“Bir qədər əvvəl sülh müqaviləsini pozanlar indi insafa gəliblər”
Qabil Hüseynli: "Azərbaycan güclü dayanışı, təmkinli adekvat mövqeyi ilə bu qrupları yerində oturda bilər"
Cənubi Qafqaz regionu Qərbin, Avropanın bir sıra təsisatlarının təzyiq və təsirləri ilə qarışdırılır. 30 il erməni işğalına göz yuman, regionda hegemonluq etmək istəyən maraqlı güclər vəziyyəti beynəlxalq müstəviyə çıxarıb gərginləşdirmək üçün ciddi-cəhdlə çabalayır. Azərbaycanın işğalçı üzərindəki zəfərindən sonra beynəlxalq müstəvidə geosiyasi, iqtisadi əlaqələrin inkişafını, onun regionda güc mərkəzinə, logistika, kommunikasiyalar qovşağına çevrilməsini həzm edə bilməyən ABŞ, Fransa kimi dövlətlər təmsil olunduqları AŞPA, Aİ beynəlxalq təsisatların vasitəsi ilə ölkəmizi insan hüquq və azadlıqlarının pozulduğu bir məkan olaraq təqdim etməklə, ona təzyiqlər vasitəsi ilə asılı vəziyyətə salmaq planını yeridir.
Azərbaycana qarşı hücumların BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində müşahidə olunmaqla ardıcıl xarakter daşıması diqqətdən yayınmır. Eləcə də Qarabağ ermənilərinin geriyə qaytarılması, cinayətkar separatçı ermənilərin həbsdən çıxarılması və sair iddialarla bu bölgəni gərginlik ocağı kimi saxlamaq niyyətlərindən əl çəkmirlər.
Versus.Az xəbər verir ki, bu istiqamətdə müsahibə verən politoloq, professor Qabil Hüseynli bir çox nüanslara diqqət çəkib.
- Son illər Qarabağ məsələsi üzərindən ölkəmizə qarşı yönələn xarici əks təsirlərin beynəlxalq müstəviyə daşınmaqla bölgədəki reallıqları öz xeyirlərinə dəyişmək istəməsi Qarabağ məsələsinin sülh müqaviləsi ilə bitməsinə hansı təsirini göstərir?
- Ermənipərəst qüvvələr, Rusiya, əsasən də Avropa dövlətləri - ABŞ, Fransa olmaqla mürəkkəbləşdiriblər. Sülh müqaviləsinin gecikdirilməsində bizim özümüzün də yol verdiyimiz yumşaq yanaşmalar var. Biz müharibədən dərhal sonra Ermənistanı sülh müqaviləsini imzalamağa məcbur edilməliydik. Kapitulyasiyaya imza atan məğlub bir ölkənin danışıqlara cəlb edilib şərtlər diqtə etməsinə icazə verilməməliyidi. Azərbaycan Ermənistanla danışıqlar aparıb məsələni daha sivil formada həll etməyə çalışdıqca, Paşinyan aleqarx ermənilərin və havadarlarının diqtəsi ilə ritorikasını dəyişdi. Danışıqlar uzandıqca və Avropa İttifaqı, ABŞ kimi qüvvələr prosesə qarışdıqca, nəticədə məsələ uzandı. İndi sülh müqaviləsinin imzalanması məsələsini ortaya atdıqları absurd, əsassız şərtlər, iddialar ilə pərdələməyə, yaxud da öz şərtlərini yürütməyə çalışırlar. Üstəlik Ermənistan Azərbaycanla şərti sərhədlərdə hərbi təxribatlar törətməkdən çəkinmir. Ermənistanın bu cürəti haradan və necə aldığı da hər kəsə bəllidir. Müharibədən sonra Ermənistana mülki missiya adı ilə gələn Avropa İttifaqının müəyyən dəstələri, eləcə də Ermənistanın ciddi şəkildə ABŞ, Fransa, Hindistan tərəfindən silahlandırılması, keçilən hərbi təlimlər bu ölkəni yeni müharibəyə, revanşa həvəsləndirib. Bundan sonra başda Amerika olmaqla Avropa Birliyinin də bəzi ölkələri, xüsusən də Fransa Ermənistanı Azərbaycana qarşı çıxış etməyə sövq etməklə, bölgədə yeni gərginlik ocağı hazırlamaqda davam edəcəklər. Azərbaycan güclü dayanışı, təmkinli adekvat mövqeyi ilə bu qrupları yerində oturda bilər.
- Avropa, Qərb dairələri Ermənistanı Sülh müqaviləsindən yayındırmaqla və bölgədə gərginliyi artırmaqla hansı dəyişikliyə nail ola bilər?
- Məsələn, ABŞ bütün gücü ilə çalışacaq ki, Azərbaycandan çıxıb getmiş ermənilərin hamısını olmasa da, müəyyən qismini geriyə qaytarsın. Azərbaycanın tərkib hissəsi olan növbəti yamaq olmayacaq, amma hər halda qayıtmaq istəyənlər qayıdacaq. Bundan başqa Qərbin, Avropa Birliyinin Azərbaycanda bəyənmədiyi bir sıra səbəblər var. Belə ki, “seçki, siyasi məhbus”, “ifadə azadlığının pozulması, məhkəmə qanunlarının işləməməsi”, “mətbuat azadlığının boğulması” ilə bağlı bir sıra nöqsanları qeyd edirlər. Əlbəttə ki, Azərbaycan bu səbəbləri əsassız hesab edir və bunlarla razılaşmır. Lakin bu gün seçkidə iştirak edən namizədlərin siyahısı və aparılan təbliğat -təşviqat kampaniyaları məni qane etmir. Yaşı ötmüş deputatların öz qohum-əqrabasını namizəd kimi irəli sürməsi yanlış, demokratik prinsiplərə və beynəlxalq standartlara uyğun görünmür. 8-10 dəfə deputat seçilən şəxsin yenidən seçilməsi o qədərmi mühümdür. Bu yöndə dəyişiklik edilməli idi. Tutaq ki, Sabir Rüstəmxanlı özü 8 dəfə seçilib, indi də həyat yoldaşını aparıb Neftçala rayonundan namizəd kimi irəli sürüb. Və yaxud Fəzail Ağamalı özü 7-8 dəfə seçilib, indi də özünün yerinə qızını seçdirir. Bunu düzgün hesab etmirəm, biabırçılıqdır. Bəlkə müqayisəsi çox sadə görünsə də, yaxud “Avropa bundan narahatdır” sualı gülüş doğursa da, həqiqətən belədir. Ən azı bu cür sadə, amma ictimaiyyət tərəfindən qəbul edilməyən nüanslara diqqət yetirilməlidir. Deputat kreslosu bunlar üçün nədir bəyəm? Avropa da demokratik, bilavasitə xalqın iradəsinə əsaslanan və ümumxalq səsverməsi yolu ilə keçirilən parlament istəyir. Hakimiyyətin mənbəyi xalqdır, xalq da bu hakimiyyəti elə yaratmalıdır ki, hansısa puskuda duran qüvvələrin əlinə bəhanə verilməsin.
- Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfərindən sonra Ermənistan baş naziri ilə telefon danışığı nəyi ifadə edir; Azərbaycanla kommunikasiyaların, Zəngəzur dəhlizinin açılması üçün təsiri ola bilər?
- Rusiya prezidentinin danışıqlarına, söylədiklərinə o qədər də bel bağlamıram. Rusiya həmişə Ermənistanı müdafiə edib. Son vaxtlar onun üçün ən maraqlı məsələ Zəngəzur dəhlizinin açılmasıdır. Rusiya Zəngəzur dəhlizi vasitəsi ilə Şərqə açılmalıdır. Çünki onun üçün Qərb yolu bağlanıb. Rusiya istəyir ki, Azərbaycanın nəqliyyat qovşaqları Zəngəzur dəhlizi vasitəsi ilə Yaxın Şərqə çıxışlar əldə edib özünün neftini, qazını mühüm bazarlara çıxarsın və bir sıra digər problemlərini bu yolla həll eləsin. Rusiya başçısının bu zənglə nəyə nail olmaq istəyinə gəlincə, bu barədə dəqiq fikir bildirmək çətindir. İndi onun beynində yüz dənə tülkülər oynayır. Lakin Rusiya Ermənistanı Zəngəzur dəhlizinin açılmasına maneə yaratmamağa razı sala bilər. Rusiya bunu İran vasitəsi ilə edə bilər. İran da şimal, cənub dəmir yolu dəhlizindən Azərbaycanı çıxarmaq istəyir. Şimal, xəzər dənizi və Bəndər Ənzəli vasitəsi ilə bu nəqliyyat qovşağını qurmaq istəyir. Yalnız bunun qarşılığında Zəngəzur yolunun açlmasına razılıq verə bilər.
- Mövcud proseslər fonunda indiki vəziyyətdə Ermənistanın sülh müqaviləsi naminə özünün konstitusiyasında dəyisiklik edəcəyi mümkün görünürmu?
- Bunu söyləmək çətindir. Bu, iki dövlət arasında münasibətlərin qurulmasından asılı olacaq. Bu məsələdə də çətinliklər var. Burada elə müddüəlar var ki, daha çox Türkiyəyə toxunur. Ona görə də Türkiyə bu işdə qabağa düşməlidir. Ermənistan sərhədlərin açılmasını, normal münasibətlərin qurulmasını və bölgədə inkişaf etmək istəyirsə, buna getməyə məcburdur.
- Bu gün sülh müqaviləsinin bağlanmasında ikitərəfli formatın işlənməsi nə dərəcədə əhəmiyyətlidir, eləcə də sərhədlərin müəyyənləşdirilməsi, kommunikasiyaların açılmasının sülh mətnindən çıxarılması məsələləri ilə bağlı işlər necə irəliləyir?
- Bir qədər əvvəl sərhədlərdə ölçülər aparılmaqla dirəklər basdırıldı. Sərhədin 13 kilometri dəqiqləşdirilib, üstəlik bu istiqamətdə əsas götürülən Almatı prinsipi də dəqiqləşdirilib. O prinsiplərə əsasən sərhədlərin delimitasiyası, demorkasiyası aparılmalıdır. Sərhədlərin müəyyənləşdirilməsi prosesi dayanıb. Görünən budur ki, bu məsələdə də müəyyən əngəllər baş qaldırıb. O ki qaldı Ermənistanla danışıqların ikitərəfli format müstəvisində aparılmasına, biz bunu müdafiə edən tərəfik. Çünki üçüncü tərəfin müdaxiləsi olmadan danışıqların aparılmasını daha əlverişli hesab edirik. Və bunun əyani nəticələrini də gördük. Lakin ABŞ kimi üçüncü tərəflər prosesə qoşulanda məsələyə bitərəfli yanaşır, problemi Ermənistanın xeyrinə həll etməyə çalışırlar. Bu gün də Qərb ölkələrinin çoxu Ermənistanın tərəfini tutur. Belə olan təqdirdə istənilən nəticəni almaq çətinləşir.
Kommunikasiya xətlərinin sülh mətnindən çıxarılmasına gəlincə, bu heç bir tərəf üçün yaxşı hal deyil. Kommunikasiyaların sülh mətnindən çıxarılması ABŞ-ın təzyiqi ilə baş verir. ABŞ bununla Rusiyanı bölgədən sıxışdırmaq, özünün mövqelərini bölgədə gücləndirmək istəyir.
Mövcud vəziyyəti ümumiləşdirsək, belə bir fonda sülh müqaviləsinin yaxın vaxtda bağlanması problemli görünsə də, mümkündür. Çünki bir qədər əvvəl sülh müqaviləsini pozanlar indi insafa gəliblər. Onun kim olduğunu cəmiyyətimiz yaxşı bilir.
T.Qafarlı
Xəbər lenti
Yenə geomaqnit qasırğası olacaq
Geomaqnit qasırğası iki gün davam edəcək