Kəmiyyətdə azalma bələdiyyələrin keyfiyətini yaxşılaşdıracaqmı?
Siyavuş Novruzov: “Bələdiyyənin kadr bazası və geniş strukturu yoxdur, ona görə də…”
Azərbaycanda bələdiyyələrin səlahiyətləri və fəaliyəti ilə bağlı mövcud problemlər və həlli yollarının qanunla tənzimlənməsi prosesi yenidən gündəmdə. Artıq bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında qanun layihəsi müzakirə olunur və maraqlı təkliflər irəli sürülüb. Verilən məlumatlara istinad etsək, əgər 1999-cu ildə 2736 bələdiyyə olubsa, sonralar bir neçə dəfə birləşdirməklə sayları 1605-ə düşüb. İndi də bələdiyyələrin sayı təqirbən 3 dəfəyə yaxın azaldılıb 685-ə endirilməsi düşünülür. Kəmiyyətdə azalma bələdiyyələrin işində keyfiyətin əldə olunmasına imkan yarada biləcəkmi…
Versus.Az xəbər verir ki, Milli Məclisin Regional məsələlər üzrə komitəsinin sədri, YAP təmsilçisi Siyavuş Növruzov Həftə içi-nə müsahibəsində bir çox nüanslara aydınlıq gətirib.
- Bələdiyyələrlə bağlı qanunda edilən dəyişikliklər özündə nəyi ehtiva edir?
- “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında" qanuna dəyişiklik edilib. Ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı dörd ilin son iki ili ərzində olan göstəricilər bu xüsusda nəzərə alınır. Beləliklə, əhalisinin sayı 3 000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1 000 vahiddən az olan bələdiyyələr ləğv edilir. Burada sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər əsas götürülür. Məhz yekun göstəricilər nəzərə alınmaqla Milli Məclisin qərarı ilə bu tip bələdiyyələr birləşdirilir.
Digər tərəfdən, bələdiyyəllərin sayın azalması məsələsi Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirə edilib. Daha sonra qanunun tələblərinə əsasən, bələdiyyələrin birləşməsi ilə bağlı Milli Məclisə təqdim edilən rəylərə baxılıb və nəticədə 1400 bələdiyyənin birləşdirilməsi yolu ilə ölkə ərazisində bələdiyyələrin ümumi sayının 684-ə endirilməsi nəzərdə tutulub. Bununla əlaqədar “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə - “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihələri hazırlanıb.
- Bələdiyyələrin birləşməsi, yaxud sayının azalması bələdiyyələrin gələcək fəaliyyəti ilə bağlı hansı vədləri verir?
- Bələdiyyələrin birləşməsi, sayının azalması onun idarəçilikdə önə çıxmasına təkan verəcək. Bu ilin dekabrında keçirilməsi nəzərdə tutulan bələdiyyə seçkilərində yeni yaradılacaq bələdiyyə üzrə səsvermə aparılacaq. Birləşən bələdiyyələrdən ən böyüyü mərkəz hesab edilərək adı müəyyənləşəcək. Bütün bələdiyyələr bununla bağlı rəy verib və artıq yeni siyahı hazırdır. Bələdiyyələrin birləşməsi, onların maliyyə durumunun yaxşılaşdırılması, effektiv fəaliyyəti, insanların sosial problemlərinin həllində rolu, bələdiyyə mülkiyyətlərinin icarəyə verilməsi və digər məsələlər artıq optimallaşır. Digər tərəfdən, atılan addımlar bələdiyyələrin gəlirlərinin artmasına müsbət təsir edəcək. Bu, eyni zamanda bələdiyyələrin gələcək inkişafı üçün stimuldur. Qanunvericilikdə də ardıcıl olaraq bu məsələlərə diqqət artırılacaq.
- Bələdiyyələr hansı üstün səlahiyyətlərə malikdir və yerli vergilərin yığılmasında iştirak edə bilərmi?
- Yerli vergilərin yığılması ilə bağlı bələdiyyələrin səlahiyyəti var. Amma hazırda bələdiyyənin elə bir potensialı yoxdur ki, bu məsələləri tam şəkildə həll edə bilsin. Bələdiyyənin kadr bazası və geniş strukturu yoxdur. Ona görə də, bir bələdiyyə böyük bir rayonda vergiləri yığa bilmir. Bu isə müəyyən keçid dövründə başqa strukturlara həvalə edilir. Eyni zamanda tez-tez səslənən “Azərbaycanda bələdiyyələrin səlahiyyətləri məhduddur” fikirləri ilə də razı deyiləm. Belə deyil. Yerlərdə qəbiristanlıqlar bələdiyyələrin mülkiyyətinə keçib. Su, örüş sahələri, bələdiyyə torpaqları da bura daxildir. Normal fəaliyyəti ilə diqqət çəkən bələdiyyələrin say azlığı var. Amma yaxşı işləyən bələdiyyənin dövriyyəsi və vətəndaşların probleminin həllində yaxından iştirakı kimi müsbət nümunələr də mövcuddur.
- Bələdiyyələrin icra hakimiyyətlərinin kölgəsində qalması ilə bağlı fikirlərə münasibətiniz nədir?
- Ölkədə bələdiyyələrin kifayətə qədər səlahiyyətləri var. Amma kimsə icra hakimiyyətinin kölgəsindən çıxa bilmirsə, bu, artıq bələdiyyənin özünün problemidir. Bələdiyyələrlə bağlı 20-dən artıq qanun qəbul edilib. Bu qanunlar bələdiyyələrə geniş səlahiyyətlər verir. Bələdiyyələr müstəqildir. Onlarda üst qurum yoxdur. Bələdiyyədə yuxarı tabe olacağı bir mexanizm mövcud deyil. Ancaq vətəndaş qarşısında hesablatlıdır.
Digər tərəfdən, əslində bələdiyyələr çox kiçik idi. Misal üçün 300-400 nəfər sakin yaşayan yerdə bələdiyyə formalaşmışdı. Belə olan halda bələdiyyə özünü təmin edə bilmir. Ona görə də, müəyyən dərəcədə dövlətdən, rayon icra hakimiyyətlərindən asılı olur.
- Yeni formalaşmış bələdiyyə sistemində fəaliyyət mexanizmi necə qurulacaq?
- Artıq böyük bələdiyyələr formalaşır. Hətta elə bələdiyyələr var ki, onların illik dövriyyəsi bir-iki milyon manatdan çoxdur. Bu baxımdan gələcəkdə bələdiyyələrin inkişafı mümkün olacaq. İlk növbədə isə onun maddi-texniki bazasının möhkəmlənməsi təmin olunmalıdır. Bu da mərhələ-mərhələ həyata keçirilir.
- Azərbaycanda bələdiyyələrin Türkiyə modelinə keçidi nə dərəcədə realdır?
- Türkiyədə idarəçilik sistemi tamam başqa cürdür. Orada polis, vergi, tikinti, müəssisələrin ziyanlı və gəlirli işləməsi ilə bağlı bələdiyyələr qərar qəbul edir. Yol infrastrukturu və digər məsələlər bələdiyyə nəzarətindədir. Azərbaycanda isə hələ ki vahid regional idarəçilik sistemi ilə bağlı qaydalar yoxdur. Gələcəkdə hansı strukturların qalıb-qalmaması, müəyyən p aralellik aradan qalxmalıdır.
T.Qafarlı
Xəbər lenti
Ermənistanın qanunsuzluqları Məhkəmə tərəfindən ARAŞDIRILACAQ
Azərbaycanlılara qarşı törədilən kütləvi insan hüquqları pozuntuları ilə əlaqədar...