“Tütək səsi” filminin Tapdıqla Cümrüsü 50 il sonra...
Azərbaycan tamaşaçılarının uzun illərdir yorulmadan baxdığı "Tütək səsi" filminin əsas aktyorları 50 ildən sonra yenidən bir araya gəliblər. Tapdıq rolunun ifaçısı Akif Məhərrəmov və Cümrü obrazını canlandırmış Xalaq artisti Şamil Süleymanlı Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqında görüşüblər.
“Tütək səsi"ndə yaddaqalan rollar ifa etmiş aktyorların 50 ildən sonrakı görüşündən çəkilmiş fotoşəkil sosial şəbəkədə maraqla qarşılanıb.
Xatırladaq ki, yazıçı-publisist, Əməkdar jurnalist Akif Məhərrəmov (Akif Əli) uzun müddət (1994-2019) Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri işləyib. O, “Tütək səsi”indən əlavə daha üç filmə çəkilib. Xalq artisti Şamil Süleymanlı isə ümumilikdə 50-yə yaxın filmdə rol alıb.
Qeyd edək ki, yazıçı İsa Hüseynovun "Saz" və "Tütək səsi" əsərləri əsasında ekranlaşdırılmış “Tütək səsi” filmi 1975-ci ildə çəkilib, 1976-cı ildə isə premyerası olub.
Kinopovestdəki hadisələr II Dünya Müharibəsi illərində Azərbaycan kəndlərinin birində gərgin zəhmət, ümumxalq birliyi, eyni zamanda mürəkkəb insan münasibətləri mühitində cərəyan edir. Bu kənddə hər bir evdə müharibənin nəfəsi duyulur. Qadınlar və uşaqlar cəbhəyə getmiş ərlərin, ataların, oğulların yerinə çöl işlərini görürlər. Filmdə həyat da var, məhəbbət də. Sarsıntı da var, sevinc də...
Quruluşçu rejissoru Rasim Ocaqov olan filmdə əsas rollarda Akif Məhərrəmov (Tapdıq), Ötkəm İsgəndərov (Nuru), Mixail Volontir (Cəbrayıl), Yusif Vəliyev (Qılınc Qurban), Məmmədrza Şeyxzamanov (İsfəndiyar kişi), Liya Eliava (Sayalı), Xalidə Quliyeva (Milli) Sadıq Hüseynov (Rza), Səfurə İbrahimova (İsmət), Şamil Süleymanlı (Cümrü) və başqaları çəkilib.
Filmin çəkilişləri əsasən Bakıda - kinostudiyanın pavilyonunda, təbiət səhnələri isə Qusar rayonunun kəndlərində aparılıb.
Xəbər lenti
İlham Əliyevdən Qərbə MESAJ
"Dünya Bakıda toplaşıb və biz “Azərbaycana xoş gəlmisiniz!" deyirik"