"Sülh tək bizə yox, elə o dövlətlərin özlərinə də lazmdır"
Prezident İlham Əliyevin mayın 3-də Şuşada keçirilən konfransda etdiyi çıxış və ABŞ-dan olan nümayəndənin sualına verdiyi cavab Ermənistana və onun havadarlarına ünvanlanan növbəti mesaj, növbəti sülhə çağırış kimi dəyərləndirilməkdədir.
Prezident bildirib: “30 ilik işğal Ermənistana heç bir üstünlük vermədi. Əksinə, onlar regional inkişaf proseslərindən təcrid edildilər. Onlar rəsmən, lakin faktiki surətdə həqiqətən də müstəqil ölkə olmaq şansını itirdilər. Onlar indi özlərinə yeni ağa və ya ağalar axtarırlar. Lakin tarix onlara dərs verməlidir. Ümid edirik ki, onlar bunu başa düşəcəklər”.
ABŞ üçtərəfli görüş qabağı nəyi test edir və Prezidentin ABŞ nümayəndəsinin suallarına cavabı nəyi ifadə etdi?
Bu istiqamətdə Versus.az-a açıqlama verən politoloq Tofiq Abbasov bildirib ki, beal vəziyyət kifayət qədər əsaslar verir ki, biz tək Ermənistanın deyil, eyni zamanda onun arxasında duran bəzi ölkələrin də destruktiv mövqedən çıxış etmələrini sezək və müəyyən bir qənaətə gələk. Onun sözlərinə görə, istər ABŞ, istərsə də Rusiya fövqəl qüvvə olaraq çalışırlar ki, bölgədə "həm həri, həm də pəri" olsunlar.
“Onlar anlayırlar ki, burda Azərbaycanın mövqeyi sağlam, son dərəcə praqmatiktir. Sülh tək bizə yox, elə o dövlətlərin özlərinə də lazmdır. Ancaq Ermənistana yanlış yol göstərməklə çalışırlar ki, özlərini havadar, tərəfdar, qarant kimi göstərsinlər. Bu, son vaxtlar ABŞ-ı daha çox xarakterizə edən göstəricidir. Çünki Amerikanın qayəsi ondan ibarətdir ki, Rusiya bu prosesdə moderator rolunu itirsin və məsələ həllini tapacaqsa, bunu Rusiyanın yox, Qərbin diplomatiyasının ayağına yazsınlar. Bu gün vahid Qərb yoxdur, Amerika ilə Avropa artıq parçalanıb. Amma çox parodaksal görünən də budur ki, tərəflər Qafqaz bölgəsindəki siyasətdə, Qarabağ məsələsində vahid bir qüvvə kimi çıxış edirlər. Amma bizim də bu məsələyə konkret mövqeyimizin olduğunu unutmasınlar. Bir yandan çalışırlar ki, Ermənistan Rusiyaya yaxın olmasın, yaxud Qafqazda, Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi prosesində moderatorluğu axsasın, bir yandan da çalışırlar ki, Ermənistanın İranla yaxınlaşmasın. Ona görə də ABŞ sülh və saziş potensialını öz tərəfinə çəkməyə çalışır”.
Politoloq hesab edir ki, bu yaxınlarda Dövlət Departamentinin təlim mərkəzində görüşün keçirilməsi özü də bir eyhamdır.
“Prezident çox haqlı olaraq deyir ki, Ermənistan müstəqilliyini itirib. Amma Azərbaycan müstəqil dövlətdir və onun xarici işlər nazirinin o mərkəzə danışıqlar aparmağa dəvət etmək düzgün deyil. Görüş üçün o yerin seçilməsi də ona işarədir ki, “biz sizi öyrədirik”. Xeyir, ABŞ diplomatiyasının özünün öyrənməyə çox böyük ehtiyacı var. Çünki illərdir bu ölkə çox bölgələrdə səhvlərə yol verir. Ən azı Yaxın Şərqdə ABŞ-ın silsilə səhvləri orda fəlakətə gətirib çıxardıb”.
T.Abbasov cərəyan edən proseslər fonunda ABŞ-ın bu məsələlərdə sülhə nəticələnən işlər görmədiyini və yalnız regionda öz iştiraklarını dərinləşdirib əməli bir amilə çevirməyə çalışdıqlarını qeyd edib.
“Digər tərəfdən də Ermənistanın başını sığallayırlar ki, sən bizimlə qal, biz sənə himayə göstərəcəyik. Əlbəttə ki, bu sülhün bərqərar olmasına əngəllər yaradır. Hesab edirəm ki, ABŞ-ın belə bir yanaşmasının heç bir gələcəyi yoxdur. Çünki diplomatika konkretliyi, predmetin ətrafında köklənməyi tələb edir. Amerika diplomatiyası bu prosesdə riyakarlıq məktəbini çoxdan hazırlayıb. Bir çox ölkə rəhbərlərinin başının altına yastıqlar qoyurlar”.
Bununla yanaşı politoloq hesab edir ki, ən önəmlisi odur ki, Azərbaycan prezidenti onlardan fərqli olaraq çevik, dolğun bütöv bir siyasət yürüdür.
“Biz daim əsas məsələlərin məğzinə köklənirik, onlarla bağlı öz mövqeyimizi bildiririk. Çalışırıq ki, bu bədbəxt Ermənistanı müdrikliyə gətirək. Prezidentin dediyi kimi, Ermənistan özünə yeni ağalar axtarmaqla gələcəyə aparan yolunu bağlayır.Ermənistan onsuz da iflic vəziyyətdədir, onsuz da heç bir problemin öhtəsindən gələ bilmir. Belə olan halda biz ona real təkliflər, imtiyazlar təklif edirik. Ermənistan istəməsə də, Azərbaycan öz işindən dönən deyil və proseslərdə nəzarətimizi əldən verməyəcəyik. Laçın yolunda nəzarət buraxılış məntəqəsinin qurulması o deməkdir ki, biz həqiqətən də dediyimizin üstündə dururuq. Biz təhlükəsizliyimizi təmin edirik və bu, ərazilərimizdə - Qarabağda yaşayan hər bir kəsin xeyrinədir. Ermənistan nə qədər sülh istəməyəcəksə, bu onun özünün zərərinə işləyəcək. Ona görə də Prezidentin Şuşa konfransındakı çıxışları sağlam kontekstə uyğun fikirlərdir”.
Tahirə Qafarlı
Versus.az
Xəbər lenti
"Minatəmizləmə ilə bağlı film çəkilsin!"
"Hazırda görülən işlərin gələcək nəsillərə çatdırılması..."