Ermənistan çətin seçim qarşısında
Bu ərazilərə nəzarət Azərbaycana veriləcək?
Zəngəzur dəhlizi ilə bağlı məsələdə İran və ABŞ-ın maraqlarının üst-üstə düşməsi ilə bağlı fikirlər səsləndirilir. Belə ki, Qərb bu yolun Rusiyanın nəzarətinə keçməsini istəmir, İran da yola yalnız Ermənistanın nəzarət etməsinə çalışır.
Bəs, nə üçün bu iki ölkə Ermənistanı dəhlizin açılmasına razı sala bilmir?
Mövzu ilə bağlı danışan politoloq Ramiz Alıyev deyib ki, ABŞ və Qərb ölkələrinin israrla Zəngəzur dəhlizinin açılması və nəzarətin Ermənistana, yaxud Qərbin təyin etdiyi sülhməramlı qüvvələrə verilməsində maraqlı olmasının müəyyən səbəbləri var:
“Rusiya Ermənistan dəmir yollarının hamısına sahibdir. Qərb də hər vəchlə çalışır ki, Rusiyanın əlindən bu səlahiyyəti alsın, Ermənistana qaytarsın. Beləliklə, həmin yollar üzərində öz hökmranlığını həyata keçirəcək. Bunun vasitəsilə rəsmi İrəvana müəyyən göstərişlər də verəcək. Qərb Zəngəzur dəhlizinə nəzarət etməklə Cənubi Qafqaza daxil olmaq, mövqe tutmaq istəyir”.
Ramiz Alıyev
Politoloqun sözlərinə görə, Azərbaycanın alternativləri olsa da, sülhün daha dayanıqlı olmasını təmin etmək üçün Zəngəzur dəhlizinin açılmasında maraqlıdır:
“Ermənistanın dalandan çıxması üçün bu, ən ideal variantdır. Qərb ölkələri isə öz maraqlarını düşündüyü üçün hazırda bu yolun açılmasına mane olur. Rusiya və İranın himayəsindən çıxmaq üçün rəsmi İrəvan yaranan bu vəziyyəti düzgün dəyərləndirməlidir. Digər tərəfdən Ermənistan Azərbaycan ərazilərini işğalda saxladığı müddətdə vurduğu ziyana görə təzminat ödəməlidir. Bu təcrübə digər ölkələrdə də dəfələrlə müşahidə edilib. Təzminat ödənilməməsinin də müəyyən şərtləri var. Ya öz suveren ərazilərindən müəyyən bir hissəyə nəzarəti, ya da suveren ərazilərin bir hissəsini, eləcə də qanuni istifadəsini qarşı tərəfə verməlidir. İran isə Zəngəzur dəhlizinin açılmamasını ona görə istəyir ki, Naxçıvana və digər qərb rayonlarına maneəsiz hərəkətin rəsmi Tehran üzərindən təmin olunsun”. /globalinfo.az/
Xəbər lenti
Direktorluqdan imtina etdi
Xankəndiyə müəllimi kimi qayıtdı...