Gecikmiş, lakin ZƏRURİ ADDIM

12:53 16-01-2023 | icon 320 | Siyasət
Gecikmiş, lakin ZƏRURİ ADDIM

"Qərbi Azərbaycana qayıdış siyasəti davam etməli, uğurla nəticələnməlidir"

 

1989-cu ildən fəlaiyyət göstərən Azərbaycan Qaçqınlar Cəmiyyətinin balansında yaradılmış Qərbi Azərbaycan İcması son günlər aktiv fəaliyyətə keçib. Yanvarın 12-də İcmanın Ermənistan hökumətinə və beynəlxalq təşkilatlara etdiyi müraciət də bunu deməyə əsas verir.

 

Təbii ki, İcmanın Azərbaycan hökuməti tərəfindən dəstəkləndiyi də şübhə doğurmur. Dekabrın 24-də prezident İlham Əliyevin İcma üzvləri ilə görüşündə bu dəstək tam açıqlığı ilə hiss olunurdu. Yeri gəlmişkən, son vaxtlar Qərbi Azərbaycan və qərbi azərbaycanlılar ifadələri prezident və hakimiyyət nümayəndələrinin leksikonundan tez-tez eşidilir. Məsələn, prezident İlham Əliyevin yerli televiziya kanalarına verdiyi son müsahibədə də bu məsələyə toxunulub. Prezident deyib ki, “Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıtmalıdırlar, bu, onların hüququdur, bütün beynəlxalq konvensiyalar bu hüququ onlar üçün tanıyır. Biz də Azərbaycan dövləti olaraq əlimizdən gələni etməliyik ki, bu hüququ təmin edək. Yenə də mən orada da İcmanın nümayəndələri ilə görüş zamanı demişdim ki, biz bunu sülh yolu ilə etmək istəyirik və əminəm ki, buna nail olacağıq. Çünki bu gün bizim məkanda, ümumiyyətlə, Avrasiya məkanında monodövlətlər yoxdur və Ermənistan üçün də yaxşı olar ki, necə deyərlər, bu monodövlət damğasını öz üzərindən götürsün. Bunun ən yaxşı və ən ədalətli yolu Qərbi azərbaycanlıların öz doğma torpaqlarına qayıtmalarıdır.”

 

Bu siyasətin indi gündəmə gətirilməsi xeyli maraq və suallar doğurur. Bütün bu suallarla bağlı əslən Qərbi Azərbaycandan olan tədqiqatçı alim Yasəmən Qaraqoyunlu ASTNA-ya danışıb.

 

- Yasəmən xanım, bildiyiniz kimi, 1989-cu ildə yaradılan Azərbaycan Qaçqınlar Cəmiyyəti ötən ilin avqustunda adını dəyişərək Qərbi Azərbaycan İcması adlandırıldı. Eyni zamanda bu yaxınlarda hətta dövlət tərəfindən İnzibati bina ilə  təmin edildi. Burdan belə nəticəyə gəlmək olar ki,  Qərbi Azərbaycan və qərbi azərbaycanlılar məsələsi dövlət səviyyəsində yürüdülən siyasətə çevrilib. Sizcə, bu siyasətə indi başlamaq gec deyilmi? Və ya bu siyasət bu formada yerinə yetirilməli idimi?

 

- Qərbi Azərbaycan icmasının 1989-cu ildə yaradılan Azərbaycan Qaçqınlar cəmiyyətinin bazasında yaradılması kökündən yanlışdır. Azərbaycan Qaçqınlar Cəmiyyətinin fəaliyyəti qeyri-qənaətbəxşdir. Çünki qərbi azərbaycanlıların arxivini yox edib, arxiv hardadır heç bir məlumat yoxdur. 1988-ci ildə Azərbaycana sürgün olunmuş, qaçmış Ermənistan vətəndaşı olan türklərin pasportlarının  yığılıb yandırılması məsuliyyəti də Qaçqınlar Cəmiyyətinin fəaliyyətinə daxildir. Bu günə qədər Qaçqınlar Cəmiyyəti öz fəaliyyət sahəsi haqqında, gördüyü işlər haqqında dövlətə və cəmiyyətə hesabat təqdim etməyib. Qaçqınlar Cəmiyyətinin fəaliyyəti qaranlıq və şübhəlidir.

Qərbi Azərbaycan icması 1988-ci ildə Qərbi Azərbaycandan qaçmış 735 min əhalinin heç olmasa 100 mininin iştirakı ilə təşkil olunmalı idi və icmanın sədri Qərbi Azərbaycanlıların səsverməsi və rəyi ilə seçilməli idi.

Hazırkı Qərbi Azərbaycan İcması Prezident Administrasiyası tərəfindən yaradılıb və sədri də Prezident Administrasiyası təyin edib. İcmanın təşkilindəki bu yanlışlıqlar nəticəsində Qərbi Azərbaycan uğrunda çalışan, mübarizə aparan çox saylı şəxslər icmanın işində və təşkilində iştirak etməyib. Bu da nəticədə çox saylı narazılıqlar və parçalanmalar doğurub.

Bütün bunlara rəğmən yenə də Qərbi Azərbaycan İcmasının yaradılması müsbət bir haldır. Baxmayaraq ki, bu olduqca gecikmiş bir addımdır. Qərbi azərbaycanlılar 30 ildə ciddi şəkildə təşkilatlandırılmalı idilər. Bu günə qədər  Qərbi Azərbaycana yenidən qayıtmağın hüquqi-siyasi əsasları hazırlanmalı idi. Təəssüf ki, hökümətin yanlış siyasəti nəticəsində bunların heç biri olmadı və 1988-ci ildə Ermənistandan qovulmuş, sürgün olunmuş Ermənistan vətəndaşı olan azərbaycanlıların 80 faizi artıq bu dünyadan köçüb. Qərbi Azərbaycana hüqiqi-siyasi baxımdan  iddiaçı olan əhalinin əksəriyyəti həyatda olarkən Ermənistana qayıtmaq məsələsi gündəmə gətirilsəydi, düşünürəm ki, daha uğurlu nəticələr əldə edilə bilərdi. Təəssüf ki, belə olmadı.

2-ci Qarabağ savaşından sonra hökümətin Qərbi Azərbaycana qayıdış məsələsini gündəmə gətirməsi təqdir edilməli haldır və bu siyasət davam etməli, uğurla nəticələnməlidir.

 

- İcmanın tərkibinə baxdıqda görmək olur ki, hakimiyyətdə təmsil olunan və ya olunmuş şəxslər, deputatlar, keçmiş nazirlər icmanın əsas postlarında təmsil olunurlar. Sizcə, bu məsələdə ayrıseçkiliyə yol verilirmi? Sizcə, Qərbi Azərbaycanlılar məsələsi deyəndə onların problemlərini daim gündəmdə saxlayan kimlər var ki, həmin şəxslər bu icmada təmsil olunmurlar?

 

Qərbi Azərbaycan İcması qərbi azərbaycanlıların tanınmış fəallarının hamsını əks etdirmir. Burada sadəcə hakimiyyətyönlülər təmsil olunub ki, bu da elə indidən icmanın işində bölücülük yaradılması ilə nəticələnəcək. Qərbi Azərbaycan İcmasında Yasəmən Qaraqoyunlu, Qəzənfər Əhmədov, Köçəri Nağıyev, Firudun Cəlilov, Tapdıq Fərhadoğlu, Paşa Həsənli, Əli İnsanov, Etibar Məmmədov, Əli Mustafa, Qələndər Muxtarlı, Əli Ömərov, həbsdə olan Əvəz Zeynallı, Aqil Səmədbəyli, Şahvələd Çobanoğlu, Hidayət Orucov niyə yoxdur. Düşünürəm ki, İcma təkcə hakimiyyətə yaxın olan şəxslərdən və YAP -dan təşkil olunmamalıydı. Siyasi görüşlərindən asılı olmayaraq İcma Qərbi Azərbaycanlıların bütün aktivistlərini özündə birləşdirməli idi. İcma Azərbaycan içi siyasi proseslərə qarışmamalıdır,  İcmanın tək hədəfi Ermənistan vətəndaşları olan azərbaycanlıların Ermənistana qayıtmasını təmin və təşkil etmək olmalıdır. Əlbəttə İcma Ermənistana qayıdış prosesini Azərbaycan dövlətinin iradəsi ilə və hökümətin Qərbi Azərbaycan siyasəti ilə uzlaşdırılmış bir fəaliyyət həyata keçirməlidir, eyni zamanda hökümətin Ermənistan siyasətinin müəyyənləşdirilməsində aktiv rol oynamalıdır.

 

- Qərbi Azərbaycanlıların öz yurd-yuvalarına qayıtmaq məsələsindən prezident bir neçə dəfə danışıb. Təbii ki, bu onların haqqıdır. Amma bunu dünyaya sübut etmək bir qədər çətin olmayacaqmı? Çünki bu vaxta qədər həyata keçirilən siyasət nəticəsində həmin şəxslər uzun illərdirlər ki, Azərbaycan vətəndaşlarıdırlar.

 

- Qərbi Azərbaycana qayıdış məsələsini prezidentin gündəmə gətirməsi təqdirəlayiqdir. Bu qayıdışı əsaslandıran hüquqi-tarixi-siyasi baza və haqq Azərbaycanın əlindədir. Bu torpaqlar Tarixi Azərbaycan torpaqlarıdır. Ermənilər bu torpaqlara Çar Rusiyası və Sovet Rusiyası tərəfindən köçürülüb. Bu köçürülmə sənədləri arxivlərdə var. Bu gün Qərbi Azərbaycanda məskunlaşmış milyon yarım erməni yerli sakinlər deyil, son 200 ildə bu torpaqlara köçürülmüş gəlmə ermənilərdir. Yerli sakinlər isə Qərbi Azərbaycandan ermənilər tərəfindən 1905-1907, 1914-1920, 1948-53, 1988-ci illərdə qovulmuş, sürgün olunmuş, öz torpaqlarından köçə məcbur edilmiş azərbaycanlılardır. Ermənistan dövləti erməni torpağında yox, Azərbaycan torpağında qurulub və yerli azərbaycanlılar köçə və soyqırıma məruz qalıb. Azərbaycan dövləti son 200 ilin arxivini üzə çıxararaq bütün dünyanın gözü qarşısında bu torpaqların Azərbaycan torpağı olduğunu sübut edəcəksə, Qərbi Azərbaycan problemini beynəlxalq problemə çevrilməsinə nail olacaqsa, Qərbi Azərbaycana qayıdışın hüquqi əsası və proseduru yaranacaq və bu problem öz həllini tapacaq. Dövlət, hökümət, Qərbi Azərbaycan İcması, Azərbaycan Diasporu və media qurumları əlaqələndirilmiş fəaliyyətə keçməli və Qərbi Azərbaycanlıların Ermənistana, öz vətənlərinə qayıdış məsələsini BMT -də müzakirəyə çıxarılmasına nail olmalıdırlar.

 

- Qərbi Azərbaycan İcması Ermənistan hökumətinə və beynəlxalq təşkilatlara müraciət edib,  öz yurdlarına qayıtmasına şəriat yaradılmasını istəyib. Sizcə, bu siyasət real görünürmü? Yoxsa, bu siyasətin arxasında başqa məqsədlər dayanır?

 

Qərbi Azərbaycan İcmasının beynəlxalq təşkilatlara müraciət edərək azərbaycanlıların öz vətənlərinə qayıtmasına şərait yaratmalarına dəstək istəməsi olduqca qənaətbəxşdir. Bu cür addımlar və fəaliyyətlər gücləndirilməlidir. Mən bu siyasətin bir müsbət nəticəsinin olacağına inanıram. Biz Qərbi Azərbaycana qayıdışı dünya siyasətinin gündəminə daşımalıyıq.

 

- Sizcə, qərbi azərbaycanlıların öz yurd- yuvalarına qayıtması üçün hansı addımlar atılmalıdır?

 

- Azərbaycanın qarşısında 3 məsələ var: 1. Azərbaycanın suverenliyinin Qarabağın bütün ərazilərində bərpası. Rus sülhməramlılarının Qarabağdan çıxarılması. Azərbaycanın erməni əsilli vətəndaşlarının müəyyənləşdirilməsi və onlara Azərbaycan vətəndaşlığı statusunun verilməsi. 2. Ermənistan vətəndaşları olan azərbaycanlıların Ermənistana qaytarılması. 3.Öz tarixi torpaqlarına,  Ermənistana qaytarılmış Ermənistan vətəndaşı olan  azərbaycanlıların təhlükəsizliyinin təmin edilməsi.

Bu siyasətlərin hər biri spesifik konseptual siyasi-hüquqi yanaşma və prosedurlar tələb edir. Məsələn Ermənistana qaytarılacaq türklərin-azərbaycanlıların təhlükəsizliyi necə qorunacaq? Bax bu çox ciddi məsələdir. Ermənilərı əsla güvənmək olmaz. Onlar 100 il əvvəlki Batumi Konfransındakı razılaşmaları, 100 il sonra 10 noyabr sazişindəki razılaşmaları pozurlar və əməl etmirlər. Məhz buna görə də öz torpaqlarına-  Ermənistana qayıdan türk əsilli Ermənistan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə Türkiyə ordusunun bir qolu Ermənistanda yerləşməlidir. Türkiyə ordusu və hərbi bazası Ermənistanda yerləşərək Ermənistan vətəndaşı olan azərbaycanlıların təhlükəsizliyinə təminat verməlidir. Bildiyimiz kimi Ermənistanda Rusiyanın 102-ci hərbi bazası yerləşir. Son 200 ildə yaşananlar göstərdi ki, nə Çar Rusiyasının Orduları, nə Sovet Rusiyasının orduları, nə də indiki Rusiya Federasiyasının orduları Ermənistandakı türkləri qorudu.  Buradakı türklərin soyqırıma uğradılmasında ermənilərlə birlikdə iştirak etdi. Xocalı soyqırımını da ermənilərlə birlikdə Rusiyanın 366-cı motoatıcı  alayı  həyata keçirmişdir. Məhz buna görə də Rusiyanın 102-ci hərbi bazası Ermınistanda durduqca qərbi azərbaycanlıların təhlükəsizliyinin qorunmasından söhbət belə gedə bilməz. Ya Rusiyanın  102-ci  ordu bölmələri Ermınistandan çıxarılmalıdır, ya da Türkiyə ordusu da Ermənistana girərək Ermənistan vətəndaşı olan azərbaycanlıların hüquqlarını və təhlükəsizliyini qorumalıdır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Dövlət-vərtəndaş münasibətləri ZƏDƏLƏNİR

Deputatın SAXTA SEÇKİ ETİRAFI

Partiyaların 5000 üzv həyacanı - VİDEO

Deputat qurumları tənqid etdi

UNEC-də imtahan sessiyaları ləğv oluna bilər

Əhaliyə qriplə bağlı ÇAĞIRIŞ

Aygünün beş obrazı

Qarabağ xanı Mehdiqulu xana məxsus bayrağın sapı bərpadan sonra

 Siyasilər aksiyaya qatılmalıdırlarmı?

“Azərbaycan rəsmi İrandan dəqiq, aydın, məntiqli izahat tələb edir”

Heydər Əliyevin 100 illiyi ilə bağlı əfv sərəncamı İMZALANACAQ

Qarabağ xanına məxsus bayraq bərpa olunub

Azərbaycana gələn əcnəbilərin viza alması üçün PORTAL

Daşaltı əməliyyatının 31-ci ili

Məhkəmədə etiraf