“... 60 gün ərzində seçkilər keçiriləcək, amma…” - MÜSAHİBƏ 1

07:14 07-05-2019 | icon 493 | Siyasət
“... 60 gün ərzində seçkilər keçiriləcək, amma…” - MÜSAHİBƏ 1

İqbal Ağazadə: “Bəziləri Azərbaycan siyasətində müxalifətçilik adı ilə manipulyasiya etməyə cəhd göstərirlər”

 

Ümid Partiyasının sədri, sabiq millət vəkili İqbal Ağazadənin Versus.Az-a müsahibəsi

 

- İqbal bəy, bu gün dünyanın ictimai-siyasi sferasında kataklizmlərlə dolu bir “burulğan” yaşanır. Müşahidə edirsinizsə, burda daha çox “yüngüllər” üzə çıxır və “taxta” “şoumenlər” oturdulur. Bir sıra ekspertlər dünya düzənini dəyişmək istəyən güclərin bu vəziyyətdən istifadə edərək, “maraqlı” oyunlar apardıqlarını istisna etmir. Bu durumu necə izah edərdiniz və sizcə Azərbaycan bu “meydanın” hansı yanında dayanıb, oyunçudurmu, yaxud oynadılanlardandır?

 

- Yadıma maraqlı bir əhvalat düşdü. Bundan əvvəl, parlament seçkiləri öncəsində hamıya sual verərdilər ki, Milli Məclisdə kimi görmək istəyərdiniz? Hüquqşünaslar, iqtisadçılar və s. müxtəlif cavablar verərdilər. Amma bir adam demirdi ki, biz Milli Məclisdə xalqın seçdiyini görmək istəyirik.

 

Nəyə görə, şoumen, aktyor, aktrisa və yaxud da başqa bir peşə sahibi xalqın verdiyi səsə rəğmən prezident ola bilməsin? Əgər demokratiya, demokratik seçki varsa və xalqın seçimi bunun üzərində aparılırsa, o şoumen də gəlib hakimiyətdə otura bilər. Zaman keçəcək, o, prezident kimi üzərinə düşən vəzifələri yerinə yetirməyəcəksə, elə xalq ozü sakitcə öz səsini geri alacaq. Nəhayət, biz buna alışmalıyıq. Seçkini biz bir halda müzakirə edə bilərik: prezident xalqın səsi ilə seçilib, yoxsa saxtakarlıqla? Bax, bizim üçün problem budur. Biz bunun ətrafında düşünməliyik. Yoxsa, Ukrayna xalqının, Amerika xalqının və yaxud da bir başqasının səs verərək seçdiyi adamı necə “dartışa” bilərik? Xalqın rəyi budursa, xalq belə istəyirsə, onu qəbul etmək lazımdır. Ona görə də biz seçkiləri udmuş adamlara “oturdulmaq”, “oyunçu” və sair kimi epitetlərlə fərqli rakusdan baxmamalıyıq. Təbliğat dönəmində isə təbii ki, xalqın seçimi üçün müxtəlif vasitələrdən istifadə olunur, bu da normaldır.

 

- Məsələyə bir siyasətçi kimi diplomatik rakusdan yanaşdınız. Bir çox ideoloqların, ekspertlərin fikrincə isə, bu tip seçimlər və proseslər dünyanı gərginlikdən çıxarmağa və yaxud böyük güclərin maraqlarına hesablanmış addımlardır. Sadəcə bu seçimə məcburdurlar.

 

- Yox, məsələ çox sadədir. Tarixin müxtəlif dönəmlərində, dünyanın ayrı-ayrı coğrafiyalarında müxtəlif sənət və peşə sahiblərinin ən yüksək kürsülərdə əyləşməsi təbii hal olub. Sadəcə biz sovet adamları hələ də o düşüncədən ayrıla bilməmişik. Biz elə düşünürük ki, adam aktyordursa, şoumendirsə, xalqın ona səs verməsi mümkün deyil. Bizim üçün prezident ütülü, sığallı, qalstuqlu, çox ciddi, qaşları çatılmış, üzü turşalmış bir obrazdır. Niyə siz hesab edirsiniz ki, aktyorluq edənin təşkilatçılıq qabiliyyəti ola bilməz? Aktyor təşkilatçılıq edib siyasi institutlar vasitəsi ilə ölkəni idarə edə bilməzmi?! Bu da onunla bağlıdır ki, biz ölkənin idarəçiliyini fərqli başa düşürük. Biz elə bilirik ki, ölkəni idarə edən adam vunderkind olmalıdır, hər şeyi bilməlidir, hər şey ondan asılıdır. Amma ölkəni idarə etmək bu deyil, ölkəni idarə etmək üçün institutlar var və ölkənin başında duran sadəcə yaxşı təşkilatçıdır. Yaxşı menecerlik edir və hər şeyi yaxşı şəkildə öz yerinə qoya bilir.

 

 

“Əgər o, prinsip və xəttən çıxmış olardısa, vəzifəsindən çıxarılardı”

 

 

-  Bir çoxları bu mövzuya ölkəni şəxsyyətlərin idarə etməsi prizmasından yanaşırlar. Sizcə necədir, ölkəni şəxsiyyətlər idarə edir, yoxsa sistem?

 

- Azərbaycan və yaxud da buna bənzər dövlətlərdə ölkəni şəxslər idarə edir. Amma demokratik ənənəsi olan oturuşmuş ölkələrdə sistem. Sistemin idarə etdiyi ölkələrdə həmişə doğru, dürüst inkişaf xətti aparılıb. Düzdür, neqativ sistemlər də var. Tutaq ki, sovet sistemi, neqativ sistem idi və orada da baş katib özbaşına heç nə edə bilməzdi. Əgər o, sistemin prinsip və xəttindən kənara çıxmış olardısa, vəzifəsindən çıxarıla bilərdi. Amma ümumilikdə götürəndə, sistemin idarə etdiyi ölkələr daha dayanıqlı, daha inkişaf etmiş olur. Çünki o fərdlərdən deyil, artıq sistemdən və sistemin müəyyən etdiyi münasibətlərdən asılıdır. Ona görə də hesab edirəm ki, fərdləri çox qabartmaq lazım deyil. Fərdlər çox şeyi dəyişmir. Tutaq ki, Tramp bu gün Amerikanın başına gəlsə də, Amerika dünyadakı yerini, rolunu dəyişməyib. Bəzən siyasətdə bir az tələskənlik və yaxud bir az gecikmələr, proseslərdə fərqli gedişlər ola bilər. Amma bu, böyük mənada Amerikanın planlarını, dünyadakı yerini, siyasətə baxışını dəyişməyib və dəyişdirə də bilməz. Dəyişəcəksə, o zaman Trampı dəyişəcəklər. Və yaxud, Avropa ölkələrində də buna oxşar vəziyyətdir.

Postsovet ölkələrində isə hər şey şəxslərdən asılıdır. Belə olduğuna görə də proseslər bizə bir qədər çətin görünür.

Və Poroşenko prezident seçkilərində çox böyük bir addım atdı. Poroşenko bizə fərsiz, bacarıqsız, savadsız adam kimi görünə bilər. Amma Poroşenko çox böyük demokrat, xalq üçün çox böyük şablon cızan, demokratiyanı bir daha təsbit edən, hakimiyyətdə olub vəzifəsindən sui-istifadə etməyən, seçkini saxtalaşdırmayan bir şəxsiyyət obrazında qaldı.

 

“O, ukraynalıların düşüncəsində rus təfəkkürünü bitirən sonuncu siyasətçi olacaq”

 

- Seçki proseslərində adətən “xarici təsirlər” məsələsi hər zaman gündəmə gətirilir. Hesab olunur ki, prezidenti seçən və onu idarə edən kənar güclər mütləq var. Ukrayna məsələsində də təsiredici qüvvə kimi Rusiya ilə Qərb nəzərdə tutulur. Siz isə hesab edirsiniz ki, Ukrayna seçkilərində demokratiya qələbə çaldı?

 

- Seçki kampaniyası dönəmində bu və ya digər şəkildə təsirlər ola bilər. Xalq inansın, ona səs versin deyə, xalqın rəyini dəyişdirməyə yönəlik addımlar atılır. Amma seçən xalqdır və görünən budur ki, Zelenskiyə xalq səs verdi. Görünən budur ki, hansı istiqamətdə yönləndirilməsindən və yaxud da piar işinin necə qurulmasından asılı olmayaraq, hakimiyyətdə olan prezident deyil, əks düşərgə xalqdan səs aldı. Zelenskinin hakimiyyətə gəlməsində isə daha çox Rusiya faktorunu qabardırlar. Amma bir məsələ daha çox aydındır, Zelenski ukraynalıların düşüncəsində rus təfəkkürünü bitirən sonuncu siyasətçi olacaq. Necə ki, Saakaşvilidən sonra hamı düşünürdü ki, İvanaşvili Rusiya ilə yeni münasibətlər sistemi quracaq və Rusiya Gürcüstanın problemlərini qismən də olsa həll edəcək. Amma İvanaşvili gəldi və gördülər ki, Rusiya Gürcüstana münasibətində siyasətini dəyişmədi. İndi də Zelenski gələndən sonra Putin dərhal Ukraynanın bir hissəsində rus pasportlarının paylanması ilə bağlı sərəncam və sair qərarlar verdi. Və Zelenski də müəyyən etdi ki, Rusiya ilə bir yerdə ola bilməz. Ukrayna xalqı nəhayətdə qəbul edəcək ki, Poroşenkonun, Zelenskinin və yaxud da sabah bir başqasının hakimiyyətdə olması Rusiyanın maraqlarına təsir etmir. Rusiyanın maraqları fərdlərə görə, fərdlərin bu ölkəyə münasibətlərinə görə dəyişmir, tutduğu yola, xəttə görə dəyişir.

 

“Ukraynada baş verən proseslərin analogiyası, bizdə seçkidə ola bilər”

 

- İqbal bəy, qonşu ölkələrdə baş verən proseslər təbii olaraq Azərbaycanla əlaqələndirilir, müqayisələr aparılır. Bu mənada bir az əvvəl bu “meydanda” hansı xətdə, yöndə dayandığımızı soruşdum. “Ofsaytda” deyilik?

 

- Yox, proseslər gedir. Hələ illər öncə qeyd etmişdim, indi də qeyd edirəm ki, 2019-cu il region, o cümlədən dünya üçün dinamik ildir. Azərbaycan üçün də dinamik ildir. İstər hakimiyyət, istər müxalifət daxilində, istərsə də Qarabağ ətrafında və ictimai düşüncədə proseslər gedir. Siz bunların şahidisiniz. Artıq  jurnalistlər də əvvəlki illərlə müqayisədə daha çox siyasətçilərə müraciət edirlər. Çinki həm regionda, həm ölkəmizdə hadisələr daha dinamik xarakter alıb. Proses gedir, amma bu o demək deyil ki, hər şey bir günün içində başlasın, bitsin. Tutaq ki, Ukraynada baş verən proseslərin analogiyası, bizdə seçkidə ola bilər. Orda da proseslər seçki yolu ilə getdi, Gürcüstanda da. Bizdə də proseslər seçki yolu ilə gedilməlidir ki, bu, gələn il üçün gözlənilir. Ən yaxın seçki bələdiyyə seçkisidir. Amma bələdiyyə seçkilərinə də Azərbaycan insanının və bütövlükdə siyasətçilərin, siyasi institutların münasibəti adekvat deyil. Çünki bələdiyyələrin statusu, cəmiyyətdəki yeri və qanunvericilik bazası maraqlara cavab vermir.

 

“Proses bundan sonrakı dönəmlərdə sakit inkişaf etməyəcək”

 

 

- Ötən illərdə də seçki olub. Amma sizin başqa ölkələrdən sitat gətirdiyiniz dinamika bizdə müşahidə olunmadı. Bəlkə mənə elə gəlir.

 

- 2003-cü ildə bizdə siyasi aktivlik baş verəndə, bu proses  Ukraynada, Gürcüstanda yox idi. Digər tərəfdən, siyasətdə enişli-yoxuşlu dönəmlər olur. Bizim siyasətdə itirdiyimiz illər, demokratikləşmək üçün əldən qaçırdığımız fürsətlər olub. Ola bilsin ki, biz bu fürsət illərini qaçırmışıq. Amma bizdə proses olanda, o ölkələrdə olmurdu. Bu prosesin hamıda eyni zamanda, eyni vaxtda olması şərt deyil. Azərbaycanda proses bundan sonrakı dönəmlərdə dinamik olacaq, sakit inkişaf etməyəcək.

 

“Belə hesab edir ki, .... kim birinci kresloya çatsa, o oturacaq”

 

- Nəyə əsasən belə deyirsiniz?

 

- Mən Nostradamusluq etmirəm.

 

- Bu gün müxalifət düşərgəsi sanki labirintə düşüb. Daxildə isə bir-birini didmələr, bir-birini ittihamlamalar, qarayaxmalar və sair xoş olmayan məqamlar var. Proseslərin bu müstəvidə getməsi və cəmiyyətin də məsələlərə “müthi” yanaşmaları, hətta adi bir suala belə cavab verməmə tənbəlliyi varsa, siz bütün bunların fonunda nəyə əsaslanaraq deyirsiniz ki, “olacaq”?

 

- Əgər dediyiniz aspektli didişmə, müxalifət içərisində bir-birini ittihametmə, qarşılıqlı kəskin mövqelər varsa, demək proses var və adamlar önə çıxmağın yollarını arayırlar. Və kim önə çıxmağı düşünürsə, onun üzərində “fərqli bir şeylər qurmağa” çalışırlar. Bu normaldır. Dünyanın hər yerində belə olur. Bizdə isə bir az aşırıdır. Çünki Azərbaycan müxalifətinin böyük bir hissəsi belə hesab edir ki, hətta birdən xalq ayağa qalxıb bu hakimiyyəti yola salarsa, kim kresloya birinci çatsa o oturacaq. Sanki indi bunun davası gedir, heç kim fikirləşmir ki, sonra seçki olacaq axı. Hökumət bu seçki ilə müəyyən olunacaq və konstitusiya normalarına uyğun olaraq, əgər ölkə başçısı istefa veribsə, I vitse-prezident istefa veribsə, baş nazir,  Milli Məclisin sədri istefa veriblərsə, o zaman Milli Məclisin həvalə etdiyi adam növbəti mərhələyə qədər ölkəni idarə etməlidir və 60 gün ərzində seçkilər keçiriləcək, amma heç kim o seçkiləri düşünmür. Düşünmədiklərinə görə də dava başlayır.

 

- Niyə düşünə bilmirlər?

 

- Düşünə bilirlər, yaxud bilmirlər, deyə bilmərəm. Amma təcrübədə bir dəfə hakimiyyətə gəlmək var - 1992-ci il. Onlar o məntiqdən çıxış edirlər ki, o dövrdə necə gəlmişdilərsə, elə də olacaq. Düşünürlər ki, gəldik, Ali Sovetin sədri seçildi, nazir təyin etdik və növbəti prezident seçkiləri oldu. Və 1992-ci ildə prezident seçilənədək, artıq prezidentin komandası hakimiyyətdə oturmuşdu. Görünür ki, bu təcrübdən dolayı çıxış edirlər. Düşünmürlər ki, demokratik seçkiyə getmək, seçkiyə hazırlaşmaq lazımdır. Buna görə də savaş gedir, elə bilirlər ki, kim daha çox döyüşsə, kim çox vuruşsa, daha çox şey qazana bilər. Və bu proseslərin içində yürüyüb başda oturmaq üçün şansları daha çox olar.

Amma hər kəs düşünsə ki, proses baş verəndən sonra seçki olacaq, mütləq seçkiyə qatılmalıyam, proqramımı, baxış, düşüncələrimi seçicilərə təqdim edib ondan səs almağı bacarmalıyam, yəqin ki, bir az fərqli olar.

 

- Partiyaların bu istiqamətdə siyasi mübarizəsi gedirmi?

 

- Çox təəssüf ki, biz qəhrəmanımızı ya dar ağacında görmək istəyirik, ya da hakimiyyətdə. Elə bilirlər ki, siyasi mübarizə aparmaq üçün elə küçədə döyüşməlidir, əlbəyaxa savaşları olmalıdır, barrikadalar qurulmalı, mitinqlər olmalıdır. Yox, axı təkcə o deyil. İndi mən sizə müsahibəni, bütün mesajlarımı seçkiyə yönəlik verirəm. Mübarizənin yollarından və vasitələrindən biri də budur. Seçici mənim sözlərimi oxuyub mesajlarımı alırsa, bu da  siyasi mübarizənin formalarından biridir. Sabah seçki mühiti olacaqsa, başqa məsələlər ortaya çıxacaq. Onda əyani görüşlərə gedəcəksən, açıq, qapalı görüşlər təşkil edəcəksən, “qapı-qapı” prinsipindən istifadə edəcəksən, cəmiyyətə nüfuz edə biləcək insanların sənin yanında dayanmasını istəyəcəksən. Bu gün hələ ki, başqa vasitələrdən istifadə olunur. Bir qədər sonra daha çox müsahibə verməyə, daha çox sosial şəbəkənin və yaxud da internetin verdiyi imkanlardan istifadə edərək, daha çox təbliğ olunmağa ehtiyac duyacaqsan. Bu nədən ötrü edilir? Bu seçiciyə verilən mesajdır və mübarizənin formalarından da biridir.

 

“Biri seçkiyə “getmirəm” deyərək hazırlaşır, əslində seçiciyə mesaj verir ki, mən daha yaxşı müxalifətçiyəm...”

 

 

- Bu, hansı dönəmi əhatə edir?

 

- Bu, seçkiöncəsi dönəmdir.

 

- Siz bu prosesə öz siyasi baxış prizmanızdan yanaşırsınız?

 

- Ümumiyyətlə, Azərbaycan siyasətinin reallıqları budur. Seçkiyə getmədiyini, getməyəcəyini bəyan edənlər də, seçkiyə getmək istədiyini bəyan edənlər də, hər kəs seçkiyə hazırlaşır. Biri seçkiyə “getmirəm”deyərək hazırlaşır, əslində seçiciyə mesaj verir ki, mən daha yaxşı müxalifətçiyəm, görürsünüz, seçkiyə getməyəcəyimi belə bəyan edirəm, siz mənim yanımda olmalısınız, digəri “gedirəm” deyəcək. Sual olunur: əgər seçkiyə getməyəcəksənsə, seçici nəyinə gərək?

 

“...hər kəs düşünməlidir ki, mütləq seçkiyə gedilməlidir”

 

 

- Müxalifətin bir-birini ittihamlaması, “mənəm müxalifət, başqa müxalifət yoxdur” kimi çıxışları da seçkiyə hesablanır?

 

- Hər halda müxalifətin bir-birini ittiham etməsi onları heç yerə aparmayacaq. Əslində onları paramparça edəcək. Bu, müxalifətin uzun illərdir davam edən bəlasıdır. “Müxalifət mənəm”, “məndən başqa müxalifət yoxdur” və sair, və sair... Yenə deyirəm, bu ona hesablanıb ki, bunlar hesab edirlər ki, hakimiyyət getsə, müxalifət yüyürüb kresloda oturacaq, daha seçkiyə getməyi düşünməyəcək.

Hələ 1992 ci ildə Nizami Süleymanovun adı heç siyasətdə,  müxalifətin sırasında yox idi. O, çox qısa zamanda populyarlıq qazanmışdı. Çünki demokratik seçki mühiti var idi. Heç kim düşünməsin ki, növbəti dönəmdə qeyri-demokratik seçki mühiti olacaq və hər kəs nə istəyirsə, onu da edəcək. Biz demokratiya uğrunda çalışırıq, bizim mübarizəmiz ondan ötrüdür ki, demokratik seçki olsun.  Demokratik seçkinin olması üçün də hər kəs bir şeyi düşünməlidir ki, mütləq seçkiyə gedilməlidir. Bu hakimiyyət olsa da, olmasa da hər şey seçki ilə dəyişməlidir. O zaman seçiciyə yönəlik addımlar olar, bir-birini “mən müxalifətəm” deyə ittiham etməzlər. Hə, siz məni müxalifət hesab etməyin, guya nə dəyişir ki, fikrimmi dəyişir, seçicinin mənə olan münasibətimi dəyişir, seçici məni nədəsə qaralayırmı və yaxud seçici məndən imtinamı edir?! Belə bir şey yoxdur. Müxalifətin bəlli bir kəsimi “müxalifətsiniz, müxalifət deyilsiniz”- deyə, üzərimə gəlsə belə, Azərbaycan seçicisinin mənə olan münasibəti o adamların münasibətindən qat-qat üstündür. Mən onu hər zaman, istər sosial şəbəkələrdə, istər fərdi görüşlərimdə - hər yerdə görürəm. Mənim siyasətə yönəlik, mübarizəyə yönəlik fərqli taktikalarım var. Kimsə məni dayandıra bilməz. Amma bəziləri Azərbaycan siyasətində müxalifətçilik adı ilə manipulyasiya etməyə cəhd göstərirlər. Bu da danışmaq istəmədiyim bəzi məqamlara söykənir.

 

“Mən heç kimin “sehirli çubuğunu” gözləmirəm”

 

- İqbal bəy, bir qədər əvvəl müxalifət xaricdə olan güclərin, oliqarxların dəstəyi hesabına daxildə böyük bir prosesin yaranacağına ümid edirdi. İndi isə proseslərə qarşı sanki bir melanxolik yanaşma yaranıb. Nə baş verdi və sizcə siyasətçi nəyi gözləyir?

 

- Mən düşünmürəm ki, Azərbaycan müxalifətinin hamısı dediyiniz kimi fəaliyyət göstərir. Yox, mən Azərbaycan seçicisinə yönəlik və seçicinin səsini almağa, seçicinin məni başa düşməyə, seçicinin mənim dediklərimi qəbul etməyə, verdiyim mesajların yanında dayanmağa yönəlik siyasət aparıram. Bütün gücüm, bacarığım da buna sərf olunur. Mən heç kimin “sehirli çubuğunu” gözləmirəm, heç kimdən maliyyə, yaxud başqa cür dəstək də axtarmıram. Gözlədiyim tək bir şey var, Azərbaycan seçicisi mənim verdiyim mesajları nə zaman qəbul edəcək… Mən uzun illərdir bu mesajları verirəm, tarixin müxtəlif dönəmlərində seçici bu mesajları rədd etsə də bu gün fərqli yanaşmalar var və hesab edirəm ki, artıq yeni bir mərhələdir, Azərbaycan seçicisi bunu qəbul etməyə başlayıb. Mənə və mənim mesajlarıma, partiyam və partiyamın mesajlarına cəmiyyətdə fərqli münasibət var. Bir daha qeyd edirəm, bunu şəxsi görüşlərimdə, mənimlə ünsiyyətdə olan insanların danışıqlarında, mövqelərində, o cümlədən sosial şəbəkədən aldığım mesajlarda görürəm. Biz bütün gücümüzü də buna yönəlik qurmuşuq. Hə, istərdik ki, bu prosesi daha sürətli həyata keçirək ki, daha çox seçici dəstəyi alaq. Bizim zəifliklərimiz, boşluq buraxdığımız sahələr var və bu istiqamətdə işləməliyik, işləyirik. O cümlədən də  hələlik ictimai-siyasi vəziyyət və seçicinin də mesajlarımızı qəbul etmək imkanları məhduddur. Onların üzərində çalışırıq. Digərləri haqqında danışmaq istəmirəm. Kim nəyi gözləyir, kimi gözləyirsə, bu onların problemidir. Mənim üçün öz pəncərəmdən və proseslərə partiyamızın mövqeyindən baxış daha maraqlıdır.

 

- Siyasi proseslərin sistem daxilində yürüdüyünü nəzərə alsaq, müxalifətdə olan bir partiyanın təklikdə qarşıya qoyduğu məqsədlərinə çatması çətin görünür. Sizcə, bunu aradan qaldırmaq üçün nə etmək olar?

 

- Mən tək deyiləm. Bizim cəmiyyət içərisində öz sistemimiz var, o da bizə aid bir sistemdir. Biz o sistemin üzərində ciddi şəkildə işləyirik. Onun içərisində beynəlxalq təşkilatlarla, xarici dövlətlərlə iş var, o sistemin içərisində hakimiyyətlə də iş var, xalqla da... Ən başlıcası isə seçicinin səsini necə almağa hesablanmış iş var. Biz o sistemi uzun illərdir qurmuşuq və bir neçə dəfə də təcrübədən keçirmişik və görmüşük ki, bizim sistem düzgün qurulub.

 

“O adamlar heç Azərbaycanpərəst ola bilmədilər”

 

- İqbal bəy, son vaxtlar bəzi siyasi kəsimlər tez-tez hakimiyyət daxilində yaranan problemləri müzakirəyə çıxarır, eləcə də yuxarı dairələrdə erməni, rus və digər “pərəstlərin” olduğunu qeyd edirlər. Siz necə düşünürsünüz?

 

(ardı var)

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Fuad Abbasovu aradan götürmək istəyirlər”

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Bu qədər də sınmaq, düşmək olmaz!

“12 illik həsrətdən sora evimizin 2-ci mərtəbəsinə qalxıb hönkür-hönkür ağladım”

“Cinayətkar” ola biləcəmsə, nə mutlu mənə

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

Fuad Abbasovun ailəsi məhkəmə qərarlarına qarşı apellyasiya şikayəti verir

Allahına və dövlətinə güvənən Şəhidim – ƏFİLAĞA HƏSƏNOV

“Ailəmi dolandırmaq üçün xəstəliklərin yayıldığı Yəmənə getməyə məcbur oldum”

“…İşğalçı dövlətə qarşı sanksiya tətbiq edilsin” - MÜSAHİBƏ

“Fuad Abbasovun deport olunması məqsədilə saxlanılmasını qınayırıq”

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

"Relslər üzərinə uzanmış adam"ın İANƏSİ

“Həyat gözəldir” - musiqili-ədəbi gecə