Azərbaycanı qarşıdurma platformasına çevrimək istəyənlər kimlərdir?
Natiq Miri: “Bu, Azərbaycan-İran arasında sağalmaz "yara"lar buraxa bilər”
Xarici güclərin regionu qarışdırmaq üçün etdiyi cəhdlər davam edir. Bu dəfə təxribatların mənbəyndə Britaniyanın “The Telegraph” nəşri dayanır. Adıçəkilən qəzetdə İran prezidentinin İsrailin Azərbaycandakı bazalarına zərbələr endirmə təklifi barədə yazılar verilir ki, bunun ətrafında müzakirələr səngimir.
Yerli mətbuatımız ingilis nəşrinin İran prezidentə yaxın mənbəyə istinadən - “Pezeşkian qorxur ki, İsrailə qarşı hər hansı birbaşa hücum ciddi nəticələrə səbəb ola bilər” yazıb. Digər tərəfdən, “O, Azərbaycanda və ya İraq Kürdüstanında İsraillə bağlı nəyisə hədəfə almağı və sonra bu barədə həmin ölkələrlə danışmağı və bütün dramlara son qoymağı təklif edib”, - deyə Pezeşkianın digər köməkçisi “The Telegraph”a bildirib. Bu informasiya təxribatının hədəf və məqsədləri bəllidir: gərginliyin yaradılması...Eləcə də İranda İsraillə qarşıdurmanı Azərbaycan platformasına keçirmək istəyən qüvvələrin SEPAH olduğu bəllidir. Çünki Pezeşkianın “İsraillə qarşıdurmada Azərbaycanı vurmaq” təklifini verdiyi haqda yayılan informasiyaları rəsmi Tehran nə təkzib, nə təsdiq edir.
Bütün bunları əsas götürsək İranda Azərbaycanla bağlı normallaşan münasibətləri pozmaq istəyənlər kimlərdir? Azərbaycana qarşı bu dezinformasiyalarin arxasında kim durur? Azərbaycanda üçüncü, ikinci dövlətlərin xüsusilə də İsrailin hər hansı hərbçiləri və ya gizli obyektlerinin olması barədə deyilənlər nə dərəcədə düzdür?
Versus.Az xəbər verir ki, politoloq Natiq Miri bildirib ki, verilən məlumatlar həqiqəti əks etdirmir. Onun sözlərinə görə, Azərbaycanda nəinki İsrailin, heç bir dövlətin hərbi bazası yoxdur. Yaxın perspektivdə də belə bir bazanın olması planlaşdırılmır.
N.Miri bunun hələlik Azərbaycanın təhlükəsizlik maraqlarına uyğun olmadığını deyib:
“Ona görə də yayılan bu məlumatlar dezinformasiyadır. İkincisi, düşünürəm ki, İsrailə İranın hüsum etməsini istəməyən xarici qüvvələr, o cümlədən Böyük Britaniya, ABŞ yeni İran hökumətinə pas ötürür ki, İrana hücum etməkdənsə, məsələni daha rahat, böyütməmək şərtilə İsrailin maraqları olduğu bəzi bölgələrə kiçik əməliyyatlar, hücumlar həyata keçirməklə həll etsinlər. Bu, İran prezidentinə atılan bir mesajdır. Ancaq bu, İrana nə qazandıracaq? Bir tərəfdən Məsud Pezeşkian yeni prezident seçilərək qonşu və bütün dünya dövlətləri ilə, o cümlədən Qərblə pozulan münasibətlərin təmizlənməyini əsas prioritet götürərkən niyə belə bir addım atsın? Çünki İsraillə müharibə vəziyyətindəykən, bir də İsrailin arxasında duran havadar dövlətləri düşünün. Belə bir çətin vəziyyətdə İran niyə Azərbaycana və digər ölkələrə hücum əməliyyatları keçirib onları da qarışısına alsın. Yəni dost sərhədlərini artırmaq əvəzinə, dostları da düşmənə çevirmək İran prezidentinə nə qazandıracaq? Bu, Məsud Pezeşkianın seçki öncəsində seçki yarışında bldirdiyi fikirlərə də daban-dabana ziddir. Bu baxımdan hesab edirəm ki, bu, bir təxribatdır. Burda xarici təxribatlarla yanaşı, bir də daxili güc mərkəzlərinin əlinin olduğunu görürük. Əlbətdə ki, bunların başında İranda bu gün idarəetməyə əsas nəzarəti əlində saxlayan İran İnqilab Mühafizə qüvvələri, yəni SEPAH dayanır. Nəzərə alın ki, Fələstin lideri Haniyənin İranda öldürülməsi SEPAH-ın etimadına, gücünə və imicinə ən böyük zərbə oldu. Göstərdi ki, SEPAH monalit bir güc mərkəzindən ibarət deyil. Burda xarici dövlətlərin xüsusi xidmət orqanlarına işləyən 10-larla insan olduğu aşkar oldu. Və o da bəlli oldu ki, əslində İranın ən böyük zəifliyi heç də orda-burda deyil, məhz İranın, hətta ali Xomneyinin etimad etdiyi SEPAH təşkilatındadır. Çünki SEPAH-ın qoruması altında olan və bilavasitə İranın qəlbində yerləşən bir qonaq evində Haniyəni qətlə yetirdilər. Bu qədər boşluq bir dövləti bütün qlobal səviyyədə etimadını zəiflətməklə bərabər həm də güc haqqında mifini darmadağın etdi. Səbəbkar isə SEPAH-dır. Ona görə də diqqəti yayındırmaq üçün İranla, qonşu ölkələrlə müəyyən qarşıdurmaya ehtiyac var. Belə olduğu təqdirdə diqqət yenidən SEPAH-a yönəlir və hər kəs SEPAH-dan bir qalibiyyət gözləntisi ilə yaşayır. Yəni SEPAH yenidən özünə möhtaclıq ehtiyac şəraitini yaratmaq, itirdiyi etimadı yenidən bərpa etmək istəyir. Təbii ki, bunu digər ölkələrin, xüsusilə Məsud pezeşkianın özünün də bildirdiyi kimi, çox böyük rəğbət bəslədiyi və normal münasibətlərin qurulmasını istədiyi Azərbaycan və Türkiyə ilə manasibətlərin pozulması hesabına etmək istəyirlər”.
N.Miri hesab edir ki, bu məsələdə son dərəcədə diqqətli olmaq lazımdır. Onun szölərinə görə, xarici qəzetlərdə Məsud Pezeşkianın köməkçisi adından, yaxud “adı çəkilməyən” mənbələr adından bu cür informasiyalar verilir:
“Medianın bu cür variantları var. Bəzən bilmədiyi mənbələri “adını çəkmək istəmədiyi” mənbə kimi təqdim etməklə məlumatın inandırıcılığını təmin etmək istəyirlər. Ancaq hər bir halda hiss olunur ki, bu böyük bir informasiya təxribatıdır. Bu da Azərbaycan-İran arasında sağalmaz "yara"lar buraxa bilər. Bunu Azərbaycan dövlətində çox gözəl anlayırlar. Ona görə də konkret kəşfiyyat məlumatı və bilavasitə Məsud bəyin aparatı özü tərəfindən təkzib olunmayana qədər bu cür məlumatları qəti olaraq qəbul etmək mümkün deyil”.
T.Qafarlı
Xəbər lenti
Moskvanın mərkəzində baş verən atışmadan XƏBƏR VAR
Hadisdə yaralanan və ölənlərin sayı artıb