Bir şəklin TARİXÇƏSİ
BTR-i düşmənin BMP-si üstünə sürən gizir
Vətən müharibəsinin 4-cü ildönümüdür... Dünən şəhidlərimizi andıq...
Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsini 10 noyabrda qələbə ilə yekunlaşdıraraq, 44 günlük şanlı tarix yazdı. Modern.az-a “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu fotoşəkil Vətən müharibəsinin gedişində lentə alınıb.
Zaman 2020-ci il sentyabrın 29-u... Məkan Tərtərin Talış kəndi istiqaməti.. Şəkildə gördüyünüz üstdəki BTR bizimkilərin, altdakı BMP-2 isə ermənilərindir.
Bu döyüş barədə Modern.az-a orada iştirak etmiş hərbçilərimiz danışıblar.
1353 adlanan yüksəklik Talış yaşayış məntəqəsinin əldə saxlanılması üçün böyük strateji əhəmiyyətə malik idi. Yüksəkliyi müdafiə etmək üçün polkovnik-leytenant Əfqan Abdurahmanovun (şəhid olub, Vətən Müharibəsi qəhrəmanıdır) rəhbərliyi ilə əsgərlərimiz müdafiə mövqeyi qurmuşdular, müxtəlif istiqamətlərdən yüksəkliyin mühafizəsi təşkil edilmişdi.
Sentyabrın 29-u günortaya yaxın düşmən qəfildən bir tank, bir BMP-2 və təxminən 30 nəfərdən artıq canlı qüvvə ilə hücuma keçir.
Kəhrilər (Kəhillər) xarabalığı yaxınlığında qanlı, əlbəyaxa döyüş başlayır. Düşmənin irəliləməsinə, zirehli texnikanın mövqeyimizə girməsinə imkan vermək olmazdı. İlk növbədə zirehli texnika sıradan çıxarılmalı, sonra canlı qüvvə məhv edilməli idi.
Əsgər Oruc İbişli yaxın məsafədən qumbaraatanla erməni tankını vurur. Xeyli irəli soxulmuş BMP-2 isə daha böyük təhlükə yaradırdı. Çıxılmaz vəziyyət yaranmışdı. BMP-2-dən durmadan mövqelərimizə atəş açılırdı.
Zerehli texnika məhv edilməli idi, əks halda itkilərimiz çox olacaqdı. Bu ağır və təhlükəli vəziyyətdə müddətdən artıq xidmət edən hərbi qulluqçu, gizir Nəriman Atakişiyev böyük qərəmanlıq göstərir. O, gözlənilmədən BTR-ə minərək, onu işə salıb tam sürətlə düşmənin zirehli döyüş texnikasına tərəf sürür. Düşmənin BMP-2 maşınındakı heyəti nəyin baş verdiyini anlayana qədər gizirimiz idarə etdiyi BTR-i düşmənin döyüş texnikasının üstünə mindirir və onun qülləsinin hərəkətini məhdudlaşdırır. Bundan sonra hərbçilərimiz düşmən texnikasına doğru hər tərəfdən əl qumbaraları tullayırlar. Qarışıqlıqdan istifadə edən polkovnik-leytenantlar Əfqan Əbdurahmanovla Soltan Məmmədov da mövqelərindən çıxaraq düşmən BMP-2-nə tərəf qaçıb "lyuk"dan içəri əl qumbaraları atırlar və beləcə zirehli maşında olan düşmən əsgərləri məhv edilir.
BMP-2-də ermənilərin 6 desantı, 1 sürücü, 1 tuşlayıcısı zərərsizləşdirilir.
Düşmən texnikasını sıradan çıxaran əsgər Nəriman Atakişiyev ağır yaralansa da, BTR-dən çıxıb xilas ola bilir. Daha sonra hərbi maşınların ikisi də partlayıb yanır.
Bu döyüşün ardından işğalçı ordunun əsgərləri geri çəkilməli olur...
Azərbaycan Ordusu Vətən müharibəsindəki belə qəhrəmanlar sayəsində 30 il öncəki məğlubiyyəti ZƏFƏRƏ çevirdi.
Xəbər lenti
Beş min illik sirli qəbir...
Skeletin yanına bəzi qəbir əşyaları qoyulub ki, bu da...