“Qərbi Azərbaycan soyqırıma, qətliama məruz qalıb”
Əli Mustafa: "Azərbaycanlılar bu gün də öz tarixi torpaqlarına qayıtmaq üçün can atırlar"
“Qərbi Azərbaycan” dedikdə min illər boyu türklərin yaşadığı İrəvan xanlığının tarixi yada düşür. “Qərbi Azərbaycan” dedikdə Dərələyəzi, Göyçəni, Vedini, Zəngəzuru, Ağababanı əhatə eliyən böyük bir coğrafiyanın tarixi yada düşür. “Qərbi Azərbaycan” dedikdə son 200 ildə, 1828-ci ildən sonra davamlı olaraq türk müsəlman əhalisinin müxtəlif təzyiqlərə, təqiblərə, soyqırıma məruz qalaraq öz dədə-baba torpaqlarından köçürüldüyü, məhrum olduğu əraziləri, coğrafiyanı başa düşürük. Bu coğrafiya bir türk yurdudur, bir türk coğrafiyasıdır. Bu coğrafiyada min illər boyu türklər yaşayıb, müsəlmanlar yaşayıb. Ola bilsin orda azsaylı ermənilər də olsun, amma onlar da çox rahat yaşayıblar, onları təqib edən, incidən olmayıb. Çünki çoxluq türk olan yerdə hər zaman azadlıq və ədalət olub”.
Versus.Az xəbər verir ki, bunu əslən Qərbi Azərbaycandan olan hüquqşünas alim Əli Mustafa Qərbi Azərbaycanın mədəniyyəti, tarixi ədəbi dəyərləri kontekstində fikirlərini bildirərkən söyləyib.
Ə.Mustafa hesab edir ki, mövcud tarixi reallıqlar Qərbi Azərbaycan tarixini, mədəniyyətini, ədəbiyyatını, toponimlərinin qayıdışımız kontekstində təbliği, öyrənilməsi və dünya ictimaiyyətinə bir Azərbaycan yurdu olaraq təqdim olunmasının zəruriliyini ortaya qoyur.
Ə.Mustafa tarixi faktları önə çəkib:
“1813-cü il Gülüstan sülh müqaviləsi, 1828-ci il Türkmənçay sülh müqaviləsi bağlandıqda Rusiyaya coğrafiya Güney Qafqaza hakim kəsildikdə bölgəni işqal etdikdən sonra həmin bölgədə bir erməni dövləti qurmaq ideyası üzərində çalışıblar. Rusiya imperiyası bunu gerçəkləşdirmək üçün dünyanın hər bir yerində, xüsusilə Osmanlı dövlətinin və Qacar imperiyasının ərazisindən 100 minlərlə ermənini gətirib burada məskunlaşdırıblar. Ermənilər bu coğrafiyada məskunlaşdıqca, bu coğrafiyada qədimdən yaşayan əsil sakinləri olan türklər orda sıxışdırılmağa başlanılıb. Və tədricən onları bölgədən uzaqlaşdırıblar, qovublar, müxtəlif bəhanələrlə qırıblar. Xüsusilə yaşlı insanlar hər zaman danışardılar ki, 1905, 1918-ci illərdə qaçaqaç olub. 1947-ci ilin dekabrın 23-də SSRİ Nazirlər Sovetinin həmin bölgədən azərbaycanlıların, türklərin köçürülməsi ilə bağlı bir qərarı var. Onları Mil Muğan düzünə köçürüblər ki, pambıq əksinlər. Təsəvvür edin, dağlıq, dağətrafı bölgədə yaşayan, soyuq iqlimə öyrəşən insanları gətirib isti Muğan çöllərinə töküblər və orda insanların böyük bir hissəsi həyatlarını itiriblər. Yəni bu bölgənin insanına qarşı hər zaman rus-erməni cütlüyü hər zaman bir soyqırımı həyata keçirib. Hətta vaxtilə bölgədən insanları qovarkən onların məscidlərini, özlərini yandırıblar, var-dövlətini mənimsəyiblər. Yəni Qərbi Azərbaycan bölgəsi demək olar ki, insanları kimi soyqırıma, qətliama məruz qalıb. Ordakı bütün tarixi abidələr, müsəlman mədəniyyətinin gözə gələn nəyi varsa hamısını ya dağıdıblar, ya hansısa formada dəyişiblər, adların dəyişiblər, tarixi yer adların dəyişiblər, rayon, şəhər və kəndlərin adlarını dəyişiblər - bir sözlə, erməniləşdiriblər. Bu proses əslində bu günə qədər davam edir. Ancaq bununla belə son köç 1988-1989-cu illərdə həyata keçirilib”.
Ə.Mustafa hesab edir ki, bu məsələlərin araşdırılmasına və tutarlı sənədlərlə dünya ictimaiyətinə təqdim olunmasına ehtiyc var. onun fikrincə bu barədə daim danşılmalıdır, bu barədə filmlər, kitablar yazılmalı oxunmalı, baxılmalıdır:
“Qərbi Azərbaycanın Göyçə bölgəsindəki aşıq mədəniyyəti və digər məsələlərlə bağlı kifayət qədər nümunələr var. Bütün bunların hamısının dünya ictimaiyyətinə çatdırılması vacibdir. Əslində bu məsələləri ermənilər bilir, amma dünyanın əhəmiyyətli hissəsi bilmir. Fikrimcə artıq bu istiqamətdə məqsədyönlü, planlı danışmaq lazımdır ki, dünya da bilsin ki, bura qədim Azərbaycan torpağıdır, türklərin yaşadığı bölgədir. Dünya bilsin ki, bura ermənilər sonradan köçüblər, bura ermənilərin işğalı altındadır. Azərbaycanlılar burdan qovulub və bu gün də öz tarixi torpaqlarına qayıtmaq üçün can atırlar".
LƏMAN
versus.az
Xəbər lenti
Beş min illik sirli qəbir...
Skeletin yanına bəzi qəbir əşyaları qoyulub ki, bu da...