Sərdar Cəlaloğludan müxalifətə sərt mesaj - MÜSAHİBƏ

17:24 06-02-2019 | icon 424 | Siyasət
Sərdar Cəlaloğludan müxalifətə sərt mesaj - MÜSAHİBƏ

 

Sərdar Cəlaloğlu: “Ona-buna çamur atmasın, Əli Kərimlini də çağırsın, məni də...”

 

 

Azərbaycan Demokrat Pariyasının (ADP) sədri Sərdar Cəlaloğlunun Versus.Az İnformasiya Agentliyinə müsahibəsi.

 

- Sərdar bəy, Azərbaycana qarşı yönələn mövcud işğal faktının,  beynəlxalq müstəvidə cərəyan edən ikili yanaşmaların, eləcə də digər daxili mövcud problemlərin fonunda dayanan siyasi müxalifət partiyalarının nəhayət bir-biri ilə uzlaşıb, fəaliyyətlərində dəyişiklik etməsi ilə bağlı vəziyyəti hansı səviyyədədir?

 

“...o satqındır, xəyanətkardır, hökumətə işləyir” kimi ittihamlarla zərərli təbliğat aparırlar”

 

- Azərbaycanda son 5-6 ildir ki, siyasi müxalifət arasında ciddi bir fikir ayrılığı, parçalanmalar var. Olunan cəhdlərə baxmayaraq müxalifət bir araya gəlmir. Bunun da əsas səbəbi “nailiyyətsizlik sindiromu”dur. Uzun illərdir ortada bir nailiyyətsizlik var. Siyasi liderlər günahı başqalarının üzərinə atmaq üçün kənarda dayanıb “o satqındır”, “o xəyanətkardır”, “o hökumətə işləyir” kimi ittihamlarla zərərli təbliğat aparırlar. Çalışırlar ki, öz nailiyyətsizliklərinin səbəbini eyni cəbhədə olan başqa adamlaın çiyninə atsınlar.

 

- Son zamanlar Qarabağ Komitəsi, daha sonra da bu qurumda olan bəzi partiyaların iştirakı ilə Azərbaycan Xalq Hərəkatı yarandı, mitinqlər, toplantılar keçirildi,  partiyaların birgə işi ilə bağlı ardıcıl müzakirələr aparıldı və bu gün də davam edir. Belə təəssüarat yaranır ki, sanki müxalifət partiyaları arasında bir dialoqa gəlinmə var.

 

- Yox, şüuraltı olaraq hamı ümid edir ki, bu nailiyyətsizlik sindromu altında parçalanmaq, bir-birini qəbul etməmək, bir- biri ilə məsafə saxlamaq uzun müddət davam edə bilməz. Çünki o, həmin sindromu yaşayan adamların daha ciddi şəkildə məhv olmasına gətirib çıxarır. Ona görə də zəruri olaraq yenidən inteqrasiya meyilləri başlayıb və bunun ən müxtəlif modelləri axtarılır. Məsələn, son vaxtlar qeyri-siyasi müstəvidə yaranan Qarabağ Komitəsini, siyasi müstəvidə yaranan Xalq Hərəkatı və aparılan müzakirələri qeyd etmək olar... Elə bilirəm ki, bu axtarışlar bir nəticə verəcək və 90-cı illərdə vahid cəbhədən çıxış edən Azərbaycan müxalifəti yenidən formalaşacaq. Çünki bizim yaxın siyasi tariximiz göstərir ki, Azərbaycan müxalifətinin əldə etdiyi nailiyyətlər yalnız birlik formullarından keçir. Birlikdən kənarda heç bir partiya heç bir nailiyyət əldə etməyib.

 

- Sizcə, müəyyən bir axtarışdan sonra Xalq Hərəkatının təsis olunmasına ehtiyac var idi?

 

- Az, yaxud da çox dərəcədə nəsə yaranırsa, deməli o hansısa bir sosial təklifdən irəli gəlib. Ona görə də əgər Azərbaycan Xalq Hərəkatı adında bir təşkilat yaranıbsa və orada müəyyən insanlar fəaliyyət göstərirsə, deməli buna zərurət olub. Zərurət olmayan yerdə təsadüfi siyasi təşkilat, siyasi birlik yaranmır.

 

 

“Nailiyyətsizlik sindromu”nun özü üçün bir müsbətdir”

 

 

- Bu hansı zərurətin, hansı sosial sifarişin nəticəsi idi?

 

- Xalq, ümumiyyətlə müxalifətin bir araya gəlməsini, ölkədə ciddi siyasi dəyişilmələri istəyir. Bu təşkilatın yaranması da xalqın tələblərinə cavab olaraq verilən bir təklifdir. İndi xalq nə dərəcədə bu ideyaların arxasınca gələcək, nə dərəcədə Azərbaycan Xalq Hərəkatı formasında insanalara gözlədiyi nailiyyətləri verəcək, bunu gələcək göstərəcək.

 

- Siz bir qədər öncə “nailiyyətsizlik sindromunu”,  müxalifətdaxili gərgin vəziyyəti qeyd etdiniz. Sizcə belə bir şəraitin fonunda yeni bir təşkilatın yaradılması müxalifətə dediyiniz nailiyyəti qazandırıb, o sindromu aradan qaldıra biləcək?

 

- Təşkilatın yaranmasının özü “nailiyyətsizlik sindromu”nun özü üçün bir müsbətdir. Çünki əgər nailiyyətsizlik sindromu siyasi partiyaların bir-biri ilə məsafə saxlamasına təsir edirsə və əgər kimlərsə cəsarətlə bu sindromu üzərindən atıb bir araya gələ bilirsə, bunun özü də bir nailiyyətdir. İndi görüləcək iş xalqın bu ideyanı nə dərəcədə dəstəkləməsindən asılı olacaq.

 

“Özünü həddən artıq demokrat kimi təqdim etməyə çalışır, amma alınmır”

 

- Bu təşkilat yarandı və daha çox da müxalif cəbhədə, Milli Şurada olan partiyalar tərəfindən əks reaksiya ilə qarşılandı. Hətta Sevinc Osmanqızının İsgəndər Həmidovla müsahibəsi siyasilər tərəfindən kəskin reaksiyaya səbəb oldu. AXH-nin Milli Şuraya alternativ olduğu qeyd olundu və beləcə, cəmiyyətə müxalifətin növbəti bir qarşıdurmasının yeni mənzərəsi təqdim olundu. Sizcə bu nəyin göstəricisi idi?

 

- Əvvəla onu deyim ki, Milli Şurada bir neçə partiya birləşməyib. Hamı bilir ki, o, Azərbaycan Xalq Cəbhəsi və onun ətrafında tək-tək birləşmiş insanlardan ibarət bir qurumdur. Xalq Hərəkatı isə 15-20 partiyanın birləşdiyi və qeydiyyatdan keçmiş bir təşkilatdır. Milli Şurada isə AXC-dən başqa partiya yoxdur. Ona görə də bunları bir-birinə alternativ qoymaq tamamilə yanlışdır. Sevinc Osmanqızı isə ancaq Azərbaycan Xalq Cəbhəsi Partiyasının maraqlarını müdafiə edən internet bloggeridir. O çox yanlış bir yoldadır. Bu da onun keçdiyi həyat tərzi ilə bağlıdır və bu, onun demokrat olmasına imkan vermir. O qız Amerikaya getdiyinə görə özünü həddən artıq demokrat kimi təqdim etməyə çalışır, amma alınmır. Azərbaycan siyasətindən, Azərbaycan siyasətçilərindən xəbərsiz olduğu halda ittihamlar irəli sürür. O, tanımadığı adamları hökumətə işləməkdə ittihamlayır, onlara böhtan atmağa cəhd edir. Bu çox yanlış bir işdir. Mətbuat özünün birtərəfliliyini saxlamalıdır. Osmanqızı qəti şəkildə özünün bitərəfliliyini saxlaya bilmir. O, birmənalı şəkildə AXCP və Milli Şuranın bir tribunası kimi çıxış edir.

 

İnsan öz fikrini ifadə edir, sən başlayırsan küçə söyüşləri ilə...”

 

- Sizin Osmanqızı ilə bağlı dediyiniz sözlərinizdən belə çıxır ki, AXCP və Milli Şuranın da demokratiyadan xəbərləri yoxdur.

 

- Mənim sözümdən belə çıxmır, elə belədir. Əgər inanırlarsa ki, doğrudan da demokratdırlar, gəlsinlər istənilən televiziyada debata çıxaq. O cümlədən də Osmanqızının onlayn kanalında üz-üzə dayanıb suallara cavab verə bilərik. Orda görəcəyik ki,  kim haqlıdır, kim haqsız, kim hökumətə işləyib, kim işləmir, kimin işlədiyi siyasət hökumətin xeyrindədir, kiminki ziyanınadır... Bilirsiz, ola bilsin ki, bəzi adamların hökumətlə heç bir əlaqəsi yoxdur, amma onun apardığı siyasət məhz hökumətə xidmət edir. Bəzi adamlar var ki, hökumətlə əlaqəsi var, amma apardığı siyasət xalqa xidmət edir. Burda kiminsə iqtidarla təmasından yox, kimin apardığı siyasətin ölkəyə hansı təsirləri göstərməsi, hansı siyasi proseslərin qarşısını alması, kimin müxalifətin fəaliyyətinə zərər vurması, kimin siyasətinin Rusiyanın, Qərbin maraqlarına xidmət etməsindən söz gedir. Yoxsa iqtidarla əməkdaşlıq siyasi tələbdir. Buyursunlar, Sevinc Osmanqızı ona-buna çamur atmasın, Əli Kərimlini də çağırsın, məni də. Orda ən radikal, arzuolunmaz sualları qoysunlar və biz də üz-üzə dayanıb deyək kim kimdir. Yoxsa məni çıxardır ora, suallar verir, aşağıdan da kimlərəsə rəy yazdırıb məni söydürür. Guya iş aparır, guya demokratdırlar. Sən necə demokratsan ki, ağzını açıb küçə söyüşləri söyürsən. Baxırsan ki, 30 nəfər rəy yazıb, bunun 29-u söyüşdür. Sənin elektoratın bu adamlardır, sən buna demokratiya deyirsən. Söyüş hara, demokratiya hara. Şərəf və ləyaqətin qorunması Azərbaycan Konstitusiyasında nəzərdə tutulur və beynəlxalq hüququn əsas tələblərindən biridir. Sən nətər demokratsan ki, insan öz fikrini ifadə edir, sən başlayırsan küçə söyüşləri ilə onu təhqir etməyə?!

 

- Müxalifət daxilində gedən bu acınacaqlı prosesdən necə yaxa qurtarmağı düşünürsünüz?

 

- Bundan necə qurtarmaq olar?! Mənim məlumatım var ki, ad çəkməyəcəm, 15-20 nəfər adamı oturdub şəbəkədə, hərəsinə  anonim anket açdırıb, ayda hərəsinə 200 manat verməklə, opponentlərinə söyüş söydürürlər. Bunu mənə o işi təşkil edən adamın özü şəxsən deyib. O adam indi Kanadadaır, istəsələr əlaqə saxlayıb özündən soruşa bilərlər. O adam özü mənə dedi ki, söyüş söymək üçün həmin adamlara pul verirlər. Siz buna demokratiya deyirsiz, iş deyirsiz?! İnsanlar acınacaqlı vəziyyətdədir, ehtiyacı var, sən də bundan sui-istifadə edib pulla  onu qeyri-insani proseslərə cəlb edirsən. Bunun nə insanlığa, nə demokratiyaya aidiyyatı yoxdur.

 

- Milli Şuranın son mitinqlərində insanların çox yaxşı iştirak etdiyi qeyd olundu. İnsanlar burda demokratiya qazana biləcəyinə inanır?

 

- Bir şeyi bilmək lazımdır ki, kütlələr heç vaxt liderdən asılı olmur. Kütlə yığışır, öz problemini deyir, dağılır. Lider kütlədən sui-istifadə edərək, onu öz elektoratı kimi təqdim etməyə çalışır. Ancaq bu alınmır.

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

15 yaşında Şəhadətə yüksəlmiş Tiqanamız

QHT LAYİHƏYƏ START VERDİ

Müalicəsiz buraxılmış bu xəstəlik çox ağır fəsadlar verə bilər

DƏRD AĞACINDAN ASILI QALAN ŞƏHİD ARZULARI

AXH: Hakimiyyətdən bu cür siyasətinə son qoymasını tələb edirik

Qan testi ilə ölüm tarixini öyrənmək mümkün olacaq

"Mərhum anidən dirildi, yoxsa diri-diri dəfn edəcəkdik" - MÜSAHİBƏ

Jurnalistin qardaşının evi yenə qarət edildi

Bakı-Naxçıvan-Bakı marşrutu ilə sərhədkeçmə prosesi asanlaşdı

Dövlət komitəsi Məhərrəmlik ayı ilə bağlı müraciət etdi

"Bu gün sizlərin yarıtmaz siyasəti xalqı hər gün yeni qəzalar keçirməyə vadar edir"

23 avqust - Cəbrayıl və Füzuli rayonlarının işğal olunduğu gündür

"Bəzən buna görə jurnalistləri ittiham edirlər"

Yuxusuzluğun ölümcül təhlükəsi aşkarlanıb

Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə qəbulun nəticələri açıqlanıb