Siyasilər aksiyaya qatılmalıdırlarmı?

11:49 26-01-2023 | icon 136 | Siyasət
 Siyasilər aksiyaya qatılmalıdırlarmı?

"Milət vəkillərinin aksiyada iştirakı hələ ki, gündəmdə deyil"

 

Azərbaycan ictimaiyyət nümayəndələrinin, ekofəalların Laçın – Xankəndi yolunda keçirdiyi dinc aksiya artıq 47 gündür ki, davam edir. Ermənistan sülhə gəlmir, əksinə sərsəm iddialarından əl çəkmir. Azərbaycanın ərazi suverenliyini pozan, ölkənin sərvətlərini talayıb ərazilərimizi növbəti ekoloji terrorra məruz qoyan erməni separatçılarına qarşı hər hansı bir etiraz nümayiş etdirməyən Avropanın, Qərbin bəzi təşkilatları, əksinə  “humanitar dəstək” adı ilə aksiyanı dayandırmağı tələb edirlər. Erməni separatçıları və havadarları Azərbaycan vətəndaşlarının öz haqları naminə keçirdiyi dinc aksiyanın mahiyyətini özlərinə qarşı “humanitar terror” kimi təbliğ edərkən, nədənsə müharibədən sonra üçtərəfli sazişi nəyə görə yerinə yetirmədiklərinin, hansı əsasla başqa bir ölkənin torpağında qanunları pozduqlarının hesabını vermək istəmirlər. Bu gün dünyanın İkilistandartlı yanaşmaları ilə üz-üzə dayanan Azərbaycanın,  ictimaiyyət nümayəndələrinin öz torpağında ekoloji terrora son qoyulması ilə bağlı keçirdiyi dinc aksiya nəyə görə beynəlxalq ictimaiyyəti, Ermənistanı bu qədər narahat etməlidir. Nəyə görə sülhə gəlməyən Ermənistanın ölkəmizdə öz məkirli məqsədlərindən istifadə edilməsinə imkan, yol yaratmalıyıq?

 

Məhz belə bir vaxtda Azərbaycan siyasi partiyaların, deputatların, ictimai-siyasi çəkisi olan digər şəxslərin Laçın – Xankəndi yolunda keçirilən aksiyaya qatılması bu prosesin mahiyyətini nə dərəcədə artıra bilər, hansı əlavə təsirlər yarada bilər?

 

Deputatlar, siyasi partiyalar bu aksiyaya qatılmalıdırmı?

 

Versus.az xəbər verir ki, məlum sorğu ilə bağlı bir çox partiya sədrləri və deputatlar münasibət bildirib. 

 

Milli Məclisin deputatı Elman Nəsirov vətəndaş cəmiyyəti nümayəndələrinin, ekofəalların Laçın-Xankəndi yolunda 50 günə yaxın davam edən etiraz aksiyasında gənclərin iştirakına xüsusilə diqqət çəkərək, bunu təsadüfi hesab etməyib. Onun sözlərinə görə, etirazın səbəbləri bəllidir və söhbət mülki insanların ərazilərimizdə ekoloji terrora qarşı keçirdiyi etirazından gedir.  Deputat, həmçinin  aksiyaçıların sıralarında yaşlı insanların olmadığını qeyd edib. Onun sözlərinə görə, ermənilər və havadarları aksiyada yaşlı insanların olmasından istifadə edib, ölkəmizə qarşı “dövlət nümayəndələri aksiyada iştirak edir” kimi yersiz ittihamlar, iddialar səsləndirə bilər.

 

E.Nəsirov bildirib ki, hər bir vətəndaş kimi, millət vəkilləri də öz dövlətinin əsgəridir və istənilən vaxt dövlətin, millətin mənafeyi naminə hər bir aksiyada iştirak etməyə hazırdır:

 

“Amma bir şərtlə ki, bu iştirak səmərəli, faydalı olsun və strateji hədəfimizə xidmət göstərsin. Əgər millət vəkilləri bu aksiyaya qatılacağı təqdirdə etirazın mahiyyəti dəyişəcəksə və ermənilər bundan istifadə edib məsələni fərqli bucaq altında təbliğ etməyə çalışacaqlarsa, bu, artıq xoşagəlməz prosesə çevrilə bilər. Ona görə də milət vəkillərinin aksiyada iştirakı hələ ki, gündəmdə deyil. Bir məsələni bilməlidirlər ki, bu gənc ekofəaların etirazıdır və öz haqq işlərini müdafiə edirlər”.

 

Milli Məclisin deputatı Razi Nurullayev bildirib ki, siyasi partiyaların, ictimai-siyasi çəkisi olan digər şəxslərin Laçın-Xankəndi yolunda keçirilən aksiya yerinə səfərlərini doğru hesab etmir. Onun fikrincə, bu, vətəndaş cəmiyyəti təmsilçilərinin dinc aksiyasıdır və bunu siyasiləşdirmək bizim xeyrimizə işləməz.

 

Deputat bununla belə hesab edir ki, aksiyada vətəndaş cəmiyyəti təmsilçilərinin, QHT-lərin, ictimai fəalların sayı, tələbləri artmalıdır. 

 

“O insanlar aksiyada iştirak etməklə öz içlərindən gələn istəklərini yerinə yetirirlər. Təbii ki, bütün insanlarımız, hər kəs aksiyaçıları dəstəkləyir. Və bu təcrübə bütün dünyada var.  C7-lər, dünyanın 20 ölkəsinin rəhəbərlərinın qatıldığı tədbirlərin qapılarını belə vətəndaş cəmiyyətinin təmsilçiləri bağlayıb, etirazlarını bildirir. Bizim də vətəndaş cəmiyyəti nümayəndələri öz etirazlarını bu şəkildə bildirirlər. Onların bu etirazlarını siyasiləşdirməyək. Bu Azərbaycanın ziyanına işləyə bilər. Heç bir halda hələ ki, əraziyə deputatların, siyasi partiyaların getməsi doğru deyil.”

 

ALDP sədri Fuad Əliyev qeyd edib ki, ALDP xaricdə əməkdaşlıq etdikləri partiyalara, Avropa Parlamentində olan bəzi deputatlara, beynəlxalq təşkilatlara həftədə iki dəfə aksiya ilə bağlı məlumatlar göndərir və bu formada prosesə dəstək verməyə çalışır.

 

“Siyasi partiyaların, deputatların aksiya keçirilən yerə səfərindən istifadə edən bəzi qruplar bu prosesə başqa don geyindirə bilər. Bu aksiya Azərbaycan ekofəallarının, QHT-lərin, media işçilərinin dəstəyi ilə uğurla davam edir. Siyasi təşkilatların aksiyada iştirakı başqa bir mənzərə yarada bilər”.

 

Aksiya ilə bağlı onsuz da kifayət qədər yersiz iddiaların, yalanların ortaya atıldığını deyən partiya sədri, siyasilərin səfəri ilə ermənilərin əlinə yeni bir bəhanələr verməməyi daha doğru hesab edir:

 

“Onsuz da ölkəmizə qarşı xarici təsirlər var. Siyasi partiyaların aksiyada iştirakı olsa təzyiqlər daha da güclənəcək. Ona görə də hər bir təşkilat aksiyada birbaşa iştirak etmədən də dəstək verə bilər. Hər kəs öz vaxtını, öz əməyini, imkanlarını buna sərf etməlidir. Bəzi məqamlar var ki, biz ona nail olmuşuq. Aksiya davam etməlidir və inanıram ki, uğur bizimlə olacaq və biz öz istəyimizə nail olcağıq”.

 

AKP sədri Rauf Qurbanov siyasilərin Laçın-Xankəndi yoluna  səfərinin təşkil olunmasını mümkün hesab edib.

 

“Bununla belə  bu səfərin problemin həllinə müsbət təsir göstərəcəyini düşünmürəm. Nəzərə alsaq ki, Laçın-Xankəndi yolunda aksiya keçirənlər ekofəallardır və onlar ərazidə ekologiyanın pozulması ilə əlaqədar aksiya keçirirlər, onda Respublikada ictimai-siyasi çəkisi olan şəxslərin həmin tədbirə qatılması qarşı tərəfin əlinə məsələni siyasiləşdirmək üçün ciddi əsas verər. Onsuz da ermənilər bu aksiyanın keçirilməsi ilə bağlı beynəlxalq təşkilatları, dünyanın aparıcı dövlətlərini inandırmağa çalışırlar ki, Azərbaycan Xankəndini mühasirəyə alıb və orada yaşayan dinc insanların hüquqlarını pozur. Bütün bunları nəzərə alaraq hesab edirəm ki, belə bir səfərin təşkil olunması ümumi işin xeyrinə olmaz”.

 

AKP sədri bildirib ki, demokratik dəyərlərə malik olan, insan hüquqlarına ehtiramla yanaşan, ekologiyanın pozulmasını təbiət qanunlarına zidd hərəkət kimi qəbul edən sivil xalqlar, dövlətlər üçün aksiyada iştirak edən insanların say tərkibi elə də ciddi br əhəmiyyət kəsb eləmir:

 

“ Çox təssüflər olsun ki, belə sivil yanaşmanı Ermənistan dövlətinin ünvanına demək olmaz. Bu baxımdan da hesab edirəm ki, aksiyanın genişləndirilməsinə ehtiyac yoxdur”.

 

Haqq Ədalət Partiyası Ali Məclisinin sədri Zəlimxan Məmmədli hesab edir ki, Azərbaycan ərazisində vətəndaşların hərəkətləri sərbəstdir və digər kateqoriyadan olan insanlar da bu aksiyada iştirak hüququna sahibdirlər.

 

“Fikrimcə, təskilatçilarla koordinasiyalı fəaliyyət daha məqbuldur. Ermənilərin nə cür davranmasından asıli olmayaraq Azərbaycan öz ərazisinin suverenliyini təmin etmək haqqına malikdir. Aksiya suverenlik hüququnun təmini, Azərbaycan xalqının Azərbaycan suverenliyinə, qanunlarına hörmətlə yanaşan, separatçılıqdan uzaq ermənilərin vətəndaş hüquqlarının təminatına ehtiramlı yanaşdığının nümayişi baxımından əhəmiyyətli aksiyadır. Sadəcə informasiya siyasətimiz və diplomatiyamız baş verənlərə və perspektivdə baş verə biləcək hadisələrə uyğunlaşdırılmalıdır. Haqlı olduğumuz halda haqsız duruma düşməməliyik”. (Həftə içi)

 

Tahirə Qafarlı
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Dövlət-vərtəndaş münasibətləri ZƏDƏLƏNİR

Deputatın SAXTA SEÇKİ ETİRAFI

Partiyaların 5000 üzv həyacanı - VİDEO

Deputat qurumları tənqid etdi

UNEC-də imtahan sessiyaları ləğv oluna bilər

Əhaliyə qriplə bağlı ÇAĞIRIŞ

Aygünün beş obrazı

Qarabağ xanı Mehdiqulu xana məxsus bayrağın sapı bərpadan sonra

 Siyasilər aksiyaya qatılmalıdırlarmı?

“Azərbaycan rəsmi İrandan dəqiq, aydın, məntiqli izahat tələb edir”

Heydər Əliyevin 100 illiyi ilə bağlı əfv sərəncamı İMZALANACAQ

Qarabağ xanına məxsus bayraq bərpa olunub

Azərbaycana gələn əcnəbilərin viza alması üçün PORTAL

Daşaltı əməliyyatının 31-ci ili

Məhkəmədə etiraf