“Mən Azərbaycanda aydınlar tanımıram” - MÜSAHİBƏ - 3

14:04 10-05-2019 | icon 528 | Siyasət
“Mən Azərbaycanda aydınlar tanımıram” - MÜSAHİBƏ - 3

İqbal Ağazadə: “Yatıb hakimiyyətə gəlməyi xəyal edirlərsə, çox yanılırlar”

 

Ümid Partiyasının sədri İqbal Ağazadənin Versus.Az-a müsahibəsi

 

(əvvəli birinciikinci linkdə)

 

“Azərbaycan iqtidarının bəlli bir kəsimi Əli İnsanovu necə görürsə, cəmiyyətə də o cür təqdim edir

 

- Son günlərdə isə siyasi gündəmi Əli İnsanov məsələsi zəbt etdi. Onun “Amerikanın səsi”-nə verdiyi müsahibəsində hakimiyyətə ittihamlamaları, daxili, xarici siyasəti tənqid etməsi yer alıb. Belə hesab edildi ki, İnsanov kinli, qisasçı, kəfənli çıxışları ilə xaricin bəlli qurumlarının, strukturlarının Azərbaycan hökumətinə qarşı təzyiq vasitəsi kimi ortaya atılır. Əli İnsanovun bir müsahibəsi nəyə görə bu qədər əks reaksiya doğurdu? Və Azərbaycanın siyasi ictimaiyyətinin ona qarşı bu cür reaksiya verməsi kimlərə mesajdır?

 

 

“Əli İnsanov ona görə böyüdülməlidir ki…”

 

 

- Əli İnsanovu böyüdən, onu cəmiyyətə bu cür təqdim edən, Azərbaycan iqtidarının bəlli bir kəsimidir, bəlli bir qoludur. Azərbaycan iqtidarının bəlli bir kəsimi Əli İnsanovu necə görürsə, cəmiyyətə də o cür təqdim edir. Çünki onların hakimiyyətdə qalması, hakimiyyət içərisində öz maraqlarını təmin etməsi, məhz Əli İnsanovun o obrazda olmasından çox asılıdır. Diqqət edirsinizsə, Əli İnsanov haqqında daha çox danışan, onun yerliçiliyini qabardan hakimiyyətin mətbu orqanlarıdır. Hətta o yerliçiliyin ifrat dərəcədə pis olduğunu, lakin Əli İnsanovun bu yerliçiliyin üzərində siyasət apardığını iddia edən adamlar var. Onlara Əli İnsanovun böyüdülməsi lazımdır. Əli İnsanov ona görə böyüdülməlidir ki, onlar hakimiyyət içərisində böyük olsunlar, hakimiyyət içərisində region faktoru, şəxsi personalar rol oynasın. Buna görə də dayanmadan, durmadan böyüdürlər. Hətta yazılarında, mövqelərində qərbi azərbaycanlıları təhqir edirlər ki, yerliçiliyi ağlına gətirməyən qərbi azərbaycanlı ona reaksiya versin. İstər-istəməz o hissi qabardıb, insanların damarını basa bilsinlər və bunu edirlər. Mahiyyətcə demokratik olan adamlar belə qərbi azərbaycanlıları müdafiə edən zaman çıxıb demirlər ki, ay insanlar, bir durun! Nə qərb, nə şərq, nə şimal… 10 milyonluq Azərbaycanın o başından bu başına “500 kilometrdir”, siz haranı bölürsünüz, hansı təfəkkürlə, hansı ağılla bölürsünüz, bölüb də qazanacağınız nə olacaq?! Yox, bölünməlidir. Bölünməlidir ki, hakimiyyət içərisində indiyə qədər bu mövqelərdən qazananlar, daha çox qazansınlar, yerlərini qoruya bilsinlər.

 

- Hakimiyyətdə olan dediyiniz o “kəsim” hansı tərəfə meyllidir - qərbyönümlüdür, yoxsa Rusiya?

 

- Daha çox Rusiya yönümlüdür və bu kimi faktorlar onların yerini çox möhkəmlədir. İkincisi qərbyönümlülük demokratiya anlamını daşıyır. Hakimiyyət içərisində qərbyönümlülük yoxdur. Hakimiyyət içərisində ya öz yönümlüləri olanlar var, ya da Rusiyanın yançısı olanlar.

 

- Əli İnsanovun partiya yaradaraq hakimiyyətə gəlmək istəyindən də danışırlar. Bir ara sosial mediada “o, hakimiyyətə gələrsə nə baş verər?” mövzusunu müzakirə etdilər.

 

- Mən Əli İnsanovun personası, şəxsiyyəti haqqında, siyasi mübarizəsi və yaxud da gələcəyə yönəlik mesajları ilə bağlı heç nə demək istəmirəm. Amma əgər kimsə 21-ci əsrdə düşünürsə ki, Azərbaycan seçicisi köhnə düşüncəni seçəcək, çox yanılır. Demək ki, Azərbaycanı heç tanımır. Azərbaycan seçicisi bu gün mövcud hakimiyyətdən belə imtina etmək istəyir. Vətəndaş multikulturalizmi, xalqlararası dialoqu, mədəniyyətlərarası inkişafı, Avropa, sivil dünya, mütəmadi görüşlər və sair təfəkkürü Azərbaycan seçicisinə təqdim və imitasiya edən iqtidardan belə imtina etmək istəyir. Siz deyirsiniz ki, 1980-ci illərin sonu - 90-cı illərin siyasi təfəkkürünü təzədən hakimiyyətə gətirmək olar? Bu mümkünsüzdür… Çoxları qulaqlarını açsın və eşitsin, o siyasətin Azərbaycan müxalif camiyəsində də çox təmsilçiləri var. Bəzən biz onları sükutla qarşılayırıq, hesab edirik ki, cəmiyyətin bəlli bir elementləri var və onların hər biri yerində olmalıdır, hər biri yerində mübarizə aparmalıdır. Eyvallah, aparsın. Lakin yatıb hakimiyyətə gəlməyi xəyal edirlərsə, çox yanılırlar. Ona görə ki, Azərbaycan seçicisi çox dəyişib. Bu gün tamam fərqli parametrlərə, tamam fərqli düşüncələrə cavab verən siyasət meydandadır.

 

- İqbal bəy, sosial mediada verilən təhlillərə nəzər salan bəzi kəsim, siz deyən “o ayıq təfəkkür”-ün olmamasından narazılıq edir. İctimai-siyasi fəallığı olan əksər insanların məsələlərə bəsit yanaşmaları, istər-istəməz belə bir fikir yaradır: “bunlarla hara kimi gediləcək”. Sizin ümidlə baxdığınız o cəmiyyət hansı kəsimdir, haradadır?

 

- Tahirə xanım, siz 4 il qabaq mətbuatda harda idiniz?

 

- 4 il qabaq ADNSU-nun mətbu orqanına və mətbuat xidməti məsələlərinə rəhbərlik edirdim.

 

- Görürsünüz, o universitetdə hakimiyyətin onun təhsil siyasətini, onun uğurlarını mətbuat xidməti olaraq cəmiyyətə təqdim edirdiniz. 4 il sonra siz cəmiyyəti, siyasətçini tənqid edən mövqe ortaya qoyursunuz ki, “hardasınız, niyə bu cəmiyyətin problemlərini görmürsünüz”.

 

- Biz media olaraq, o vaxt da problemləri aça bilirdik, ondan əvvəl də...

 

- Bu əladır, yəni siz 4 ildə bu qədər irəli getmisinizsə, deməli cəmiyyət də sizin qədər irəliləyib. Cəmiyyət də bütün problemləri, prosesləri müzakirə edir, cəmiyyət də o cür qiymət verir, o cür yanaşır. Ona görə də nagüman olmayın. Hə, bu gün birimiz bir problemi, birimiz isə bir ayrısını görürük. Bu da onu göstərir ki, cəmiyyətdə dinamika var. Siz bunu qəbul edin. Siz bu gün mənimlə “dalaşırsınızsa” ki, “niyə bu yoxdur”, demək ki, bu dinamika var, sizi qane etməyən onun azlığıdır...

 

- O zaman cəmiyyətdə öz probleminə laqeyd yanaşmalar nə ilə bağldır?

 

- Laqeydlik deyil, qorxu var.

 

- Nədən qorxurlar?

 

- Hakimiyyətdən.

 

- Qorxuları götürülmədi bəs?

 

- Yox.

 

- Niyə sizlər o qorxunu götürə bilmirsiniz?

 

- Zamanla olacaq şeyləri birdən etmək çətindir. Biz mesajlarımızı veririk və mesajlarımıza da uyğun olaraq o qorxu zaman-zaman götürülür. Yenə deyirəm, Tahirə xanımın qorxusu 4 ildir götürülüb. 4 il qabaq o qorxurdu. İndi yavaş-yavaş, hissə-hissə cəmiyyətə mesajlarımızı veririk, cəmiyyət də qəbul edir. Biz bu məsələlərdə tələsə bilərik, çünki zaman gedir, ömür gedir. Hələ sizə bir müsahibəmdə demişdim ki, proses fərqli yerə gedəcək, demişdiniz ki, “hara gedəcək ey?”, sonra gəldiniz ki, dinamika yaranıb. Yenə deyirəm, proses gedəcək, darıxmayın, düzdür, yaşımız gedir, ömrümüz gedir, anlayıram. Biz buna həm də, öz ömrümüzün pəncərəsindən baxırıq.

 

- Eyni zamanda çox sadə problemlərə qarşı ictimai qınaq formalaşa bilmirsə və onun həllini tapa bilmiriksə, demək cəmiyyət olaraq düzgün formalaşa bilməmişik. Əksər hallarda bu problem araşdıran təhlilçilər bizim kimi cəmiyyətləri “xəstə” adlandırır. Bununla bağlı fikirlərinizi deyərdiniz…

 

- Problemləri təkcə cəmiyyət, cəmiyyətin reaksiyası həll etmir. Bu, həm də zaman-zaman cəmiyyətin şüurlu hissəsinin mövcud imkanlardan doğru-dürüst istifadə etməsindən asılıdır. Düzdür, fürsətləri də qaçıranlar olub. Amma həm də qəbul edək ki, yaşadığımız reallıqlar, ölkə daxilindəki vəziyyət, beynəlxalq təşkilatların bura münasibəti, region siyasətinin fonunda yalnız bu qədər etmək mümkündür və bunu bu qədər aparırıq. Sizin düşündüyünüz məsələyə gəlincə isə, bizim o imkanımız yoxdur ki, bütün qapıları açaq. Heç seçicinin də düşüncəsi onu həzm edə bilməz. Razılaşsanız da, razılaşmasanız da bu, belədir… Hə, 1992-ci ildə qəflətən bir demokratik seçki mühiti yarandı. Hələ də onun əzabını çəkirik. Qeyri-peşəkarlıqla yanaşı Azərbaycan insanının vərdiş etmədiyi məmur obrazı da o illərdə yarandı. Seçici “bu nə idarəçilikdir, siz niyə metro ilə gedirsiniz, sən niyə qalstuksuz çıxırsan, sən niyə bu sözü deyirsən” kimi fikirlər söyləməyə başladı. Niyə? Çünki biz həmişə obraz olaraq vəzifədə olan adamları fərqli görmüşdük. Görürsünüz, növbəti hakimiyyət gəldi, insanlarla ünsiyyətdə olmayan nazirlər, bağlı qapı arxasında fəaliyyət göstərən icra başçıları, polis rəisi, prokuror - hamısı çəkildi, öz yerində oturdu. Cəmiyyət gərək özü də o prosesin içində yetişsin, hazır olsun. Demokratiya təkcə azad seçki deyil. Azad seçki, səsvermə demokratiya prosesində bir prosedurdur. Demokratiya yaşam tərzidir, vərdişlərdir, buna alışmaq lazımdır. Bizim cəmiyyət hələlik demokratik yaşam tərzinə alışmayıb. Demokratik vərdişləri yoxdur. Zaman-zaman, hissə-hssə buna doğru gedirik.

 

 

“Çəkinmədən deyirəm ki, indi Azərbaycanda ziyalı yoxdur”

 

- İqbal bəy, belə anladım ki, siz baş verən neqativlərə görə bütövlükdə cəmiyyəti günahkar bilmədiniz. Hesab etdiniz ki, cəmiyyətin neqativlərinə görə günah onun önündə gedənlərdə, yaxud önündə dayananlardadır. Bu yaxınlarda cəmiyyətdə ajiotaj yaradan “məktəbli qız Elinanın intiharı” məsələsi və buna verilən reaksiyalar baş verdi. Məktəblinin intihar etməsinə görə özünü duruluğa çıxarmaq istəyən məktəb direktoru yumşaq desək, Elinanı “qınadı”.  Prosesin davamında rayonun icra hakimiyyəti nümayəndəsi məktəb direktorunu müdafiə edən, qızı ittihamlayan çıxışlar etdi. Bizim ziyalılar, insanların öndə gördüyü insanlar problemin üstünə getmək əvəzinə, məmuru müdafiəyə qalxdılar. Onların arasında müdafiə xarakterli çıxış edənlərdən biri də elə yazıçı Anar idi. Ziyalıları, aydınları belə mövqe sərgilənən yerdə sizin gələcəyə bu cür ümidlə baxmanıza heyran qalıram. Bunlara nə deyərdiniz?

 

- Əvvəla onu qeyd edim ki, dediyiniz icra hakimiyyəti öndə gedən deyil, cəmiyyətin önünü tıxayanlardandır. Biz belə qəbul etsək ki, önümüzdə gedən icra hakimiyyətidir, məmurlardır, bütövlükdə Azərbaycanın mövcud iqtidarıdır, mən bununla razılaşa bilmərəm. Mən hesab edirəm ki, bizim irəli getməyimizin qarşısını alan bunlardır. İndi gəlirəm ziyalı, aydın məsələsinə… Aydınlar bütün dünya ölkələrində müxtəlif dönəmlərdə olub və öz funksiyalarnı yerinə yetirib gediblər. İndiki “ziyalılıq” dediyiniz kateqoriya sovet dönəmindən qalmadır. İndi çəkinmədən deyirəm ki, Azərbaycanda ziyalı yoxdur!

 

- Biz ona ziyalı deməyək, tutaq ki, deyək yazıçı…

 

- Axı, yazıçının borcu deyil ki…Anarın borcu deyil ki, bunu etsin. O, yazıçıdır, yazır. Amma sən ziyalı axtarırsansa, o yoxdur. Bunu bu şəkildə qəbul edin. Azərbaycanda ziyalı deyilən anlayış yoxdur. Azərbaycanda aktyor var, yazıçı var, şair var…

 

 

- Gerçəklik budur ki, biz istəməsək də, bizim cəmiyyətdə bir az tanınan insanlar “öndəgedən” kimi qəbul olunur və hətta televiziya ekranlarında bir nümunə kimi təqdim olunurlar.

 

- Onlar tarixin bütün dönəmlərində hakimiyyətlərə lazım olan adamlardır, bunlar mövqe ifadə etdirilən adamlardır. Hər bir hakimiyyət özünə öz mövqeyini ifadə etdirmək üçün bəlli bir katiqoriya yaradıb. Baxsaq, görərik ki, televiziyaya çıxan şairlər, jurnalistlər içərisində bəzi “filankəslər” daha çoxdur. Onlar daha çox müdrik görkəm alıb danışırlar. Və hakimiyyət onları zorən rəy adamına çevirir. Sonra da öz müdafiəsi üçün onlardan istifadə edir. Başqa cür onların bir ziyalılığı, ziyalılıq nümunəsi də yoxdur. Ziyalı, nurlu, aydın adam, tamam fərqli bir yerdə mövqedə dayanmalıdır. Məsələn, harda problem var, onun yanında dayanmalıdır. Niyə, çünki onun vəzifəsi, aydın olaraq problemi məndən, bir başqasından daha tez görməkdir. Amma görə bilmirsə, sadəcə hakimiyyət mövqeyindən çıxış edir. Ona görə də, o, yaxşı yaza bilər, eyvallah, yazsın. Mən heç vaxt aktyorluğa, rəssamlığa, şairliyə, musiqiçiyə xüsusi bir ziyalılıq kateqoriyası kimi baxmamışam. Bir dəfə şair olan bir dostuma dedim ki, sən sevgini yaşayırsan və onu bu cür ifadə edirsən, hələ bilmirsən ki, mən ifadə edə bilmədiyim sevgini necə yaşamışam, sən onu necə bilə-bilərsən?! Sən sadəcə şeirlə ifadə edə bilirsən, mən ifadə edə bilmirəm. Səndə hiss başqadır, sənin “ilham pərin” başqadır, sən orda bir yerlərə qalxa bilirsən, mənim də qalxdığım öz yerim var, sən də ömründə ora qalxa bilməzsən. Amma bunun ziyalılığa heç bir aidiyyatı yoxdur. Yazıçının isə o problemi deməyə borcu yoxdur, çünki o hakimiyyətin yanındadır, xalqın yanında deyil, Elinanın yanında deyil, haqqı tapdanan adamın yanında deyil, onlar komfortun yanındadır, vəzifənin, statusun yanındadır.  O dediyiniz “ziyalılar” həm də təkcə bu iqtidarın yanında deyil, bütün iqtidarların yanındadırlar.  Məni, cəmiyyətin “sən demə, bu adamlar bunu başqa cür deməliymiş” kimi reaksiyası təəccübləndirir. Onların deyə biləcəyi bu qədərdir də, niyə təəccüb edirsiniz ki? Onların heç biri ziyalı deyil, onlar hakimiyyətin mövqeyini ifadə edən adamlardır.

 

 

“Ona “aydınlıq nədir və onun aydınlığı harda olmalıdır”-ı izah edərəm…”

 

- Siz Azərbaycanda hansı aydını tanıyırsız?

 

- Mən Azərbaycanda aydın tanımıram. İcazə verin bunu daha açıq deyim: Azərbaycanda aydın yoxdur. Və özünü aydın hesab edən varsa, mən sizin vasitənizlə onunla polemikaya çıxmağa hazıram və ona “aydınlıq nədir və onun aydınlığı harda olmalıdır”-ı izah edərəm…

 

- Sizə elə gəlmir ki, inkişaf üçün cəmiyyətin öndə gedənləri ilə dövlətdə bütün işlər paralel aparılsa, daha yaxşı olar?

 

- Xeyir, elə bir şey yoxdur. Qanun var, dövlət də qanunla idarə olunmalıdır. Dövlət adamların yatıb yuxusunda gördükləri ilə olmur. Hə, dövlət olmayanda adamlar bir yol açır. Onlar dövlətin qurulması, oturuşması üçün xəttlər qoyurlar, dövlət gəlib bir yerə çıxandan sonra qanunlar irəlidə olur. Amerikanı, Avropanı aydınlar idarə eləmir. Heç Yaponiyanı da aydınlar idarə etmir. Qanunlar idarə edir.

 

- Qanunları kim yazır?

 

- Yenə deyirəm, qanunları dövlət qurur. Siz dediyiniz bir dönəmdə olur və bütün dönəmlərdə “aydın, düş önə, ziyalı, düş qabağa” deyə bir şey yoxdur. Dövlət yaranandan sonra o funksiyanı dövlət yerinə yetirir. Vətənin aydını, yol göstərəni, mənəviyyatını, siyasətini, yolunu, haqqını, hüququnu, qoruyan adamlar deyil, dövlətdir. Dövlət olmayana qədər isə bu cığırı adamlar açır... Hansı ki, bizdə o cığırı İsmayıl bəy Qaspralı, Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə, Həsən bəy Zərdabi, Üzeyir Hacıbəyov və s. açmışdılar… Hə, aydın bu adamlar idi…

 

Tahirə Qafarlı
Versus.Az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Fuad Abbasovu aradan götürmək istəyirlər”

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Bu qədər də sınmaq, düşmək olmaz!

“12 illik həsrətdən sora evimizin 2-ci mərtəbəsinə qalxıb hönkür-hönkür ağladım”

“Cinayətkar” ola biləcəmsə, nə mutlu mənə

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

Fuad Abbasovun ailəsi məhkəmə qərarlarına qarşı apellyasiya şikayəti verir

Allahına və dövlətinə güvənən Şəhidim – ƏFİLAĞA HƏSƏNOV

“Ailəmi dolandırmaq üçün xəstəliklərin yayıldığı Yəmənə getməyə məcbur oldum”

“…İşğalçı dövlətə qarşı sanksiya tətbiq edilsin” - MÜSAHİBƏ

“Fuad Abbasovun deport olunması məqsədilə saxlanılmasını qınayırıq”

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

"Relslər üzərinə uzanmış adam"ın İANƏSİ

“Həyat gözəldir” - musiqili-ədəbi gecə

Fuad Abbasovla bağlı Putinə müraciət edilib