Erməniləşən türk torpaqları

18:42 14-10-2024 | icon 482 | Dünya
Erməniləşən türk torpaqları

Azərbaycanın müasir dövrədək gəlib çıxan şəhərlərinin yaşı haqqında müxtəlif rəqəmlər deyilir. Qədim Bakı, Dərbənd, Şamaxı, Ərdəbil, Gəncə, Urmiya, İrəvan, Təbriz, Tiflis, Ordubad, Naxçıvan və başqalarının salınması, insanların məskunlaşmasına dair fərqli fikirlər, məlumatlar söylənilir.

 

Bəzən həmin şəhərlərə başqaları da yiyə çıxmağa cəhd göstərirlər.

 

Odur ki, arxeoloji qazıntılar, tarixi mənbələr, etimologiya və başqa dəlillərə əsasən, həmin şəhərlərin indiki türklərə (həm də azərbaycanlılara) məxsus olduğu təsdiqlənib.

 

Bu şəhərlər mədəniyyət mərkəzi olmaqla böyük fikir adamları, dövlət xadimləri yetişdiriblər.

 

Bakını Qız qalası olmadan təsəvvür etmək mümkün deyil. Bəzi mütəxəssislər bu şəhərin ibadət yeri, qalanın da məbəd olduğunu deyirlər. Başqa sözlə, Bakı qibləgah, inanc mərkəzi olub. Mənbələrə əsasən, Bakı şəhərində və Abşeron yarımadasında insanlar çox qədim zamanlardan məskunlaşıb və burada yaşayış məntəqələri yaradıblar.

 

Bakının fiziki-coğrafi şəraiti, şimaldan-cənuba, qərbdən-şərqə gedən miqrasiya və ticarət yollarının kəsişməsində yerləşməsi onu cəlbedici edib. Şəhərin əlverişli iqlim şəraiti, eləcə də ən qədim zamanlardan yer üzünə çıxan neft kimi yanacaq və enerji sərvəti olub.

 

 

Abşeron ərazisində tapılmış arxeoloji materiallar da Bakının qədim yaşayış məskəni olduğunu təsdiqləyir. Məlumatlara görə, Pirallahı, Zığ gölü ətrafı, Şüvəlan, Mərdəkan, Bilgəh və başqa yerlərdə eramızdan əvvəl (e.ə.) III-I minilliklərə aid arxeoloji materiallar tapılıb. Bakının salındığı dəqiq tarix məlum deyil.

 

Güney Azərbaycanın əsas şəhəri, birlik, bütövlük rəmzi olan Təbriz hələ eramızdan əvvəl şəhər-qala olub. Tarixi mənbələrə əsasən, Təbriz yaxınlığındakı Həsənli təpəsində, Zivə və Yanıqtəpədə aparılan arxeoloji qazıntılar zamanı tapılmış maddi mədəniyyət nümunələri bu ərazidə sənətkarlığın yüksək inkişaf etdiyini göstərir.

 

Aşşur hökmdarı II Sarqonun (e.ə. 722-705) kitabəsində bildirilib: "Tarmakis (Təbrizi nəzərdə tutur - red.) qalasının divarları ikiqat idi. Orada Fərat çayı qədər geniş olan kanal var, onun ətrafı isə qalın meşəliklə əhatə olunmuşdu. Şəhərdə gözəl binalar var idi… Mən Tarmakis şəhərinə hücum edən zaman əhali buranı tərk edib çöllərə qaçdı. Bu mahalı ələ keçirdim, müdafiə əhəmiyyəti olan istehkam vəziyyətinə salınmış yaşayış yerləri arasında döyüşə başladım".

 

 

Bu şəhər qədim ipək yolunun üstündə olub.

 

Ərdəbil - Azərbaycan türklərinin qurduğu Səfəvilər imperiyasının dini, siyasi, ideoloji mərkəzi. Atəşpərəstlik dininin, Avestanın yaradıcısı Zərdüştün doğuldu şəhər. Məlumatlara əsasən, Ərdəbilin tarixi sasanilərin dövründən daha qədimə təsadüf edir. Әrdәbil adının qәdim türk dilindәki "әr" (igid) vә "dәbil" (dəbilqə) sözlәrinin birlәşmәsi ilә yarandığı ehtimal edilir. Bu şəhərin də yaşı məlum deyil.

 

Ərdəbil dəniz səviyyəsindən 1 100 metr hündürlükdə yerləşir. Şəhərin məhsuldar torpağa malik düzənlikdə yerləşməsinə baxmayaraq, onu hündür dağlar əhatə edib. Şəhər Qərbdən Savalan dağı, Şərqdən Bağro dağı, Cənubdan Büzgüş, Şimaldan isə Talış dağları ilə əhatə olunur. Ərdəbil əlverişli təbii-coğrafi şəraitə malikdir. Dəniz səviyyəsindən 4 820 m hündürlüyə malik olan Savalan dağı keçmişdə vulkan olub. Bu dağ Ərdəbil şəhərinin iqliminə yaxşı təsir edir. Həmin dağın ətəyində Ərdəbil şəhərindən az aralıda yerləşən Səreyin, Sarı dava və Qotur adlı mineral sular da bu qədim şəhəri şöhrətləndirir.

 

Ərdəbil şəhəri və onun ətrafında bir sıra abidələr, o cümlədən bir metr uzunluğunda ağır dəstəkli qılınclar, müxtəlif xəncərlər, baltalar, ox ucluqları, ox qablarının metal hissələri, sırğa və boyunbağılar da tapılıb.

 

 

Urmiya şəhərinin də tarixi çox qədim dövrlərdən bir sıra yerli və xarici tarixçinin diqqətini cəlb edib. Rus şərqşünas Vladimir Minorskiyə görə, hələ e.ə. 2000-ci illərdə Urmiya düzənliyində bir sıra yaşayış məskənləri yerləşirmiş. Urmiya şəhərinin qədim tarixə malik olması faktını yazılı mənbələrdən əlavə, şəhərin özü, habelə onun ətrafından əldə edilən maddi-mədəni abidələr də sübut edir. Urmiya və ona yaxın olan ərazilərdən arxeoloji tədqiqatlar zamanı tuncdan hazırlanmş uzun və gödək qılınclar, üstü naxışlı xəncərlər, ev əşyaları, zinət əşyaları və digər əşyalar əldə edilib. Mütəxəssislərin fikrincə, buradan tapılan əşyalar eramızdan əvvəl VII-VI əsrlərə aiddir.

 

Urmiya ərazisindən tapılan qiymətli maddi-mədəniyyət nümunələrinin çoxu bu gün ABŞ, İngiltərə və Fransa muzeylərində saxlanılır.

 

Qədim dövrlərdə Urmiya gölünün qərb sahili Gilzan adlandırılırdı. E.ə. IX əsrdə burada müstəqil hakimiyyət bərqərar olmuşdu. Sonralar bu ərazi Urartu və Manna dövlətlərinin tərkibinə daxil edilib.

 

 

Bu şəhərə başqa etnik qruplar iddia edirlər. Onlar Urmiyada yerli sakinlərin, türklərin evlərini pulla alaraq şəhəri və bütövlükdə Qərbi Azərbaycan əyalətini özününküləşdirməyə çalışırlar. İranın Qərbi Azərbaycan əyalətinin indiki Ermənistan ərazisindəki Qərbi Azərbaycanın aqibətini yaşaması təhlükəsi var.

 

Gəncənin yaşı haqqında da müxtəlif rəqəmlər söylənilir. Bəziləri onun yaşının 2500 ildən çox, bir çox mütəxəssis isə dörd min il olduğunu bildirir.

 

Hazırda Rusiya ərazisindəki Dərbənd şəhərinin yaşı ilə bağlı da oxşar fikirlər var. Məsələn, 2015-ci ildə bu şəhər iki min illiyini qeyd edib. Ötən il Rusiya Prezidenti Vladimir Putin Dağıstana səfəri zamanı bildirdi ki, Dərbəndin beş min il yaşı var.

 

Tiflisin, Ordubadın, Naxçıvanın da yaşı bilinmir. Azərbaycan bu qədim şəhərləri təkcə regionun deyil, dünyanın mədəniyyət mərkəzlərindən olub.

 

Dərbənd, Tiflis, Urmiya, Ərdəbil, Təbriz bu gün Azərbaycan Respublikasına daxil olmasalar da, bu şəhərlərdə azərbaycanlılar yaşayırlar. Mənsub olduqları dövlətin vətəndaşıdırlar. Onlar həm də Azərbaycan dili və mədəniyyətinin daşıyıcıları, oradakı tarixi-mədəni abidələrin, o torpaqların əsl sahibləridir.

 

Qədim Azərbaycan şəhəri İrəvanda isə bu gün bir türk belə yaşamır. Ermənilərin və havadarlarının birgə səyi nəticəsində Ermənistanda, onun paytaxtı İrəvanda türklər, azərbaycanlılar etnik təmizliyə məruz qalıblar.

 

Ermənistan hakimiyyəti indi bu şəhərin 2806-cı illiyini qeyd edib. Bu şəhərə ad vermiş, onu qorumuş, inkişaf etdirmiş, Qafqazın mədəniyyət mərkəzlərindən birinə çevirmiş azərbaycanlılar, türklər isə bu şəhərdə yoxdurlar.

 

Ermənilər və antitürk tarixçilər Urartunu erməniləşdirməklə İrəvanın da tarixini saxtalaşdırıblar.

 

İrəvanın azərbaycanlılara aid olduğunu təsdiqləyən çoxsaylı tarixi, arxeoloji faktlar mövcuddur. Bunların bir çoxu Ermənistan qurulduqdan sonra erməniləşmənin qurbanı olub. Qaraqoyunluların və Ağqoyunluların hökmranlığı dövründə coğrafi mövqeyinə və yerli şəraitinə görə İrəvan Çuxursəd vilayətinin inzibati mərkəzi olub. Bu şəhərdəki məhəllə və qalaların adlarını, İrəvan xanlığını idarə etmiş xanların adlarını çəkmək buranın türklərə məxsus olduğunu təsdiqləyir.

 

 

1679-cu il iyunun 4-də zəlzələ nəticəsində tamamilə dağılmış İrəvan Zal xanın rəhbərliyi ilə yenidən tikilib. Tarixi mənbəyə əsasən, Salnaməçi Əylisli Zəkəriyyə həmin hadisəni belə qələmə alıb:

 

"Daşı daş üstə qalmadı, məscidlər, karvansaralar dağıldı, qala yerlə bir oldu, körpülər yatdı, ölən qalandan çox oldu. Abbasqulu xanın kürəkəni Zal xan çapar göndərib bu sitəm haqqında dörd yana xəbər yaydı. Gəncədən 800 adam gəldi. Məhəmməd xan Naxçıvandan böyük bir dəstə gətirdi. Bərdədən, Zəyəmdən, Makudan, Təbrizdən, qonşu xanlıqlar və sultanlıqlardan o qədər adam gəlmişdi ki, qala ətrafında tərpənməyə yer yox idi. Azərbaycan vəziri Mirzə İbrahim iyulun 1-də Təbrizdən gəlib İrəvanda əyləşdi. Qala yenidən ucaldı, daha möhkəm oldu, arxlar çəkildi, körpülər salındı, məscidləri, karvansaraları yenidən tikdilər. Yerlə bir olan şəhəri dirçəldənlər viranəlik-xərabəlik üzərində daha möhkəm qala, daha görkəmli, daha gözəl imarətlər ucaltdılar. Şəhər dirçəldi, əhali bərpa olunan evlərə qayıtmağa başladı".

 

 

 

İrəvandakı yer adlarına diqqət yetirmək də şəhərin və bölgənin azərbaycanlılara aid olduğunu təsdiqləyir: Şiləçi, Sabunçu, Boyaqçı, Toxmaq, Təpəbaşı, Dəmirbulaq, Bağçalar, Yoncalıq və Börkçülər, Gedərçay, Qırxbulaq, Zəngi, Dərə Dəlmə, Dəmirbulaq, Dərəkənd, Məscid meydanı, Zal xan meydanı, Fəhlə meydanı, Böyük meydan, Şəhər meydanı, Göy məscid, Qala məscidi, Hacı bəyin məscidi, Zal xan məscidi, Günlüklü məscid, Günbəzli məscid, Şəhər məscidi, Novruzəli məscidi, Hüseynəli məscidi, Qanlı təpə, Üçtəpə, Qızıl təpə və başqaları...

 

Vaxtilə İrəvana gəlmiş səyyahlar da bu şəhərin türklərdən, müsəlmanlardan ibarət olduğuna dair fikir bildiriblər. Bu adlar erməniləşməyə məruz qalsa da, müasir dövrədək gəlib çatıb. Tarix bunu təsdiqləyir.

 

Hətta ermənilər köçürüləndən sonra belə, İrəvanda müsəlmanların (əsasən türklərin) ümumi sayı - 117 min 849 nəfər, xristianların (daha çox ermənilərin) ümumi sayı 25 min 151 nəfər olub.

 

Ermənistandakı "Matenadaran" arxivində İrəvanın azərbaycanlılara aid olduğuna dair tarixi faktlar təhrif edilməyibsə, qalar.

 

Ermənilər, Qərbi Azərbaycandakı kimi, Azərbaycan Respublikası torpaqlarını işğal altında saxladıqları 30 ilə yaxın müddət ərzində şəhər, kənd, coğrafi adları erməniləşdirib, özlərini bölgənin yiyəsi kimi aparıblar. Ancaq onların özbaşınalığının qarşısı alınıb. Torpaqlar işğalçılardan təmizlənəndən sonra ədalət bərpa olunub. Ərazidə yenidənqurma və bərpa işləri aparılır. Torpaqların, bu bölgənin tarixinin əsl sahibləri, azərbaycanlılar geri dönüblər.

 

Qərbi Azərbaycana, İrəvana da qayıdışın olacağı gün gözlənilir. 2806 yaşlı şəhərin yiyəsi olan türklər orada da tarixi ədalətsizliyi bərpa edəcəklər. İrəvanın məhəllələri qondarma ermənicədən xilas olacaq. İrəvandan qovulan azərbaycanlıların vətəndaş, mülkiyyət hüquqlarının bərpa ediləcəyi də günün əsas mövzularındandır. İrəvan isə 30 ildən artıqdır, öz ad gününü yiyəsiz qeyd edir...

"Report" İnformasiya Agentliyi

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Ağciyərlərin kardiogen ödemi – ağ, çəhrayı rəngli köpük

Muzeydə "Dahi Azərbaycan şairi Nizami Gəncəvinin əsərlərində XI – XIII əsr hərb sənəti” - TƏQDİMAT

MEDİAdan jurnalistlər üçün MÜSABİQƏ

Dünyanın ən yaxşı ordularına malik ölkələr

Sərbəst güləş millimiz dünya çempionatında 3-cü olub

Maqsud bəyin ulduzu Şöhrət Xiyabanında peyda oldu

Bərdə terrorundan 4 il ötür

Güləşçilərimiz 8 medal qazandı

MM-in komitə sədrindən DƏSTƏK

Bu gün daha dörd oyun keçiriləcək

Avropa ölkələrindən Gürcüstanla bağlı BƏYANAT

İki nəfərin öldüyü tunelə giriş-çıxış BAĞLANDI

Noyabr ayının QEYRİ-İŞ GÜNLƏRİ

Türkiyə Cümhuriyyəti - 101

Kirayə yolu ilə mənzil satışı SADƏLƏŞİB