iməkləməsi, ayaq üstə dayanıb, addım atması, dil açması, ata, ana deməsi.... Artıq Lətafət xanımın və atası Ramiqin Yusif adlı bapbalaca, şirin bir dünyaları vardı....

 

1997-ci il oktyabrın 11-də Bakıda dünyaya göz açmışadı Yusif.... Gəlişi ilə bir ailəni, doğmalarını, qohumlarını sevindirmişdi.... O vaxt heç kimin ağlına gəlməzdi ki,Yusifin taleyinə oktyabr doğum və şəhidlik ayı kimi yazılıb.... Doğum və ölüm arasındakı ömür adlı 23 illik bir məsafə....

 

2003-cü ildə 132 saylı orta məktəbin birinci sinfinə gedir. Məktəbdə də, yaşadığı məhlədə də Yusif  hər zaman sevilən uşaqlar sırasında idi. Lətafət xanım oğlunun çox mehriban, istiqanlı olduğunu deyir:

 

“Evin yeganə övladı olduğu üçün onu ərköyün böyütmüşdük. Demək olar ki, günün 24 saatı gözümüz Yusifin üzərində idi. Yatanda belə gecə qalxıb, neçə dəfə seyr edirdim. Atası da, mən də üstündə titrəyirdik. Hər şeyin ən yaxşısını ona geyindirməyə, yedirtməyə çalışırdıq. Amma Yusif heç vaxt bu ərköyünlükdən, diqqətdən sui-istifadə etməzdi. Mehriban,  ağıllı, tərbiyəli,xeyirxah idi. Müəllimləri, sinif yoldaşları onu çox sevirdilər. Kollecdə oxuyanda, hərbi xidmətdə olanda, işləyəndə də hamının hörmətini qazanmışdı balam....”.

 

Yusifin 23 illik həyatını əks etdirən fotolara baxıram.... Bütün şəkillərdə o qədər səliqəli geyinib ki.... Birinci sinif fotolarında kostyum, ağ köynək, qalstuku ilə hamıdan seçilir. Lətafət xanım oğlunun səliqəli olduğunu bildirib, geyiminə xüsusi diqqət ayırdığını deyir:

 

“Uşaqlıqdan özünə fikir verirdi. Mənim balam təmizkar idi.... Davranışı, tərbiyəsi ilə qürur duyurdum. Böyüklə böyük, kiçiklə kiçik kimi davranardı Yusifim. İdmanla məşğul olurdu. Gözümün işığı oğlum....”.

Lətafət xanımın sözlərinə görə, həyat yoldaşı Ramiq onkoloji xəstəlikdən əziyyət çəkirdi. Onun əməliyyatı və müalicəsi üçün bankların birindən kredit götürürlər:

 

“Bir müddət ödəniş edə bilmədik, bank İçərişəhərdə yerləşən evimizi müsadirə etdi. O gündən kirayələrdə yaşadıq, çətin idi, amma Yusifimizlə hər şeyin öhdəsindən gəlirdik. Atası da, mən də yeganə övladımız üçün yaşayırdıq. Yusif sevgi dolu idi, çünki uşaqlıqdan onu sevgi ilə böyütmüşdük....”

 

Ailə 25 il idi ki, İçərişəhərdə yaşayırdı. Həm ora öyrəşmişdiər, həm də çox yaxın, bir ailə kimi olduqları qonşularından ayrılmaq istəmirdilər. Odur ki, elə bankın müsadirə etdiyi evlərinin yaxınlığında kiçik bir mənzildə kirayə qalırlar. Lətafət xanım deməsə də, təbii ki, illərlə, min bir zəhmətlə, dişi, dırnağı ilə qurduğu evinə uzaqdan baxmaq onlar üçün çətin idi....

Yusif 2014-cü ildə orta məktəbi bitirib, bir il sonra hərbi xidmətə yollanır. Əsgərlikdə snayper atışına yiyələnir. Aprel döyüşlərində iştirak edir.

 

Hərbi xidmətdən qayıtdıqdan sonra kollecdə dizayn üzrə təhsil alır.Təhsilini başa vurub, mərkəzi klinikada işləməyə başlayır. Atasına, anasına hər şeyin yaxşı olacağını, yenidən ev də alacaqlarını deyib, ürək-dirək verirdi. Qısa bir zamanda klinikada da işinə məsuliyyəti, davranışı ilə hörmət qazanmışdı. Lətafət xanım oğlunun əmək haqqı aldığı gün çox sevindiyini deyir:

 

“Maaşını gətirib qəpiyinə qədər mənə verirdi. Saçını düzəltdirmək, hansısa bir ehtiyacı üçün pul lazım olanda da üstündən götürüb verirdim. Yusifin bir dəfə nə bizimlə, nə də başqaları ilə hündürdən danışdığını eşitmədim. Məni, ya da atasını fikirli görən kimi, zarafat edirdi, üzümüzü güldürürdü. Çox bağlı idi bizə....”.

 

Lətafət xanımgildə olarkən, Yusifin dostu ilə telefonda olan səs yazısına qulaq asıram:

 

“Müharibəyə kim getmlidir ki, biz getməliyik, torpaqları  işğaldan biz azad etməliyik. Vətəni oğullar qorumalıdır, qaçıb gizlənənlər, qorxaqlar bizdən deyil. Buna görə sevinirəm. Narahatlığım isə anama görədir. Təkdir, onun fikir etməsini, məndən ötrü nigaran qalmasını istəmirəm. Hər gün anama zəng edəcəyəm....”

 

Sentyabrın ortasında Yusifə hərbi təlimlər üçün bildiriş gəlir. Bir neçə gün əvvəl özünə təzə köynək, şalvar və ayaqqabı almışdı. Geyinib, keçinib çağırış məntəqəsinə gedir, oradan da Pirəkəşkülə yola salırlar....

 

Yusif aprel döyüşlərində iştirak etdiyi üçün qürur duyurdu. Ailəsinə, dostlarına düşmənin qorxaqlığından danışır  və həmişə deyirdi ki, əgər müharibə olsa, bir aya torpaqlarımızı düşməndən azad edəcəyik....

 

Lətafət xanım oğlu təlimə yollananda, müharibənin olacağını ağlına gətirmədiyini deyir:

 

“Hər gün mənə zəng edirdi. Pirəkəşküldə onlara yaxşı baxıldığını, hər şey ilə təmin olunduqlarını, təlimlərin də uğurla getdiyini bildirirdi. Ürəyimdə deyirdim, görəsən, Yusif bu gün nə yedi, rahat  yatdımı, təlim nə vaxt başa  çatacaq?..... Bilmirəm, bəlkə də orada olanda artıq müharibənin başlayacağını bilirdi, amma məndən gizlədirdi. Yalnız sentyabrın 27-si zəng etdi “biz müharibəyə gedirik, ana, tək səndən narahatam. Xahiş edirəm, özündən muğayat ol, sən yaxşı ol ki, mən də yaxşı olum....” dedi. Haradan biləydim ki, balam təlimdən birbaşa müharibəyə yollanacaq....”.

 

Yusif Füzuli, Cəbrayıl, Xocavənd uğrunda gedən qanlı döyüşlərdə iştirak edir. Oktyabrın 11-də, 23 yaşını da odun, alovun içərisində, döyüş yoldaşları birlikdə qarşılayır.... İmkan olan kimi, anasına zəng edir,  düşmənin qorxaqlığından, torpaqları bir-bir azad etdiklərindən, tezliklə qələbə ilə geri dönəcəklərindən danışırdı.... Ölüm-qalım savaşında da anasını fikirləşirdi. Yaxın dostu Məhəmmədə göndərdiyi səs yazısında “qardaş, burda da  anamı düşünürəm. Atamdan sonra bldirməsə də, çox fikir edir, xəstədir, başında ağrılar olur. Tək, kirayələrdə qalıb, onun üçün çox çətindir....” deyir....

 

Lətafət  xanım isə gecə-gündüz  oğlu və müharibədə olanbütün oğullar üçün dua edirdi. Yuxusu ərşə çəkilmişdi. Ən son Yusifi ilə oktyabrın 21-i danışır. Yenə də anasına özündən muğayat olmasını tapşırır, müharibənin başa çatmasına az qaldığını deyir.... Ana ilə balanın son danışığı.... Lətafət xanım üstündə əsdiyi, “həyatım, ömrüm, canım” dediyi oğlunun səsini son dəfə eşidirdi, nəfəsini duyurdu.... Son vida zəngi....

 

O gündən ayın sonuna qədər ananın gözü telefonda, qulağı səsdə olsa da, Yusifdən xəbər yox idi.... Oktyabrın 30-u Səbael rayon polis idarəsinin nümayədələri ilə Füzuliyə üz tutur.... İçində bir ümid var idi, Lətafət xanımın... Düşünürdü ki, əgər balası şəhid olsaydı, bu qara xəbəri ondan gizlətməzdilər:

 

“Öz-özümə dedim ki, yəqin Yusifim yaralıdır, gedib görəcəyəm ki, hospitaldadır, sağdır.... Balamın yaralarını sarıyacam, öpüb, oxşayacam, birlikdə Bakıya qayıdacağıq.... Ora çatıb, adını, soyadını söylədik, bir nəfər hərbi geyimli şəxs qarşısındakı dəftəri açıb, elə həmin an “Yusif Budaqov şəhid olub” dedi.... Balam morqda, soyuducuda  idi, üzünü açıb göstərdilər, güllə ürəyini deşmişdi....”

 

Elə orada Lətafət xanım özündən gedir, halı pisləşir, Bakıya qayıdırlar.... Həmin gün balasını gətirə bilmir....

 

Axı ananın Yusifi ilə bağlı bitib, tükənməyən arzuları vardı.... Oğluna elçi getmək, nişan aparmaq, toy etmək istəyirdi.... Neçə dəfə bu barədə onunla danışmışdı. İşlədiyi kilinikada gözəl, gənc qızlar çalışırdı. Ana “ay bala, bütün günü bir yerdəsiniz. o qızlardan birini seç, sev, özünə də bildir, əgər sevginiz qarşılıqlı olsa, ailə qurun. Onsuz da, bütün günün işdə keçir. İstəyirəm ki, səndən arxayın olum. Dünya gözü ilə ağıllı balamın mürvətini görüm” deyirdi.... Yusif isə anasının sözlərinə gülüb, ona sarılıb, öpüb “ana, düz otuz yaşımda evlənəcəyəm” cavabını verirdi....

 

Lətafət  xanım Yusifin şəkillərinə baxıb, “elə bil balamın ürəyinə dammışdı, bilirdi ki, otuz yaşa gəlib çatmayacaq.... Ailə qurub, kiminsə qızının da qəlbini sınıq, xoşbəxtliyini yarıda qoyub getmək istəmirdi....” deyir....

 

Ürəyi bala dağlı ana ayın 31-də yenidən Füzuliyə üz tutur.... Yusifini, yaraşıqlı oğlunu gətirməyə gedirdi.... Bir ildə həm həyat yoldaşını, həm də bu dünyadakı tək sığınacağını itirən ana son gücünü toplayıb, balası ilə son dəfə yol gələcəkdi.... Füzulidən Bakıya....

 

Yusif Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Oktyabrın 31-də Badamdar qəbristanlığında uğrunda canından keçdiyi, son nəfəsini verdiyi torpağa tapşırılıb....

Prezident İlham Əliyevin sərəncamı ilə Yusif Budaqov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına” və "Füzulinin azad olunmasına” görə medalları ilə təltif edilib.

 

 Lətafət xanımın kirayə qaldığı, darısqal evinə gəlib, gedənlərin sayı-hesabı yox idi....

 

Cəmi 23 yaşında ölümü ilə əbədi yaşamaq haqqı qazanıb, minillik bir yol qət etdi, tarix yazdı Yusif.... Zəfər və qəhrəmanlıq tarixi.... Həm də bu millətin, bu xalqın tarixi.... Ən böyük arzusu işləyib, pul yığıb, ev almaq idi.... Anası öz evində rahat yaşasın deyə....

 

Yusif şəhid olduqdan bir müddət sonra jurnalistlər binasında evi olan jurnalistlərdən biri mənzilini Lətafət xanıma bağışlayıb.

İndi həmin evdə yeganə övladının divarları bəzəyən fotoları, 23 illik xatirələri ilə birlikdə yaşayır ana....

 

Ən böyük istəyi isə bir daha müharibənin olmamasıdır:

 

“Özüm də daxil olmaqla bütün şəhid analarına səbr diləyirəm. ALLAH ordumuzu, xalqımızı var eləsin, düşmənə fürsət verməsin. Bundan sonra oğullarımız qurban getməsin, analar gözü yaşlı qalmasın”.

 

23 illik ömrünə iki müharibə sığışdıran Yusif kimi qəhrəman oğullarımız olduqca, bu vətən həmişə ayaqda duracaq. Ölümləri ilə Vətən olan Oğullar....

 

 

 

 

 

 

Ağanisə Əliqaraqızı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İran cəsusları və onların himayədarları

ALDP başqa partiya ilə birləşmək istəmir

LİMFA DÜYÜNLƏRİ haqqında bilmədiklərimiz

Türkiyənin məşhurları “Prestij meselesi”ndə 

Gözlənilən əfvdə kimlər amnistiyaya düşəcəklər?

Kütləvi təqaüdə qeydiyyat başlandı

"Ya maliyyə alır, ya da onun ideoloji təsirinə düşüb”

“Qırmızı çizgiləri aşan İran oldu” - MÜSAHİBƏ

Qara, uzun saçlar - Elçin vəsf etdi

“Media Reystrinin bu prosesi tənzimləməsi mümkün deyil"

Dövlət qulluğunda çalışan gənclərin sayı ARTIRILACAQ

Siyəzən polisindən ƏMƏLİYYAT

"Qərbi Azərbaycana qayıdacağıq" - MÜSAHİBƏ

Bakının mövqeyi, tələbləri dəyişməyib

Tələbəmiz “Linux” əməliyyat sistemində iki kritik xəta aşkarlayıb