Seyfəddin Dağlının vəfatından 40 il ötür

12:16 18-01-2023 | icon 232 | Mədəniyyət
Seyfəddin Dağlının vəfatından 40 il ötür

Özünəməxsus üslubu olan, güclü qələm sahibi, nasir, dramaturq, publisist, tərcüməçi kimi Azərbaycan ədəbiyyatında təkrarsız iz qoyan Seyfəddin Dağlının anım günüdür.

 

Versus.Az Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı jurnalist, yazıçı Seyfəddin Dağlının əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.

 

 

Seyfəddin Əliağa oğlu Abbasov (Dağlı) 1921-ci avqustun 27-də Xızıda dоğulub. Ədəbi fəaliyyətə tələbə yaşlarından başlayan Seyfəddin Dağlı 1930-cu illərin sonlarında ilk oçerk və felyetonlarını yazıb. O həm də hərbi jurnalist kimi 1944-46-cı illərdə Təbrizdə nəşr olunan “Vətən yolunda” adlı əsgər qəzeti ilə əməkdaşlıq edib.

 

1959-1976-cı illərdə “Kirpi” satirik jurnalının baş redaktoru işləmiş yazıçının satira və yumor janrında yazdığı roman, povest və hekayələri “Vergülağa və Absətəli”, “Sabiqlər”, “Göyçək oğlan”, “İpək gül”, “Yaylaq qayğıları”, “Şakərlilər”, “Aldada bilməzsən”, “Mənziliniz mübarək” və başqa kitablarda toplanıb.

 

Azərbaycanın böyük dramaturqu Cəfər Cabbarlının həyat və yaradıcılığına həsr olunan “Bahar oğlu” romanı yazıçıya böyük şöhrət gətirib.

 

Yeri gəlmişkən, deyək ki, yazıçı 1953-cü ildə C.Cabbarlının qızı Gülarə Cabbarlı ilə ailə həyatı qurub. Onların bu izdivacdan üç övladı dünyaya gəlib.

 

Jurnalist kimi bir müddət “Kоmmunist” və “Оrdu” qəzetlərində çalışıb və müxtəlif vəzifələri icra edib. Dövlət Radiо Kоmitəsində baş redaktоr (1956-1959), sоnra Bakı Telestudiyasının direktоru və sədr müavini vəzifələrində çalışıb. Uzun müddət “Kirpi” jurnalının baş redaktоru оlub.

 

“Azərbaycanfilm” kinоstudiyasında ssenari redkоllegiyasının üzvü, “Yazıçı” nəşriyyatında redaktоr vəzifəsində çalışıb. 1948-ci ildə “Dəniz kəşfiyyatçısı” adlı kitabı nəşr edilib. “Adı sənin, dadı mənim”, “Aydınlığa dоğru”, “Mənziliniz mübarək”, “Təzə gəlin”, “Kölgələr pıçıldaşır” pyesləri, “Bahar оğlu”, “Məşəl”, “Kəcil qapısı”, “Sabiqlər” və sair kitabları geniş охucu rəğbəti qazanıb.

 

Yazıçının “Adı sənin, dadı mənim” pyesi İqor Peşenyevin tərcüməsində Moskva Akademik Dram Teatrında tamaşaya qoyulub və Mərkəzi Televiziya ilə nümayiş olunmuşdu. İkihissəli tamaşada məşhur rus aktyorları rol almışdılar.

 

Seyfəddin Dağlı 1962-ci ildə qayınatası, böyük Azərbaycan dramaturqu Cəfər Cabbarlıya həsr etdiyi “Bahar oğlu” və Cənubi Azərbaycan qadınlarının ağır həyatından bəhs edən “Kəcil qapısı” romanlarını yazıb. Ümumilikdə isə o, irili-xırdalı 18 kitabın müəllifidir.

 

1979-cu ildə onun ssenarisi əsasında “Bahar kimi solmaz” filmi də çəkilmişdi.

 

 

Yazıçı Seyfəddin Dağlı ürəyi ilə bağlı narahatlıq yaşayırdı. Yanvarın 16-sı qızı Qəmərin oğlu olduğunu öyrənir və sevinir. Lakin səhhəti ilə bağlı sevincini belə, ürəkdən yaşaya bilmir. Yanvarın 18-də yuxudan oyanan yazıçının ürək ağrıları daha da şiddətlənir. Həyat yoldaşı tez təcili yardıma məlumat verir. Lakin təəssüf ki, yazıçının həyatını xilas etmək mümkün olmur. O, 1983-cü il yanvarın 18-də Bakıda dünyasını dəyişir. /oxu.az/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

İran cəsusları və onların himayədarları

ALDP başqa partiya ilə birləşmək istəmir

LİMFA DÜYÜNLƏRİ haqqında bilmədiklərimiz

Türkiyənin məşhurları “Prestij meselesi”ndə 

Gözlənilən əfvdə kimlər amnistiyaya düşəcəklər?

Kütləvi təqaüdə qeydiyyat başlandı

"Ya maliyyə alır, ya da onun ideoloji təsirinə düşüb”

“Qırmızı çizgiləri aşan İran oldu” - MÜSAHİBƏ

Qara, uzun saçlar - Elçin vəsf etdi

“Media Reystrinin bu prosesi tənzimləməsi mümkün deyil"

Dövlət qulluğunda çalışan gənclərin sayı ARTIRILACAQ

Siyəzən polisindən ƏMƏLİYYAT

"Qərbi Azərbaycana qayıdacağıq" - MÜSAHİBƏ

Bakının mövqeyi, tələbləri dəyişməyib

Tələbəmiz “Linux” əməliyyat sistemində iki kritik xəta aşkarlayıb