Qarabağda çalışan fiziki və hüquqi şəxslərlə bağlı YENİLİK

13:51 11-01-2023 | icon 269 | İqtisadiyyat
Qarabağda çalışan fiziki və hüquqi şəxslərlə bağlı YENİLİK

Sosial sığorta haqlarını 100 faiz geri alacaqlar

 

İşğaldan azad edilmiş ərazilərdə istər iqtisadi, istərsə də insan resurslarının səmərəli idarə edilməsi, müasir bilik və bacarıqlara malik mütəxəssislərin işə cəlb olunması məqsədilə bir sıra qanunvericilik aktlarına dəyişikliklər edilib.

 

Artıq həmin ərazilərdə fəaliyyət göstərən sahibkarlar ödədikləri məcburi dövlət sosial sığorta haqlarını dövlət büdcəsi hesabına subsidiya vasitəsilə geri ala biləcəklər. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin idarə rəisi Nigar Vahabzadə yeni qaydaların tətbiqi və əhatə dairəsi barədə sualları cavablandırıb.

 

- Əvvəlcə qanunvericilik aktlarına dəyişikliklər, onların əhatə dairəsi barədə məlumat verməyinizi xahiş edirik.

- Dövlət başçısı “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 2021-ci il 10 dekabr tarixli 3037 nömrəli Sərəncam imzalayıb. Sərəncamın icrası ilə bağlı “Sosial sığorta haqqında”, “Dövlət rüsumu haqqında” və “Sosial müavinətlər haqqında” qanunlarda, Miqrasiya Məcəlləsində və Əmək Məcəlləsində dəyişikliklər edilib. Burada əsas məqsəd işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şəraitin yaradılması, sığortaedənlərin xərclərinin minimum səviyyəyə endirilməsi, müasir bilik və bacarıqlara malik mütəxəssislərin həmin ərazilərə cəlb olunmasıdır.

 

“Sosial sığorta haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən, rüb ərzində sığortaedənin vəsaiti hesabına muzdlu işdən gəlir əldə edən sığortaolunanların xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının məbləği 10 il müddətində dövlət büdcəsindən:

 

2023-cü il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək – 100 faiz;
2026-cı il yanvarın 1-dən 2029-cu il yanvarın 1-dək – 80 faiz;
2029-cu il yanvarın 1-dən 2031-ci il yanvarın 1-dək – 60 faiz;
2031-ci il yanvarın 1-dən 2033-cü il yanvarın 1-dək – 40 faiz miqdarında subsidiyalaşdırılacaq.

 

Muzdlu işçisi olan sahibkarlarla yanaşı, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin özlərinə görə ödədikləri məcburi dövlət sosial sığorta haqlarının 100 faizi miqdarında subsidiyalaşdırılması nəzərdə tutulur. Həmçinin “Sosial sığorta haqqında” Qanunun 14.5.1-1-ci maddəsində qeyd edilən fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” və “Fərqlənmə nişanı” alınarkən ödənilmiş məcburi dövlət sosial sığorta haqqı 10 il müddətinə 100 faiz subsidiyalaşdırılacaq.

 

Ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının dövlət büdcəsindən subsidiyalaşdırılması dövlət və neft-qaz, həmçinin qeyri-dövlət sektorunda maliyyə və avtonəqliyyat vasitələri ilə yükdaşıma sahələrində fəaliyyət göstərən, eləcə də dövlət büdcəsinin vəsaiti hesabına malları (işləri və xidmətləri) təqdim edən podratçılara şamil edilməyəcək.

 

- Bəs həmin subsidiyaların verilmə qaydası və şərtləri necə müəyyənləşdirilib?

- Hazırda subsidiyaların verilmə qaydaları hazırlanır. Subsidiya “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinin ikinci hissəsinin üçüncü abzasında nəzərdə tutulan hesabatın təqdimedilmə dövrü bitdiyi tarixdən, habelə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” və “Fərqlənmə nişanı” əldə etməklə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) fəaliyyət göstərən fiziki şəxslər üzrə rüb başa çatdıqdan sonra 30 gün müddətində dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək.

 

Subsidiyanın qaytarılması üçün sahibkarlar ərizə ilə müraciət etməlidirlər. Qaydaların layihəsinə görə, subsidiyanın verilməsi məqsədilə sığortaedənin ərizəsində qeyd edilmiş məlumatlara əsasən işçilərin əmək müqaviləsi bildirişində faktiki iş yerinin Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində olmasının və həmin rüb üzrə təqdim edilmiş bəyannamə məlumatlarında işçilərin məlumatlarının əks olunub-olunmaması yoxlanılacaq. Yekunda subsidiya məbləği sığortaedənin müraciətində qeyd etdiyi bank hesablarına köçürüləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Dövlət-vərtəndaş münasibətləri ZƏDƏLƏNİR

Deputatın SAXTA SEÇKİ ETİRAFI

Partiyaların 5000 üzv həyacanı - VİDEO

Deputat qurumları tənqid etdi

UNEC-də imtahan sessiyaları ləğv oluna bilər

Əhaliyə qriplə bağlı ÇAĞIRIŞ

Qarabağ xanı Mehdiqulu xana məxsus bayrağın sapı bərpadan sonra

Aygünün beş obrazı

“Azərbaycan rəsmi İrandan dəqiq, aydın, məntiqli izahat tələb edir”

 Siyasilər aksiyaya qatılmalıdırlarmı?

Heydər Əliyevin 100 illiyi ilə bağlı əfv sərəncamı İMZALANACAQ

Qarabağ xanına məxsus bayraq bərpa olunub

Azərbaycana gələn əcnəbilərin viza alması üçün PORTAL

Daşaltı əməliyyatının 31-ci ili

Məhkəmədə etiraf