“Niyə sən…bu xalqa xəyanət etmisən?!” - MÜSAHİBƏ-2

15:55 08-05-2019 | icon 701 | Siyasət
“Niyə sən…bu xalqa xəyanət etmisən?!” - MÜSAHİBƏ-2

İqbal Ağazadə: “5 nazir, 1 spiker postu ilə razılaşmamaq Azərbaycan demokratiyasına xəyanət idi”

 

Ümid Partiyasının sədri İqbal Ağazadənin Versus.Az-a müsahibəsi

 

(əvvəli bu linkdə)

 

“O adamlar heç Azərbaycanpərəst ola bilmədilər, nəinki…”

 

- İqbal bəy, son vaxtlar bəzi ictimai-siyasi kəsimlərdə tez-tez hakimiyyət daxilində yaranan problemlərdən danışılır və yuxarı dairələrdə erməni, rus və digər “pərəstlərin” olduğunu qeyd edirlər. Siz necə düşünürsünüz?

 

“Bu gün rəyasət heyəti üzvlərinin 99 faizi Əli Kərimlinin yanında yox, hakimiyyətin yanındadır” 

 

- Hakimiyyətdə “rus, ermənipərəstin olması” fikri bir qədər absurddur. Ona görə ki, o adamlar heç Azərbaycanpərəst ola bilmədilər. Azərbaycanda vəzifə, pul qazandılar, məmur, oliqarx oldular, amma bu üstünlüklərə baxmayaraq, Azərbaycanı sevə bilmədilər. Niyə Ermənistanı, Rusiyanı sevsinlər ki? Bəzən də deyirlər, erməni qohumluğu, qarışığı var. Onu qəbul etdim, qarışığı var, amma o qarışığın böyük hissəsi burdadır da… Tutaq ki, atası, babası azərbaycanlıdır, amma ana tərəfindən kimsə ermənidir. Onun Azərbaycanda elə bir vəzifəsi yoxdursa, ermənilərlə təması yoxdursa, niyə sirli şəkildə erməniyə işləsin ki? “Bu adam” sadəcə olaraq vətənsizdir. Onlar üçün Azərbaycan, vətən, millət anlayışları çox arxadadır. Onlar yalnız özlərini sevirlər.  Rus gəlsə, rusla işləyəcəklər, erməni gəlsə, erməni ilə, təki öz mənafeləri qazansın. Ona görə də bu adamlar bu gün özlərini düşünürlər, vətənlərini düşünmürlər. O özlərini düşünənlər üçün vətən, millət, toplum anlayış yoxdur. Bunu rus, erməni ilə qohumluğa bağlayırıq, çünki Rusiya Azərbaycanın üstünə gəlir, çünki Ermənistan torpaqlarımızın bir hissəsini işğal edib. Belələri oturduqları vəzifədə elə bir şərait yaradıblar ki, onlar millətin yanında yox, torpağı işğal edənin və yaxud da Azərbyacanın problemlərini həll etməyə qoymayan Rusiyanın yanında görünürlər. Ona görə də o adamlar heç zaman Azərbaycanpərəst ola bilməyiblər, vətənpərəst ola bilməyiblər. Onlar vətən anlayışını qəbul edə bilməyiblər. Elələri hakimiyyətdə nə qədər desəniz, var. Eləcə də, Rusiya, erməni və konkret olaraq, ayrı-ayrı dövlətlərə işləyən adamlar olub, indi də var və bu, sabah da davam edəcək. Bu, bir az fərqli anlamdır.

Bütövlükdə isə qəbul etmək lazımdır ki, o adamlar dövlət üçün işləyə bilmirlər. Onlar üçün dövlət anlayışı yoxdur. Burdan pullarını götürüb dünyanın ən ucqar bir yerinə getsinlər, oranı özlərinə vətən hesab edəcəklər. O adamlarda Azərbaycan sevgisi yoxdur.

 

 - Son günlər diqqət Əli Kərimlinin müsahibəsinə yönəlib. Əli Kərimli müsahibədə bildirir ki, 20 yaşında ona yüksək post həvalə olunub, rədd edib, sonra 5 nazir və spiker vəzifələri təklif olunub, rəyasət heyətində iki nəfər olmaqla bu postları da rədd edib. İstərdim bu məsələlərə siz də fikrinizi bildirəsiniz. Əgər bu baş veribsə, müxalifətçinin bu mövqeyi nə dərəcədə doğru addım idi?

 

 “Bu gün Ümid Partiyasından 1 nəfərə 1 nazir postu verilsə, …sübut edərik ki…”

 

- Ola bilər ki, nəyi isə qarışdırıblar. Ona 20 yaşında vəzifə təyin olunmasını deyə bilmərəm. O, fikir 2000-ci il üçün deyilib. O il Əli Kərimlinin kifayət qədər yaşı var idi. Səhv etmirəmsə, azı 35 olardı.

2000-ci illərdə ölkədə fərqli proses gedirdi. Gəlin görək, 5 nazir, 1 spiker postu Əli Kərimliyə təklif olunubmu? Bunu onun rəyasət heyətinin üzvlərindən soruşmaq lazımdır. Amma məsələnin ayrı bir tərəfi var. Bu gün həmin rəyasət heyətinin üzvlərinin 99 faizi Əli Kərimlinin yanında yoxdur və həmin o 99 faiz hakimiyyətin yanındadır. Deyir, cəmi iki nəfər razılaşıb, qalan hamı imtina edib. Əcəba, adlarını çəkim - Qulamhüseyn müəllim də, Asim Mollazadə, Qüdrət Həsənquliyev, Əliməmməd Nuriyev də, mənim bildiyim rəyasət heyətinin böyük əksəriyyəti Əli Kərimlidən çox hakimiyyətə yaxındılar. Nə əcəb onlar o dövrdə nazir postlarını qəbul etmədilər, bu mənə çox absurd gəlir. Üstündən çox qısa bir vaxt keçdi. 1 il yarım, 2 ildən sonra həmin adamlar Əli Kərimlidən ayrılıb özlərinə partiya yaratdılar. Məsələ rəyasət heyətində səsvermə ilə həll olunurdusa, o zaman rəyasət heyəti çoxluğun səsini qəbul etməliydi. Yox, rəyasət heyətində səsverməylə həll olunmurdusa, bir sədrin mövqeyi ilə həll olunurdusa, bu başqa məsələdir. Mən o məntiqi və arqumenti qəbul etmirəm. Bu, məsələnin reallıq tərəfləri. Lakin fərz edək ki, hakimiyyət bu postları təklif etmişdi. 5 nazir Azərbaycan Nazirlər Kabinetinin 30 faizi deməkdir, spiker isə Qanunverici Orqanın rəhbəridir. O postlara yiyələnərək, Azərbaycan demokratiyasına bundan artıq nə qədər xidmət etmək olardı ki? Necə ola bilər ki, qanunverici orqanın başında oturasan, hökumət strukturlarının 30 faizini təşkil edəsən və ölkəyə demokratiya gətirə bilməyəsən? Mütləq 100 faiz vəzifələri almaqlamı demokratiyanı gətirməliydin? Bu, yanlış yanaşmadır və kim düşünürsə ki, o 5 nazirlə  demokratiya gətirə bilməzdi, yanılır. Ən azı hakimiyyətin heç bir nümayəndəsi oturduğun 5 nazirliyi rüşvət almağa, korrupsiya ilə məşğul olmağa məcbur edə bilməzdi. Gedib 5 nazirinlə oturaydın hökumətdə, cəmiyyətə göstərəydin ki, biz demokratiyanı gətirə bilərik. Yəni 5 nazir postu, 1 spiker postu ilə razılaşmamaq Azərbaycan demokratiyasına xəyanət idi. Gedilməli idi, oturulmalı idi və bu hökumətin daha 10 naziri məcbur edilməli idi ki, mənim kimi işlə. Yaxud spiker olaraq parlamentdə hər kəsin haqqını tanımaqla, parlamentə demokratiya nümunəsini qoymaq lazım idi. Spikerin Amnistiya Aktı ilə çıxış edib amnistiya qəbul etdirməyə haqqı var. Bu barədə parlamentdən xalqa müraciət etməli idi. Daha adama nə boyda tribuna verilməlidir ki?

 

Əgər bu təklif olubsa və bunu etməyiblərsə, onlar bugünkü vəziyyətə görə hakimiyyətlə bərabər günahkardırlar. Bu gün Ümid Partiyasından 1 nəfərə belə 1 nazir postu verilsə, həmin nazirlik bu hakimiyyətə, cəmiyyətə də sübut edər ki, demokratik cəmiyyətin qurulması, problemlərinin həlli üçün necə işləmək lazımdır? Və “sən nədən belə işləmirsən, sənin digər nazirliklərin niyə belə işləmir” tələbini qoyaram. Əli Kərimlinin isə imtina etdiyi 5 nazirlikdən söhbət gedir. Hətta mədəniyyət naziri ol, gənclər və idman naziri ol, demoktratik cəmiyyətin qurulması naminə çox şey etmək olar.

 

“Bu, hakimiyyətlə ortaq əli oynamaqdır”

 

- Əli Kərimli bunu fədakarlıq kimi ifadə edir.

 

- Bu qəhrəmanlıq deyil, bu, bir daha deyirəm, Azərbaycan demokratiyasına xəyanətdir, bu Azərbaycanın demokratikləşməsinə xəyanətdir, bu, avtoritar rejimin bərqərar olması üçün hakimiyyətə güzəştdir. Hakimiyyətə verilən güzəştin rəsmiləşdirilməsidir və hakimiyyətlə ortaq əli oynamaqdır. Sual edirəm, əzizlərim, bu gün Azərbaycan hakimiyyətində 5 nazir, 1 spiker yeri almaq istəməyən, imtina edən adam, 4 parlament mandatına niyə razı olurdu? Nə idi məqsəd?! Parlamentdə nə deyəcəkdin, onda nədən gedirdin ora?! Ya dediklərin yalandır, ya sən Azərbaycan hakimiyyətinin projesinin içərisində olaraq xalqın demokratiklşmə prosesinin qaşısının alınmasında ən böyük rol oynayanlardan birisən. Mümkün olan şey deyil! 1995-ci ildə 3 parlament yerinə get, 2000-ci ildə 4 parlament yerinə get, hə, eyvallah, 2002-ci ildə 5 nazir və 1 spikerdən imtina elə. Nədən söhbət gedir?!  Ya yalan danışırsan, ya da sən hakimiyyətin projesi içində bu xalqa xəyanət etmisən!

 

- Əli Kərimlinin bu fikirlərlə cəmiyyətdən rəğbət qazanması mümkün ola bilərmi?

 

- Bilirsiniz, adamlar bəzən əvvəlini, axırını düşünmədən iddia edir və cəmiyyətə göstərmək istəyir ki, mən nələrdən imtina etmişəm. Birinci, yenə deyirəm, imtina etmisənsə, sənin ən böyük yanlışlığın budur. Sən mənə izah et, niyə 2000-ci ildə saxtalaşdırılmış, sənin yerin olmayan parlamentə 4 yerə getdin. Niyə getdin? Ordan millətə nə verəcəkdin.  5 nazir, 1 spiker yerinin bu millətə xeyir gətirə bilməyəcəyini düşünürdünsə, 4 yerdən nə verəcəkdin? Mənim düşüncəm başqadır. Mən hər tribunadan bu millət, xalq üçün istifadə etmək istərdim. Mənə onu heç vaxt təklif edən də olmayıb. Ona bunu kim təklif edib, deyə bilmərəm, lakin dediyinə görə iki nəfər əleyhinə olub.

 

 - “Belə imtinalar” müxalifətdə mübarizlik əmsalı kimi qəbul olunur.

 

- Bizim Azərbaycan siyasətində bildiyimiz çox şeylər var. Lakin bildiyimizin hamısını danışmaq həvəsində deyilik.

 

- Niyə?

 

- Niyəsini də biz bilirik.

Biz gələcəyə baxmağın tərəfdarıyıq. Mən həmişə bir az yarıciddi, yarızarafatla qeyd edirəm ki, geriyə baxmayın. Əgər geridə bizi nəsə gözləmiş olsaydı, cənabi Allah gözümüzün birini arxada qoyardı - bir göz qabaqda, bir göz də arxada. Görürsünüz ki, gözümüzün ikisini də öndə verib, deyib ki, önə baxın. Keçmişi “eşələməyək”, gələcəyimizi quraq, keçmişə zatən qiymət verəcəklər. Ona görə də heç kim keçmişi qurdalayıb, bu gün piar xarakterli addımlar atmağa çalışmasın. Bəlkə də bunu istəyər, amma düşünsün ki, ona, qarşı tərəfin sualları ola bilər. Bu sualların isə qarşısında dayanmaq çox çətindir.

 

 

“Demokratik seçki üçün hər kəslə bir arada olmağı tərcih edirəm”

 

 

- Əli Kərimlinin bu çıxışı onun digər müxalifət partiyaları ilə bir araya gəlmək istəməməyi, dediyiniz “demokratiyaya xəyanət” siyasətinin davamı ola bilərdimi?

 

- Mənim seçki və komanda üçün heç kimlə bir araya gəlmək kimi düşüncəm, arzum yoxdur. Yenə deyirəm, mən heç vaxt hər hansı bir siyasi komandada təmsil olunmadım. Lakin demokratik seçki üçün hər kəslə bir arada olmağı tərcih edirəm. Fərqi yoxdur, dünənki mövqeyi nə olub, bugünkü mövqeyi nədir. Adam demokratik seçki istəyirsə, mən onunla bir yerdə olaram və hara qədər deyirsə, gedərəm. Bunu istəyən olsa, biz hazırıq. Bunu istəməyib, “vahid namizəd”, “vahid xətt”, “vahid komanda” kimi məsələləri ortaya atırlarsa, orda mən yoxam!

 

- İqbal bəy, o da məlumdur ki, indi ADP sədri Sərdar Cəlaloğlu ilə müttəfiqlik edirsiniz və görünən odur ki, müxalifətdə yeni bir hərəkatın yaranması üzrə işlər aparırsınız. Bu müttəfiqlik nəyə hesablanır?

 

- Biz danışıqlara başlamışıq. Bəlkə bizim danışığa başlamağımız digər siyasi qüvvələri də hərəkətə gətirər, bəlkə onlar da prosesə eyni çərçivədə, eyni düşüncə ilə blok, birlik rolunda qatılmağı tərcih edərlər. Ən əsası budur ki, danışıqlar xoş niyyətlə başlanılıb, müsbət gedir.

İndi Azərbaycanda yeni situasiya yaranıb. Biz təbii ki, ADP və Ümid Partiyasının timsalında düşünmürük ki, proses tam iki partiyanın nəzarətində getsin. Biz çalışırıq ki, cəmiyyətin bütün spektrlərı ən azı demokratikləşmə üçün demokratiya quruculuğu istiqamətində qüvvələrini səfərbər edib bir arada ola bilsinlər.

Münasibətlər sistemi baxımından Ümid Partiyası və Demokrat Partiyasının belə bir təcrübəsi var. Biz ən uzun müddətli bloklardan birində “Qarabağ” blokunda təmsil olunmuşuq. Və çox ləyaqətlə də o bloklaşma mərhələsində münasibətlər sistemini qoruyub saxlamışıq. İttihamsız, bir-birimizi nədəsə tənqid və yaxud azərbaycansayağı təhqir etmədən çox rahat şəkildə münasibətlər sistemimizi dayandıra bilmişik. İndi də çalışırıq ki, Azərbaycanın demokratikləşməsi üçün ADP və Ümid Partiyasının başladığı danışıqlar çərçivəsində digərlərini də prosesə qoşa bilək. Olacaqsa nə gözəl, olmayacaqsa, Demokrat və Ümid Partiyası gələcək üçün bloklaşma, demokratiya üçün birgə mübarizənin konturlarını, sxemini, strategiyasını, taktikasını hazırlamaqda heç bir problem görmür və danışıqlarımızı bu istiqamətdə davam edəcəyik.

 

 

“Ondan sonra bir daha o çıxışı etməyəcəyəm”

 

 

- İqbal bəy, istənilən şəxsə 20 yaşında vəzifə təklif olunursa, onda hansı potensial nəzərə alınır və həmin vəzifənin verilməsi nəyə hesablanmış olur?

 

- Ola bilər sən 20 yaşında da çox ağıllı, çox tədbirli ola bilərsən, götürüb bir yerə qoya bilərlər. Amma yenə deyirəm, Əli Kərimlinin 20 yaşı 1985-ci ilə düşür, o vaxt da Azərbaycanda nə vəzifə, nə də hər hansısa bir proses getmirdi. Ona görə də, nəsə bu məsələdə səhvlər var. Yəni bu mənim cavab verə biləcəyim məsələ deyil.

 

- Belə çıxır ki, bəlkə də cəmiyyətin cəsarətsizliyindən, süstlüyündən istifadə edərək, bəzi siyasətçilərimiz də istədiyi nağılı danışır.

 

- Əstəğfurullah. Siyasətçilərimiz nağıl danışmır. Fərdlər nağıl danışar, ayrı-ayrı adamlar nağıl danışa bilər, amma bütövlükdə bunu siyasətin, siyasətçilərin adına yazmaq doğru deyil. Hə, siyasətdə ola bilsin ki, dediklərimizin hamısını gerçəkləşdirə bilməmişik, ola bilsin ki, dediklərimizin hələ hamısı həqiqət kimi qəbul olunmayıb. Amma inanıram ki, mənim dediklərim, bir gün tam həqiqət kimi qəbul olunacaq. Çünki, mən xalqı aldatmaq üçün nəsə bir söz demədim, mənə səs vermələri üçün yalançı vəd vermədim. Acı olsa da gerçəkləri dedim, gedəcəyimiz yolu dedim. Mən iki prezident seçkilərində namizəd olmuşam, hər ikisində də çıxışım bununla başlayıb: mən sizin problemlərinizi bilirəm, o qədər böyük problemləriniz var ki… Məişətdə, cəmiyyətdə, sosial sferada, iqtisadi həyatda. Lakin inanın, 5 ildən sonra yenə qarşınıza çıxsam və bu hakimiyyət də öz yerində qalmış olsa, vəziyyətiniz bundan da pis olacaq.

2008-ci ildə də çıxışıma bu sözlərlə başlamışam. 2013-cü ildə də ilk çıxışımda dedim ki, yadınızdadırmı, 5 il əvvəl demişdim ki, hakimiyyət qalsa, vəziyyətiniz bundan da pis olacaq.

 

- Necə hesab edirsiniz, 2019, yaxud 2020-ci ildə də bu çıxışınız təkrar oluna bilər, maraqlıdır?

 

- Seçkilər 2019-da olacaq, 2020-də olacaq, deyə bilmərəm, amma o çıxışım mütləq olacaq və mütləq ondan sonra bir daha o çıxışı etməyəcəyəm.

 

- Yəni demək istəyirsiniz ki, seçiləcəksiniz.

 

- Mütləq!

 

- Bu gün həm də siyasi gündəmi Əli İnsanov zəbt edib. O, “Amerikanın səsi”nə verdiyi müsahibəsində hakimiyyətə ittihamlar ünvanlayıb, daxili, xarici siyasəti tənqid edib. Belə hesab edilir ki, İnsanov xaricin bəlli qurumlarının, strukturlarının Azərbaycan hökumətinə təzyiq vasitəsidir. Kinli, qisasçı, kəfənli. “Məni heç kəs qorxuda bilməz” deyir. Əli İnsanov kim tərəfindən bu formada ortaya atıldı və Azərbaycanın siyasi ictimaiyyətinin ona qarşı bu cür reaksiya verməsi kimlərə mesajdır?

 

(ardı var)

 

Tahirə Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

“Bir qrup adamın Brüsseldəki hərəkətləri ziyanlı və biabırçıdır”

Laçınlılar Xosrov bəy Sultanovun xatirəsini andılar

“Enurez vərdiş deyil, xəstəlikdir” - SƏBƏB və MÜALİCƏSİ

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

"İki ölkə arasında münasibətlərə zərər verən bu kimi addımların qarşısı alınmalıdır"

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

Əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər

“…Özünü beynəlxalq təşkilatlara göstərib, qrant güdür” - Müsahibə

Deputat kəndlərdəki yeni məhlələrdə əhalinin təbii qazla təminatındakı problemlərdən danışıb

Qovlar şəhərində fitoterapiya ilə bağlı geniş seminar keçirilib

“Vətənpərvərlik verilişlərinin sayı və keyfiyyəti yetərli deyil” - MÜSAHİBƏ