Qarabağda separatizmin kökü kəsildi və...
Kamilə Əliyeva: "Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi"
"Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın son 200 ildə hər zaman düşmənləri tərəfindən torpaqları işğal edilən məmləkəti qalib bir dövlətə çevirdi. Prezidentimizin böyük sərkərdəlik qabiliyyəti və başçılığı altında qəhrəman Azərbaycan Ordusu 30 il erməni işğalında olan torpaqlarımızı işğaldan azad etdi".
Bunu Versus.Az-a açıqlamasında professor Kamilə Əliyeva bildirib.
2020-ci il sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycanın mədəniyyət beşiyi olan Şuşa şəhərini, ümumilikdə 300-dən çox yaşayış məntəqəmizi işğaldan azad etdiyini qeyd edən K.Əliyeva xatırladıb ki, Prezident İlham Əliyevin müdrik, qətiyyətli siyasəti nəticəsində Ağdam, Laçın və Kəlbəcər şəhərləri bir güllə atılmadan Azərbaycana qaytarılıb:
"Müharibədən sonra Azərbaycan qalib ölkə olmasına baxmayaraq dəfələrlə Ermənistana davamlı sülh üçün çağırışlar etsə də Ermənistan tərəfi danışıqlardan boyun qaçırır, ölkəmizin suveren ərazisində silahlı təxribatlar törədirdilər. 2021-ci ilin noyabrında sərhəddə birinci silahlı toqquşma baş verdi. 2022-ci ilin sentyabrında isə müharibədən sonra ən qanlı toqquşma baş vermişdi. 2023-cü ilin martında Azərbaycanın Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələri və buradakı separatçılara məxsus qanunsuz hərbi dəstələr Şuşa istiqamətində hərbi təxribatlar törətdilər. 2020-ci il 10 noyabr üçtərəfli Bəyanata əsasən Ermənistan öz silahlı qüvvələrini Qarabağdan çıxarmalı, separatçılara məxsus silahlı dəstələr tərk-silah olunmalı idi. Lakin Ermənistan buna əməl etmirdi, əksinə Qarabağdakı silahlı dəstələrini silahlandırır, zirehli texnikalarla təchiz edirdi".
K.Əliyeva vurğulayıb ki, Azərbaycan dəfələrlə Ermənistan rəhbərliyinə və onun xaricdəki havadarlarına müraciət edərək ermənilərin qanunsuz əməllərinə son qoyulmasını tələb edirdi. Ermənistan və Qarabağdakı separatçılar isə silahlı təxribatlar törətməklə yanaşı Qarabağdakı təbii sərvətlərimizi də qanunsuz olaraq talayırdılar:
"2023-cü ilin aprelin 23-də Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Azərbaycanın suveren ərazisində, Ermənistan ilə sərhəddə Laçın-Xankəndi yolunun başlanğıcında "Laçın" Nəzarət Buraxılış Məntəqəsi yaratdı. 2020-ci ildə imzalanmış kapitulyasiya aktından sonra Azərbaycanın Qarabağ bölgəsində 10 mindən çox Ermənistan silahlı qüvvələrinin birləşmələri qalmaqda idi. Prezident İlham Əliyev dəfələrlə Ermənistan rəhbərliyinə Qarabağ ərazisindən silahlı qüvvələrini çıxartmağı və sülh bağlamaqla bağlı çağırışlar etmişdir. Ölkə başçımız azərbaycanlılarla ermənilərin birgə yaşayışının təmin ediləcəyi barədə humanitar təklif irəli sürmüş, ikitərəfli danışıqların münasibətlərin normallaşmasına böyük töhfə verə biləcəyini vurğulamışdı. Ermənistan və Qarabağdakı separatçılar isə bu təklifi lazımı qiymətləndirmədilər. Qarabağda separatçılar özlərinin oyuncaq "Prezident"ini seçdilər, qondarma "Parlament"ləri adından Azərbaycan dövlətinin əleyhinə bəyanatlar səsləndirdilər.
2023-cü ilin 19 sentyabr tarixində erməni silahlı qüvvələri Azərbaycanın Qarabağ bölgəsində bir sıra geniş miqyaslı hərbi təxribatlar törətdilər. Təxribatlar nəticəsində azərbaycanlı mülki şəxslər və hərbi qulluqçular şəhid oldular və yaralandılar. Bütün bu təxribatların qarşısının alınması və Azərbaycan Respublikasının Konstitusiya quruluşu bərpa olunması üçün Azərbaycan Ordusu bölgədə lokal xarakterli antiterror tədbirlərinə başladı. Sentyabrın 19-da başlayan və cəmi 24 saat 43 dəqiqə davam edən antiterror tədbirləri nəticəsində ermənilər ağ bayraq qaldırdılar və təslim oldular. Azərbaycan Ordusu ermənilərin bütün hərbi istehkamlarını, texnikalarını təmamilə məhv etdi. Antiterror tədbirləri zamanı Azərbaycan Ordusu böyük peşəkarlıq nümayiş etdirdi. Heç bir erməni sakininə və mülki obyektlərə zərər yetirilmədi. Bu bir daha Azərbaycan xalqının nə qədər humanist bir xalq olmasının nümunəsidir. Azərbaycan Ordusu əvvəlcədən bütün mülki şəxslərə hərbi obyektlərdən uzaq durmaları barədə SMS və səs gücləndiricilərlə xəbərdarlıq etmişdir.
Sentyabrın 28-də Qarabağın separatçı rejiminin rəhbəri Samvel Şaxramanyan qondarma rejimin ləğvi ilə bağlı sənəd imzaladı. Beləliklə Qarabağda separatizmin kökü kəsildi və Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Prezident cənab İlham Əliyev Xocalıda, Xankəndində və digər kənd və qəsəbələrimizdə Azərbaycan bayrağını dalğalandırdı".
PƏRİ
versus.az
Xəbər lenti
Beş min illik sirli qəbir...
Skeletin yanına bəzi qəbir əşyaları qoyulub ki, bu da...