“COP29-a qədər sülh sazişinin imzalanması mümkündür”

16:00 13-06-2024 | icon 260 | Siyasət
“COP29-a qədər sülh sazişinin imzalanması mümkündür”

Mətin Məmmədli: “O vaxtdan danışıqlar prosesi geosiyasi qarşıdurma obyektinə çevrilib”

 

Bu regionda və onun çevrəsində cərəyan edən mürəkkəb hadisələrə şahidlik etməkdəyik. Proseslər bəzi imperialist güclərin, dövlətlərin regionda öz təsir gücünü yaratmaq iddiası ilə qurduqları oyunların ətrafında dolanır. 30 ildən sonra 44 günlük savaşda Azərbaycan ərazilərindən qovulan işğalçı Ermənistanı bir maşa kimi istifadə edən maraqlı güclər sülhün bərpa olunmaması üçün revanşistləri yenidən ayaqlandırır, etiraz aksiyaları düzənləyir. Suları bulandırıb öz payını qoparmaq üçün əlindən gələni edirlər.

 

Mövcud vəziyyət hansı xətt üzrə irəliləyir, nə baş verir?

 

Versus.Az xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, politoloq Mətin Məmmədli müsahibəsində mühüm məqamlara diqqət çəkib.

 

- Bu gün Azərbaycanın işğalçı, məğlub Ermənistan arasında aparılan sülh danışıqlarında bir qalib dövlət olaraq irəli sürdüyü prinsiplər nədir və qarşı tərəf bu prinsiplərə nə dərəcədə uyur?

 

- Azərbaycan qalib dövlət olmaqla bərabər beynəlxalq hüquq normalarının dəstəkçisidir. Biz vaxtilə torpaqlarımız işğal altında olanda da bu prinsiplərə əsaslanaraq işğalla barışmamışıq və hər zaman Ermənistanı işğala son qoymağa çağırmışıq. Ancaq Ermənistan işğalçılıq iddiasından əl çəkmədiyinə görə sonda hərbi yolla təcavüz faktını aradan qaldırdıq. Azərbaycan qalib dövlət olmaqla yanaşı, torpaqlar işğalda olduğu zaman xeyli zərər görüb. Ermənistan Azərbycan torpaqlarını işğal edib, ciddi zərər vurduğuna görə ölkəmiz bu ölkəni beynəlxalq məhkəmələrə verib. Bu, hüquqi məsələdir. Biz mübarizəmizi hüquqi müstəvidə davam etdirəcəyik. Ermənistan etdiyi cinayətə, beynəlxalq hüququ pozduğuna görə beynəlxalq instansiyalar qarşısında cavab verməlidir.

Eyni zamanda, Azərbaycanın sülh müqaviləsi ilə bağlı mövqeyi Azərbaycan xarici işlər nazirinin 2022-ci ilin mart ayında irəli sürdüyü 5 prinsipdə əks olunub: Qarşılıqlı olaraq ərazi bütövlüyünə hörmət, sərhədlərin toxunulmazlığı, suverenliyə, müstəqilliyə hörmət, qaşı tərəfə ərazi iddialarından imtina və sair. Azərbaycan öz mövqeyində prinsipialdır. Ona görə də biz Ermənistanı məcbur edirik ki, sərhədlərin delimitasiya məsələsində konstruktiv mövqe nümayiş etdirsin. Müəyyən irəliləyişlər var. Bu gün müəyyən ərazilərimizdə sərhədlərimiz müəyyənləşib, müəyyən ərazilərimiz Ermənistan tərəfindən geri qaytarılıb. Bu gün də bizim Ermənistandan əsas tələbimiz budur ki, beynəlxalq hüquq normalarına uyğun davransın, götürdüyü öhtəlikləri yerinə yetirsin. Əks halda yenə də məsuliyyət onun öz üzərində qalacaq.

 

- Növbəti delimitasiya prosesi harda aparıla bilər və Ermənistanda siyasi camiyələr buna necə təpki verməkdədir?

 

- Artıq Azərbaycan tərəfdən Qazax, Tovuz, Ermənistan tərəfdən Tavuş vilayətində sərhədlərin əsas hissəsi müəyyənləşdirilib və postlar qoyulub. Bütövlükdə sərhədlərin delimitasiya və demorkasiyası ilə bağlı razılaşdırılmış qurulan sərhəd xətti müsbət addım kimi dəyərləndirilməlidir. Onu nəzərə almaq lazımdır ki, delimitasiya, demorkasiya Ermənistan-Azərbaycan arasında sülh prosesinin əsas vacib istiqamətlərindən biridir. Yəni bu prosesin baş verməsi, irəliləyişin əldə olunması həm də sülh danışıqlarına müsbət təsirini göstərir. Sərhədlərin müəyyənləşməsində uğurların əldə edilməsi Ermənistanın daxilindəki revanşist qüvvələri və onalara dəstək verən kənar güc mərkəzlərini ciddi narahat edir və Ermənistanda daxili vəziyyəti gərginləşdirməyə çalışırlar. Əsas hədəf bütövlükdə sülh danışıqlarının, eyni zmanda delimitasiya prosesinin qarşısını almaqdır. Buna nə dərəcədə nail olacaqları Ermənistan daxilindəki siyasi proseslərin inkişafından, Ermənistan hökumətinin mövqeyindən asılı olacaq. Bu barədə hələ ki, birmənalı fikir bildirmək istəməzdim.

Delimitasiya prosesində hansı xəritələrin əsas götürülməsinə gəlincə, məlumdur ki, Ermənistan mütəmadi olaraq 1976-cı il xəritəsindən danışır. Ancaq bizim mövqeyimiz cənab ölkə başçısı, digər ölkə rəsmilərinin də bəyan etdiyi kimi, yalnız bir xəritəyə əsaslanmanı doğru saymır. Sovet dövründə hər iki dövlətin inzibati sərhədlərini özündə ehtiva edən müxtəlif xəritələr mövcud olub. Yəni bu xəritələrdən müzakirələrdə istifadə oluna bilər.  Yekunda bu xəritələr nəzərə alınmaqla sərhədlər müəyyənləşməlidir. Bu zaman hüquqi aspektlərlə yanaşı, tarixi.mənəvi məsələlər, ədalət prinsipi nəzərə alınmalıdır.

 

- Necə hesab edirsiz, belə bir fonda noyabr ayına qədər sülh sazişinin imzalanması mümkündürmü?

 

- Noyabra qədər sülh sazişinin imzalanmasını nəzəri olaraq mümkün hesab edirəm. Çünki artıq tərəflər arasında sülh müqaviləsinin layihə sənədi var və danışıqlar da onun üzərindən gedir. Müəyyən vacib prinsiplər tərəflər arasında razılaşdırılıb. Amma eyni zamanda bəzi vacib prinsiplərlə bağlı hələ ki, tərəflər arasında razılaşma olmayıb. Amma düşünürəm ki, COP 29-a qədər Ermənistan-Azərbaycan arasında sülh sazişinin imzalanması mümkündür. Sülhün çərçivə sazişi ətrafında bağlanması ehtimalı da var. Amma qeyd etdiyim kimi, gərək bunun üçün tərəflər razılaşa bilmədikləri digər prinsiplərlə bağlı razılıq əldə etsinlər. Bunu həll edə bilsələr, sülh müqaviləsinin imzalanması reallığa çevriləcək.

 

- Bu gün Ermənistanda davam edən etiraz aksiyaları sülh danışıqlarına təsirini göstərə bilirmi?

 

- Ermənistan daxilində baş verən proseslərin, etiraz aksiyalarının Azərbaycan-Ermənistan münasibətlərinə, sülh danışıqlarına neqativ təsiri var. Biz son üç ildə də müşahidə etdik ki, Ermənistan baş naziri müəyyən kompramislərə getmək istəyərkən ona daxildən ciddi təsirlər olur və o da öz hakimiyyətini qorumaq üçün müəyyən kompramisə getməkdən çəkinir. Əgər görsək ki, Ermənistandakı etiraz aksiyaları Ermənistan hakimiyyətinə təhlükə törədəcək həddə böyüyüb, o zaman Ermənistan hökuməti ilə sülh danışıqları aparıb nəticə gözləməyə dəyməz. Çünki Paşinyan Ermənistan daxilindıki dinamikaya fikir verir. Paşinyanın ziddiyyətli davranışı Ermənistanın daxilindəki vəziyyətlə bağlıdır. Etiraz aksiyaları genişlənərsə, Ermənistan-Azərbaycan arasında sülh danışıqları prosesinə mənfi təsirini göstərə bilər.

 

- Sizcə sülh sazişi harada imzalanmalıdır: Qazaxıstan, Gürcüstan, yoxsa sərhəddə?

 

- Nəticə etibarilə sülh sazişinin harada imzalanmasından daha çox sülh sazişinin necə olmasına böyük əhəmiyyət veririk. Düşünürük ki, sülh sazişi nəhayət ki, iki ölkə arasında davamlı sülhə gətirib çıxarmalıdır, ədalətli, beynəlxalq hüquq normalarına uyğun olmalıdır. Sülh sazişi tərəflərin maraqları nəzərə alınaraq hazırlanmalıdır. Hər halda Azərbaycan istərdi ki, belə bir saziş iki ölkənin sərhədində və yaxud Azərbaycanla yaxşı, tərəfdaş münasibətləri olan bir ölkədə imzalansın. Bu Qazağıstan da ola bilr, Gürcüstan da. Ümumilikdə isə sülh sazişinin bağlanması prosesi elə bir ölkədə olmalıdır ki, o ölkələr bu prosesə neqativ təsir göstərmir və regionda hər hansı xüsusi geosiyasi iddiaları yoxdur.

 

- Qərb və Rusiyanın bu seçimə münasibəti necə ola bilər?

 

- Aydın məsələdir ki, regionda maraqları olan güc mərkəzləri - Rusiya, Birləşmiş Ştatlar, Avropa, Qərb üçün II Qarabağ müharibəsindən sonra danışıqlar prosesi geosiyasi qarşıdurma obyektinə çevrilib. Bu güclər hər dəfə çalışırlar ki, sülh danışıqlarından əks tərəfə qarşı istifadə etsinlər, təşəbbüsü ələ alsınlar. Bu, nəticədə danışıqlar prosesinə mənfi təsir göstərir. Ona görə də sülh müqaviləsi sərhəddə imzalanarsa daha uyğun olar. Amma bu da baş verən situasiyadan asılı olacaq.

 

- Kremldə Ermənistanda baş verənlərə sərgilənən mövqe nədir: Putin bu aksiyalar fonunda kimi dəstəkləyir: kilsəni, “Qarabag klanı, yoxsa Paşinyanı?

 

- Rusiyanın kimi dəstəkləməsi artıq şübhə doğurmur. Rusiya Ermənistan daxilindəki “Qarabağ klanı”nı müdafiə edir və bu gün “Qarabağ klanı” ilə Kilsə demək olar ki, birgə addım atır. Rusiya rəsmilərinin açıqlamaları, Rusiya mediasında dərc olunan materiallar onu deməyə əsas verir ki, Rusiya Ermənistan daxilində hakimiyyətə qarşı olan qüvvələri dəstəkləyir. “Qarabağ Klanı”nın, revanşist qüvələrin yenidən Ermənistanda hakimiyyətə gəlməsi isə yalnız Ermənistan daxilində deyil, bütövlükdə regiona mənfi təsir göstərə bilər. O da bəllidir ki, “Qarabağ klanı” hakimiyyətə gəlmək üçün mübarizə aparır və son üç ildə Paşinyanın devrilməsinə bir neçə dəfə cəhdlər edilib. Ancaq məqsədərinə nail olmayıblar. Hər halda bu aksiyalar onların növbəti cəhdləridir və “klan” bu dəfə erməni kilsəsi ilə bərabər hərəkət edir. İstənilən halda revanşistlərin hakimiyyətə gəlməsi bölgədə, xüsusən də Azərbaycana münasibətdə vəziyyəti gərginləşdirə bilər.

Amma artıq bundan sonra Ermənstanda kimin hakimiyyətdə olmasının Azərbaycana fövqaladə təsiri olmayacaq. Çünki biz münaqişəni həll edib, ərazi bütövlüyümüzü təmin etmişik. Yəni revanşistlərin hakimiyyətə gəlməsinin ölkəmizə qarşı fövqaladə təhlükə yaradacağını düşünmürəm. Hər halda, əgər revanşistlər hakimiyyətə gələndən sonra vəziyyəti müharibə həddinə qədər gətirsələr, burda yenə də itirən Ermənistn tərəfi olacaq. Çünki Azərbaycanla Ermənistan arasında müqayisə aparanda çox ciddi hərbi, siyasi, iqtisadi demoqrafiq disbalans var. Ölkəmizə qarşı yenidən müharibəyə cəhd etmək bütövlükdə Ermənistan dövlətçiliyi üçün fəlakətli nəticələr doğura bilər.

 

- Məlumdur ki, bu gün İran İslam Respublikası yeni seçkilərə hazırlaşır. Gözləntilər nədir və bunun iki ölkə arasındakı münasibətlərə təsiri nə ola bilər?

 

- İran daxilində və ətrafında yaranmış mövcud vəziyyəti nəzərə alaraq hesab edirəm ki, bu dəfə də “Mühafizəkarlar”ın qalib gəlmə şansı çoxdur. Onu da nəzərə almaq lazmdır ki, İranda sərt rejim mövcuddur və hakim elitanın, İranın Ali Dini liderinin seçki prosesində mövqeyi, rəyi böyük əhəmiyyət daşıyır. İranda keçirilən ötən seçkilərdə də gördük ki, İran Ali Siyasi elitasının, dini siyasi liderinin maraqlarına cavab verməyən şəxslər seçki prosesinə buraxılmayıb. Hər halda hesab edirəm ki, yenə də Mühafizəkarların qalib gəlmə şansı böyükdür. Onu da qeyd etmək lazımdır ki, bu seçkilərdə sürprizlər də ola bilər. Bütün hallarda mühafizəkarların namizədi və yaxud şərti islahatçıların namizədi qalib gələrsə, İran-Azərbaycan münasibətlərində köklü dəyişikliyin baş verəcəyini düşünmürəm. Hesab edirəm ki, bu günə qədər İran tərəfindən ölkəmizlə bağlı həyata keçirilən siyasət yeni prezidentin dönəmində də davam etdiriləcək.

 

- Bu gün Gürcüstanda nələr vaş verir: Qərblə münasibətlərinin korlanması və bu ölkədə yaşanan proseslər özünü necə təzahür edir?

 

- Biz Gürcüstanda baş verənləri müəyyən mənada böhran kimi də dəyərləndirə bilərik. Bu böhran, gərginlik xüsusən də “xarici agentlər” haqqında qanunun qəbul edilməsi ilə bağlı meydana çıxdı. Təbii ki, Gürcüstanda baş verənlər bu ölkənin Qərblə münasibətlərinə təsir göstərir. Birləşmiş Ştatlar da daxil olmaqla bir sıra qərb dövlətləri, Avropa İttifaqı təmsilçiəri Gürcüstan hökumətini tənqid edən, qınayan açıqlamalar verirlər. Hətta sanksiyaların tətbiqi ilə bağlı hədələyici çıxışlara rast gəlinir. Düşünürəm ki, bir müddət Gürcüstan-Qərb münasibətlərində ciddi problemlər mövcud olacaq. Bu ilin oktyabr ayında Gürcüstanda parlament seçkiləridir. Hesab edirəm ki, tərəflər bu seçkiləri də gözləyəcəklər və hər halda Qərb çalışacaq ki, seçkilərdə müxalifət qalib gəlsin "Gürcü Arzusu" hakimiyyətdən getsin. Ancaq bu baş verməyəcəksə, Gürcüstanın indiki iqtidarı hakimiyyətdə qalacaqsa və Qərblə olan bugünkü siyasətini davam edəcəksə, Gürcüstanla Qərb arasında olan gərginlik çox ciddi problemləri meydana çıxaracaq.

 

- Ukrayna böhranının sonu görünürmü və prosesin uzanmasının Cənubi Qafqaza təsiri nədir?

 

- İndiki mərhələdə Ukrayna böhranının sonu görünmür. Çünki hazırda davam edən müharibədə tərəflərin heç biri qəti üstünlüyə malik deyil. Mövqe döyüşləri gedir. Bir müddət müəyyən ərazilər Rusiyanın əlində olur, bir müddət sonra Ukrayna revanş götürüb müəyyən əraziləri geri qaytarır. Yəni cəbhədə köklü dəyişiklik baş verməyib. Eyni zamanda tərəflərin mövqeyində də problemin həllinə köklü dəyişiklik baş verməyib. Bu baxımdan hələ ki, böhranın bitməsi qeyri-müəyyən görünür. Düşünürəm ki, hələ müharibə bir müddət də davam edəcək və cəbhədə köklü dəyişiklik olmayınca mən bu böhranın sonunu görmürəm. Böhranın davam etməsi təkcə Ukraynada deyil, post sovet məkanında da proseslərə ciddi təsir göstərir. Eləcə də Cənubi Qafqazda geosiyasi vəziyyətə əhəmiyyətli təsir edir. Bir növ Ukraynadan sonra Cənubi Qafqaz tərəflərin maraqlarının toqquşduğu bir meydana çevrilir. Hesab edirəm ki, Ukraynada baş verənlər bizim regiona da təsirini göstərir. Amma istənilən halda biz Ukraynada müharibənin qısa müddətdə bitməsində, bölgəyə sülhün gəlməsində maraqlıyıq. Ukraynada müharibənin davam etməsi nə Ukrayna xalqı, nə də post sovet məkanı dövlətlərinə fayda gətirməyəcək.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Əgər bu bizim milli maraqlarımıza təsir edəcəksə…”

İyulun 13-14-də Miri Yusif Yaşıl Teatrda olacaq

"Bu adətdir, ibadət deyil"

Vaqif Mustafazadənin ilk dəfə yayılan şedevr ifası

“Metafizika” jurnalı ERİH PLUS beynəlxalq xülasələndirmə və indeksləmə sistemində

Özbək müğənni “Bayatı-Şiraz”ı oxudu

Böyük bir dövrün başlanğıcı - 14 iyul 1969-cu il

"Kəpəz" iki futbolçusu ilə vidalaşıb

Daha bir ölkəyə vizasız GEDƏCƏYİK

Yeni Şuşanın köhnə ab-havası

Amerika Kubokunun FİNALI

Türk dövlətləri üçün vahid əlifba qəbul edilsin! - TƏKLİF

Qəbul yerləri ARTIRILDI

Bu ərazi Azərbaycanın nəzarətinə KEÇDİ

İrandakı səfirliyimizin fəaliyyəti BƏRPA EDİLİB