Dörd mühüm layihə: Antiterror əməliyyatının vaxtı, Zəngəzur dəhlizi və...

13:37 11-01-2023 | icon 236 | Siyasət
Dörd mühüm layihə: Antiterror əməliyyatının vaxtı, Zəngəzur dəhlizi və...

Turan Rzayev: "Rəsmi Bakı bu istəyindən geri bir addım atmayacaq"

 

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verdi. Ölkə başçısı ənənəsinə sadiq qalaraq bu dəfə də bir çox aktual mövzuya toxundu. Bu mənada müsahibə kifayət qədər diqqət çəkdi. Laçın-Xankəndi yolundakı aksiyaya münasibət Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası otuz bir gündür davam edir. Ölkə başçısı Prezident İlham Əliyev də yerli televiziya kanallarına müsahibəsi zamanı bu məsələyə toxunub.

 

Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən politoloq Turan Rzayev vurğulayıb ki, erməni tərəfi az qala hər vəchlə rəsmi Bakını erməniləri blokadada saxlamaqla ittiham edir. Halbuki Prezidentin dediyi kimi, “orada blokadadan söhbət gedə bilməz. Sülhməramlıların dörd yüzə yaxın yük avtomobili oradan keçib”:

 

"Prezidentin açıq şəkildə “Sülhməramlıların dörd yüzə yaxın yük avtomobili oradan keçib” deməsi ondan xəbər verir ki, o, həm Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasından, həm də sülhməramlıların fəaliyyətindən detallı şəkildə məlumatlıdır. Bunu təsdiq edən digər məqam isə Prezidentin “Əlbəttə ki, oradan keçən, hətta bu aksiyaya qədər keçən bütün nəqliyyat vasitələri nəzarət altında idi. Biz haradan öyrəndik ki, İran maşınları oraya yanacaq aparır?” sözləridir. Aydın məsələdir ki, Azərbaycanın məqsədi erməniləri blokadaya salmaq, ya da ərazidən qaçırtmaq deyil. Əksinə, Prezident Əliyev az qala hər çıxışında qeyd edir ki, ermənilər Azərbaycan qanunlarına tabe olub yaşamaq istəsələr, qala bilərlər. Ölkə başçısı qeyd edir ki, “Monitorinq, təftiş, qanunsuz istismarın dayandırılması tələb edilir və biz buna nail olacağıq. Ona görə Laçın-Xankəndi yolunda baş verən hadisələrə blokada demək, sadəcə olaraq, insafsızlıqdır”.

Prezidentin Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası baradə dediklərindən belə bir nəticəyə gəlmək olar ki, Azərbaycanın tələbləri yerinə yetirilməyənədək Laçın yolundakı aksiya davam edəcək. Aksiyanın dayandırılması məqsədilə Bakıya edilən istənilən təzyiq də heç bir nəticə verməyəcək. Yəni proses uzunmüddətli ola bilər. Sərhəd bizim lazım bildiyimiz yerdən keçəcək! Prezidentin müsahibəsində diqqətçəkən bir digər məqam da onun, “Lakin bu, masa üzərində bir müddət olacaq. Sonra, necə deyərlər, xüsusi fəallıq göstərməyəcəyik. İstəmirlər – heç lazım da deyil. Delimitasiyanı istəmirlər – heç lazım da deyil. Deməli, sərhəd bizim lazım bildiyimiz yerdən keçəcək” sözləri oldu".

 

Politoloqun sözlərinə förə, ölkə başçısı açıq şəkildə Ermənistana xəbərdarlıq edir ki, biz danışıqlar prosesini, habelə sərhədlərin delimitasiya və demarkasiya prosesinin həlli istiqamətində danışıqları növbəti 27 il aparmayacağıq. Proses bir müddət davam edəcək və nəticəsiz olacağı təqdirdə rəsmi Bakı konsensus variantından imtina edəcək: 

 

"Prinsip etibarilə Azərbaycanın əlində regionun siyasi-etnik, hətta dini vəziyyətini əks etdirən tarixi xəritələr, arxiv materialları var. Bunu Prezidentin “Sərhəd delimitasiya edilməyib, bəs kim deyir ki, sərhəd buradan deyil, oradan keçir. Mən hesab edirəm ki, buradan keçir. Mənim bunu demək üçün əsaslarım var – tarixi, kartoqrafik əsaslar” sözləri də təsdiqləyir.

Prezidentin sözlərindən həm də bu nəticəyə gəlmək olar ki, sərhədlərin delimitasiya və demarkasiya prosesi, habelə, yekun sülh müqaviləsi istiqamətində rəsmi İrəvan konstruktiv addımlar atmasa, Bakı hərbi əməliyyatlar variantına əl atacaq. Yeri gəlmişkən, Prezident müsahibə əsnasında bunun da anonsunu verdi: “Bizim komando qüvvələrimiz artıq tam formalaşıb, çox böyük qüvvəyə çevrilib və bu proses davam etdirilir. Yeni komando qüvvələri yaradılacaq. Onların sayı daha da artacaq”. Ölkə başçısının bu sözlərindən məlum olur ki, Azərbaycan ehtimal gərginlik ssenarisinə hazırlaşır. Bu da təbiidir. Prezidentin “Sərhəd Xidmətinin xüsusi təyinatlılarının sayı artırılıb, Daxili Qoşunların, Dövlət Təhlükəsizlik Xidmətinin, Xarici Kəşfiyyat Xidmətinin xüsusi təyinatlıları, dəstələri, qrupları yaradılıb” sözləri isə onu deməyə əsas verir ki, bu dəfəki gərginlik daha genişmiqyaslı ola bilər. Prezidentin dediklərindən belə bir nəticəyə gəlmək olar ki, 2024-cü ilə qədər Ermənistan tərəfi sülh müqaviləsi imzalamasa 2025-ci ildə regionda yeni gərginlik yarana bilər. Söhbət Rusiyanın sülhməramlılarının missiyasının bitməsi, Bakının vaxtı uzatmaması və təbii ki, Xankəndidə keçiriləcək antiterror əməliyyatından gedir. Zəngəzur dəhlizi və Transxəzər layihəsi Prezidentin müsahibəsində diqqətçəkən başqa məqam da onun iki geosiyasi layihə haqda danışması oldu. Söhbət Zəngəzur dəhlizi və Transxəzər layihəsindən gedir.

Dövlət başçısı deyib ki, “Zəngəzur Dəhlizi layihəsi bizim üçün təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, strateji bir layihədir. Düzdür, orada “Zəngəzur dəhlizi” sözü yoxdur. Çünki “Zəngəzur dəhlizi” terminini mən ondan sonra, necə deyərlər, geosiyasi leksikona daxil etdim. Ancaq orada açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir”. Bu açıqlamadan belə aydın olur ki, Zəngəzur dəhlizi bütün hallarda açılacaq və rəsmi Bakı bu istəyindən geri bir addım atmayacaq".

 

Transxəzər layihəsinə gəlincə, T.Rzayev təəssüflə vurğuladı ki, Prezident bu barədə heç də nikbin mövqe bildirmədi:

 

"Başda Türkmənistan olmaqla, Mərkəzi Asiya ölkələrinin mavi qazının Avropa bazarlarına çıxarılması üçün nəzərdə tutulan Transxəzər layihəsinin icrası hələlik mümkün deyil. Prezident hər nə qədər burada əsas problemin maliyyə qaynaqlarının tapılması ilə bağlı olduğunu desə də, aydın məsələdir ki, o, geosiyasi risklərin mövcudluğuna da işarə edir".

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İran cəsusları və onların himayədarları

ALDP başqa partiya ilə birləşmək istəmir

LİMFA DÜYÜNLƏRİ haqqında bilmədiklərimiz

Türkiyənin məşhurları “Prestij meselesi”ndə 

Gözlənilən əfvdə kimlər amnistiyaya düşəcəklər?

Kütləvi təqaüdə qeydiyyat başlandı

"Ya maliyyə alır, ya da onun ideoloji təsirinə düşüb”

“Qırmızı çizgiləri aşan İran oldu” - MÜSAHİBƏ

Qara, uzun saçlar - Elçin vəsf etdi

“Media Reystrinin bu prosesi tənzimləməsi mümkün deyil"

Dövlət qulluğunda çalışan gənclərin sayı ARTIRILACAQ

Siyəzən polisindən ƏMƏLİYYAT

"Qərbi Azərbaycana qayıdacağıq" - MÜSAHİBƏ

Bakının mövqeyi, tələbləri dəyişməyib

Tələbəmiz “Linux” əməliyyat sistemində iki kritik xəta aşkarlayıb