Bələdiyyələrlə bağlı QƏRAR
Yerli özünü idarəetmə orqanını işlək mexanizmə çevirməyin yolları aranır
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzovun “Yeni Müsavat” qəzetinə verdiyi məlumata görə, Azərbaycanda bələdiyyələrin birləşməsi ilə bağlı qanun layihəsi hazırlanacaq. Layihə çərçivəsində bələdiyyələrin sayının üçdə birinin azaldılması nəzərdə tutulur. Hazırda ölkədə 1606 bələdiyyə fəaliyyət göstərir, lakin bir zamanlar bu rəqəm 2700-ə qədər idi və mərhələli şəkildə azaldılmışdı.
Siyavuş Novruzovun sözlərinə görə, bəzi ərazilərdə əhalinin sayına baxmayaraq, çox sayda bələdiyyə fəaliyyət göstərir. Elə yerlər var ki, 60-70 nəfər əhali yaşayır, lakin orada bələdiyyə qurulub. Bu bələdiyyələr vergi yığmaqda, digər funksiyalarını yerinə yetirməkdə çətinlik çəkirlər. Bu səbəbdən bələdiyyələrin birləşdirilməsi məsələsi gündəmdədir.
Yeni qanun layihəsinin qəbulundan sonra bələdiyyələrin fəaliyyətinin daha səmərəli olması və idarəetmənin optimallaşdırılması gözlənilir.
Yeni qanun layihəsinin qəbulundan sonra bələdiyyələrin fəaliyyətinin daha səmərəli olması və idarəetmənin optimallaşdırılması mümkün olacaqmı?
Bəs müxalifət partiyaları bələdiyyələrin sayının azaldılmasına necə yanaşırlar? Bələdiyyələrin sayının azaldılmasına onlar da ehtiyac duyurlarmı?
Arzuxan Əlizadə
AMİP sədri, deputat Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, bələdiyyələrin fəaliyyəti ilə bağlı bir çox problemlər mövcuddur. Bələdiyyələrin statusu, səlahiyyətləri ilə bağlı bir sıra təkliflər indiyə qədər irəli sürülüb: “Bu istiqamətdə indiyə qədər təkliflərimiz olub və bu gün də təkliflərimiz var. Böyük şəhər bələdiyyələri daxil olmaqla, bir sıra struktur dəyişikliklərinə gedilməsini təklif etmişik. İndi də o təkliflərimizin üzərində dayanırıq. Amma onun da fərqindəyik ki, qarşıdan bələdiyyə seçkiləri gəlir, dekabrın 23-də növbəti bələdiyyə seçkiləri keçirilməlidir. Bu müddət ərzində bizim dediyimiz əsas köklü təkliflər konstitusion dəyişiklikləri özündə ehtiva etdiyi üçün yalnız referendum yolu ilə reallaşdırıla bilər. Bu səbəbdən artıq həmin təkliflərin reallaşdırılacağı mümkün görünmür. Eyni zamanda həm də o fikirdəyik ki, həqiqətən də bir çox bələdiyyələr əhalisi çox az olan yaşayış məntəqələrində formalaşdırılıb və bu da əlavə maliyyə yüküdür, əlavə problemlər yaradır. Bu səbəbdən də bir bələdiyyələrin birləşməsi, kənd bələdiyyələrinin birləşdirilməsi əslində vəziyyətdən çıxış üçün normal addım olardı. Bunun reallaşdırılması üçün işlər görülməkdədir. Oktyabrın 11-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası olacaq və bu məsələ iclasın gündəliyinə çıxarılacaq məsələlərdən biri kimi nəzərdə tutulub. Komitə layihəni müzakirə edəcək və bundan sonra Milli Məclisin plenar iclasına çıxarılacaq.
Bələdiyyələrin səmərəli fəaliyyətinə mane olan ciddi problemlər qalmaqdadır. Ən ciddi problem bələdiyyələrin statusu və səlahiyyətləri ilə bağlıdır. Biz çalışacağıq ki, təkliflər verməklə bu problemlərin düzəldilməsi istiqamətində addımlar atılmasına nail olaq. Bu gün bələdiyyələr imkanları çox məhdud olan struktur vəziyyətində fəaliyyət göstərirlər. Bələdiyyələrin səlahiyyətləri artırılmalı və təsiretmə mexanizmlərinə malik olmalıdırlar".
Elşad Musayev
Böyük Azərbaycan Partiyasının sədri, deputat Elşad Musayev bildirdi ki, yerlərdə idarəçilik məsələsində islahatlar aparılması lazımdır. Bunu edərkən ilk növbədə dünya təcrübəsinə baxmaq lazımdır:
"Dünyada bu istiqamətdə dörd təcrübə növü var. Azərbaycanda bunlardan biri tətbiq olunur. Belə ki, həm yerli icra hakimiyyəti orqanları var, həm də yerli özünü idarəetmə orqanları olan bələdiyyələr mövcuddur. Lakin bələdiyyələrin səlahiyyətləri azdır. Bələdiyyələrin səlahiyyətinin azlığı problem mənbələrindən biridir. Ona görə də bələdiyyələrin səlahiyyətlərini artırmaq lazımdır. Səlahiyyətləri az olan bələdiyyələrin sayı az da olsa çox da olsa onların fəaliyyətindən gözlənilən nəticəni ala bilməyəcəyik. Təbii ki, bələdiyyələrin sayının azaldılmasına ehtiyac olub-olmadığı araşdırılacaq. Mən hesab edirəm ki, ən vacib məsələ bələdiyyələrin səlahiyyətlərinin artırılmasıdır. Bələdiyyələrin maliyyə imkanlarının çoxalmasına gətirib çıxaracaq dəyişikliklər lazımdır. Bələdiyyələrin reklam lövhələri, onlara məxsus ticarət, iaşə, istehsal obyektləri, marşrut xətləri olmalıdır ki, gəlirləri olsun. Bələdiyyələrin fəaliyyətinin effektivliyini bu cür komplekt islahatları qanunvericilikdə həyata keçirmək və tətbiq etməklə artırmaq mümkündür”.
Tural Abbaslı
AĞ Partiyanın sədri Tural Abbaslı isə bildirdi ki, bələdiyyələrin sayının azaldılması onların funksionallığının və iş qabiliyyətinin artmasına təsir göstərməyəcək. Bu, o halda müsbət təsir göstərəcək ki, bələdiyyələrin səlahiyyətləri də artırılsın, bələdiyyələrin yerli icra hakimiyyətlərindən asılılığı aradan qaldırılacaq:
“Azərbaycandakı bələdiyyələr Türkiyədəki muxtarlar kimidir. Azərbaycanda bələdiyyələri Türkiyədəki bələdiyyələr səviyyəsinə qaldırmaq lazımdır. Bunun da yolu yenə də onların səlahiyyətlərinin artırılması, müstəqilliyinə şərait yaradılmasından keçir. Bələdiyyələrin sayı azaldılsa, iş yükü artacaq. Səlahiyyəti az olan bələdiyyələr isə artan iş yükünün öhdəsindən lazımi səviyyədə gələ bilməyəcək. Ona görə də islahatlar paralel şəkildə aparılmalıdır. Bu gün bələdiyyələrin fəaliyyətinin effektivliyinin az olması yalnız bələdiyyələrin sayının çox olması ilə əlaqədar deyil. Həm də səlahiyyətlərinin az olması ilə bağlıdır. Kəndlərdəki icra hakimiyyəti başçısının inzibati ərazi üzrə nümayəndəsinin səlahiyyəti bələdiyyənin səlahiyyətindən üstündür. Belə bir vəziyyətdə təbii ki, həmin bələdiyyədən yüksək effektli fəaliyyət gözləməyə dəyməz. Bu gün bələdiyyə üzvləri maaş almırlar. Kim gedib maaşsız işdə effektli işləyər? Təbii ki, heç kim. Bələdiyyələrə insanların həvəsini artıran islahatlara ehtiyac var. İndiki vəziyyətdə bələdiyyələrin saxlanmasındansa tamamilə ləğv edilməsi daha düzgün olar. Ən azından bələdiyyə seçkiləri adlı seçki keçirilməz”.
Azad Vətən Partiyasının sədri Akif Nağı da qeyd etdi ki, bələdiyyələrin statusu və səlahiyyətləri genişləndirilməlidir. Bu addımlar atılsa, bələdiyyələrin sayı çox olsa belə, effektiv fəaliyyət göstərmək imkanları meydana gələr:
“Bu istiqamətdə indiyə qədər təkliflərimiz olub. Təkliflərimizi yenə də irəli sürəcəyik”. /yeni musavat/
Xəbər lenti
İlham Əliyevdən Qərbə MESAJ
"Dünya Bakıda toplaşıb və biz “Azərbaycana xoş gəlmisiniz!" deyirik"