Deputatlar hansı qaydalarla CƏZALANDIRILIR
Sentyabrın 16-da Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə növbədənkənar seçkilərin yekunlarının və nəticələrinin təsdiq olunması üçün müvafiq sənədləri Konstitusiya Məhkəməsinə təqdim edib. Sentyabrın 21-də Konstitusiya Məhkəməsi Plenumunun xüsusi konstitusiya icraatı üzrə iclasında növbədənkənar seçkilərin nəticələri təsdiqlənib.
Sentyabrın 23-də 7-ci çağırış Milli Məclisin ilk iclası keçirilib. İclasda parlamentin sədri, müavinləri və komitə sədrləri seçilib.
Yeni Milli Məclis formalaşarkən parlamentdaxili məsuliyyətə cəlb olunan deputata hansı intizam tədbirlərinin tətbiq edildiyi araşdırılıb.
Milli Məclisin Daxili Nizamnamənin 45-ci maddəsinin birinci hissəsində göstərilən əsaslara görə, Milli Məclisin deputatı barəsində aşağıdakı intizam tədbirlərindən biri tətbiq edilir:
1) xəbərdarlıq;
2) söz kəsmə;
3) iclas salonundan çıxarma;
4) töhmət;
5) deputat səlahiyyətlərinin itirilməsi.
Bundan əlavə, parlamentdaxili məsuliyyətə cəlb olunan Milli Məclisin deputatına intizam tədbirlərinin tətbiqi qaydası da müəyyənləşib.
Daxili Nizamnamənin 45-ci maddəsinin birinci hissəsinin 1-ci bəndində göstərilən əsasa görə, Milli Məclisin, yaxud onun komitə və ya komissiyasının iclasına sədrlik edən tərəfindən Milli Məclisin deputatı barəsində xəbərdarlıq, söz kəsmə və ya iclas salonundan çıxarma intizam tədbiri tətbiq edilir, yaxud töhmət intizam tədbirinin tətbiq edilməsi üçün İntizam komissiyasına təqdimatla müraciət edilir. İntizam komissiyası 2 həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə Milli Məclisin deputatı barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edir.
Eyni zamanda 45-ci maddənin birinci hissəsinin 2-ci bəndində göstərilən əsasa görə, Milli Məclisin Sədri Milli Məclisin deputatı barəsində İntizam komissiyasına təqdimatla müraciət edir. İntizam komissiyası 2 həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə Milli Məclisin deputatı barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edir.
Milli Məclisin deputatı barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar Milli Məclisin növbəti iclasında elan edilir.
Milli Məclisin Sədri Milli Məclisin növbəti sessiyasının bütün iclaslarında və ya il ərzində Milli Məclisin 15 iclasında üzürsüz səbəbdən iştirak etməyən Milli Məclisin deputatı barəsində İntizam komissiyasına təqdimatla müraciət edir.
İntizam komissiyası 2 həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə Milli Məclisin deputatı barəsində deputat səlahiyyətlərinin itirilməsi intizam tədbirinin tətbiq edilməsi haqqında rəy qəbul edir və Milli Məclisin müzakirəsinə çıxarır. Bu məsələyə Milli Məclisin növbəti iclasında səlahiyyətlərinin itirilməsi nəzərdə tutulan deputatın iştirakı ilə baxılır. Həmin deputatın iclasda iştirakı mümkün olmadıqda bu məsələyə onun iştirakı olmadan baxılır. İclasda iştirak edən Milli Məclisin deputatları yalnız deputat səlahiyyətlərinin itirilməsi üçün yetərli əsasların olub-olmamasını aydınlaşdıra bilər, İntizam komissiyasının üzvlərinə suallar verə bilər və deputatın səlahiyyətlərinin itirilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər. Milli Məclisin deputatının səlahiyyətlərinin itirilməsi barədə Milli Məclisin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir.
Parlamentdaxili məsuliyyətə cəlb edilmiş Milli Məclisin deputatları haqqında məlumatlar "Azərbaycan" qəzetində dərc olunur və Milli Məclisinin Aparatı tərəfindən başqa mediaya təqdim edilir.
Milli Məclisinin növbəti sessiyaları dövründə hər ay "Azərbaycan" qəzetində Milli Məclisin və onun komitə və komissiyalarının iclaslarını üzürsüz səbəbdən buraxan deputatların adları dərc olunur.
Xəbər lenti
Mehriban Əliyevadan Zəfər Günü PAYLAŞIMI
"Uca Tanrı doğma Azərbaycanımızı daim qorusun!"