Satqın, bivec və cinayətkarlar - Kəlbəcərin işğalının TƏFƏRRÜATLARI

16:20 16-05-2019 | icon 17 | Qarabağ
Satqın, bivec və cinayətkarlar - Kəlbəcərin işğalının TƏFƏRRÜATLARI

Onlar gətirib Kəlbəcərin rəhbərliyinə üç adam qoymuşdular. İsa Qəmbər təyin etmişdi onları, prezident Əbülfəz Elçibəyin göstərişi ilə. Həmin adamların biri elektromontyor idi. Bu adamı Kəlbəcərə icra başçısı təyin etmişdilər. Anadan olandan heç bir işdə işləməmişdi. Təhsili də yoxdu, savadsızdı. Atası ilə anası 20 il bir evdə yaşasalar da, küsülü idilər, boşanmış adamlar kimi yaşayırdılar. O gədə atasını və anasını bir araya gətirə bilmirdi. Elə adamı Kəlbəcər kimi önəmli, strateji yerə icra başçısı qoymaq olardımı?!

1994-1995-ci illərdə Kəlbəcər rayonunun icra hakimiyyətinin başçısı olmuş Əvəz Şükürov Milli Məclisdəki çıxışında belə demişdi.

O Əvəz kişi ki, Milli Qəhrəman, 1990-cı ilin iyulun 11-də 38 yaşında, Tərtər-Kəlbəcər yolunda erməni terrorçuları ilə döyüşdə  şəhid olmuş Zərdab rayonunun polis rəisinin müavini, mayor Şahlar Şükurovun atası idi.

2006-cı ildə Bakıda, 80 yaşında vəfat etmiş Əvəz Şükürov AXC hakimiyyəti illərindəki xaosu, başıpozuqluğu, prezident Əbülfəz Elçibəyin göstərişlərini parlamentin spikeri İsa Qəmbərin eyninə almadığını, İsa Qəmbərin sözlərinin də silahlı dəstələrin komandirləri üçün bir heç olduğunu görürdü.

Görürdü və deyirdi, "Ayılın!" söyləyirdi.

Amma başları Bakıda didişməyə və intriqalara qatışanlar kəlbəcərlilərin haraylarını eşitmək istəmirdilər.

Qayıdaq Əvəz Şükürovun parlamentdəki çıxışına.

"Mən çox adamların yerinə utanıram! Bax, İsa Qəmbər bayaq danışdı burada. İsa Qəmbərin rayona icra başçısı gətirdiyi adamın birinci müavini 10 il "türmə"də yatmışdı. Heç bir işdə bir gün də işləməməmişdi. İkinci müavini də bir bivec adam qoydular. Üçüncü müavinin atası "nemes pleni" olmuşdu. Həmin adam Azərbayanda 300 nəfərin üzünə dirəndi, yalanda dedi ki, bəs xain Vlasovun ordusunda bir yerdə olmuşuq, tutdurdu günahsız insanları. Kimdən xoşu gəlmirdi, yalandan çuğulluq edirdi. Oğlu da oldu üçüncü müavin... Bu üç adam rayonu məhv elədilər. Əbülfəz Elçibəyin kadrları idilər. Elçibəy burada deyir ki, "Bəyin toyuna, Kəlbəcərə getdik". O "bəy" Kəlbəcərdə 15 gün toy etdi.

Rayonun tarixində belə biabırçılıq, belə görməmişlik olmamışdı. Kəlbəcərdə Nikolay dövründən bəri heç bir varlı adam, ağıllı adam özünə və ya övladına iki-üç gündən artıq toy etməyib. Pənah Hüseynovun müşavirəsində oldum. Dedilər ki, Kəlbəcərdən 78 min insan çıxarılıb. Sonra dedilər ki, yox, 68 min nəfər köçürülüb.

Lap axırda dedilər ki, 60 min nəfər çıxıb. Dedim ki, bir halda ki, ölkə prezidenti, Prezident Aparatı, Nazirlər Kabineti rayonun əhalisinin sayını bilmirsə - bu adamlarla nə danışmaq olar?! Onlara nə demək olar?! Deyirlər ki, İsa Qəmbər siyasətçidi, siyasəti yaxşı bilir. Mən də deyirəm ki, hə, siyasəti bilir. Amma onun biliyinin xalqa heç bir xeyri yoxdu. Bir dəfə payızda gəldi Kəlbəcərə. İcra başçısı olan mantyor "bəy"in evinə getdi, qonaqlıqda yedi-içdi, oradan da Bakıya qayıtdı. Vəssəlam! Ermənilərin yolu kəsmələrinə az qalmışdı, İsa Qəmbər isə rayon camaatından bir adamla görüşmədi.

Burada Mətləb Mütəllimli deyir ki, Kəlbəcərin işğalında Əbülfəz Elçibəyin nə günahı?! 1992-ci ilin fevralın 22-də, Kəlbəcərin işğalından bir ay əvvəl Əbülfəz Elçibəyə teleqram vurmuşdum. Budur o teleqram. "Şuşa və Laçın kimi, Kəlbəcər rayonunu da qumara qoyubsunuz! İndi onu uduzma vaxtı çatıb? Xahiş edirəm, məni çağırın Milli Məclisə, dindirin. Bəlkə Kəlbəcəri qumarda uduzulmaqdan xilas edə bilək", - yazmışam teleqramda.

Sonra zəng vurdum Prezident Aparatına. Dedilər ki, Əbülfəz Elçibəy teleqramı oxuyub, qoyub masanın üstünə. Nə tədbir görmür, nə bir adama demir, nə də teleqram barədə danışmır".

Əvəz Şükürov daha sonra Kəlbəcərin işğalında birbaşa Əbülfəz Elçibəyi və İsa Qəmbəri suçlayıb: "Tək mən yox, onlarla, yüzlərlə kəlbəcərli bu adamlara elə hey dedi ki, Kəlbəcəri oyuna çıxarıbsınız, belə olmaz. Kəlbəcəri ermənilərə hədiyyə etdilər. Mənə deyirlər ki, Əbülfəz Elçibəyin günahı yoxdu, günah müdafiə naziri Rəhim Qazıyevlə daxili işlər naziri İsgəndər Həmidovdadı. Uşaq başı aldadırsınız?! Əbülfəz Elçibəy yaxşı prezident olsaydı, o nazirlərin öhdəsindən gələrdi. Ətrafı ilə, tabeçiliyində olan adamlarla bacarmayan birisi necə "yaxşı" ola bilər?! Satdılar rayonlarımızı. Xəyanət, bacarıqsızlıq, tamah, səriştəsizlik, savadsızlıq bu adamların həyatı, amalıdı".

... Ermənilər "Kəlbəcər əməliyyat"ına 1993-cü ilin martın 27-də başlamışdılar.

Həmin dönəmdə Kəlbəcər mühasirədə idi. Qərbdə Ermənistan, cənubda ermənilərin 1992-ci ildə işğal etdikləri Laçın rayonu, şərqdə erməni işğalındakı Ağdərə idi. Sadəcə, şimalda dağlar və o dağların arasındakı Ömər aşırımı vardı.

Qurgen Dalibaltayan, Samvel Babayan və Monte Melkonyanın rəhbərlki etdikləri erməni qoşunları martın 27-də hücuma keçdilər. İki gün sonra Kəlbəcər şəhəri mühasirəyə alındı, üç gün sonra Kəlbəcər ələ keçdi.

Ermənistranın sabiq prezidentləri Robert Köçəryan və Serj Sarqsyan sonradan demişdilər ki, Kəlbəcərə hücumda 5 mindən artıq erməni iştirak etmişdilər.

Kəlbəcər işğal ediləndən sonra ermənilərin Füzuli, Qubadlı və Zəngilan rayonlarına yolları açıldı. Ermənilər Fizuli şəhərinin 2 kilometrliyində dayandırıldı, Qubadlı və Zəngilan isə düşmən əlinə keçdi.

1993-cü il mart ayının 23-dən aprel ayının 3-dək 10 sutkadan çox gedən gərgin döyüşlərdə 701 saylı hərbi hissə, Kəlbəcər könüllüləri və helikopterçilər özlərindən 15 qat üstün olan düşmən qüvvələri ilə mühasirə şəraitində vuruşaraq 450 nəfərdən çox döyüşçü itki verdilər.

Onlar mühasirədə olan 60 min kəlbəcərlinin təxliyəsinə nail oldular. Döyüşdə həlak olmuş qəhrəmanlarımız Kəlbəcər torpağında yatır.

Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.

Kəlbəcər rayonunun əhalisi Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayırdı. Kəlbəcər rayonu ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi talan olunub. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılıb.

İşğal nəticəsində Kəlbəcərdən 53.340 nəfər adam qovulmuş, 50 dinc əhali öldürülmüş, 20 nəfər isə əsir götürülmüş və itkin düşmüşdü.

.. Kəlbəcərlilərin "bığlı Hüseyn Dayı" adlandırdıqları ağsaqall vardı. Kəlbəcərin işğalından sonra o, ölkə rəhbərliyi ilə görüşdə demişdi: "Bizi bu saqqallılar çöllərə saldı. Əgər onlar bizə silah versəydilər, o erməni gələn darı elə mən özüm təkcə kəsərdim. Kəlbəcərə gətirib bir mantyoru başçı qoydular".

Həmin "mantyor" 1992-ci ildə Kəlbəcərə icra başçısı təyin olunmuş İ.Həsənov idi.

Kəlbəcərin işğalına 2-3 ay qalmış rayonda yerləşən 701 saylı briqadadakı təcrübəli döyüşçüləri Elçibəydən xəbərsiz müdafiə naziri R.Qazıyevin əmri ilə ordudan uzaqlaşdırdılar. Sonra isə Kəlbəcəri qoruyan general Zaur Rzayevi Kəlbəcərdən uzaqlaşdırdılar.

Halbuki həmin dönəmdə əsgərlərimiz Xankəndinin 5 kilometrliyində idilər...

1992-ci ilin əsgərlərimiz Narışlar kəndinin üstündəki ən uca "Aydoğan" yüksəkliyində mövqe tutan və Kəlbəcəri, Haterki, Dranbonu, Sərsəngi, Kərəmlini, Çərəkdarı, Ağdabanı, Çaparı, Bağlıpəyəni, Vaquası (Qozlu körpü) nəzarətdə saxlayan 19 erməni postunu qəfil həmlə ilə ələ keçirmişdilər. Ermənilər xeyli itki verərək, silah-sursatı qoyub geri çəkildilər.

Yaxşı xatirimdədir, torpaqların işğala "hazırlanması" ərəfəsində birinci olaraq hakimiyyətə can atanlar vətənpərvər könüllüləri min bir bəhanə ilə döyüşdən uzaqlaşdırırdılar. O könüllüləri ki, onlar Kəlbəcərin mühasirədə olmasına baxmayaraq, 1988-ci ildən ta işğala qədər qanları bahasına yurdlarını qoruyurdular. Bunu görən hakimiyyət hərisləri 1992-ci ilin noyabrından həmin qüvvələri tərksilah etməyə başladılar. Yəni Kəlbəcərin müdafiəsini kəlbəcərlilərin əlindən alaraq Surət Hüseynovun bandasının ixtiyarına verdilər. O S.Hüseynovun ki, Kəlbəcərin işğalı ilə eyni vaxtda AXC-Müsavat hakimiyyətinə qarşı qiyama başlayaraq ölkəni vətəndaş müharibəsinin bir addımlığına gətirmişdi.

Laçının işğalından sonra Kəlbəcər düz bir il üç tərəfdən mühasirədə qaldı. Rayona gediş-gəliş Murovdağ aşırımından açılan dar bir cığırla tənzimləndi. Buna baxmayaraq, kəlbəcərlilər xəyanətə qədər torpaqlarına düşmən ayağının dəyməsinə imkan vermədilər. Paytaxtdan 450 km, ən yaxın rayonlarımızdan isə 150-160 km məsafədə yerləşən Kəlbəcərə hərbi kömək etmək digər regionlarımıza nisbətən çox çətin idi. Buna baxmayaraq, mərd oğullarımız qanları bahasına rayonu müdafiə edə bilirdilər. Ta o vaxta qədər ki, "Səhl Sumbatlar" bıçağı arxadan kəlbəcərlilərin kürəyinə sapladılar... Üç günün içərisində 60 min əhali ayaqyalın-başıaçıq qarlı Murov dağına tərəf qaçmağa məcbur oldu. Qədim insan məskənlərini və alban-türk tarixini özündə yaşadan diyar düşmən əlinə keçdi. Namus-qeyrəti ilə hər kəsə örnək ola biləcək qız-gəlinlərimiz pak adlarını mərdliklə qorudular. Düşmən mühasirəsində qalanları isə özlərini qayadan ataraq Tərtərin selinə qarışıb bir daha paklaşdılar.

Təəssüflər olsun ki, Kəlbəcəri 1993-cü ildə siyasi oyunlarına, hərisliklərinə, mənəviyyatsızlıq və xəyanətlərinə qurban edənlərin bir qismi indi müxalifət düşərgəsində "təcrübəli siyasətçi, lider" kimi gəvəzəlik edir, bir qismi də "ölü can"lar olduqlarını anladıqlarından yenidən siyasətə qayıtmağa çalışırlar.

"Azərbaycan Xalq Hərəkatı" adlı kukla teatrına baxmaq yetər ki, Kəlbəcəri ermənilərə peşkən edənlərin yenə də ağızları köpüklənərək Vətəndən, millətdən, şərəfdən danışmalarının saxtakarlığı anlaşılsın.

Şərəfsizlərin şərəfdən danışması, gerçəkdən də, çox pisdir./Milli.Az/

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Fuad Abbasovu aradan götürmək istəyirlər”

"Fuad Abbasov kimi həmyerlilərimizə arxa durmalı, dəstək verməliyik"

Bu qədər də sınmaq, düşmək olmaz!

“12 illik həsrətdən sora evimizin 2-ci mərtəbəsinə qalxıb hönkür-hönkür ağladım”

“Cinayətkar” ola biləcəmsə, nə mutlu mənə

Keçmiş döyüşçülər: "Ali baş komandanın əmrini gözləyirik

YAP-çı deputat: “Fuad Abbasov qanı erməni qanına qarışmış azərbaycanlı diaspor nümayəndələrinin vasitəsilə saxlanılıb”

Fuad Abbasovun ailəsi məhkəmə qərarlarına qarşı apellyasiya şikayəti verir

Allahına və dövlətinə güvənən Şəhidim – ƏFİLAĞA HƏSƏNOV

“Ailəmi dolandırmaq üçün xəstəliklərin yayıldığı Yəmənə getməyə məcbur oldum”

“…İşğalçı dövlətə qarşı sanksiya tətbiq edilsin” - MÜSAHİBƏ

“Fuad Abbasovun deport olunması məqsədilə saxlanılmasını qınayırıq”

"Laçın hələ işğal edilməmişdən mənim işğala görə həbsim ssenariləşdirilmişdi" - MÜSAHİBƏ

"Relslər üzərinə uzanmış adam"ın İANƏSİ

“Həyat gözəldir” - musiqili-ədəbi gecə