“Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı“ - SƏRGİ


Noyabrın 1-də Heydər Əliyev Mərkəzində Ağqoyunlu hökmdarı Uzun Həsənin 600 illiyinə həsr olunmuş “Uzun Həsən - Ağqoyunlu dövlətinin hökmdarı” adlı sərginin açılış mərasimi keçirilib.
Versus.Az xəbər verir ki, sərginin açılışı zamanı Heydər Əliyev Mərkəzinin Tədbirlərin və sərgilərin təşkili departamentinin direktoru Əminə Məlikova, Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağçı, Türkiyə Respublikası Dövlət Arxivinin rəhbəri, professor Uğur Ünal, Yunus Əmrə İnstitutunun rəhbəri Şeref Ateş tədbirin əhəmiyyəti haqqında çıxış ediblər.
Eyni zamanda Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı muzeyin dəyərli eksponatlarının sözügedən sərgidə nümayişi və tarixi əhəmiyyəti ilə bağlı müxtəlif KİV nümayəndələrinə ətraflı müsahibə verib.
Qeyd edək ki, sərgidə Milli Azərbaycan Tarixi Muzeyi ilə yanaşı, ölkənin digər aparıcı muzeylərinin və Türkiyə Hərb Muzeyinin (Harbiye Askeri Müzesi ve Kültür Sitesi Komutanlığı) unikal eksponatları nümayiş olunub. Nümunələr arasında Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsi, Silahlar və bayraqlar fondu, Numizmatika fondu, Təsviri materiallar fondunda qorunan 41 ədəd dəyərli eksponat yer alır.
Sərgi 2024-cü il yanvarın 17-dək davam edəcək.
Ayəndə Dadaşova
versus.az
Xəbər lenti

Türkiyədə gözlənilən zəlzələ ilə bağlı XƏBƏRDARLIQ
"Dəqiq vaxtla bağlı konkret heç nə deyə bilmirik"