"O, şorgöz kişi, mən də onun sevdiyi qızın zırpı qardaşı idim"

10:51 12-09-2024 | icon 551 | Mədəniyyət
"O, şorgöz kişi, mən də onun sevdiyi qızın zırpı qardaşı idim"

"Mənə mane olan insanlara öz uğurlarımla cavab verdim".

 

Bu sözləri lent.az müsahibəsi zamanı Əməkdar mədəniyyət işçisi, Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Aslan Fətullayev deyib.

 

Həmin müsahibəni təqdim edirik:

 

- Aslan bəy, istərdim öncə siz özünüz haqqında məlumat verəsiniz.

 

- 1956-cı il oktyabr ayının 20-də Lerik rayonunun Çayrud kəndində anadan olmuşam. 7 yaşımda ilk dəfə səhnəyə çıxdım. Kənd mədəniyyət evində "Nəsrəddin" komediyasında İnkir rolunda oynadım, elə o vaxtdan səhnəyə bağlandım.

Məktəbi bitirəndən sonra öncə Bakı Kitabxanaçılıq Texnikumunun mədəni-maarif fakültəsinə, sonra Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinə daxil oldum. O ərəfədə dayanmadan məşqlərə gedir, müxtəlif rollarda oynayırdım. 19 yaşı tamam olmamış Azərbaycan teatr tarixində yaratdığı obrazı ilə Qızıl fonda düşən ilk aktyor mənəm. O vaxtlar televiziyanın "Səhər görüşləri", "Gecə kanalı", "Komediyalar aləminə səyahət", "45 dəqiqə" kimi populyar verilişlərinin daimi iştirakçısı idim. Buna görə tez populyarlaşdım.

 

- Filmlərə dəvət alırdınız?

 

- Bəli. "Mosfilm"in çəkdiyi "Oğlan və Maral" filmində fotoreportyor, "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Cin mikrorayonda" filmində balaca cin, "Papaq"da papaqçının dostu, "Qorxma, mən səninləyəm"də İvan Spirodonoviç, "Qətl günü"ndə zindanban, "Mozalan" kino jurnalında rollarım olub. Bakıda işləyə-işləyə taleyimdən bir də Sumqayıt xətti keçdi.

1979-cu ildə Sumqayıtda "Gənclik" klubunda bədii rəhbər kimi işə başladım, 1984-cü ildən isə "Dostluq" mədəniyyət evinin direktoru təyin edildim. Düz 38 il bu mədəniyyət evinə rəhbərlik etdim.

Bizim Mədəniyyət evinin mahnı və rəqs ansamblı, sirk incəsənət kollektivi Norilskdə, Arxangelskdə, Rustavidə, Rumıniyada, Almaniyada, Türkiyədə, Kiprdə, Çexoslovakiyada qastrollardan mükafatlarla qayıdırdılar. Biz daim başqa mədəniyyət evləri ilə rəqabətdə idik. Yerli müsabiqələr bir yana, xarici müsabiqələrdə qalib olurduq. 3 dəfə ümumittifaq, 2 dəfə də beynəlxalq müsabiqələrin qalibi olduq, Avropanın ən yaxşı kollektivi adını qazandıq. O dövlət tədbiri yox idi ki, ora məni və kollektivimi dəvət etməsinlər.

 

- Bəs nə üçün ayrıldınız bu kollektivdən?

 

- Pensiya yaşım çatdı və dedim bəsdir. Düzdür, qalmaq təklif olundu, lakin ayrıldım. Hərdən görüşürük və münasibətlərimiz davam edir.

 

- Bildiyimə görə, siz bir də rok qrup yaratmısınız. Doğrudur?

 

- Respublika tarixində ilk dəfə "Yuxu" adlı rok qrupu yaratdıq, qrup Azərbaycan dilində çıxış edirdi. Bu qrup 1989-cu ildə Bakıda keçirilən "Qızıl payız-89"un qalibi olub. "Xəzərin sahilində" mahnısı indi də unudulmayıb. "Yuxu" rok kollektivi 1990-cı ildə Almaniyada keçirilən "MAYEN - ROK-90" beynəlxalq festivalının qalibi olmuşdu, Avropanın ən güclü rok kollektivi adına layiq görülərək diskləri buraxılmışdı.

 

- Mədəniyyət evi ilə paralel teatrda da işləyirdiniz eləmi?

 

- Bəli. 2003-cü ildən Azərbaycan Akademik Milli Teatrının aktyoru kimi fəaliyyət göstərdim. "Anacan"da Qulu, "Təxribatçılar"da polis generalı, "Mən sənin dayınam"da dramaturq, "Varlı qadın" da Pəhləvan Zərlinski, "Mesenat"da H.Z.Tağıyevin xidmətçisi rollarını oynadım.

Eyni vaxtda Azərbaycan televiziyasının "Ordan - burdan", "Məzəli əhvalatlar", "Bir bazar günü" kimi verilişlərdə müntəzəm çəkilirdim.

 

- Bu illər ərzində yolunuza daş qoyan, fakturanıza görə xətrinizə dəyən olmayıb?

 

- Mən mane olan insanlara öz uğurlarımla cavab verdim. Uğur var ki, kimsə sənə həsəd aparır, paxıllıq edir. Bir dəfə küsüb getdim teatrdan.

 

Ölkədən getdim. 5-6 il xaricdə yaşadım. Rusiya, Kipr, Türkiyə...

 

- Nə iş görürdünüz orada bəs?

 

- Şou proqramlar təşkil edirdim. Balaca bir kollektiv yaratmışdım. Həm də yaxşı rəqqasam axı. Yaxşı da qazanırdıq.

 

- Bəs nə əcəb geri gəldiniz?

 

- Anama görə. Dözmürdü orada olmağıma. Zəng etdilər ki, anan xəstədir. Yalandan deyirmişlər. Gəldim. Rəhmətlik o vaxt dedi, getmə, getmədim. Nəyim vardı qaldı oralarda. Sonralar deyirdi, kaş səni buraxardım. Peşman olmuşdu. Amma gec idi daha.

 

- Sizinlə söhbət edib, elə bütün tamaşaçıları maraqlandıran bir sualı verməsəm olmaz. Ailənizdə sizdən başqa balaca boylu adam olub?

 

- Bir bacım olub. O rəhmətə gedib. Bizdə uşaq ikən hipofiz vəzində problem yaranmışdı. Bunun əslində müalicəsi var idi. Valideynlərim müalicə etdirirdilər. Sadəcə mən iynələrdən sonra pis hala qalırdım deyə boyun qaçırtdım, etdirmədim. Gördüm ki, xeyri yoxdur.

 

- Bu nə zaman olmuşdu?

 

- Birinci sinifdə oxuyanda.

 

- Deyəsən uşaqlıqdan çox inadkar olmusunuz.

 

- Mən sözü bir dəfə deyirəm. Bax tutaq ki, bacı-qardaşlar yığışmışıq bir yerə deyirik saat birdə görüşüb filan yerə gedəcəyik. Heç vaxt heç kimi gözlətmərəm. 15 dəqiqə qabaqdan gəlirəm. Amma 5 dəqiqə gecikən olanda onları gözləməyib çıxıb gedirəm.

 

- Evlənərkən boy məsələsi problem oldu?

- Yox. Xanımım normal boy ölçüsündədir. Evlənməzdən öncə oturduq danışdıq. Valideynləri də gördülər ki, mən qazanacağam, ailəmi dolandıracağam. Bu bacarığım var. Heç bir problem etmədilər. İndi bir qızım, bir də nəvəm var.

 

- Küsənsiniz?

 

- Sizə bir şey danışım. İllər öncə Hollivuddan bir rejissor Bakıya gəlmişdi. Məni öz filminə çəkmək istəyirdi. Məndən əlavə bir neçə yerli aktyor da bu filmdə çəkiləcəkdi. Filmdəki roluma uyğun saçlarımı uzatmışdım. Kinostudiyada görüş oldu. Hollivudlu rejissor bildirdi ki, Aslanı filmə çəkmək istəyirəm. Sizin fikirləriniz də mənə maraqlıdır. O zaman bizimkilərdən rejissor köməkçisi işləyən bir nəfər, adını çəkməyəcəyəm, cavan rəhmətə getdi, dedi ki, Aslan çoxdandır tamaşalara çəkilmir, aktyorluq qabiliyyətini itirmiş ola bilər. Bu söz mənim çox bərk xətrimə dəydi. Həddən artıq qəlbim qırıldı. Qapını çırpıb çıxdım. Gedib saçımı kəsdirdim. Hətta bir daha filmə filan dəvət almayım deyə gedib özümə qızıl dişlər də qoydurdum. Axı aktyorun qızıl dişləri olmamalıdır. Uzun müddət teatrdan da, kinodan da küsdüm. Axırda rəhmətlik Hacıbaba Bağırov, Yaşar Nuri, Səyavuş Aslan gəldilər, xətrimi çox istəyirdilər, dedilər teatrdan səhnədən küsmək nədir, qayıt.

 

- Yaxşı dostlarınız olub?

 

- Yox. Dostluq başqa mövhumdur. Yanlış anlayır çoxu onu. Bir dostum vardı, səhv addım atdı mənə qarşı. "Salam-sağ ol" qalıb. Amma daha əvvəlki Aslan olmadım ona qarşı.

 

- 38 il böyük bir kollektivdə rəhbər vəzifədə olmusunuz. Necə bir rəhbər idiniz? İşçilərə əsəbiləşəndə necə cəzalandırırdınız?

 

- Cəza? (fikirləşir). İşdən çıxmaq istəyəni işdən çıxmağa qoymurdum. Deyirdim qoy məsuliyyəti anlasın. İşdə ciddi olmaq lazımdır. İşdən sonra mən də hamı kimi sadə insan olurdum.

 

- Heç toylara tamada kimi getmisiniz?

 

- Yox. Toy məclisində artıq-əskik danışan olur. Mən də bunu götürə bilmirəm. Bircə dəfə dostumun toyuna getmişəm. O məclisdə də bəyin dayısı içmişdi, bir az duzsuz danışdı, mikrofonu qoydum ki, çıxıb gedim, ev sahibləri buraxmadılar, dedilər içmiş adama fikir vermə.

 

- Bəs dava necə eləmisiniz?

 

- Yox.

 

- Boyunuz sizə sənətinizdə mane olub yoxsa dəstək? Hər halda boyunuza görə, çox fərqlənirdiniz. Və dünya kino tarixində fiziki görünüşündəki fərqlilikdən uğurla istifadə edib, ulduz olan aktyorlar çox olub.

 

- Boyu qətiyyən özümə kompleks eləməmişəm. Əsas xarakterdir, bacarıqdır, qabiliyyətdir. Yola çıxanda on nəfərdən 8-i mənimlə hörmətlə görüşüb salamlaşır. Qarşıma məqsəd qoymuşam, edəcəyəm demişəm, eləmişəm.

 

- Sizcə potensialınızı ortaya qoya bilmisiniz?

 

- Bəzi reallıqlar var ki onlarla barışmaq lazım gəlir. Hər aktyor Hamlet, Romeo olmur. Amma yaxşı aktyor ən xırda rola kolorit qatıb, onu çox maraqlı edə bilər. Əsas rejissordur. Rejissor yaxşı olarsa, düzgün aktyor seçimi edərsə, ortaya yaxşı iş çıxar. Niyə bizim ölkədə "Oskar" alan filmlər yoxdur? Eləsinlər də. Yaxşı rejissorlar lazımdır. Bir aktyoru bir ampluada görür, həmişə onu eyni xarakterli rollara çəkir. Rolunun əsirinə dönmüş o qədər aktyor var. Niyə məni Hollivud, Rusiya rejissoru görüb istifadə edir, siz etmirsiniz? Yaxşı ssenari, yaxşı rejissor ola, o filmi "Oskar" alacaq səviyyədə oynayaram. Asan görünsə də, aktyorluq dünyanın ən çətin peşəsidir.

 

- Yəqin ki, tamaşalarda, filmlərdə çəkilərkən maraqlı anlar yaşanmış olar.

 

- Çox olub. "Sonqulunun sərgüzəştləri"ndə Hacıbaba Bağırov şorgöz kişi, mən də onun sevdiyi qızın zırpı qardaşını oynayırdım. Məşqlər bitdi, çəkiliş başlayacaq. Rol çox xoşuma gəlmişdi. İstəyirdim lap təbii alınsın. Mən öz rollarıma maraqlı ştrixlər qatırdım. Çəkiliş bulvarda idi. Bir neçə cavan uşaq keçirdi yanımızdan başlarında yekə "aerodrom" kepka, əllərində təsbeh. Dedilər müəllim, nə kömək lazımdı. Dedim kepka ilə təsbehi verin mənə. Verdilər. Hacıbabaya demədim. Çəkiliş başladı, qızın zırpı qardaşı gəlməlidir, Hacıbaba guya qorxur. Mən pilləkənləri asta-asta çıxıram, öncə zırpı qardaşın kepkası görünür, sonra altından mən. İnanın elə dərindən qəhqəhə çəkdi, çəkilişin sonuna qədər mənə baxdıqca gülürdü, iş dayanırdı. Hacıbaba güldürsə də, əslində özü çox sərt, ciddi adam idi. TV "Cənnətin qəbzi" adlı teletamaşada qapıda duran zəbanini oynayırdım. Əlimdə nizə olmalıydı. Dedilər boyuna uyğun nizə verək. Dedim yox, elə edin nizə özümdən 4-5 dəfə də uzun olsun. Elədilər. Çox maraqlı görünürdü.

"Qətl günü" filmində Qorxmaz Əlilinin atası Məmməd Əli ilə tərəf müqabili idik. Filmin rejissoruna dedi ki, kaş Aslanı lap çoxdan tanıyaydım. "Ondan istifadə edin. Bu aktyor sizə "Oskar" qazandırar". Yenə deyirəm, hər şey rejissorlardan asılıdır.

 

- Kukla Teatrı spesifik teatrdır. Orada sizə çətin olmadı?

 

- 2008-ci ildən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında çalışıram. Uşaqları sevirəm, kollektivi sevirəm, işimi sevirəm. Bir işi sevirsənsə, o sənə çətin görünmür.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“44 günlük dastan”dan danışdılar

Torpaqların sənədləşdirilməsi ASANLAŞIR

Rusiyanı daimi təhlükə kimi tanımağa ÇAĞIRIŞ

Hindistanda dəhşətli hadisə

Ağdama olacaq ilk köçün TARİXİ

Xankəndidə yaradılan futbol klubunun loqosunun MƏNASI

Repetitorluq: Leqal, yoxsa qeyri-leqal qazanc mənbəyi?

Deputatlara vəsiqələri verildi

Circus Sea Breeze "Buffalo Show" ilə valeh etdi

Türkiyəli həkimdən XƏBƏRDARLIQ

Ana övladına öz soyadını verə bilərmi?

Bu deputatlara “Mercedes E 300” maşınları veriləcək

Rektor fəaliyyətini DAYANDIRDI

Ronaldunun qolu "Ən-Nəsr"ə qələbə qazandırdı

Neymar "Santos"a qayıdacaq