"Beynəlxalq hüquq tamamilə qərbi azərbaycanlıların tərəfindədir"
Məlahət Həsənova: “Qarabağ probleminin həlli Qərbi Azərbaycana qayıdış yolunun başlanğıcıdır”
2020-ci il 27 sentyabr tarixində Azərbaycan Ordusunun Ermənistanın işğalçı hərbi qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatı regionda erməni havadarlarına tarixin böyük bir dərsini verdi. Azərbaycan ərazilərində bəslənən işğalçı Ermənistan ordusunun, separatçı dəstələrinin qovulduğu 44 günlük savaş, antiterror əməliyyatları və aparılan sülh danışıqları müstəvisində regionun geosiyasi mənzərəsini dəyişməklə yeni reallıqlar yaratdı. Cənubi Qafqazda mərkəz, güc dövləti olan Azərbaycanın zəfərini həzm edə bilməyən imperialist güclərin Ermənistanı bəhanə edərək aydın şəkildə bizə göstərdiyi təzyiq və təsirləri regionu yenidən gərginləşdirməyə xidmət etdiyi birmənalıdır.
Versus.Az deputat Məlahət Həsənovanın bu istiqamətdə “Həftə İçi”-nə verdiyi müsahibəni təqdim edir.
- Vətən Müharibəsində əldə etdiyimiz zəfərdən 4 il keçir. 27 sentyabr tarixi hansı reallığı ortaya qoydu?
- 44 günlük Qarabağ müharibəsi, eləcə də 1 günlük antiterror əməliyyatında rəsmi Azərbaycan bütün dünyaya, beynəlxalq təşkilatlara, eləcə də Ermənistana bir daha bəyan etdi ki, bu torpaqlar bizim tarixi ərazilərimizdir və onun igid oğulları hər qarışına görə mübarizə aparıb canından keçməyə hazırdılar. Bu məqamı xüsusilə qeyd etməliyik ki, 27 sentyabr tarixi əks-hücum hərbi əməliyyatı başqa bir coğrafiyada deyil, məhz Azərbaycanın beynəlxalq hüquqla tanınan sərhədləri daxilində baş verdi. Çünki Azərbaycanın tarixi əraziləri Ermənistan və havadarlarının diqtəsi, revanşist siyasəti nəticəsində alovlandırılaraq etnik ermənilərin əli ilə münaqişə ocağına çevrilmişdi. 30 ildən çox müddət ərzində beynəlxalq güclər, “ATƏT-in Minsk Qrupu” deyilən təşkilat gərginliyi olduğu kimi saxlamaqla vəziyyəti Ermənistanın xeyrinə dəyişməyə çalışdılar. Lakin 27 sentyabrda başlanan və 44 gün davam edən Vətən Müharibəsi dövlətimizin, xalqımızın taleyini kökündən dəyişməklə uzun illər pozulan hüquqlarını bərpa etdi, qorudu.
27 sentyabr savaşı Azərbaycan dövlətinin, xalqın qürurunu, ləyaqətini özünə qaytarmaqla işğalçı Ermənistana və ona havadarlıq edən güclərə tarixi dərsini verdi. Bununla yanaşı Azərbaycan dövləti humanist dayanaraq ərazilərində - Qarabağda yaşayan ermənilərin azərbaycanlılarla bərabər hüquqa malik olduğunu bəyan etdi. Azərbaycan dövlətinə qarşı heç bir cinayətdə əli olmayan mülki ermənilərə rəsmi olaraq bəyan edildi ki, qanunvericilik çərçivəsində Azərbaycan vətəndaşlığını qəbul edib yaşamaq istəyirlərsə, qalıb yaşasınlar. Ancaq ermənilər Qarabağda yaşamaqdan imtina etdilər. Qalıb yaşamaq istəkləri ilə bağlı Qarabağ erməniləri tərəfindən azsaylı müraciətlər oldu. Amma çoxu könüllü olaraq kütləvi şəkildə ərazilərimizi tərk edib Ermənistana getdi. Onları Azərbaycanda məcbur saxlamaq düzgün deyildi və təbii ki, getmək də onların doğal haqqıdır. Əslində qalmaq istəməmələri də aydındır. Çünki Qarabağda yaşayan ermənilərin əksəriyyəti azərbaycanlılara qarşı cinayət törədənlərdir. Bu gün Qərbin, Avropanın müəyyən dairələri məhz bundan istifadə edərək Azərbaycanı ermənilərə qarşı “etnik təmizləmə” aparmaqla günahlandırmağa çalışır, guya hüquqları pozulan ermənilərin müdafiəsinə qalxırlar. Təbii ki, bütün bunlar absurddur və tarixən Azərbaycan dövlətinə qarşı aparılan imperialist siyasətin formasını dəyişən siyasətidir.
- Azərbaycanın 27 sentyabrda başlayan və 44 gün davam edən Vətən Müharibəsinə tuşlanan kurs yol xəritəsi ilə irəlilədi və hansı maneələri aradan qaldırmış oldu?
- 27 sentyabr 2020-ci ildə Prezident İlham Əliyevin “haqq və ədalət uğrunda irəli” əmrindən sonra qısa müddət ərzində tarixdə görünməmiş zəfər qazandıq. Sözsüz ki, bu zəfər qəhrəman oğullarımızın şəhidliyi, milli ordumuzun igidliyi sayəsində baş tutdu. Qələbəmizi şərtləndirən ən vacib məsələ çox güclü, müdrik sərkərdəmizin, Ali Baş komandanımızın olması idi. Çünki bizim 1-ci Qarabağ müharibəsində də çox qəhrəman oğullarımız var idi və onlar ölümdən qorxmadan əliyalın tankların qarşısına çıxmışdılar. Amma o dövrün Ali Baş komandanı yerində olmadığına görə o insanların öz canlarından keçmələri nəticəsiz qaldı, nəinki torpaqlarımızı geri aldıq, əksinə, böyük ərazilərimiz işğaldan azad edildi. 2020-ci ildə prezident İlham Əliyevin Ali Baş komandanlığı ilə "haqq-ədalət uğrunda irəli" əmri Qarabağ məsələsini kökündən həll etdi və bundan sonra tarixi Azərbaycan torpaqlarından qaçqın salınan azərbaycanlıların geri qayıdışı, haqlarının qorunması məsələsi gündəmə gəldi. Artıq Zəngəzur dəhlizinin açılması mütləqdir. Zəngəzur dəhlizinin açılması 2020-ci ildə üçtərəfli müqavilədə öz əksini tapıb. Ermənistan və onun havadarları nə qədər istəsələr də, bunun qarşısını ala bilməyəcəklər.
Qərbi Azərbaycana qayıdış da, Zəngəzur dəhlizi də, Göyçə, İrəvan - bütün bu məsələlər 44 günlük müharibədən, eyni zamanda antiterror əməliyyatından sonra daha da aktuallaşdı. Ümumiyyətlə rəsmi də olsa, qeyri rəsmi də olsa belə bir deyim var: Qərbi Azərbaycana yol Şuşadan gedir və Qərbi Azərbaycanın darvazasının açarı Qarabağ probleminin həllindən sonra gəlir. Qarabağ problemi həll olunmasaydı, biz Qərbi Azərbaycan haqqında heç vaxt danışa bilməzdik. Bəlkə də bu heç də təsadüfi deyil. Bilirsiz ki, Şuşa qalasının üç qapısı olub - Təbriz, Gəncə və İrəvan qapıları. Vaxtilə tarixdə Qarabağın baş kəndi, tacı olan o Şuşa qalasının İrəvan qapısı elə Qarabağ probleminin həlli, Qərbi Azərbaycana qayıdış yolunun başlanğıcıdır. İstər Qarabağ, istər Qərbi Azərbaycan məsələsi olsun, bu, vahid bir problemdir.
Bəllidir ki, erməni çetelərinin və dünya erməniliyinin neçə illərdir dənizdən-dənizə böyük Ermənistan qurmaq ideyası olub - Qafqazı bütövlükdə xristianlaşdırmaq, türksüzləşdirmək, müsəlmansızlaşdırmaq və erməniləşdirmək. Cənab prezidentimizin Xankəndidəki çıxışı 200 illik tariximizə konkret faktlarla etdiyi bir ekskursiya idi və bu fikirlər Milli Məclisdə etdiyi son çıxışında bir daha qeyd olundu. Prezidentin ordakı çıxışının hər bir cümləsi bir monoqrafiyadır, bir yol xəritəsidir. Eləcə də gələcəyə dönüş, Azərbaycanın gələcəyinin strateji bir baxışı, strateji yol xəritəsidir. Yəni prezident bu gündən dünənə və sabaha baxdı o çıxışında. Xankəndidəki görüş Azərbaycan ictimaiyyəti, tələbələri ilə olsa da, çıxış yalnız onlara ünvanlanmamışdı, hər kəsə aid idi. Prezident də dedi ki, Qarabağ, Qərbi Azərbaycan vahid bir problemdir. Sadəcə olaraq ermənilər zaman-zaman cənab İlham Əliyevin də dediyi kimi, "Kürəkçay", "Gülüstan", "Türkmənçay" müqaviləsi başlayandan sonra çox sürətlə iştahları artaraq böyük Ermənistan xülyasını reallaşdırmağa çalışdılar. Amma arzuları ürəklərində qaldı və bundan sonra da ürəklərində qalacaq. Yadınızdadırsa, 1987-91-ci illərdə Qərbi Azərbaycandan qovulmuş soydaşlarımız nə qədər çalışdılar ki, Qarabağda məskunlaşdırılsınlar, harada ki, ermənilər kampakt yaşayırdı, icazə verilmədi. Elə Vəzirov da, Ayaz Mütəllibov da, AXC-Müsavat cütlüyü də bu məsələyə o qədər məsuliyyətsiz, bacarıqsız yanaşdılar...
1987-91-ci illərdə baş verən azərbaycanlıların Qərbi Azərbaycandan deportasiya məsələsi beynəlxalq təşkilatların gündəliyinə daxil olmuş olsaydı, Qarabağ məsələsi bəlkə də bu qədər ağır formada baş verməzdi. Qeyd etdiyim kimi, Azərbaycanın həmin dövrdəki rəhbəri Qorbaçovun təlimatı ilə Moskvadakı ermənipərəst "politbüro" üzvlərinin dəstəyini, əmrini yerinə yetirirdilər. Ona görə də soydaşlarımızın Qərbi Azərbaycandan qovulmasından sonra Qarabağ münaqişəsi başladı. O dövr həqiqətən də Azərbaycanda bir sahibsizlik dövrü idi. SSRİ dağıldı, SSRİ-yə daxil olan respublikalar müstəqillik qazandı. Buna görə də beynəlxalq təşkilatlar, xüsusilə də BMT, eləcə də ayrı-ayrı dövlətlər artıq SSRİ-nin daxilindən ayrılan respublikaların müstəqilliyini tanıdılar. Müstəqilliyini tanıyanda da ərazi bütövlüyünü də tanıyıblar. Ermənistanın müstəqilliyi və ərazi bütövlüyü tanınanda artıq gec idi. Qərbi Azərbaycan problemi qaldı, çünki artıq Qarabağ münaqişəsi başlamışdı. 1991-92-ci illərdə hakimiyyətdə olanlar elə bir halda idilər ki, onların bu məsələni qaldırmaq niyyətləri olsaydı da belə, buna nə cəsarətləri, nə qüdrətləri, səviyyələri, savadları yox idi. Çünki məsələ mürəkkəbləşmişdi və Ermənistan artıq həmin ərazidə müstəqil dövlət kimi tanınırdı.
Bildiyiniz kimi 1993-cü ildə Azərbaycan xalqının təkidi ilə ulu öndər Heydər Əliyev artıq Moskvadan Naxçıvana gəlmişdi. Çünki Moskvanın da, dünya erməniliyinin də qorxusu o idi ki, birdən Heydər Əliyev Azərbaycan hakimiyyətinin başına gələr. İstər xalq cəbhəsi, AXC-Müsavat cütlüyü olsun, istər Ayaz Mütəllibov, istərsə də digər daxildəki qüvvələr və eləcə də xaricdəki qüvvələr ümummili liderin Bakıya gəlməsini istəmirdilər. 1993-cü ildən sonra istər Qarabağ məsələsi, istərsə də məcburi köçkünlərin problemləri ulu öndərin zamanında ciddi bir məsələ kimi dövlətin masasında oldu. Nəinki Qarabağ, artıq elə durum idi ki, Yevlax da, Bakı, Qazax, sərhəd bölgələri də təhlükə altında idi. Ulu öndər böyük xarizması, gücü, müdrikliyi - bütün varlığı ilə işğalı da dayandırdı, "Əsrin müqaviləsi" də bağlandı və sair. Bunları deməkdə məqsədim odur ki, qeyd etdiyim kimi, artıq ictimaiyyətdə Qərbi Azərbaycan məsələsini hər kəs - bütün Azərbaycan xalqı belə qolunu çırmayıb meydana atılsaydı, heç bir nəticəsi olmayacaqdı. Əksinə, Azərbaycanı Ermənistanın daxilinə təcavüz edən bir ölkə kimi qəbul edəcəkdilər. Ona görə də ulu öndər uzaqgörən siyasətini işə saldı. Getdiyi ölkələrdə Qarabağı anladırdı. Və Qarabağla bağlı ermənilərin bizə olan o informasiya blokadasını darmadağın etdi. Artıq Qarabağ problemi dünya ictimaiyyətinə çatdırıldı. Onun nəticəsi idi ki, başda Təhlükəsizlik Şurası olmaqla bütün beynəlxalq təşkilatlar Qarabağın Azərbaycanın ayrılmaz bir parçası olduğunu və Ermənistan tərəfindən işğal olunduğunu və qeyd-şərtsiz silahlı birləşmələrin çıxması sənədlərdə əksini tapırdı. Bu baxımdan Qarabağ problemi həll olunmamış Qərbi Azərbaycan məsələsi gündəmə gələ bilməzdi. Yəni uğursuz, başarısız olardı. Bu o demək deyil ki, Qərbi Azərbaycan məsələsi unudulmuşdu. Elə ulu öndərin çıxışlarına baxsaq görürük ki, o, hər dəfə qərbi azərbaycanlıların öz yurd-yuvalarına qayıdacağını deyib.
- Qeyd etdiyiniz kimi, 4 il əvvəl “dəmir Yumruq” zərbəsi alan Ermənistan yenidən “Dağlıq Qarabağ” deyə danışmağa başlayıb və “etnik təmizləmə” deyə hay-küy salmaqda davam edirlər. Bəs Azərbaycanın tarixi yurdundan qovulan əhalisinin - Qərbi Azərbaycanlıların aqibəti və hüquqlarının qorunması ilə bağlı məsələlər nə dərəcədə gündəmə gətirilir?
- Təbii ki, Azərbaycan dövləti müharibədən sonra necə etnik ermənilərə dövlətin qanunları müstəvisində sahib çıxmağa, onların hüquqlarını qorumağa hazır olduğunu bəyan etmişdisə, Ermənistandan da belə bir münasibət gözləyir. Gözləyirik ki, Ermənistan tərəfi qərbi azərbaycanlıların öz yurdlarına qayıdışı ilə bağlı proqramını, planını bəyan edəcək və soydaşlarımız Ermənistanın konstitusiyası çərçivəsində orada təhlükəsiz yaşayacaqlar. Əsas odur ki, bu qayıdış prosesi ləyaqətli şəkildə təşkil olunsun. İnanırıq ki, imzalanacaq sülh müqaviləsi qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıtmaları üçün də çox böyük hüquqi bir çərçivə olacaq. Yəni erməni diasporu, erməni lobbisi, erməni revanşistləri, rəsmi İrəvan bilməlidir ki, qərbi azərbaycanlılar bu yoldan geri çəkilməyəcək, öz yurdlarına dönmək üçün mübarizə aparacaqlar. Çünki Qərbi Azərbaycan bütövlükdə bizim vətənimizin bir parçasıdır.
Qərbi azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıtmaları, reinteqrasiyası üçün Ermənistan hökuməti tərəfindən konkret tədbirlər görülməlidir. Qərbi Azərbaycan İcmasının qəbul etdiyi konsepsiyada bütün beynəlxalq təşkilatlara, beynəlxalq ictimaiyyətə, dünyaya bəyan olunub ki, 1987-91-ci illərdə qərbi azərbaycanlıların zor gücü ilə qovulmuş, deportasiya, etnik təmizləmə, soyqırıma məruz qalmış 300 mindən artıq əhalisi öz yurduna qayıtmalıdır. Bu qayıdış da beynəlxalq hüququn prinsiplərinə tam uyğundur. Beynəlxalq hüquq diqtə edir ki, Qərbi Azərbaycandan qovulmuş 300 mindən artıq soydaşımız öz yurd-yuvalarına qayıtmağa hüquqi təminatı var. Buna görə də Ermənistan hökuməti istəsə də, istəməsə də BMT-yə üzv ölkə kimi bu onun öhdəliyindədir və bu öhdəliyi yerinə yetirməyə məcburdur. Qərbi Azərbaycan İcması da öz konsepsiyasında, əsasnaməsində qarşıya qoyduğu hədəf və məqsədlərə çatmaq üçün bütün imkanları səfərbər edir. Bildiyiniz kimi İcma tərəfindən başda BMT olmaqla, təşkilatın ayrı-ayrı qurumlarına məktublar ünvanlanıb. O məktublar bütün ölkələrə yayılıb və icmaya cavablar gəlib. Beynəlxalq hüquq demək olar ki, tamamilə qərbi azərbaycanlıların tərəfindədir və Ermənistan onların sülh yolu ilə qayıdışını təmin etməlidir. Eyni zamanda qərbi azərbaycanlıların oradakı evləri əgər dağıdılıbsa, Ermənistan onlara təzminat ödəməlidir. Qərbi Azərbaycan İcması olaraq bu məqsəd və hədəfimizdən bir addım da geri çəkilməyəcəyik. Bu istiqamətdə də prinsipial, ardıcıl və beynəlxalq hüquq çərçivəsində işlər görülür. Əminik ki, qərbi azərbaycanlılar mütləq öz yurd-yuvalarına qayıdacaq. Ora bizim dədə-baba tarixi torpaqlarımızdır. Bütün tarixi gerçəkliklər, tarixi dəlillər və hüquq bunu diqtə edir. Ona görə də yaxşı olar ki, Ermənistan bu qayıdışı xoşluqla təmin etsin. Təbii ki, Qarabağı işğaldan azad etmək üçün 30 il gözlədiyimiz kimi, qərbi azərbaycanlıların da öz yurd-yuvalarına qayıdışı üçün o qədər uzun vaxtı gözləmək fikrində deyilik. Əminik ki, bu proses yaxın illərdə gerçəkləşəcək. Bildiyiniz kimi Ermənistanın demoqrafiyasında ciddi problemlər var, əhalinin artımı çox böhran vəziyyətdədir, əhalinin gənc təbəqəsi ölkəsini tərk edir. Ermənistanda demək olar ki, ölüm doğumdan çoxdur. Yəni qərbi azərbaycanlıların qovulduğu rayonların kəndləri demək olar ki, tamamilə boş qalıb.
Ermənistan hökuməti görməlidir ki, Azərbaycan hökuməti bu məsələdə nə qədər humanist yanaşma etdi.
Qeyd etməliyəm ki, bu məsələ VII çağırış Milli Məclisin ilk iclasında Prezident tərəfindən bir daha önə çəkilməklə söydaşlarımızın öz ata-baba yurdlarına qayıdışının təminatı ilə bağlı növbəti mesajlarını vermis oldu və əsas məqsədlərimizi elan etdi. Bir daha bütünlüklə sülh, rifah, inkişafın gətirilməsinin zəruri tələb olduğu qeyd edildi.
Heç şübhəsiz ki, 2020-ci il 27 sentyabrda başlayan və 44 gün ərzində əldə olunan Zəfər və onun cızdığı Yolun üzərində ermənilərin nəzarətində olan Zəngəzur yolu ətrafı ərazilərindən qaçqın düşən azərbaycanlıların geriyə qayıdışını təmin etmək, məskunlaşdırma aparmaqla, həmin ərazilərin Azərbaycan tərəfindən abadlaşdırılması, infrastruktur layihələrinin yenilənməsi, kommunikasiya xətlərinin açılmasına nail olmaqdır. Prezidentin də dediyi kimi bu, bütövlükdə region ölkələrinin iqtisadi inkişafına da səbəb ola biləcək amillərdən biridir”.
T.Qafarlı
Xəbər lenti
Beş min illik sirli qəbir...
Skeletin yanına bəzi qəbir əşyaları qoyulub ki, bu da...