UTANIRAM ŞƏHİDLƏR XİYABANINA GETMƏYƏ!

10:52 09-05-2019 | icon 100 | Köşə
UTANIRAM ŞƏHİDLƏR XİYABANINA GETMƏYƏ!

“HANI YUVAM, YURDUM HANI!?”

 

İGİD TEYMURLU

 

Utanıram Şəhidlər Xiyabanına getməyə. Boyumdan-buxunumdan, özümdən-sözümdən utanıram. Mərmər daşlardan, mərmər daşların üstünü bəzəyən qərənfillərdən, o qərənfillərin diliylə ağı deyən analarımdan, atalarımdan, bacılarımdan, qardaşlarımdan, oğullarımdan, qızlarımdan utanıram.

 

...Utanıram onların tənəsindən, utanıram onların hikkəsindən, utanıram onların harayından, utanıram onların bizə ümid kimi baxdıqları, bizimsə o ümidləri doğrultmadığımız nankorluğumuzdan. Utanıram itirilmiş yurdumuza olan biganəliyimizdən. Mərmər daşların altından mənə gözlərini zilləyən Şəhid Baxışlarının Diktəsindən utanıram. O Xiyabanda qıy vuran Türk Əsgərinin Döyüşkən Ruhundan, dədələrimin mənə əmanət qoyub getdikləri yurd yerinə sahib çıxa bilməməyimdən utanıram. Utana-utana sısqalaşmağımdan, utana-utana gerçək fiziki və hərbi potensialımdan istifadə edilmədiyindən utanıram. Özümü nə qədər şux tutmağa çalışsam belə zamanın güzgüsündə gözümün içindən boylanan Pircahan Şəhidlərindən olan İmanların, Vüqarların, Mehdilərin, Elxanların, Bəhmənlərin, Səmədlərin, Oqtayların, Sədrəddinlərin, İlqarların, Namiqlərin, Seymurların baxışları mənə və 713 saylı hərbi hissənin sağ qalan bütün döyüşçülərinə əyilmiş qəddimizi göstərir, hanı bu qanın yiyəsi deyə haray çəkirlər.. Qəddimizi əyən dərdlərimizə, yurd həsrətimizə  27 ildir ki, dözməyimizlə sülh danışıqlarıyla həm düşmənimizi böyüdür və həm də ona yurd qazandırırıq. Son nəticə baxımından hələ ki, itirən biz, qazanansa ermənidir. Bu gün Nigaran Ruhlarımız Qarabağa sahib çıxıb, bizim sahib çıxdıqlarımızsa Qarabağsızlığımızdır, yurdsuzluğumuzdur və ildönümlərini qeyd etdiklərimiz işğal günlərində qardaşlarımızın qəbir daşlarını Fəxi kimi qucaqlamağımızdır. Bizim susqunluğumuzdan Zamanın da güzgüsü dərdə dözməyib, qırılıb. Səhvlərimiz ucbatından sındırdığımız güzgü qırıntılarında beləcə görünürük və hərdən arsızcasına özü-özümüzü ittiham edir, eybəcərliyimizə düzən də veririk. Zaman bizdən keçir, qardaşlar və bizi eybəcərləşdirən fövtə verdiyimiz zamandır ki, indi də elə həmin ermənilərin fitva verdikləri şovinist gürcülərin Keşikçidağ mübahisəsilə zaman etibarilə Qarabağ dərdimizi bizə unutdurmağa, bunu arxa plana keçirməyə çalışırlar. Bunu da Şəhid Baxışlarının Diktəsi deyir...

 

Qarabağ Savaşının getdiyi aktiv dönəmlərdə könüllü olaraq cəbhəyə yollanan 713 saylı hərbi hissənin döyüşçülərinin o hadisələrin üstündən 27 il keçəndən sonra Şuşanın işğal günü olan 8 may tarixində  Şəhidlər Xiyabanını ziyarət etmələri və bununla bağlı sosial şəbəkədə etdikləri paylaşım düşüncələrimi bir anlığa o illərə və o yaşantılara apardı. Biz onda Azərbaycan Əsgəri olaraq “Marş, irəli!” oxuyub Laçının sıldırım qayalarında əks-səda verən nəriltimizlə düşmənin zəhrini yarmışdıq. 713 saylı hərbi hissənin Ərləri, Ərənləri onda ölümün özünü belə ayaqları altına alaraq ermənini Zabuxa qədər qovub apardı və nəyə qadir olduğumuzu həm erməniyə, həm də ona dayaq duran rus hərbi birləşmələrinə göstərdi. Özümüzə, kəndimizə qayıtdıq...

 

Amma indi biz Laçının kəndlərindən çooox, özü də lap çox uzaqlarda özümüzə yurd salıb, Özümüzdən uzaqlaşmışıq. Nə yazıq ki, kəndimizə qayıdan özümüzü siyasət dəllalları, o zamankı başbilənlərimiz görməzliyə vurdular. Onda “başbilənlər, ağsaqqallar Bakıda Qazaxıstandan Laçına köçürüləcək 200 mindən artıq kürdün taleyi haqqında proje ətrafında baş sındırırdılar”, bizsə döyüşürdük. Onda 713 saylı hərbi hissəyə qarşı birbaşa Müdafiə Nazirliyi səviyyəsində hansısa laqeydlik hökm sürməkdə idi, bizsə heç nəyə baxmadan döyüşürdük. Onda 713 saylı hərbi hissənin bütün taktiki və strateji planları cəbhə xəttindən xəbərlər adı altında düşmən tərəfə bəyan edilməkdə idi, bizsə döyüşürdük. Onda o zamankı müdafiə naziri Rəhim Qazıyev analitik informasiya sisteminə rəhbərliyi erməni simpatizanı Leyla Yunusa tapşırıb hörümçək torunun qurulmasından xəbərsiz kimi davranırdı, bizsə döyüşürdük. Onda biz əmrlə Ağdərəyə gətirilibn, döyüşə atılanda bu rayonun işğaldan azad edilməsində hansısa maraqlar ucbatından 713 saylı hərbi hissənin adı belə nədənsə döyüşən hərbi hissələr arasında çəkilmirdi, bizsə döyüşürdük...Onda çox şeylər baş verirdi – 713 saylı hərbi hissə torpaq, Bakıda oturanlarsa kürsü uğrunda döyüşürdülər...Bütün bunlara baxmayaraq baş verənlərin fonunda ortalığa qoyulan döyüşçü əzmkarlığı sayəsində Azərbaycan Əsgərinin nəyə qadir olması dünyaya apaydın olaraq göstərildi. Və sonucda düşmən artıq Xankəndində diz çökdürülmüş vəziyyətdə idi ki, yenə də zaman-zaman yaşadığımız qara durna taleyi bizim özümüzə qənim kəsildi – yumurtadan çıxan kimi bir-birininin başının döyəcləməklə sirdaşına qənim kəsilən qara durnaların taleyi!..

 

Sərsəmcəsinə verilən əmrlərlə piyada qoşun hissəsini canlı hədəfə çevirmək, döyüşən ordunu aktiv zonadan uzaqlaşdırmaq, şəxsi heyəti müxtəlif göstərişlərlə param-parça etməklə yüzlərlə oğlanın qanı bahasına alınan torpaqların yenidən erməniyə peşkəş etmək o dövrün acı xatırələrindəndir. Axı mən bu xatirənin işığında Şəhid qardaşımın qəbrini necə ziyarət edim!?

 

713 saylı hərbi hissənin döyüşçüləri erməniyə qarşı müharibədə qisasçı ordu idi. Əlində bir avtomatla bu birləşməyə daxil olan qüvvələrin ən azından “ruçnoy pulemyot”la silahlanmış erməni və rus birləşmələrini diz çökdürməsi, kəndlərimizi işğaldan azad etməsi də bunu təsdiqləyirdi. Bu əsgərlərin şücaəti Sarıqamışda yabayla, baltayla zəfər çalan türk əsgərinin şücaətini xatırladırdı adama. “Rəhmanın keçəl dəstəsi”, “Vaqifin uşaqları”, “Budağın uşaqları” ölüm zirvəsini adlayıb keçən qəhrəmanlar idilər. Nə yazıq ki, bu qəhrəmanlıq yetişən nəslə örnək olaraq göstərilməyib. Ona görə göstərilməyib ki, çünki o zamankı Müdafiə Nazirliyinin yetkililəri bu qəhrəmanların keçdiyi döyüş yoluna səriştəsizlikləri ucbatından tikanlar düzmüş və sonradan öz səriştəsizliklərini pərdələmək üçün ayının min oyunundan çıxmışlar. Biz də Rəhim Qazıyevlərin, Məmmədrəfilərin, Səfərəbiyevlərin bu çirkin oyunlarının kütləvi tamaşalarında seyirçi rolunda çıxış etmişik. Biz onların nankorluqlarını, Şəhid qardaşlarımız da bizim nankorluqlarımızı beləcə seyr ediblər...

 

Ol səbəbdən də utanıram Şəhidlər Xiyabanına getməyə. Çünki o Şəhidlərin uğrunda can qoyduqları torpaq, qanlarıyla suladıqları bağ-bağatlı çöllər indi də yağı tapdağındadır. Qəbirdən durub sifətimə tüpürər o Ruhlar mənim, “hanı yuvam, yurdum hanı!?: qəmə boyun burdum, hanı!?: gəldi yazın kor dumanı: yəqin yalquzaq doğulur!” deyib, axıtdığı qanın haqq-hesabını məndən soruşar!! Utanıram Şəhidlər Xiyabanına getməyə. Qarabağ da, Təbriz də, Dərbənd də, Borçalı da, Göycə də, Zəngəzur da, Keşikçidağ məbədi də mənə dədələrimin əmanət qoyub getdikləri yurd yerlərimdir. Mən bu yurda sahib çıxmalıyam. Nə qədər ki, mən bu yurdlara sahib çıxmamışam, utanıram Şəhidlər Xiyabanına getməyə. Mərmər daşların altında inləyən Ruhlardan, o daşların üstünə qoyulan qərənfillərdən utanıram...

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Fuad Abbasovu aradan götürmək istəyirlər”

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Laçınsız 27 il - “İnşallah bir gün qələbə müjdəsi ilə gələrik ziyarətinizə”

“Bir qrup adamın Brüsseldəki hərəkətləri ziyanlı və biabırçıdır”

Laçınlılar Xosrov bəy Sultanovun xatirəsini andılar

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

Erməni Xocalıda Azərbaycan uşaqlarının qanı ilə pərvazlanır...

Hər il zorlanır, hər il hamilə qalır LAÇIN...

"İki ölkə arasında münasibətlərə zərər verən bu kimi addımların qarşısı alınmalıdır"

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

Əmək məzuniyyətinin verilmə vaxtı dəyişdirilə bilər

“Ailəmi dolandırmaq üçün xəstəliklərin yayıldığı Yəmənə getməyə məcbur oldum”

“Fuad Abbasovun deport olunması məqsədilə saxlanılmasını qınayırıq”

“…Özünü beynəlxalq təşkilatlara göstərib, qrant güdür” - Müsahibə